525-ci qəzet

Məhəmməd Əmin Rəsulzadə


 


Əsərləri Üçüncü cild (1915-1916)
Nəşrin redaktorları:prof. Şamil Vəliyev  və elmi işçi Samir Mirzəyevdir.

Ön söz
Azərbaycan milli qurtuluş hərəkatının ideoloqu və lideri, ilk həqiqi demokratik Xalq Cümhuriyyətimizin banisi M.Ə.Rəsulzadənin zəngin ictimai-siyasi və ədəbi-bədii publisistik irsinin I cildi (1903-1909) 1992-ci ildə, II cildi (1909-1914) 2001-ci ildə işıq üzü görmüşdür. İndi onun 1915-1916-cı illərdə dövri mətbuatda dərc olunmuş əsərlərinin III cildini oxuculara təqdim edirəm. Zənnimcə, 10 ildə təmənnasız hazırladığım bu əsər Azərbaycan tarixi və bütövlükdə I dünya müharibəsi dövrü tarixi ilə maraqlananlar üçün faydalı olacaqdır.

(Əvvəli ötən şənbə saylarımızda)


Qurama

Şalyapinin Bakıya gəlib də iki konsert verdigi məlumunuzdur.
Konsertlərdə mərəkə olduğu, bilet üstündə basırıq və qovğa çıxdığı da yadınızdan yəqin çıxmamış.
Gəlməsindən bir ay əvvəl Bakı qəzetələri haman Şalyapin gələcək – deyə uzun-uzadı şeylər yazdılar və xəlqi başa saldılar ki, Şalyapinin xasiyyəti bəddir. Özü də dəgmə-düşərdir. O oxuyanda kimsə gərək cıqqırını çıxartmasın. Və müsəlman opera və operettalarında olduğu kibi, “aman” “oxay” səslənməsin. Çünki xəlq nizamı pozarsa, Şalyapinin arxasını görər, xanəndə küsüb səhnədən çıxar, gedər.
Xülasə, bir pah, pah ki, İran xanlarının belə paxıllıqları tutar.
Yəqin oxucularımızdan bir çoxu Şalyapinin kim olduğunu bilmiyorlar. Əlbəttə, maraqlananlar bilsinlər ki, bu qədər şan və şöhrət sahibi olan kimdir?
Çətini elə bunu başa salmaqdır.
Fəqət burada ərəb dilinin qüdsiyyətindən kömək istəyəlim.
Bəli, ərəbdə bir söz var deyərlər ki: tərif-əl-şaiyə becinsha. Yəni şeylər öz cinslərilə anlaşılar. Bəli, kəndisincə məchul və naməlum bir şəxsi bir mühitə tanıtdırmaq üçün məzkur şəxsi o mühitə məşhur və məlum olan bir şəxslə tuşlamaq lazım. Məsələn, “Şahnamə” sahibi Firdovsini avropalılara tanıtmaq üçün İran Hömeri Firdovsi deyərlər.
Bizim mərhum Mirzə Fətəli Axundovu Avropaya bildirmək üçün – kəndisinə Qafqasiya türklərinin Molyeri adını taxmışlar.
Nadir şaha – İran Böyük Petrosu degilir.
Ənvər Paşanı – Türkiyə Napaleonu adlandırırlar.
İmdi biz də Şalyapini tamamilə oxucularımıza tanıtdıra bilmək üçün bu məchul şəxsi bizdəki məlum zatlardan birisi ilə tuşlamalıyız.
Biz də rusların Sarabskisi Şalyapin desək, qiyamətmi qopar?
İmdi anlaşıldımı?
Zatən Sarabskinin Şalyapinə qiyas olduğuna, eşitdigimizə görə Sarabski özü də qaildir. Artistimizin kabinetini görmüş olanların rəvayətincə – vəbalı deyənlərin boynuna – Şalyapin ilə Sarabskinin fotoqrafları yan-yana asılmışdır. Necə ki, rəvayət edirlər Ənvər Paşa da öz fotoqrafını Napaleon ilə Soltan Məhməd Fateh əksləri arasında asmış imiş!...
Teatr, səhnə, opera nə olduğunu bilməyən oxucularımıza tanıtdırılmaq üçün də Şalyapinə rusların Cabbarı da deyə biləriz.
İmdi Şalyapinin kim olduğu bir dərəcəyədək anlaşıldı.
Fəqət diyoram Sizcə anlaşılmaz bir şey qalır.
Yaxşı bəs bizim Sarabski ilə Cabbar bir yana gedəndə heç bu qədər küy-kələk çıxmayır. Niyə bəs elə rusların Sarabskisi yaxud Cabbarları bir yana gedəndə bu qədər bəh-bəhə nəsib oluyorlar?
Siz birdən güman edərsiniz ki, yəqin rusların Sarabskisi bizimki kibi fəqir bir ailədən yetişmə və aşağı təbəqəyə mənsub bir adam olmayıb xanzadələrdən-zaddandır.
Yox, əmin olunuz ki, əgər Sarabski daş yolan olmuşsa, Şalyapin də adi bir əmələ və şəhərbəşəhər gəzib də özünə iş tapa bilməyən bir “raboçi” olmuşdur.
Hətta imdiki halda böyük əziyyət və ehtiramla qəbul olunduğu Tiflisdə belə bir çox zaman ac qalmış, iş axtarmış da, tapa bilməmişdir.
Bilmiyorum qəzetələrin hankısında idi ki, kinayə ilə baqqaldan, arabaçıdan artist olmaz – deyə yazılmışdı. Bax, sizə Sarabski demiyəlim, çünki, buna artist degil, benefistçi deməgə başlamışlardır. İştə, Rusiya musiqiçisi və rus operasının bütün mədəniyyət aləmincə məşhur və müsəlləm bir iftixarı – Şalyapin – ibtida “basyak” idi.
Tiflis qəzetələrindən birində rusların Sarabskisi özünün Tiflisdə keçirdigi fəhləlik həyatından bəhs edərkən diyor ki, keçən gün getdim görüm ki, taxta karxanalarını su basmış, ya nə? O zamanlar buraya gəlmiş, iş istəmişdim. Başımda şlyapa olduğu üçün mənidar bir surətdə üzümə baxmış, “burada əfəndilərə iş yoxdur” demişlərdi, diyor.
Halbuki, imdi Şalyapinin ehtiram və izzətlə mütənasib qazancı da vardır. Məsələn, bu il dava münasibətilə Şalyapin Londona gedə bilmədigindən hər sənə London operalarından aldığı 75 min manatı itirmişdir. Bir o qədər də Amerika səfərindən qazana bilərdi ki, o da əlindən çıxmış, hələ qiymətli kağızları ucundan itirdigi ayrı. Artıq bu adamın nələr qazandığını özünüz düşününüz.
Fəqət maddətən itirdigini Şalyapin mənən qazanmaq istiyor. Sırf öz xərcinə olaraq Şalyapin Petroqradla Moskvada bir neçə danə xəstəxanə saxlayır. Öz xərcinə olaraq yetim uşaqlar üçün məktəb saxladığı da məşhurdur. Və şəhərləri gəzərək oxuyur və oxumaq surətinə yığdığı pulları dava münasibətilə lazım olan xeyir işlərə sərf ediyor.
İştə, millətdən və vətənindən gördügi xidmətə müqabil vətən və millətin bərk günündə rusların Sarabskisi haman öz vəzifəsini ifa ediyor.
Bizə də lazımdır ki, şalyapinlər tərbiyəsinə çalışaq, öz şalyapinlərimizin qədrini bilək, şalyapinlərimizə də lazımdır ki, məqami-ehtiyacda öz millətlərini unutmasınlar.
lll
Şalyapinin xanəndəlik edib də azarxanə saxlaması münasibəti-hidayəsi də nədənsə Petroqrad xanımlarının öpüş verib xeyir iş üçün pul yığmalarını yadıma saldı.
Qəzetələr xəbər verirlər ki, Petroqradda hasilati-yaralılar faidəsinə gedən bir müsamirənin xanımları gəliri çoxaltmaq üçün fikirləşmiş, nəhayət qəribə bir şey düşünmüşlərdir.
Öpüş satışı!
Taqsa: əldən beş manat, əldən yuxarı biləkdən 10 manat, dirsəkdən yuxarı 15 manat, çigin, yaxud sinədən 25 manat, ondan yuxarısı xüsusi danışıqla.
Öpüş satışı elan olunandan bir az əvvəl xeyriyə məqsədilə füruşə çıxarılan xeyriyə əraqından məsti-laiqül düşən “kavaler”lər busə bazarının müsərrəf müştəriləri kəsilmişlər və bir saət içərisində külli-məbləğ yığmışlar.
Demək ki, hali-hərbdə ikən hər şey şəfqət və mərhəmət üçün sərf olunuyor. Yalnız musiqi həvasi, vodka keyfi degil, qadın gözəlligi də işə gəliyor.
Bu surətlə ianə yığmaq Amerikada vaqe idi. Rusiyaya da tazə gəldi.
Doğrusu bu tazə adət bənim heç xoşuma getmiyor. Müsəlmanlıq damarıma toxunur. Yəni çe? Nə qədər böyük məqsədlə də olsa, namus sərf olunmaz!...
Fəqət nə edərsən ki, namus məfhumu özü rezin kibi, çəkdikcə uzanıyor bir şeydir. Bir mahiyyətcə namussuzluq sayılan bir şey digər mahiyyəcə eyni ədəb və nəzakətdir. Bir yerdə ki, qadının əlini öpmək ədəb və ehtiramdan sayılır, o yerdə şübhəsiz ki, vətən yolunda öpüş bazarı açmaq o qədər qərib bir iş təşkil etməz! Məəmafih bənə öylə gəlir ki, vətən müdafiəsi xatirinə hər şey fəda edilsə də, vətən məfhumunun bir cüzisini təşkil edən milli adət və qaidələr fəda edilməməlidir. Çünki vətən deyincə bu adətlər də ona daxildir.
Fəqət uzun məsələyə girişdik ki, heç də quramaya gəlməz.
lll
Petroqrad xanımları öpüş verib xeyir iş görüyorlar. Bu bir növ ticarət!
Bakınız Qarasu bazar müsəlmanlarının arvadlara nəzərləri nədir?
“Krımski vestnik” qəzetəsi Qarasu bazar istiqraz mütəqabilə şirkətinin 1912-1913-cü ilə məxsus hesabnaməsindən bəhs edərkən bu hesabnamənin cəmməsini nəql edərək yazıyor ki:
“Hesabnamənin 38 səhifəsi: Həzin hekayələri qurtardıqdan sonra bir az da gülməli əfsanələrlə əglənəlim. Bank rəisinin yanına bəlli bir müsəlman gəlib şirkətə üzv qəbul olunub da kəndisinə borc verə bilməsini xahiş edər. Müsəlmanın əhvali-iqtisadiyyəsinin bərbad bir halda olduğunu bildikdə bank rəisi aldığı pulları sonra qısa surətlə qaytara biləcəgini kəndisinə sorar, vaqe olan bu sualdan inciyərək müsəlman deyər ki, “bu nə sözdür” Əlhəmdüllah bənim beş qızım var ki, beşi də ürfandır. Nə cür olsa da, hərəsindən yüzər manat kalım alaram ki, bu bənim borcuma da, özümə də bəsdir”. İştə, şirkət bu qızı öz rəhnində hesab etməlidir.
İkinci bir vaqeə daha:
Haman bankın rəisi yanına digər bir müsəlman gəlir. Duldur: bir az borc istiyor ki, evlənsin. Bir arvad var, bir az da gözəldir. Qırx manat kalıma razıdır. Bu qiymətə imdi arvad tapılmaz. Əgər qırx manat verməsəniz, fürsət əlimdən çıxar. Sonra xəsarətə uğraram – deyə təxsisat tələb edər.
Bu da bir növ ticarət!
“Kalım” Turkistanda moddur. Qafqasiyanın bəzi obalarında da var. Görünüyor ki, Krımda da varmış... Kalım qızı və yaxud bir dul arvadı ər evinə köçürtmək istərkən qız və ya arvad sahibinə verilməsi lazım olan məbləğin adıdır ki, aşağı-yuxarı satın bahası deməkdir.
Kalım məsələsi olduğu yerlərdə mühüm bir məsələ təşkil etməkdə də Rusiya türklərinin bir qismi arasında ictimai bir mərəz təşkil eləməkdədir. İştə bu mərəzlə bitab düşənlər banklara qədər varıb özlərini və özlərilə sərasər böyük bir cəmaəti də məsxərə etdiriyorlar.
Niş
“Yeni İqbal”, 19 may 1915, №19
Firuş – sayış

Qurtuluş

Dünyanın ilk sahibi olan hər böyük millət kimi türklər də soylarının qüvvətini bir məsalik qaynağından almışlardır. Türklərdən Budda dinində olanlar özlərinin Budda anasından olduqlarını söylərlər. Müsəlman olan türklər də Yafəsin yeddi oğlundan biri olan Türkün nəslindən gəldiklərini iddia edərlər.
Türkün beşinci qərinədə Moğol və Tatar adı ilə iki oğlu varmış. Moğol xanın dörd oğlundan birisi də Qaraxan imiş.
İştə, bu zamana aid olaraq moğollar arasında bir məsəl vardır. Bu məsələ görə:
Moğal hökmdarı Elxan tatarların xanı Siyunc ilə müharibə ediyor. Siyunc xan qırğızlarla ittifaqda olduğundan Elxani məğlub ediyor. Elxan bütün qoşunu ilə bir yerdə qılıncdan keçirilir. Elxanın ən kiçik oğlu Qiyan, kiçik kürəkəni Toquz və iki qızı ancaq bu möhlikədən qurtara biliyorlar. Bunlar dağlardan aşır, çayları, dərələri keçiyorlar. Bir çəmənlikdə önlərinə rast gələn bir ala keçini qovalayıb arxasından gediyorlar. Keçini qovalamaqda ikən özlərini meyvəli, güllü, kiyahlı bir yerdə görüyorlar. Burada keçi bunlardan qaçmayır. Dördü bir yerə gəlib yerləşiyorlar. Burada qalıyorlar. Ürunub artıyorlar. Uşaqları çoxalıyor. Bir nəsil vücuda gəliyor. Aradan 400 il keçiyor. Artıq bu yer bunlara darısqallıq edir. Bir yana çıxmaq istiyorlar. Fəqət yol bulamıyorlar. Yol axtarmaq düşüncəsilə məşğul ikən bir gün bir qurd görüyorlar. Bu vəhşi heyvanın nərədən gəldiyini araşdırarkən kiçik bir dəlikdən çıxdığını görürlər. Gəlib baxıyorlar bu dəliyin ətrafı keçilməz dağdır. Bir dəmirçi bu dağların dəmirdən, misdən tökülmə filiz olduğunu görür. Od vurub dağı əridir. Türklər yenidən ətrafa yayılır, beşinci əsrdə bütün aləmi dəhşətə gətiriyorlar.
Bunlar yol tapdıqları günə yeni gün deyirlər. Və bu günün şərəfinə hər il şənliklər qururlar. Yeddi bətni bəsləyən bu yurdun adı Ərkənəqon (Ərkənə – dağ beli; qon – qonaq) qalıyor. Qurda bir xilaskarlıq timsalı veriliyor. Dağdan çıxdıqları zamandaki xanlarının adı Pürtəcnə – boz qurt oluyor.
Bu məsəli Moğal dilindən başqa çinlilərin tarixi də qeyd ediyor. Çin tarixlərində bu məsəlin günü belə göstərilirmiş. Türklərin tilisimlənmiş mühasirədən çıxdıqları gün martın 9-u imiş, moğollar da əski türklərdə martın 9-nu bayram saxlamaq adəti müslimdir. Demək Novruz əsla türklərə yabançı bir şey deyildir.
Qurd ilə 9 rəqəminə türklərdə 9 türk asari – tarixiyyəsində böyük bir ehtiram görülüyor.
Qədim türklər bayraqlarının başına qızıldan bir qurd başı taxıyorlardı. Ayıq nam müstəari ilə yazan “Xalqa doğru” mühərririnin iddiasına görə Osmanlı köylərində 9 rəqəminə qarşı bir hörmət hissi var. Əkin biçildiyi vaxt köylülər komalarını doqquz – doqquz yığıyorlar, adına da doqquz cun deyirlərmiş. Padşahlar verdikləri hədiyyələri doqquz – doqquz veriyorlarmış. Osmanlıda vəzirlik dərəcəsini göstərən tövqi 1, 2, 3, 4 ikən padşahın tövqi doqquz ədəd olub.
Qədim türklər xan götürdükləri zaman onu bir səccadə üzərinə oturdurdu və hörmət əlaməti olmaq üzrə bir neçə dəfə qaldırırmışlar, hörmətlərinin dərəcəsini çoxaltmaq istədikdə doqquz dəfə yüksəldirmişlər.
Qurtuluş, qurtulmaq kimi sözlər heç şübhə yoxdur ki, qurd sözündən müştəqq oluyor. Lisaniyun bu kəlmə ilə yuxarıda bilmünasibə zikr olunan məsəl arasında bir rabitə görürlər.
Qurtuluş demək – nicat deməkdir. Fəqət türkcə kəlmə bəzən o qədər işlənməmiş qalaraq məhcur olmuş ki, mənasını bir türkə anlada bilmək üçün mütləqa ərəbcə, farsca, yaxud ruscanın köməyinə ehtiyac göstərmək məcburiyyətindəyiz. Şübhəsiz ki, bu təbii olmayan hal məsəldə ki “ərkənəqun” tilisiminə bənzər.
“Ərkənəqon”dakı türkləri “purtəcnə” boz qurd qurtardı.
Zamanımız milliyyət əsridir. Milli bir ruh və məslək sahibi olan gənc cəhalətdə və qəflətdə yaşayan millətimizin xilaskar qurdudur. Yenicə təsis olunan “Qurtuluş” doğma türkcəsi ilə sevdiyi türk dilinə və türk elinə xidmət qəsdilə müasir bir qurd xidməti görəcək bununla bir azca xidmət edə bilərsə əlbəttə iftixar edə bilər.
M.Ə.Rəsulzadə
“Qurtuluş” məcmuəsi, 1 oktyabr 1915, №1


• “Xalqa doğru” həftəliyi sayı 51
Məsalik – məsləklər
Möhlik – təhlükə
Bətni – sirri
Müslim – istaətli
Müstəar – burovuz, alınmış
Tövqi – şahlıq möhrü
Səccadə – canamaz döşşək
Müştəqq – düzəltmə
Məhcur – unudulmuş

Tutacağımız yol

Dəhşətlərinə şahid olduğumuz böyük müharibə bir həqiqəti – əsrimizin milliyyət əsri olduğunu – isbat etdi.
“Dünyanın xəritəsi qəribə dəyişəcək” – deyə heyrətlə qarışıq bir cümlə imdi bir çox ağızlardan eşidilməkdədir. Dünya xəritəsinin alacağı yeni şəklə vətəndaşların fədakarlığı, dövlətlərin təşkilatı və orduların əzəməti ilə bərabər heç şübhə yoxdur ki, vüzuh və rüsux peyda etmiş milliyyət məfkurələrinin də böyük təsiri var və olcaqdır.
Özünü lüzumunca bilib də istiqbal üçün müəyyən bir ideal (məfkurə) bəsləyən millət şübhəsiz ki, böyük bir qüvvət təşkil edər. Şübhəsiz ki, sözün tamam mənası ilə deyiləcək qədər kuhəfkən topların hakim olduğu hərb meydanlarında təsirsiz qalmayan bu qüvvət yaşıl mahudlu barışıq masası üzərində də əsaslıca bir təsir yapacaq.
Hər hankı qalib tərəf az-çox sürunclu bir dinclik vücuda gətirmək istərsə əsrin vicdanları üzərində ən çox təsir icra edən qüvvəti – milliyyət məfkurəsini – ehmal edəməz! Bunun böylə olacağı arabir gələcəyin sülhü haqqında söz söyləyən Avropa mütəfəkkirlərincə də təsdiq olunmaqdadır. Sülhuyunə mənsub siyasilərcə, milliyyət əsasına riayət etməyəcək, millətlərin hüququnu gözətməyəcək bir sülh əqdnaməsi çox çəkməz yırtılar və sürunclu bir dinclik təmin edəməz.
Hüquqi-təbiiyyəsi paymal olmuş bir millət baqi qalıncaya qədər Avropa müvazineyi-dövliyyəsi hüquqi və sürunclu bir sülh üzü görməkdən məhrum qalacağı kimi, kəndi vətəndaşları arasında ögey-doğmalıq gözədən bir dövlət də həqiqi bir qüvvətə söykənməyəcək, mütərəqqi və qüvvətli bir təşkilata malik olmayacaqdır.
Demək ki, müəyyən bir məfkurəyə və əksər əfradınca müşəxxəs bir qayeyi-amala malik olan millətlər, dövlətlər arasındakı münasibətdə əhəmiyyət qazandıqları kibi, dövlətlərin daxili siyasətləri üzərinə də böyük təsirlər icra ediləcəklərdir. Bu surətdə ayrı-ayrı millətlər bir millət olaraq yaşaya bilmək üçün hər şeydən əvvəl özlərini bilməli, müəyyən fikir və amallar ətrafında birləşərək böyük bir məfkurəyə, qayeyi-xəyala hədəf olacaq o işıqlı yıldıza sahib olmalıdırlar. Çünki müttəhid bir ruh və müştərək bir yıldıza malik olmayan millətlərlə yeni əsaslar üzərinə qurulacaq həyat hesablaşmayacaq və böylə silahdan məhrum qalan heyətlər kimsəyə söz eşitdirəmiyəcəklərdir!
İştə, millətimizin bir qəzetəçisi olmaq hesabilə öhdəmizə düşən rəhbərlik vəzifəsinin ifası üçün tutacağımız yolun nöqteyi-əzimətini təşkil edəcək əsas – milliyyət əsası.
Fəqət sui-təfahümə meydan qalmamaq üçün həmən ixtar edəlim ki, bizim qəbul etdiyimiz milliyyət düsturu “Zemşina”, “Novaya vermya”nın və sair bu kimi sağ qəzetə və məhafillərin bəhimi millətçiliklərindən, əlbəttə, başqadır. Məhafil onlarca özgə millətlərin mənafeyi milləti-hakimənin mənafeyinə fəda edilməlidir. Halbuki bizim tərvic elədigimiz əsas bütün milliyyətlər üçün bir dərəcə hürriyyət və müsavat tələb edir ki, bununla biz rus cəmaətinin də salim düşünür qismilə heç bir ixtilafda bulunmuyoruz.
Hər bir millət azadə yaşayıb da tərəqqi edə bilmək üçün üç əsasa istinad etmək məcburiyyətindədir:
Dil, din və zaman.
Dilcə biz türküz, türklük milliyyətimizdir. Binaənileyh müstəqil türk ədəbiyyatı, türk sənəti, türk tarixi və türk mədniyyətinə malikiyyətimiz məqsədimizdir. Parlaq bir türk mədəniyyəti isə ən müqəddəs qayeyi-amalımız, işıqlı yıldızımızdır.
Dincə-müsəlmanız. Hər bir din öz mütədəyyinləri arasında məxsusi bir təməddün vücuda gətirmişdir ki, bu təməddün də bir beynəlmiləliyyət səbəbi təşkil edər. Müsəlman olduğumuz üçün biz türklər beynəlmiləliyyəti-islamiyyəyə daxiliz. Bütün islam millətlərilə şərikli bir əxlaqa, dini bir tarixə, müştərək bir yazıya, xülasə ortaq bir təməddünə malikiz. Qəlblər bir Allaha mütəvəcce və dilimiz müəyyən virdlər və dualarla mütəzəkkir olduğundan bütün müsəlmanlarla şərik bir ruha sahibiz. Bu şəriklik islamiyyətə daxil olan zərərli təsirlərdən bizi mütəzərrər etdigi kibi, bu yolda olacaq islahat feyzlərindən də bizi nəsibsiz qoymaz.
Zamanca da-biz texnikanın (alyatın) elm və fənnin möcüzələr yaradan bir dövründəyiz. Türk və müsəlman qalaraq müstəqilən yaşamaq istərsək, mütləqa əsrimizdəki elmlər, fənnlər, hikmət və fəlsəfələrlə silahlanmalı, sözün bütün mənasıyla zəmanə adamı olmalıyız.
Demək ki, sağlam, mətin və oyanıq məfkurəli bir milliyyət vücuduna çalışmaq istərsək ki, zaman bunu iqtiza ediyor – mütləqa üç əsasa sarılmalıyız:
Türkləşmək, islamlaşmaq və müasirləşmək.
İştə, millətimizin həyati-ictimaiyyəsini islah üçün üzərinə dayandığımız sepayeyi-mədəniyyət!
Şərikli vətənimiz Rusiyanın müqəddəratına gəlincə bütün vətəndaşlarımızla bərabər bizdə hər şeydən əvvəl Rusiyanın müzəffəriyyət və müvəffəqiyyətini arzu edəriz. Fəqət nə gizlədəlim bütün tərəqqipərvər Rusiya ilə bərabər biz dəxi arzu olunan bu zəfərin ancaq daxili islahati-təriqilə hasil olacağına qaneyiz.
Rusiyada yaşayan bütün millətlər bu müharibə əsnasında ibraz etdikləri səmimanə əlaqələr ilə göstərdilər ki, hər bir şübhə və sui-zənnlərin fövqündə saf bir niyyət və atəşin bir vətənpərvərlik hissi bəsliyorlar. Bunun mükafatı olaraq şübhəsiz ki, bütün millətlər, o cümlədən də müsəlmanlar gözliyorlar ki, islah olunmuş Rusiya kəndi cənahi-şəfqətində yaşayan bütün millətlərə mədəni bir istiqbal ilə yaşamaq, hürriyyəti-təbiisini müzayiqə etməsin. Böylə bir hürriyyətin heç şübhəsiz ki, Rusiya istiqbalı nöqteyi-nəzərindən – cəsur düşməni təpələyib də gəldigi yerə qovmaq qədər böyük bir əhəmiyyəti vardır.
Oxucularımızı artıq yormamaq üçün “Açıq söz”ün təsisi ilə tutacağımız yolun əsli nöqtələrini muciz bir surətdə zikr etdik. Şübhəsiz ki, bundan sonra burada müxtəsərən sərd etdigimiz əsasları daha təfsilli və daha açıq bir surətdə yazacaq, fikirlərimizin ümumiləşməsinə çalışacağız. Ehtimal ki, türkləşmək, islamlaşmaq və müasirləşmək nəzəriyyələrini təşrih edərkən bir çox nöqtələrdə bizə müarizlər bulunacaq və ehtimal ki (bəlkə də yəqin) Rusiya daxili siyasəti həqqində bəslədigimiz məsləkə görə rus tərəqqipərvərləri ilə bərabər biz də bəzi əksəl-hərəkətlərə tutulacağız.
Fəqət hanki fikir və qələm mübarizəsi bundan azad olmuş.
Sərd elədigimiz fikir və nəzəriyyələrimizi tərvic üçün “Açıq söz” açıq bir dil ilə yazmağa səy etməklə bərabər isminin müxəmmasına müvafiq olduğunu üslubunun aydınlığından ziyadə nəşr edəcəyi fikir və mənaların açıqlığında göstərmək istəyəcəkdir.
Yazdığı şeylərə səmimanə surətdə müariz olanlarla qəzetəmiz böyük bir həvəs və ehtiramla mübahisə edəcək. Fəqət “Açıq söz”də kəndi şəxsi mənfəətlərinin düşmənini görərək qərəzlə meydana girəcəklərə də sözün lap açığı ilə qarşı çıxacaqdır.
Xülasə tutacağımız yolda önümüzə çıxacaq olanlara qarşı yeganə vasitəmiz olacaq açıq söz!
M.Ə.Rəsulzadə
“Açıq söz”, 2 oktyabr 1915, №1


Vüzuh – aşkarlıq, bəlli
Kuhəfkən – dağı qazan, dağçapan
Ərbədə – qovğada, davada
Rosux – qətiyyət, möhkəmlik
Müşəxxəs – tanınmış, seçilmiş
Əzimət – niyyət, məram
İxtar – xatırlama
Bəhimi – vəhşi
Məhfəl – cəmiyyət, məclis
Təfəhhüm – dərk etmə
Təməddün – mədəniyyət
İqtiza – tələb
Zünun – düşüncələr
cənah – qanadı

Yeni daxiliyyə vəziri

Bu günlərdə vəzirlər heyətindən çıxmış daxiliyyə vəziri mənsəbli idarəyə təyin olunan Xvostovun qəzetə müxbirlərinə kəndi proqramı həqqində verdigi müfəssəl bəyannaməni son gələn Petroqrad qəzetlərində oxuduq.
Az-çox tərəqqipərvərlikləri və siyasi məsləkcə bilnisbə xəlqlə yola getmək tərəfdarı olmaları ilə məşhur olan iki vəzirin: (Şerbatov və Samarin) kabinədən çıxmaları daxili siyasətdə bir az genişlik gözləyənləri əndişəyə salmışdı.
Yeni gələn Xvostov dumanın buraxılmasından əvvəl təsis olunan tərəqqipərvər blokun xaricində olub bu bürokratlıqdan yetişmə bir məmur və sağ firqə rəisi olduğundan kəndisindən bittəbii geniş bir proqram gözlənmiyordu.
Fəqət yuxarıdakı bəyənnaməsindən anlaşılır ki, yeni gələn vəzir o qədər də qatı tədbirlər və asayiş fikirlərilə gəlməmişdir.
İçində bulunduğumuz şərait daxilindəki söz ilə iş arasındakı fasilə xaricində mücərrəd olaraq düşünülüyorsa, Xvostov idarəsindən bir çox məqbul tədbirlər gözləmək lazım gəliyor.
Xvostov adətən duma hüzurunda nitq söylər dərəcəsində müfəssəl olan bəyanatında hökumətin qüvvətli olması luzumundan bəhs eliyor. Fəqət qüvvətli hökumət cəbr və zəcr yapan hökumət olmadığını da haman əlavə qılıyor. Hökumətin qüvvətli olması Xvostovun bəyanına görə qanunları gözətməsindən ibarətdir. Yoxsa zorbalığa salıb da qanunsuzluq yapmaq və şiddət göstərmək degildir.
Mətbuat yeni vəzirin rəyincə bir genişlik hiss etməlidir. Vəzir təmamilə keçəndə tətbiqi düşünülmək istənilən əskəri senzurdan başqa digər bir senzur təşəbbüsünün əleyhindədir. Mətbuat vətənpərəstligini, vətən işində nə qədər faidəli olduğunu göstərdi. Bunda şəkk və şübhə yei qalmadı. Buna görə də mətbuatı sıxmaq degil, azad buraxmaq lazımdır. Mətbuatı azad buraxmaq demək bir yazı anarşisinə meydan vermək demək degildir. Mətbuat yazar. Qanunun kəndisinə vermiş olduğu səlahiyyətindən çıxarsa, cəzasını görər. Qanunun ədalətlə tətbiqindən yaxşı senzor olamaz. Vəzir mətbuatı sıxışdırıb da yalnız bir elan vərəqəsinə döndərməkdən nə səltənət, nə də millət üçün bir faidə görmiyənlərdən olduğunu söyliyor.
Bahalıqla mübarizə etməyə və almanların Rusiyayı iqtisadən istila etmələrinə müqabil çıxmaya yeni vəzir böyük bir əhəmiyyət veriyor. Hətta tərəqqipərvər duma blokundan bəhs edərkən proqramına bu iki məsələni daxil etmədigi üçün sövqi-müaxizə və tənqid ediyor. Bahalıq öylə bir dərəcəyə gəlmiş ki, artıq dövlət onunla məşğul olmalı və bu xüsusda ümumi bir tədbir gözətməlidir. cəmaət müəssisələrindən olan zemstvo və şəhərlər idarələrinin bu yolda gördükləri işləri vəzir böyük bir zaid kibi tələqqi ediyor.
Alman istilayi – iqtisadisi Rusiyadan qalxmalı. Fəqət bu ayrı-ayrı fərdləri incitmək və familyaları nemes familyalarına bənzəyənləri sögmək surətilə olan iş degildir. Rusiyanın daxili sənaye və ticarətini Almaniya ilə almanlardan biehtiyac bir halə qoymalı ki, alman istilasi özlügündən zail olsun.
Yoxsa alman istilasi qalxıb da yerinə başqası, məsələn yapon və yaxud Çin istilasi daxil olar.
Daxili sənaye və ticarəti yüksəltmək üçün vəzir əmələ ittifaqlarına böyük əhəmiyyət veriyor. Həmkarlar ittifaqı təzyiq olunmuyub biləks imkan verilməlidir ki, əmələlər iqtisadi hallarına aid olan hüquqlarda birləşsinlər. Əmələlər bu müharibədə inqilabiyun firqələrin təsiri altında olduqları halda, nə qədər vətənpərvər olduqlarını göstərdilər. Onların qanun və nizami dairəsində ittifaq yapmalarından faidədən başqa zərər gəlməz. Çünki vətən sənaye və ticarətini qüvvətləndirən ancaq təşkilatlı sərmayə ilə təşkilatlı səydir.
Şəhər idarələri ilə zemstvolar həqqində fikir bəyan edərkən vəzir özünün zemstvo düşməni olduğunun qələti-məşhur olduğunu isbat etmək səddindən sonra ordunun mühümmatını hazırlamaq, xəstə və yaralı əskərlərə kömək etmək və sair cəmaət işlərinin təşkilatı həqqində zemstvolarla şəhərlərin göstərdikləri xidməti təqdir etmiş, keçənlərdə Moskvada toplanan yığınlara söz keçirərək, bu yığıncaqların əməli cəhətini bəgənmiş. Fəqət aldıqları məşhur qətnaməni rədd edərək bunu siyasi bir xəta saymışdır. Vəzirin düşündiginə görə bu xüsusda ictimaidəkilər bir az məclisi-müəssisan cəhətə meyl etmişlər. Özü də istədiklərini müəyyən və müşəxxəs etməyib ələl-ətlaq hökumətin başqa bir rəng almasını tələb eləmişlərdir.
Milliyyət məsələsinə gəlincə, vəzir özünün bütün Rusiyada yaşayan millətlər üçün xoş keçilməsi tərəfdarı olduğunu söyləmiş: qoy onlar tərəqqi edib də məsud olsunlar. Fəqət bu şərtlə ki, bizə zərərləri toxunmasın – deyə amali bir cümlə işlətdikdən sonra Rusiyanın Allah verib o qədər sərvəti-təbiiyyəsi var ki, hamıyı doyurar – demişdir. Yəhudi məsələsi hal-hazırda kökü ilə həll olunacaq asan bir məsələ olmayıb diqqət və fərağətlə görülür bir işdir. Fəqət bu sırada yəhudilərin bilxassə həqqi-səknalərinə aid cəhətə vəzir böyük bir diqqət sərf olacağını və bu xüsusda qubernatorlara verilən təmim (sirkulyor) də yəhudilərin bir yerdən o biri yerə köçmələrini asanlaşdıracaq tədbir görmələri xüsusunda əmrlər veriləcəgi təsrih olunmuşdur.
Bəyanatının xatiməsi olaraq ələlümum əhvali-həzirəyə söz gətirərək Xvostov müharibənin əvvəllərində bütün Rusiya ilə bərabər Məclisi-Məbusan və əyani (Duma ilə Şurayi-səltənəti) çulğalayan ruh yüksəkliyi ilə və vətənpərvərlik hissinin təkrar iadəsinə böyük lüzum olduğunu bəyan edərək düşməni dəf etmək və Rusiyayı düşdügü girovdan qələbə və şan ilə çıxarmaq, ancaq bu ruh yüksəkligi ilə mümkündür – demişdir.
“Bir çox şeylər dəgişmiş, bir çox qiymətlər bahasını itirib başqa qiymət və əhəmiyyət hasil etmiş. Hökumət şüurlu hərəkət edərək bütün bunları nəzəri-diqqətə almalı və o surətlə rəftar etməlidir. Bəzi güzəştlərə getməkdən qorxmamalı, güzəşt etmək əlaməti – zəif degil. Bəlkə məqul bir tədbirdir”.
Vəzir ümid ediyor ki, Rusiya bu təhlükədən böyük və şanlı qalaraq qurtaracaqdır. Bu surətlə Rusiya əfkari-ümumiyyəsinin hökumətdən daxili siyasət dairəsində tələb etdiklərinin mümtədil bir qismini Xvostov ixtisar elədigimiz bu bəyanatında mühəqq görmüş və məmləkət üçün bunların lazım olduğuna mütərəf olmuşdur. Bu qədərlik bir etiraf yenə həqq ilə tətbiq olunsa, bir şeydir. Neçə zamandan bəri arzu olunan daxili islahata tərəf bir qədəm millətlə dövlətin ittihadına bir meyldir.
Ümid edəlim ki, yeni vəzirin dedikləri tətbiq olunmamış qalmasın. Fəqət siyasi əhvali-ümumiyyəyə siyasiyyə dəgişməyincə böylə bir ümid bəsləmək qabilmi?
M.Ə.Rəsulzadə
“Açıq söz”, 4 oktyabr 1915, №2


Zəcr – zülm etmə
Məhlikə – təhlükə
Müaxizə – sorğu-sual etmə, töhmətləndirmə
(Ardı var)
Şirməmməd Hüseynov






Mənbə: Şirməmməd Hüseynov24.12.2011     Çap et  Çap et