525-ci qəzet

75 illik mənalı ömür



Cəmiyyətlə onun müxtəlif təbəqələri, dünyagörüşlü, xasiyyətli və məqsədli müxtəlif peşə sahibləri ilə canlı təmasda olub, bu zaman qarşıya çıxan hər hansı sosial-psixoloji, ideya-siyasi, mənəvi-əxlaqi sədləri aşaraq istədiyin informasiyanı ala bilib, onun sevincini yaşamadan jurnalistikanın şirinliyini, gözəlliyini bütün tamı, duzu ilə duymaq, hiss edib qavramaq mümkün deyil. Özü də bu proses və yolun sonu o qədər ilğımlıdır ki, hər maneəni dəf edəndən sonra yolun sonuna, bu peşənin bütün sirlərinə əsas etibarı ilə çatdığını düşünməyə macal tapmamış qarşında yeni və daha əlçatmaz bir üfüqün, uzun yolun açıldığını görürsən.
Peşəkar bir jurnalist kimi vəzifəsinin öhdəsindən layiqincə gələn və öz imzasını insanların yaddaşlarına həkk etdirən insanlardan biri də Abbas Əzimovdur. 1936-cı il dekabrın 19-da Bakı şəhərində anadan olan bu şəxsin 75 yaşı tamam olur.
Abbas Əzimov Bakı Neft Texnikumunda oxuduğu illərdə (1956-1959) “Dinamo” cəmiyyətində əməkdar məşqçi Əfqan Səfərovun rəhbərliyi altında yüngül atletika ilə məşğul olmağa başlayıb. Orta ixtisas məktəbləri arasında keçirilən spartakiadalarda iştirak edib, 5000 və 10000 metr məsafələrə yarışda mükafata layiq yerlər tutub. Texnikumu bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə (1961-1967) daxil olub. O, ali məktəb tələbələri arasında keçirilən yarışlarda da uğurla çıxış edərək, fəxri fərmanlarla təltif edilib. A.Əzimov Azərbaycan və Bakı çempionatlarında “Dinamo”nun şərəfini qoruyub. Universitetdə olduğu illərdə hakimliyə başlayıb. 1962-ci ildə respublika, 1969-cu illərdə isə Ümumittifaq dərəcəli hakim adını qazanıb. 1980-cı ildə Moskvada keçirilən XXII Yay Olimpiya Oyunlarında hakimlik edib və əməyinə görə Olimpiadaların xatirə medalına layiq görülüb. Bundan əlavə o, Avropa çempionatı, Avropa Kuboku, “Dostluq-84” və bir çox beynəlxalq turnirlərin hakimi olub. A.Əzimov 1964-cü ildən SSRİ Jurnalistlər İttifaqının üzvüdür. 1962-ci ildən 1997-ci ilədək Azərbaycan Dövlət Televizya və Radio Verilişləri Şirkətində idman proqramları redaksiyasında redaktorluqdan baş redaktor müavini vəzifəsinədək işləyib. 1995-ci ilin idman yekunlarına görə Əzimov ilin ən yaxşı idman jurnalisti sayılıb. 1997-ci ildən Beynəlxalq İdman Jurnalistləri Assosiasiyasının üzvüdür. A.Əzimov 2008-ci ildə “Azərbaycanın Əməkdar Jurnalisti” adına layiq görülüb. 1997-ci ilin aprelindən Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında işləyir. 2008-ci ildən AFFA-da yaranan futbol muzeyinin direktorudur. “Neftçi-70”, “Futbolumuzun futzal salnaməsi” və “Xatirələrdə yaşayanlar” kitablarının müəllifidir.
75 il mənalı ömür yaşayan Abbas müəllimi təbrik edir və fəaliyyətində uğurlar arzulayırıq.








18.12.2011     Çap et  Çap et