525-ci qəzet

ORALARDA KİMLƏR VAR: DAHA YAZMA DEYƏNLƏR



Ədəbi zövqü və ədəbiyyat haqqında fikirləri son dərəcə dəqiq,çox məlumatlı, eyni zamanda bu məlumatı heç yerdə nümayiş etdirmək istəməyən, (bu barədə Hacı Qara kimi son dərəcə xəsis ) yazar dostlardan biri,məsələn: H.S. çox ağır bir gündə – yazar və həkim Rafiq Tağıyla vida günündə bir neçə gənc yazarın yanında : abi, yazma daha, vallah yazma, səni incidirlər bizim qəzetdə, incidirlər, yazma daha yazma...-deyir mənə.
Adam mənim onların qəzetindəki durumumu bilir və onun belə deməsini mən yadırğamıram və hətta haqq qazandırıram.Amma bu dolanışıq və bu yazı yazmadan yaşamaq çətinliyi məni mütləq və mütləq bilgisayarın qarşısına keçməyə vadar edir.Və bir də açıq etiraf edim: unudulmaq qorxusu da var bu işin içində. Bu ölkədə, bu ədəbi ortamda insan elə unudulur ki, heç əzrayıl da bunu eləməz...
Bir çoxu da mənə deyir : yetmiş yaşın oldu, sən yenə də yazırsan. Bilmirəm, vallah, niyə belə deyirlər.Bəlkə onlar da haqlıdı. Burda istedadlı yazarımız Seymur Baycanın çox acı bir etirafı yadıma düşür. Təxminən belə deyir Seymur bəy: Tap bu ölkədə elə bir adam ki,gətirib mənim yaşamağım üçün ayda mənə məsələn, 100 manat, 200 manat versin. Tap belə bir iş adımı və xeyirxah insanı. O zaman mənim bu dövlətdən heç bir umacağım olmaz.
Həqiqətən acı və çılpaq bir həqiqət.Kiminin xoşuna gələr, kiminin yox.Və bu acı həqiqətlər indicə oxuyacağınız KEYFİMDƏN YAZMIRAM, DOSTLAR yazısını gətirdi.

Yazmaq,özü də yaxşı şeylər yazmaq get-gedə çətinləşir.Bu balaca məmləkətdə daha nədən yazmaq olar... Pambıq yox,kartof yox,kələm yox,acı bibər yox ( amma yazılarımızdakı acılıq nə qədər istəyirsən),Rayon Katibi yox... daha nədən yazmaq olar...
...bir çox zaman nəfəsim lap tıxanır və bu hal bir neçə dəfə olub: əsəb gəlib dayanıb düz qırtlağımda və daha yazmayacam deyirəm: adamı nə qədər minnətli eləyərlər : nə var, zəhmət haqqı olaraq səhifəmə filan qədər alacam. (Açıqlamayaq. Bu yerdə yadıma Türkiyədə yaşadığım illər düşür. Orada mədəniyyətsiz suallardan biri də “SİZ NƏ QƏDƏR MAAŞ ALIRSIZ”- deyə soruşmaqdı). Kim məni qınayır qınasın, axı bu maddi durum bir az babat olsa, daha başqa işlər var, onları eləyərəm.Amma yazmaq təkcə pul üçün deyil, həm də bir ehtiyac var içimdə.Vaxt olub ki, mən o qədər yazı yazmışam ki, pulsuz! Amma MİNNƏT məsələsi həmən məni yarı yolda qoymaq kimi vəziyyətə gətirir və sonra yenə də əsəblərim sakitləşir və belə anlarda rəhmətlik atam yadıma düşür: Rəhmətlik atamın şikayətdən zəhləsi gedərdi, amma bir dəfə öz qaynı olan kolxoz sədrindən necə yanmışdısa, durub kənd sovetinə şikayətə gedəndə, yarı yoldan qayıtmışdı.Soruşanda demişdi ki, qardaş,bu boyda yolda insanda hirsmi qalar, yarı yolda hirsim soyudu, qayıtdım.
Sovetlik qonşu kənddə idi və həqiqətən də ora bir xeyli yol vardı. ...Üstəlik də qaynı tapşırmışdı ki,onu heç bir maşına götürməsinlər.
İndi elə bir məqam gəlir ki, öz-özümə deyirəm : bu mənim sonuncu yazım olsun.. O yazını da çap edin ( mübahisəli yazım olanda ) daha sonra. Hə, daha sonra nə.....Sonra bir həftə boyu əsəb sakitləşir və yenə də çox hörmətli qəzet sahiblərinin dediklərinə boyun əyirsən, yenə yola düzəlirsən.
Həftəlik yazılar yazdığım qəzetlərdən birində yazılarım 30-cu səhifəyə qoyulurdu.Bu səhifə də adətən deyəsən idman yazıları qoyulan səhifədi və mən türk futbolunun faciəli ismi Sədat Balkanlı haqqında bir yazı hazırlamışdım.Tam o səhifə üçün bir yazı, həmin yazı o səhifədə də getdi və daha sonra Aybəniz Vəkilova haqqında bir yazı yazdım.Yazını yenə də 30-cu səhifəyə yerləşdirib, sağ və salamat evə gəldim.Axşamüstü qəzetin samballı yazarlarından biriylə ( hamı tanıdığı üçün tutduğu vəzifəni yazmıram) görüşəndən sonra məlum oldu ki,yazını həmin səhifədən çıxarıb atıblar 20- ci səhifəyə.Baş redaktor buralarda yox.İş işdən keçib və mən hər halda yarı-zarafat, yarı-ciddi Türkiyədə olan baş redaktora bir telefon emaili göndərdim : bəs məni 30-cu səhifədən çıxardılar.Baş redaktor həmən cavab verdi: irəli çəkirik də, ABİ ( abi sözünü onun dilindən ilk dəfə idi eşidirdim və bunun bir nədəni də məncə telefon emailində məsələn Tofiq bəy yazmaqdansa Abi sözü daha ekonomik və daha asandır).
Bilmirəm, vallah nədən bu işlər mənim başıma gəlir,lap əvvəllər də belə bir hadisə olmuşdu.Bir yazım haqqında yazını oxuyan redaktor demişdi: vallah, bu Tofiq lap ağ elədi.Bu nə yazıdı yazıb. Belə yazımı yazarlar...
Redaktor bəlkə də haqlı idi. Həyatımın pərakəndəliyi, hər gün evdən çıxanda və evə gələndə evin min cür qayğısı...yazılarımın ab-havasına da hopur.
Pis, yaxşı yazıram də...Qayğılar ( amma vallah, elə hamı qayğılıdır.O gün yenə də sevimli İradə Tuncay telefon açıb deyir ki, abi, (bax, bu deyiş çoxdanın deyişidi),yazını oxudum, yenə də gileylə doludu.
Məncə orada bir giley-zad da yox idi.(Yazı Aybəniz xanımın vəfatı üstünə bir yazıydı) ucbatından yazdığım yazılar da o qədər pərakəndədir ki, mütləq bir redaktor gözü lazım olur ki, ciddi yanlışlığa yol verməyim.
Və bir də bir yandan da bu vaxt azlığı ( amma, mənim vaxtım yetər qədər var) bu internet adlı dünyaya hər gün baxmaq bəlası da gəlib kəsdirir başuvun üstünü və buna görə də sən özünü bir yazı üçün kökləyən kimi hər şey qarışır...
Amma yaşamaq lazımdı.Yaşamaq üçün də 8-9 min işarətlik bir şey yazmaq lazımdır ki, heç olmasa on manat alasan! Onu da aradabir bu işsiz şairlərə xərcləyə biləsən. ( Aman Allahım, bu dostlar nə zaman iş tapacaq görəsən). Və beləcə daha ciddi şeylər düşünmək məsələsi keçir lap arxa plana.Daha doğrusu, elə bir ciddi şeylər də baş vermir bizim müstəqil ədəbiyyatımızın müstəqil saatlarında, yazasan aparasan verəsən, üzün ağ ola. Nə yazasan...
O gün tanımadığım birisinin kitab prezentasiyasına məni də dəvət etmişdilər.Baxdım, yazmağa heç xəbərlik material yox... və beləcə bir neçə saatım da getdi hədər.Elə həmin prezentasiyada bütün qazancım ondan ibarət oldu ki, xanım-xatun bir qız yanaşdı: necəsiniz Tofiq müəllim, mən sizin tələbəniz olmuşam...-dedi.
Aman Allahım, mən nə zamansa müəllim də işləmişəm demək...
Çətin olasa da, canüzücü olsa da yazmaq lazımdır və yaxşı şeylər yazmaq lazımdır.Bu da asan məsələ deyil bildiyiniz kimi. Hələ üstəlik də bir vaxtlar şeirlər yazdığımı eşidən ( indi də yazıram) istedadlı yazar Samir Sədaqətoğlu bir yazısında mənim haqqımda iç ağrıdan belə şeylər yazmışdı: “...bütün bu və digər misralar, “Bir insan tanıyıram”, “...Üst mərtəbələr haqqında ballada”, “Kəndimiz”, “Adamlar arasında”, “İllərin o tayından gələn”, “İtmək istəyirəm”, “Kötük”, “Kilid” və s. şeirlər sərlövhəyə çıxarılmış suallara qəti cavab verir. O, şairdir.
Və ən dəhşətlisi odur ki, qonorar hesabına köşə yazıları yazan bir şair lap gözümüzün qabağındaca itib gedir və hamımız etinasızlıqla, laqeydcəsinə bunu seyr edirik.
Və deyir: ( burda “və deyir” sözü mənim əlavəmdir)
Mənimçün ağlayır yüklü buludlar
Səsi məndə deyil uzaqlardadır.
Hər yerə yağsa da içimə yağmır
Həyatım yağmurda batan adadır
Mən bu yağmur altında...”



ONLAR NƏ DEDİLƏR:
Məni qınayanların düşüncələrində bir böyük ədalətin olduğunu gözəl bilirəm və danmıram.Buna görə mənim vəziyyətimdə və mənim yaşımda olan bir qələm sahibinin –yəni yaşı 70-i keçmiş bir qələm sahibinin qəzetlərə həftəlik və bəzi saytlara ( bəzi deyəndə ki,yalnız Kulis.az.saytına.Təklif Qan Turalıdan gəlib, sağ olsun.Qovulana qədər gedəcəm.) arada bir yazılar yazması etik və başqa baxımlardan hansı narahatlığı və əks düşüncə doğura bilir sualı ilə bir neçə yazara müraciət etdim


Etibar Cəbrayıloğlu (“Ədalət” qəzetinin yazarı):
– Azərbaycan, dünya, özəlliklə də türk ədəbiyyatında 17 yaşında da yazan olub, 70 yaşında da. Tofiq abi, siz bunları bizdən yaxşı bilərsiz. İstedad yaşa yox, başa baxır yəqin.
70 yaşlı adamın əlinə ilk dəfə qələm alıb nəsə yazmağı adama qəribə gələ bilər. Yox əgər kimsə 70 yaşa qədər həmişə yazıbsa və yaradıcılığını bu gün də davam etdirirsə nə mutlu... İdman termini ilə desək, həmişə formada qalmağı onun üstünlüyüdü. Amma burda yenə əsas məsələ yazının keyfiyyətindədi.
lll
Elmin Həsənli: publisist –yazar
Mənə görə yaşamaq fəaliyyətdə olmaq deməkdir. İnsan fəaliyyətdə deyilsə, deməli artıq yaşamır. Və bir yazarın, jurnalistin 70 yaşından sonra qəzet səhifələrində yazılar yazması, müsahibələr alması, kimnənsə münasibət öyrənməsi də bir fəaliyyətdir.
Oxuduğum Türkiyə mətbuatında da belə insanlar var.
Onlardan biri “Hürriyyət” qəzetinin keçmiş baş redaktoru, indisə sadəcə köşə yazarı olan Ertoğrul Özkökdür. Onun 64 yaşı var. Hər gün köşə yazıları yazır. Təkcə köşə yazıları yox, maraqlı yerlərdən, maraqlı insanlardan reportajlar yazır. Və Türkiyədə ən çox oxunan yazarlardan biridir.
Elə həmin qəzetdən başqa bir misal: Doğan Hızlan. Adamın 74 yaşı var. Mədəniyyət yazıları yazır. Türkiyədə keçirilən kitab təqdimatlarından, yeni açılan sərgilərdən, muzeylərdən, konsertlərdən yazır.
Əziz və dəyərli, Tofiq Abi. Sizin də 70 yaşınız var. Və özünüzdən az qala 50 yaş balaca olan gənc jurnalistdən münasibət öyrənirsiniz. Buna görə kompleksə girməyə gərək yoxdur.
Hamı sizin bu yaşda belə gənc qalmağınıza həsəd aparır. Məncə bu sizin məhz yorulmadan işləməyinizlə bağlıdı.
Düşünürəm ki, gördüyü işi sevməli və heç bir kompleksə girmədən sonacan çalışmalıdır.
Adını açıqlamayan yazar
Mənim üçün harda yazmaq yox, nə yazmaq önəmlidir.
Əsas odur ki, yazılarının ideyasından, şəxsi prinsiplərindən kənarlaşmayasan, dünən dediyin sözü bu gün hansısa marağa görə danmayasan.

Tofiq ABDİN,
[email protected]
tofigabdin.com








Mənbə: Tofiq ABDİN17.12.2011     Çap et  Çap et