525-ci qəzet

QƏBULZADƏ BABA BƏY ABDULLA ƏFƏNDİ OĞLU (10.12.1893, Qax – 29.10.1937, Bakı)




YAZARDAN BİR NEÇƏ SÖZ

Baba bəy Qəbulzadə haqqında tarix ədəbiyyatımızda indiyədək, demək olar ki, heç nə yazılmayıb. 4 il bundan öncə – 21 oktyabr 2007-də Qəbulzadələrin ağsaqqal və ağbirçəklərini bir yerə yığaraq Azərbaycan Cümhuriyyəti Parlamanının üzvü olmuş ata-oğul Abdulla əfəndi və Baba bəy Qəbulzadələr haqqında geniş söhbət etdik. Həmin söhbətə Baba bəyin qızları Naimə xanım (1930-2011) və Minirə xanım (1932), Həsən bəy Qabulov (1932), Abdurrəhman bəy Qəbulzadə (1936), Həqiqət xanım Qabulova (1941) qatılmışdılar. Bir neçə saatlıq ünsiyyət sonucunda onlar haqqında ilk geniş bilgini əldə etdim. Bu bilgi arxivlərdəki araşdırmalarıma da yolgöstərici işıq saçdı və nəticədə “525-ci qəzet”in 20 mart, 3, 10 aprel 2010-cu il tarixli 52, 57 və 62-ci saylarında “Qəbulzadə Abdulla əfəndi İbrahim (Hacıbaba) əfəndi oğlu” adlı məqaləm ortaya qoyuldu. Həmin yazıda Baba bəydən də ötəricə danışılır.
Yuxarıda adı çəkilən söhbətdaşlarım içərisində Abdurrəhman bəyə ayrıca təşəkkür edirəm, çünki yaşının ahıl çağında o, bütün Qəbulzadələr soyu haqqında sözün yaxşı anlamında fanatikcəsinə, yorulmaq bilmədən çalışaraq bilgi toplayıb, onların dəqiq şəcərəsini tərtib edib, nəsillə bağlı türkcəmizdə və rusca sanballı elmi məqalələr hazırlayıb. O, 2007-dən bəri əlaqəmizi kəsməyərək Baba bəy haqqında da əlinə düşən bütün bilgi və bəlgələri səxavətlə mənimlə bölüşüb.
Oxuduğunuz bu məqalə həm B.b.Qəbulzadənin qohumları ilə apardığım söhbət, həm də bir çox arxiv bəlgələri əsasında hazırlanıb.

BABA BƏYİN ÖMÜR YOLUNA ÖTƏRİ BAXIŞ


Baba bəy Qəbulzadənin həyatı haqqında indiyədək yalnız Qax rayonu Əmbərçay kənd məktəbinin müəllimi Pəri xanım Novruzova’nın “Ata və oğul” adlı məqaləsində (Qax rayonu, “Şəlalə” qəzeti, 14 avqust 1992) ilkin bilgilər verilib. Yazısını yalnız şifahi bilgilər üzərində quran hörmətli müəllif, təbii ki, bir sıra yanlışlıqlara da yol verib.
Bəs Baba bəyin ömür yolu haqqında bu gün bizə nə bəllidir? Təəsüüf ki, onun özünün yazdığı heç bir tərcümeyi-halı əlimizdə yoxdur. Həbsləri zamanı müstəntiqləri də onun həyatı deyil, “əksinqilabi fəaliyyəti” maraqlandırdığına görə “NKVD” sənədlərindən də fərli-başlı bir şey öyrənmək olmur. Ən müxtəlif qaynaqlardan əldə etdiyim toplam bilgi aşağıdadır.
Baba bəy Abdulla əfəndi oğlu Qəbulzadə 10 dekabr 1893-cü ildə Qaxmuğal kəndində anadan olub. Onun əsl adı Abdulla əfəndinin atası İbrahim əfəndi’nin şərəfinə verilmiş İbrahim’dir. Babasının adını daşıdığına görə əzizləri ona hörmət və sevgi ilə “Baba” deyiblər. Bu müraciət sonradan gerçək adı həm ağızlarda, həm də kağızlarda, sənədlərdə unutdurub.
İlk təhsilini evdə atasından aldıqdan sonra 1910-cu ildə Zaqatalada ali ibtidai məktəbi bitirib. Kazan Universitetində oxuması haqqında fikir özünü doğrultmur. İxtisasca müəllimdir. Zaqatala və Şəki şəhərlərində əsasən tarixdən dərs deyib.
Gənc yaşlarından siyasətlə maraqlanıb. Azərbaycanın müstəqilliyini önə sürən müsavatçı ideyalara rəğbət bəsləyib, 1918-ci ildə Şəki şəhərində Müsavat Partiyasının canlanmasına əlindən gələn yardımı göstərib, ancaq heç vaxt bu partiyanın üzvü olmayıb. O, atası Abdulla əfəndinin də mənsub olduğu “Əhrar” partiyasını seçib və 1920-də ilk Cümhuriyyətimiz məhv edilənədək bu partiyada bulunub. Parlamanın üzvü olan atası 1919-cu ildə xəstəliyinə görə burada fəaliyyətini davam etdirə bilmədikdə “Müsavat” Partiyasının ozamankı öncüllərindən olan görkəmli maarifçi İslam bəy Qəbulzadə’nin (1879-1920) tövsiyəsi ilə Baba bəy Zaqatala dairəsindən Parlamana deputat seçilib.
Sovet hakimiyyəti qurulan zaman Azərbaycandan bir çox adamlar xarici ölkələrə mühacirətə gedib. Məşhur jurnalist Həmzət bəy Qəbulov’un (1884-1912) qardaşı Mahmud Həbibullah oğlu da 2 oğluyla birgə Türkiyəyə köçüb (1 oğlu və bir qızı burada qalıb). Baba bəy atası Abdulla əfəndiyə deyib ki, gəl biz də Türkiyəyə gedək. Atası razılıq verməyərək deyib ki, mən ölülərimə arxa çevirə bimərəm. Gələcək acı taleyini gözünün önünə almış Baba bəyə, gerçəkdən də, kommunistlər hədsiz zülmlər verdilər. Sovet dönəmində o, dəfələrlə həbs edilib. İlk dəfə 24 may 1920-də “ÇeKa” onu keçmiş Parlaman üzvü kimi həbs edib, ancaq hec bir suçu olmadığına görə 16 gündən sonra buraxmalı olub. O, 1927-ci və 1937-ci illərdə də “ÇeKa” zindanına düşüb və sonuncu dəfədə həyatı orada sona yetib.
Sovet ağalığı illərində də Baba bəy əsasən müəllimliklə məşğul olub. Öncə Zaqatala məktəblərində, o sıradan Kənd Təsərrüfatı Texnikumunda işləyib. Sonralar görkəmli alim və dövlət xadimi olmuş akademik İmam Mustafayev’in burada oxumasına (1922) Baba bəy himayəçilik göstərib.
1923-1927-ci illərdə o, Şəki seminariyasında (sonralar 2-illik Müəllimlər İnstitutuna çevrilib) tarixdən dərs deyib. Həqiqət xanım Qəbulova’nın bildirdiyinə görə, Gəncə Kənd Təsərrüfatı İnstitutunun və H.b.Zərdabi adına Pedaqoji İnstitutun dialektik materializm müəllimi, şəkili Rəsul Əfəndiyev 1963-cü ildə ona danışıb ki, mənim vaxtilə Şəki 2-illik Pedaqoji İnstitutuna girib oxumağımın səbəbkarı Baba bəydir.
B.b.Qəbulzadə Şəkidə müəllim işləyərkən Məhəmmədəmin Rəsulzadə’nin Türkiyədə nəşr etdirdiyi “Yeni Qafqaziya” dərgisini tələbələr arasında ucadan oxutduğuna görə 1927-ci ildə işdən çıxarılıb və az sonra müsavatçı kimi həbs edilərək 11 iyunda 3 il iş alaraq Bakıya sürgün edilib.
Xalq arasında belə bir söhbət dolaşır ki, 1930-da Şəki üsyanı baş verəndə guya Qaxda camaat məscidə yığışıb və Baba bəyə təklif edib ki, bizim üsyana da sən rəhbərlik et, ancaq o, üsyan fikrinə qarşı çıxaraq deyib ki, qoşun üstünüzə top-tüfənglə gəlib, siz yaba və bellə onun qarşısına çıxaraq heç nə edə bilməzsiniz. Hökumətlə hökumətlik etmək olmaz. Çıxın evinizə gedin, kasıbçılığınızla məşğul olun. Onun sözünə qulaq asan camaat dağılışıb, bunun sayəsində də Qaxda Şəkidəki kimi qırğın və kütləvi həbslər olmayıb.
Maraqlıdır ki, bəzi istintaq sənədlərində isə tam tərsinə fikir əksini tapıb – guya Baba bəy Şəki üsyanını hazırlayanlardan, yaxud onun fəal iştirakçılarından biri olub. Bu deyilənlərin ikisi də yanlışdır, çünki Şəki üsyanı zamanı Baba bəy Bakıda sürgündəydi.
Azadlığa buraxıldıqdan sonra o yenə Zaqatalada məskunlaşıb, müəllimlik edib. Aramsız təqiblərə, həbslərə baxmayaraq daim Azərbaycanın azadlığı ideyasını yayıb. Bir çox çağdaşları onda müstəsna təbliğat bacarığının olduğunu göstərirlər.
Görünür, gənclər arasında təbliğat aparmasını əngəlləmək üçün onu məktəbdən uzaqlaşdırıblar və Baba bəy təbiətinə yad olan bütünlüklə başqa sahədə çalışmalı olub. Öncə Şəkidə İttifaq Meyvə-Tərəvəz Birliyinin (ruscası: “Soyuzplodoovoş”) tədarükçüsü işləyib. Sonra hansı səbəbdənsə iş yerini Gəncəyə dəyişdirməli olub – bu şəhərdə Moskva Yeməkxanalar Birliyinin (ruscası: “Prodsnabmos”) tədarük üzrə müvəkkili olub. Son iş yeri də buradır.
Təqiblər üzündən yaşayış yerini tez-tez dəyişdirməyə məcbur olub. Ömrünün son illərini Şəki və Bakı şəhərlərində yaşayıb. Bakıda 1932-ci ildən onun özəl mənzili olub (Suraxana – indiki Dilarə Əliyeva küçəsi 6-cı döngədəki 4-cü ev). Həbsindən qabaq Kamenisti (Daşlıq) – indiki Bəşir Səfəroğlu küçəsindəki 107-ci evdə, Əfəndiyevin mənzilində də qalıb.
Həbs ediləcəyini duyan Baba bəy iki ay yarım müxtəlif yerlərdə gizlənib. Çekistlər xüsusi əməliyyat keçirərək 18 sentyabr 1937-də onu Bakıda həbs edərək 29 oktyabr 1937-də güllələyiblər. 1956-cı ildə bəraət alıb.
Baba bəy iki dəfə ailə qurmalı olub – Zərif Həşim bəy qızı Qabulova’dan Lütfullah (1916-1981) və Fətullah (1919-1936), Cariyət Ramazan qızı Qaracayeva’dan isə Naimə (1930), Minirə (1932-2011) və Əkrəm (1935-2010) adlı övladları dünyaya gəlib.

PARLAMANDA

Baba bəy Qəbulzadə 16 oktyabr 1919-da atası Abdulla əfəndinin yerinə Azərbaycan Cümhuriyyəti Parlamanına üzv seçilib və onun işində çox fəal iştirak edib. O, Parlaman kürsüsündən dəfələrlə çıxış edərək dövrün ən mühüm problemlərinə toxunub və özünün vətəndaş mövqeyini ortaya qoyub. Onun çıxışlarında doğma xalqına hədsiz sevgisi, vətəndaş təəssübkeşliyi açıq-aydın görünməkdədir. 9 mart 1920-də Parlamanın 132-ci iclasında Qars məsələsi müzakirə edilərkən Məhəmmədəmin Rəsulzadə və Nəsib bəy Yusifbəyli’dən sonra Baba bəy də söz alıb alovlu bir nitq söyləyir. Onun çıxışının stenoqramından bəzi yerləri gözdən keçirək: “Burada biz açıq danışmalıyıq. Siz bilirsiniz ki, bu gün ortalıqda bir erməni məsələsi vardır. Və o məsələni Azərbaycan milləti və Parlamenti, milli hissiyyati-vətənpərvəranəsi çaşqın olanlar həll etməlidirlər. Artıq quru danışıq və alqışlar ilə bir şey olmaz. Belə şeylər ilə Zəngəzurda qırılan, irzü namusu puç olan müsəlmanların dərdinə dərman olmayır. Baxınız, əgər İstanbulda naxoşluqdan bir erməni ölürsə ermənilər bütün Avropa əfkari-ümumiyyəsinə “türklər filan qətli-amda bunu öldürdülər” deyə qışqırırlar, Avropa əfkari-ümumiyyəsi də onları eşidir, fəqət erməni bandaları, canavərləri, mauzeristləri tərəfindən tarmar edilən xanimanları Avropa görmür. Ərşə qalxan ah-nalələri onlar eşitmir”.
Bu yerdə zaldakılar onu alqışlayır və Baba bəy əsəbiləşir: “Əl çalmayınız. Əl çalmaq ilə dərdə əlac etmək olmaz. Mən hissiyyata qapanıb danışmıram. Bu cür məsələləri müahidələr ilə, konfranslar ilə həll etmək olmaz. Artıq biz aldanmamalıyıq, çünki o qatillərin şüarı islamı qırmaqdır. Hamımız bilirik ki, daşnaklar Avropanı qapı-qapı gəzib Türkiyə məsələsinin bir cür həll edilməsi üçün hər alçaqlığı qəbul etmişlərdir. Onlar Osmanlı türk məsələsindən sonra Azərbaycan məsələsinə girişmişlərdir. Onlar süni yollar ilə erməni əksəriyyəti qayırmaq istəyirlər; bu, inkar edilməz. Bunların darülfünun görmüşləri, alimləri vardır; əcəba bunların heç qəlbi ağrımır, ruhu sıxılmır, ürəklərində şəfqət və mərhəmət yoxmudur ki, heç olmasa daşnakların bu zülmünə qarşı protesto etsinlər? Onların rəisləri Poqos Nubar paşa və qeyriləri əcəba heç hüquq oxumayıblarmı? Hüquq və qanun nə olduğunu anlamırlarmı? Biz quru protesto edirik, fəqət bunlarla dərdə əlac olmaz. Bugünkü gündə azərbaycanlılar öz müqəddəratını düşünüb həll etmək üçün başqa yolların hamısını bilir. Qoyunuz millət özü bunu düşünüb böylə məsələləri həll etsin. Avropadan isə şimdiyə qədər bu fəlakətləri görmürlər, çünki onların gözlərindəki çeşməklər Poqos Nubar paşaların əlilə taxılmışdır. Nə qədər ki o çeşməklər çıxarılmamış, biz xilas olmayacağıq və onlar da həqiqəti görməyəcəklər. İş böylə olduqda biz bilümum təfriqəni bir yana buraxıb yığışalım, tədbir edəlim və çalışalım; ölmək icab edərsə nə eybi var, qoy desinlər ki, Parlament əzasından bir neçəsi gedib özünü millətə fəda etdi. Və birdəfəlik bu zalımların qarşısına bir sədd çəkəlim. [...]. Hökumət bu xəstəliyə hərgah əlac etməyə, biz millət kimi gedib intiqam alarıq”.
Parlamanın 12 mart 1920-dəki 134-cü iclasında sədr Məhəmmədyusif Cəfərov sözü Baba bəyə verir. O, Rusiya inqilabının rolundan, islam dinində inqilabdan danışır və ümumən inqilabın fəlsəfəsini açan bir çıxış edir: “Əfəndilər! Mən inqilabın tarixindən və surəti-məhsulundan bəhs etməyəcəyəm. Yalnız demək istəyirəm inqilab nədir. İnqilab demək məsum bir milləti, zavallı bir insaniyyəti dəmir pəncələrdən qurtarmaqdır. Yoxsa yalnız dəyişiklik demək deyildir. İnqilab demək odur ki, məzlum insanlar bir gün hüquqlarını qəsb edənlərdən qanları bahasına alırlar. Hər millət mümkün olduğu mərtəbə bu inqilabı və hüququnu əlinə almışdır.
İslamiyyətin əsası inqilab və hüquqi-bəşər üzərində qurulmuşdur. İslamiyyət bu inqilabı çoxdan yapmışdır. İnqilab bilgi ilə elm üzərində müəssisdir. Hətta Qurani-mübin “İsra” sureyi-şərifi ilə inqilabın ancaq elm sayəsində ola biləcəyini bizə göstərmişdir. Yalnız təəssüf olunur ki, sonraları aləmi-islamiyyət bu həqiqətlərdən səfahətlərə, keyflərə dalaraq uzaqlaşmış və inqilabın nə demək olduğunu unutmuşdur.
Biz Rusiya inqilabına mədyuni-şükranız. Rus əkinçilərinin yapmış olduğu bu inqilab inkar edilməz. Avropalılar vaxtilə bizdən aldıqları elm və mərifəti tərəqqi etdirmişlər. Biz isə cəhalət içərisində qalmış, son zamanları avropalıları havada uçar, dənizdə bir balıq kimi üzər görmüşük... Hər bir inqilab da demokratik və milli əsaslar üzərində həyata tətbiq edilmişdir. Biz də cahan demokratiyası ilə təşriki-məsai etməklə yaşaya biləcəyimiz mühəqqəqdir. Hər yerdə el hakimiyyəti təmərküz etmədikcə mübarizeyi-həyat bütün dəhşətilə hökm sürəcəkdir”. Çıxışının sonunu o, belə bitirir: “Yaşasın Azərbaycan Cümhuriyyəti və el hakimiyyəti!”. Onun bu nitqini deputatlar “şiddətli alqışlar”la qarşılayır.
26 aprel 1920 iclası zamanı Parlamanda Şəki şəhərini daşqından qorumaq üçün Kiş çayı qarşısında daşdan bənd çəkilməsi üçün 40.460 manat vəsait buraxılması haqqında qanun layihəsi müzakirə edələrkən məruzəçi Abdulla bəy Əfəndizadə’dən sonra Aslan bəy Qardaşov və Ağa Eminov’la yanaşı Baba bəy Qəbulzadə də çıxış edir. Görünür, elə onların çıxışının nəticəsində qanun layihəsi yekdilliklə qəbul edilir.
(Ardı gələn şənbə sayımızda)
Ədalət TAHİRZADƏ
Tel.: +994506126813
E-mail:
[email protected]










Mənbə: Ədalət TAHİRZADƏ22.10.2011     Çap et  Çap et