525-ci qəzet

Milli Dirçəliş Hərəkatı Partiyasında müstəqilliyin 20 ili qeyd edilib



Oktyabrın 15-də “Elçibəy məktəbi” layihəsi çərçivəsində istiqlalçı deputat, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyevlə görüş keçirilib. F.Quliyev istiqlalın bərpa olunmasında aparılan mücadilə və 20 illik müstəqillik dövründə əldə olunan nailiyyətlər, mövcud problemlər ətrafında fikirlərini tədbir iştirakçıları ilə bölüşüb. O, 20 il əvvəl baş verənlər barədə danışaraq bildirib ki, 1991-ci ildə Sovet imperiyasının saxlanılması üçün referendum keçirilməsi haqqında Ali Sovetdə məsələ qaldırılıb: “O zaman 47 deputat iştirak etməyəcəyini, 300-ə qədər deputat biz “SSRİ-ni istəyirik” fikrini səsləndirdi. Yalnız 43 deputat bunun qəti əleyhinə çıxaraq razı olmadı. Buna görə, biz 43 deputat hətta Milli Məclisdə aclıq aksiyası keçirərək öz etirazımızı bildirirdik. Lakin o zaman komendant işləyən Valeri Bünyadovun rəhbərliyi ilə bir qolumuzdan rus əsgəri, digərindən isə Azərbaycan milisi tutub bizi zorla Ali Sovetdən yaşadığımız yerə apardılar. Bütün bunlara baxmayaraq, xalq bizimlə idi və xalqın bizimlə olması nəticəsini verdi”.Rus ordusunun Azərbaycandan çıxarılması məsələsinə toxunan millət vəkili bunun bağlı bir sıra işlər görüldüyünü diqqətə çatdırıb. Onun sözlərinə görə, həmin dövrdə qanuni silahlı dəstələr yaratmaq mümkün deyildi: “Buna görə də rəhbərliyim altında qanunsuz silahlı dəstələr yaradıldı. Bizim başqa çıxış yolumuz yox idi. Çünki SSRİ ordusu öz nüfuzunu itirmiş və öz xalqına qarşı çevrilmişdi. Biz ya təslim olmalı, ya da bu cür silahlı qüvvələrlə mübarizə aparmalı idik”. F.Quliyev həmin dövrdə müstəqillik məsələsi qalxanda Şimalı və Cənubi Azərbaycan haqqında təklif irəli sürdüyünü deyib: “Yəni, ad olaraq ölkəmizi Quzey və ya Şimali Azərbaycan olaraq adlandırmaq. Ancaq təklifim qəbul olunmadı. Əgər bu təklif qəbul olunsaydı, gənc bir dövlətin beynəlxalq aləmdə Şimali Azərbaycan adından çıxış etməsi dünya dövlətlərində belə bir maraq oyadardı ki, bu dövlətin cənubu haradır? Düşünürəm ki, əgər bu təklif qəbul olunsaydı, “Böyük qayıdış” adı altında bumeranq bir siyasət yeridərək topu rəqibin ərazisinə atmalı olacaqdıq”.Millət vəkili istiqlalçı deputatlara diqqət göstərilmədiyini və efir məkanında söz verilmədiyini vurğulayıb. Onun fikrincə, bu məsələyə aidiyyəti olmayanlar daha çox danışır: “Dünyanın hər yerində siqnator deputatlara fərqli baxırlar. Moldovada siqnator deputatlara milli qəhrəman adı veriblər. Və başqa ölkələrdə belə deputatlar parlamentdə səs vermə hüququna sahib olmasa da, müzakirələrdə iştirak edir”.
BƏXTİYAR




18.10.2011     Çap et  Çap et