525-ci qəzet

Oralarda kimlər var:YAZAR AİLƏLƏR



Şair-publisist Dəyanət Osmanlı, şair Səhər xanım –1

Bu işin müxtəlif tərəfləri var.Bir ailədə eyni sənət və eyni iş adamlarının öz aralarında dil tapması və sakit günlər yaşaması məncə bir o qədər də asan iş deyil.Çünki ayrı-ayrı sənət sahibləri olanda yanlışlar o saat aradan götürülə bilir.Vay o gündən ki, bizim bu günlərin yazar ailələri kimi olasan və işlərin də yağ kimi gedə.Ən azından mənəvi təsəlli tapmasanız da, maddi durum heç zaman yetər dərəcədə ola bilməyib məncə. Bunu mən apaydın bilirəm.Amma bir-birini başa düşmək baxımından bunun həm də zor tərəfləri də var.Xatırlayıram : dünyaca məşhur yazarlardan birindən soruşublar ki,sizin üçün ən acı,ən ağır olan nədir? Deyib: ən çox ona yanıram ki, mənim bu uzun ömrüm boyu nə işlə məşğul olduğumu anam bilmədi.Soruşublar niyə? Deyib : çünki mən ingilis dilində yazdım anam isə ingilis dilində heç bilmədi.Şükürlər Allaha ki, mənim bu proyektimin sahibləri nə işlə məşğuldular özləri də bilirlər.Və düşünürəm ki, bu yazar ailələr həm də mehriban ailələrdir.Amma bunların da ən qorxulu tərəfi, birinin yazısını o birisi bəyənməməsi və inkarlığıdır.Ailədə üç uşaq var.
D.OSMANLI: –Üç çocuqla biz kiçik bir cəmiyyətik. Qızların bir-birindən beş il yaş fərqi olsa da, aralarında sərbəst münasibət və müstəqil düşüncəni ortaya qoya bilmək üçün maneə yoxdur. Osman isə hələ balacadır (hər birinin arasında beş il yaş fərqi var), amma bizim ailə mühiti elədir ki, artıq onun da gələcək davranış və düşüncəsi ona uyğun şəkildə formalaşır. Onların tərbiyəsi ilə daha çox anaları məşğul olduğundan mən əminliklə deyə bilərəm ki, onlar milli kimlik, ailə, qohum, dost və cəmiyyət kriteriyalarını dəqiq (və həvəslə) mənimsəyə bilirlər. Bunlar ailənin alt yapısının əsasını təşkil edən doğal dəyərlərdir.
Sual : Yuxarıdakı mənim təxminim olan “Belə mehriban ailələrdən biri” ifadəsinə münasibətiniz?
D.OSMANLI: –Ailədə mehribançılıq ifadəsi, zənnimcə, daha çox nisbi xarakter daşıyır. Bir yandan da, ümumilikdə götürdükdə, bir az səmimiyyət olan ailələr üçün bir sıra qanqaraldıcı və yeknəsək problemlərin təsiri o qədər ötəridir ki, ona diqqət ayırmağa dəyməz. Mehribançılıq bir-birinə davamlı sayğıdan irəli gəlir, yaxud da bu, elə sayğının özüdür. İnsan onsuz da hər şeyin fani olduğunu bilir, amma yenə də hər zaman bu faniliyi unuda-unuda yaşamaq cəhdində bulunur. Bax onda yaşam prosesində təzahür edən məcbur sayğı və saxta səmimiyyət mehribançılıq adlana bilməz.
SƏHƏR: –Düşünmürəm ki, məhz boşanmadığı üçün cütlüyə mehriban demək olar. Mehriban ailə modeli konkret necə olmalıdı, mehribançılığın “dozası “ nə qədər nəzərdə tutulur, bunlar haqda da dəqiq fikrim yoxdu. Bayırdan xoşbəxt görünən o qədər bərbad ailələr tanıyıram ki. Mən həyat yoldaşını dava-dalaşla toy-nişana sürüyüb ətrafa mehriban ailə pozası verən qadınları anlamıram. Bəlkə ona istəmədiyi məclisdənsə göl qırağına balığa getmək daha xoşdu. Həyat onsuz da ağırdı, onu bir az da ağırlaşdırmaq nəyə lazım. Bu məsələlərdə Dəyanət məndən də açıq fikirlidi və biz zahirən necə göründüyümüzü nəzərə almadan daha çox bir-birimizin rahatlığının və azadlığının qeydinə qalırıq. Ona görə də mən belə demokratik ailələrdən biri-deyərdim.
Sual: – İlk dəfə harada və nə vaxt tanış olmusuz?
D.OSMANLI: – Yazıçılar Birliyində gənc yazıçıların daimi tədbirlərini keçirirdik. Onda mən 31 yaşımı keçmişdim. Bizim ədəbi nəslin ədəbiyyatda ən populyar, yeni baxışla, yeni nəfəslə mütəmadi göründüyü vaxtlar idi. Səhəri əvvəllər qiyabi olaraq tanıyırdım, bilirdim ki, istedadlı və ciddi qızdır. “Qar çiçəyi” ədəbi birliyinin üzvü idi. Günlərin birində bizim tədbirə gəlmişdi, o zamanlar tanış olduq. Sonralar münasibət qura bildik. Biz elə bir vaxtda tanış olmuşduq ki, az zaman keçəndən sonra hər ikimizin bu evliliyə hazır olduğumuzu və bir birimizi qəbul etdiyimizi anladıq. Və artıq 14 il keçib, bəzən elə bilirəm ki, uşaqlıqdan biz bir yerdə olmuşuq.
SƏHƏR: – Doxsan yeddinci ilin aprelində, Yazarlar Birliyinin “Natəvan” klubunda tanış olmuşuq. O vaxt Dəyanətin “Avanqard” ədəbi birliyi vardi, şair dostlar məni o toplantılara dəvət edirdi tez-tez. Tələbəliyimin son yazında, nəsə indi səbəbini xatırlamadığım qüssəli, həvəssiz bir gündə məni axır ki, ora apardılar. “Natəvan” klubunun önündəki dəhlizdə bizi bir-birimizə təqdim elədilər. Mən həmin tədbirdə heç yarım saat oturmadım, o vaxtkı ipə-sapa yatmayan halımla kürsüdə çıxış edən Dəyanətin təəccüblü baxışları altında zaldan çıxdım, tezliklə də hər şeyi unutdum, bu görüşün bir tarix yazacağını ağlıma gətirmədən. Amma o gündən başlayaraq iyirmi dörd il həyatımda olmayan bu adamla elə tez-tez rastlaşmağa başladım ki. Bir dəfə rəfiqəmə verdiyim sual yadıma düşür;” bu Dəyanət Osmanlı nə tez-tez qarşımıza çıxır?” İndi mən bu sualın cavabının tale adlı bir ssenari olduğuna inanıram.Çünki o il mən özəl universitetlərin birinə dəvət almışdım, sentyabrda işə başlamalıydım, yayı isə rayona getməyi planlaşdırmışdım. Rəfiqəm məndən onu tək qoyub getməməyi xahiş edincə müvəqqəti nəşriyyatda çalışmağa başladım. Dəyanət də onda “Azərbaycan” qəzetində işləyirdi, bizim otağa da tez-tez gəlirdi.Çox keçmədən heç gözləmədiyim halda mənə evlənmək təklif elədi, mən də onun bu cəsarətini və dürüstlüyünü qiymətləndirdim.
Sual: – Ailə quranda sizə mane olan vardımı?
D.OSMANLI: –Bayaq dediyim kimi, ailələrimizdən də bizə keçən tərbiyə və formalaşma münasibətləri, yaşam reallığını, düşüncəni anlamaq və ona sayğı göstərmək mədəniyyəti elədir ki, burada maneədən söhbət gedə bilməz. Ailələrdən kənarda isə ola bilsin, kimsə, nəyə görəsə bunu istəməyib. Onda da, indi də bunun mənim üçün elə bir əhəmiyyəti yoxdur. Heç bu barədə düşünməmişəm də.
SƏHƏR: –Yox, xoşbəxtlikdənmi, yoxsa bədbəxtlikdənmi heç kim mane olmadı. Zarafat bir yana, ikimiz də kifayət qədər müstəqildik, mən ali məktəbi bitirirdim, Dəyanət işləyirdi, hər ikimizin valideynləri qarşı tərəfi tanımamasına rəğmən qərarımıza sayğıyla yanaşdı. Mane olmaq istəyən, ağız büzən, bizi bir-birinə yaraşdırmayanlar bəlkə də vardı. Necə deyərlər, “ağıllı fikirləşincə dəli atlanıb çayı keçdi “. Beləcə hər şey təəccüblü şəkildə sürətlə və qaydasında getdi; yazın əvvəlində tanış olduq, yayın əvvəlində nişanlandıq, payızın əvvəlində də toyumuz oldu.
Sual: – Hər halda siz həyat yoldaşınızla evlənəndə, bilirdiniz ki, o da yazar dünyasının insanıdır və açığını deyək ki, bu jurnalist qadınlara baxış bir az ayrı cürdü? Ortama baxıb bu sualı verirəm. Məntiqsiz çıxsa üzr istəyirəm. Mənə elə gəlir ki, məni başa düşərsiz.
D.OSMANLI: –Söhbətimizdən də məlum olur. İnsanların bir-birini ümumi cəhətdən tanıyıb qəbul etməsi üçün həmişə bir məqam yaranır, sadəcə o məqamı görüb dəyərləndirmək lazımdır. Səhər sizin də bildiyiniz kimi, yazar mühitində həm yaradıcılıq, həm ədəbiyyata, dilə baxış, həm də intellekti və mədəniyyəti ilə seçilən bir insandır.Mən bədii yaradıcılıqdan əlavə, bilirsiniz ixtisasca jurnalistəm, uzun müddət də mətbuat orqanlarında işləmişəm, indi də Atatürk Mərkəzində baş redaktor kimi fəaliyyət göstərirəm. Həqiqi jurnalistikaya və vicdanlı jurnalist xarakterinə yaxşı bələdəm. Məncə, siz “jurnalist qadınlar” ifadəsini işlədərkən söhbətin həqiqi jurnalistikadan getmədiyini bilirsiniz. Əlbəttə, təhsil və mühit görmüş bir çox jurnalist qadınlar haqqında bunu demək münasib deyil. Fikrimi bir qədər də açım, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil aldığıma görə, tam əminliklə deyə bilərəm ki, oradakı mühit həmişə səmimiyyəti, demokratikliyi və obyektivliyi ilə seçilib. Və bu gün jurnalist yarlığı alıb bütün meyarları tapdalayanlar bu peşənin dəyərli sahiblərinin özləri üçün də bir problemdir.
Sual: İlk uşağınız olanaqədərki dövrlə, uşaq doğulandan sonrakı vaxt nə ilə fərqlənir?
D.OSMANLI: – İlk çocuğa qədər, ancaq böyük kimi davranmağa həm məcbur, həm də meyillisən – həm ailədə, həm də başqalarına münasibətdə. Amma sonra bir az da çocuq olmağa ( bəzən də onun kimi düşünməyə) öyrəşirsən. Bu elə bir doğal bir prosesdir ki, necə getdiyini duymağa macal tapmırsan. Və bununla da sanki sənin özünün çocuqluq hisslərin, davranışların qayıdır. Onları yenidən yaşamağa başlayırsan... Bir də görürsən, bütün oyuncaqlarını gətirib yığırlar yan-yörəmə ki, gəl indi oynayaq. Oyun prosesində mən hər oyuncaqdan maraqlı, həm də hər dəfə yeni əhvalatlar uydurmalıyam (məhz uydurmalıyam!). Çünki onlar bu əhvalatları təkrar eşitməyi sevmirlər.
SƏHƏR: –İlk övladımızı doğum evindən çıxaranda Dəyanət gülə-gülə “Artıq üç nəfərik”-dedi. O an qarışıq bir hiss keçirdim, həm sevincə, həm də məhkumluğa, məsuliyyətə oxşar bir hiss . Uşaqlar ilk növbədə adamın ən qiymətli sərvətini – azadlığını əlindən alırlar, elə bil onun yerini tutub özləri ən qiymətli varlığa çevrilirlər, ikisi də bir yerdə mümkün deyilmiş kimi. Onların bizə gətirdiklərimi, bizdən qopardıqlarımı çoxdu, bu haqda Tolstoyun təxminən belə bir fikri var; “Kim deyir ki, uşaqlar insana daha çox sevinc bəxş edir? Bəs onların xəstələnəcəyi, ölə biləcəyi fikrinin gətirdiyi acı necə olsun?” Xəstələnməyi bir kənara qoyaq, bəzən elə normal şeyləri dərd edirəm ki, niyə Aytər qapalı və utancaq uşaqdı, niyə tarix və coğrafiyanı fizika və həndəsə qədər sevmir, Dunay niyə həddindən artıq komplekssizdi, niyə xoşlamadığı şeiri əzbərləmək istəmir, Osman niyə ördək balası kimi yan basa-basa yeriyir? Sonra da bunları sevinc səhnələri əvəz edir; on üç yaşlı Aytər musiqi məktəbində pianino çalarkən müəllimlərin bir-bir dəhlizə çıxıb onu məmnunluqla dinləməsi, onun kompüteri, texnikanı məndən daha yaxşı qavraması, ev işlərində yardımçıma çevrilməsi, səkkiz yaşlı Dunayın ingiliscə hansısa sözü mənə anlatması, yaş yarımlıq Osmanın bacılarını “abla” deyə çağırması. Yəni bu alış-veriş, sevinc-kədər, valideyn-övlad münasibətləri ağılla tam dərk edilməyəcək qədər mürəkkəb məsələlərdi, onu hiss etmək lazımdı.
Sual: – Çox vaxt ikiniz də evdə olmursuz. Belə vaxtlarda uşağınıza kim baxır və ya baxardı, vaxtı necə bölürsüz?
D.OSMANLI: –Osmanın dayəsi olsa da, vaxtını bizimlə keçirmək daha xoşdur. Məni görən kimi də “aha, bir hərif tapdım” –deyə, düşünürmüş kimi üstümə cumur. Elə deyəsən, bir az məndə də var – özümü ən münasib, üzüyola hərif olaraq tanıda bilmişəm... Qızlar özlərini tam idarə edə bilirlər. Mən hər zaman çalışıram ki, işlərimi bitirib evə tez gəlim, onlarla daha artıq vaxt keçirim. Və buna hər birimizin ehtiyacı olduğunu bilirəm. Amma kişi evdə çox qalanda da bir az mənasızlaşır, fikrinin də tərəfdarıyam. Onları hər gün məktəbə, bəzən birini sınaq imtahanına, pianino dərslərinə, o birini rəqsə, balacanı poliklinikaya, gəzməyə, yay aylarında çimərliyə aparıb gətiririk. Vaxtımızın bir qismini ailəlikcə harasa getməklə keçiririk. Mənimsə maşın sürməyə elə də böyük həvəsim yoxdur. Anaları maşın sürməyi öyrənmək istəmir, deyir ki, bu da bir məsuliyyətdi. Böyük qızım Aytər tələsir ki, maşın sürməyi ona tez öyrədim. Bu barədə söz düşəndə məhz elə “bu gün” bu işə başlamaq üçün məni tovladır. Dunay da ona qoşulanda ana vəziyyəti ciddiləşdirərək hələ yaşının çatmadığını irad tutaraq fikrindən daşındırmağa səy göstərir . Hərdən zarafatla deyirəm ki, siz böyüyəndə, ancaq balıqçılıqla məşğul olacam.
SƏHƏR: –Osman baxıcısıyla evdə qalır, biz dördümüz də evdən çıxırıq. Qızlar mən işlədiyim məktəbdə oxuduğundan dərsdə də onlara tez-tez baş çəkmək, həm də müəllimlərini yaxşı tanımaq imkanım olur. Beşinci sinfə keçəndə böyük qızımın Azərbaycan dili və ədəbiyyat müəllimi özüm idim, sonra fikirləşdim ki, bəlkə belə yaxşı deyil, uşaq heç olmasa, məktəbdə sərbəst olsun. İndi onların binasından bir az aralıda, on, on birinci siniflərin oxuduğu binada işləyirəm, çalışıram gözlərinə az görünüm. Daha çox müəllimləriylə, sinif yoldaşlarıyla əlaqə saxlayıram, hər gün özlərini necə aparmasından, başlarına nələr gəldiyindən xəbər tuturam. Axşam evə gələndə bütün bunları danışırlar, mən də xəbərim yoxmuş kimi dinləyirəm. Özümü hər şeyi bilən, dominant ana kimi aparmaq istəmirəm. Mən daha çox uşaqların mənəvi cəhətdən təmin olunmasının tərəfdarıyam. İstəyirəm onların dünyagörüşünün formalaşmasında mümkün qədər çox rol oynayım, böyütdüyümüz övladlar tox, laqeyd, həyatdan nə istədiyini bilməyən adamlar olmasın. Əlbəttə, asan deyil, üç uşaq, xasiyyətləri müxtəlif, aralarında yaş fərqi çox, maraq dairələri fərqli. Ortancıl kukla teatrına getmək istəyir, böyüyü bu artıq maraqlandırmır, kiçiyin ümumiyyətlə dünya vecinə deyil. Üçünü də ayrı-ayrılıqda anlamağa çalışıram , bütün bu məsələlərlə bağlı, necə deyərlər, “tədbirlər planı” hazırlamaq mənim işimdi, bunları həyata keçirmək isə – sürücülükdən tutmuş, sponsorluğa qədər atalarının boynuna düşür.
lll
Not-1.Yanlış olaraq keçən şənbə günü qonaqlarımızla olan söhbətin ikinci hissəsi yayınlanmışdır.Buna görə oxuculardan və həmkarlardan üzr istəyirik.
Not-2.Dəyanət Osmanlı və Səhər xanımla bu əlaqəni yaratmaq üçün yardımçı olan şair və türkoloq Əkbər Qoşalıya minnətdarlığımı bildirirəm.

Tofiq ABDİN,
[email protected]
tofigabdin.com






Mənbə: Tofiq ABDİN20.08.2011     Çap et  Çap et