525-ci qəzet

“İşıq”ın davamçıları, yaxud Azərbaycanda qadın mətbuatı



Azərbaycanda qadın mətbuatının yaranması XX əsrin əvvəllərinə təsadüf edir. O zaman mövcud durum, qadın problemləri, onların maarifləndirilməsi, qadın azadlığı kimi məsələlər qadın mətbuatının yaranması zərurətini doğurmuşdu.
Düz yüz il əvvəl müsəlman aləmində tanınmış milyonçu, xeyriyyəçi, qızlar gimnaziyasının yaradıcısı Hacı Zeynalabdin Tağıyev “İşıq” adlı ilk qadın qəzetini təsis etdi. Onun ilk nömrəsi 1911-ci il yanvarın 22-də çapdan çıxdı. Qəzetin 1911-ci ilin yanvarından 1912-ci ilin dekabrına qədər 64 (bəzi mənbələrə görə 68) sayı işıq üzü görüb.
Məcmuənin redaktoru Azərbaycanın ziyalı qadınlarından biri, təhsilinə görə həkim olan, ictimai, mədəni həyatda fəal iştirak edən, qadın xeyriyyə cəmiyyətlərinin yaradılmasının təşəbbüskarlarından biri Xədicə Əlibəyova idi. Qəzetin naşiri isə onun həyat yoldaşı Mustafa Əlibəyov oldu. Hüquqşünas, vəkil, jurnalist, yazıçı M.Əlibəyov insan hüquqlarının, xüsusilə qadın hüquqlarının müdafiəçisi kimi də tanınırdı.
“Azərbaycan dövri mətbuatı” biblioqrafiyasında qeyd edilib ki, “İşıq” həftədə bir dəfə, şənbə günü nəşr olunan elmi-pedaqoji, ədəbi, təbabət və evdarlığa dair qadın məcmuəsidir. Burada uşaq tərbiyəsi, ədəbiyyat, təbabət və evdarlıqla yanaşı, hüquqa, mədəniyyətə, şəriət qaydalarına, dünya xəbərlərinə aid müxtəlif guşələr vardı. Qəzetdə bəzi yazılar rus dilinə də tərcümə olunurdu. “İşıq” cəmi iki il fəaliyyətdə olsa da o nəinki XX əsrin əvvəllərində Azərbaycan qadınlarının gözlərinə işıq, zəkalarına nur oldu, islam dünyasının qanunları ilə ömür sürən qadınların şüarlarını silkələdi, o həm də Azərbaycan mətbuatı tarixində qadın mətbuatının bünövrəsini, ənənəsini yaratdı, qadın problemlərinin mətbuatda həllinin zəmini oldu. Amma cəhalətpərəst adamların təzyiqlərinin qurbanı oldu. Həm bu, həm də maliyyə çətinliyi “İşıq”ın uzun müddət yaşamasına imkan vermədi.
“İşıq” qəzetinin tədqiqatçısı, tarix elmləri namizədi Amaliya Qasımovanın sözlərinə görə, “İşığ”ın ilk nömrəsi çapa gedəndə bu, cəmiyyətdə böyük səs-küy doğurmuşdu: “Onun xarakterik cəhəti fikir müxtəlifliyində idi. Qəzet Azərbaycan qadınını azadlığa səsləyirdi. Redaktoru Xədicə xanım Əlibəyova Azərbaycanda ilk qadın redaktor kimi tarixə düşüb. Mən təklif edərdim ki, “İşığ”ın ilk sayının çapdan çıxdığı gün – yanvarın 22-i Azərbaycanda qadın jurnalistikası ilə bağlı xüsusi gün olaraq qeyd edilsin. Eyni zamanda nəşrin fəaliyyət göstərdiyi binanın önündə xatirə lövhəsi vurulsun”.
“Elm və həyat” jurnalının redaktor müavini Ülkər Hüseynova isə hesab edir ki, “İşıq” qəzeti geniş imkanlara malik olmamasına, daimi işçi heyətinin məhdudluğuna baxmayaraq, Azərbaycan qadınının, bütövlükdə müsəlman qadın aləminin qarşısında duran problemlərin və onların həlli yollarının araşdırılmasında əvəzedilməz işlər görüb. Qəzet maarifçi ideyalarla gündəmə gəlmiş, qadınların taleyini düşünməyə, maarifə, bir növ, zülmdən işığa səsləməklə ziyalı qadınlarımızı səfərbər etmişdir.
“Nəşrin redaktoru Xədicə xanımın Həlimə xanım Axundova, Çayqıraqlı Həyat xanım, Tubu xanım Salatınzadə, Asya Axundova, Nabat Nərimanova kimi qadın müxbirlərin yetişməsində müstəsna pay sahibi olub”, – deyən Ü.Hüseynova qəzetin miras qoyduğu irsin dərindən öyrənilməsinə ehtiyacın duyulduğunu vurğulayıb.
Qeyd edək ki, “İşığ”ın qəzet, yoxsa jurnal olması barədə tədqiqatçılar arasında mübahisələr olub. Elmi nəşrlərdə və orta məktəb dərsliklərində “İşıq” qəzeti əvəzinə, “İşıq” jurnalı yazılıb. Amma A.Qasımovanın tədqiqatı məsələyə tam aydınlıq gətirib və onun qəzet olduğun sübuta yetirilib.
“Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay düşünür ki, “İşıq” qəzetində çalışan qadın jurnalistlər Azərbaycan mətbuatının, qadın jurnalistikasının siması sayıla bilər: “Xədicə xanımla yanaşı “İşıq” qəzetinin ərsəyə gəlməsində həyat yoldaşı Mustafa Əlibəyovun da rolu böyük olmuşdur. O zaman üçün bunu etmək çox çətin məsələ idi. Cəmiyyətdə qadın hüquqlarına birmənalı yanaşılmırdı. Bu mənada həyat yoldaşları ilə birgə belə bir işi həyata keçirdiyi üçün Mustafa Əlibəyovun da rolu xüsusi vurğulanmalıdır”
Qəzetin cəmiyyətdə milli vətənpərvərlik ruhunun aşılanmasındakı müstəsna rolu olub. Qəzet anaları öz övladlarını Qafqaz İslam Ordusuna yazdırmağa çağırırdı. Vətən, müstəqillik uğrunda mübarizəni təlqin edirdi ki, bu, son dərəcə vacib məqamdır.
1918-20-ci illərdə ADR hökuməti qadın hərəkatının geniş vüsət almasını nəzərə alaraq bu hərəkatı istiqamətləndirmək niyyətilə qadınlar üçün ayrı-ayrı səhifələr, sonra “Zəhmətkeş qadınların yolu” və “Qafqaziya zəhmətkeş qadınların yolu” adlı bir saylı qəzetlər nəşr etdi.
Daha sonra 1922-ci ildə “Zaqafqaziya zəhmətkeş qadını” adlı jurnal çap olundu. Tiflisdə çıxan bu jurnal Azərbaycan, gürcü və erməni qadınlarına onların hüquqları barədə anlayış verməyə cəhd edir, onları azadlığa çağırırdı. Amma bu, Azərbaycan qadınlarının öz mətbuatına olan tələbatını ödəmirdi. Eləcə də, o biri respublikaların qadınları öz ana dilində nəşr olunan mətbuat orqanına ehtiyac duyduqlarını bildirirdilər.
Beləliklə, 1923-cü ildə Azərbaycan Qadınlar Şurasının orqanı olan “Şərq qadını” jurnalı işıq üzü gördü. Onun ilk sayı həmin ilin noyabrında çap olundu.
Jurnalın ilk redaktoru Ayna Sultanova idi. 20-ci illərdə ərəb əlifbası ilə çap olunan “Şərq qadını” qadınlara azadlıq, bərabərlik ideyaları aşılayır, maarif və mədəniyyətdən yazırdı. Amma bütün bunların hamısı kommunizm ideologiyasının süzgəcindən keçirilib oxuculara təqdim olunurdu.
“Şərq qadını” tərəqqipərvər müəllimlərin və ictimai xadimlərin qüvvəsinə arxalanaraq qadın təhsilinin, məktəbəqədər tərbiyənin mühüm problemlərinin həllində görkəmli rol oynayırdı. Azərbaycanda qadınların, qızların təhsili, qız məktəblərinin, kursların təşkili, burada aparılan təlim-tərbiyə işi məsələlərinə jurnal səhifələrində müntəzəm yer verilirdi. Bu jurnal “İşıq”ın davamçısı oldu və üzərinə düşən missiyanı uzun illər boyu yerinə yetirdi.
Azərbaycanın qadın mətbuatını araşdıranların qənaətincə, “Şərq qadını”nın bir tarixi rolu da odur ki, o azad nəfəsli, xoş məramlı mətbuat orqanının ətrafında Azərbaycanın bütün savadlı, oxumuş, mübariz qadınları toplaşmışdılar. Jurnal qadın publisistlərin, şair və yazıçıların yetişməsi üçün bir məktəb rolunu oynayıb. Elmə, mədəniyyətə, incəsənətə, təbabətə marağı olan qadınların, qızların ilk məqalələri jurnalın səhifələrində dərc edilib. Azərbaycanın ilk yazıçı və jurnalist qadınları ilə bərabər görkəmli bədii söz ustalarının – C.Məmmədquluzadənin, S.S. Axundovun, A.Şaiqin, S.Hüseynin, Y.V.Çəmənzəminlinin, T.Şahbazinin, H.Cavidin, Qantəmirin, B.Talıblının, H.Nəzərlinin və başqa yazıçıların öz hüquqları uğrunda mübarizəyə qoşulan qadınlarımızın həyatlarına həsr etdikləri hekayə və şerləri tez-tez çap olunurdu.
30-cu illərdə jurnal qadınlar arasında sənayeləşmənin, kooperativləşmənin təbliğinin tribunasına çevrildi, onun səhifələrində kolxoz, sovxoz quruculuğu, əmək fəallığı məsələləri xüsusi yer aldı. Jurnalın redaktoru, tanınmış ictimai xadim, publisist Gülarə Köylüqızı həbs olunub sürgünə göndəriləndən sonra, 1938-ci ilin fevralından etibarən “Şərq qadını”nın adı da dəyişdirildi. Jurnal “Azərbaycan qadını” adı ilə nəşr olunmağa başladı. O artıq Azərbaycan KP Mərkəzi Komitəsinin ictimai-siyasi və ədəbi-bədii aylıq jurnalı idi.
1937-40-cı illərdə jurnal bir neçə redaktor dəyişdi, onun müəllifləri, müxbirləri repressiya qurbanı oldu. Beləliklə, jurnalın tarixində böhranlı günlər başladı.
1941-ci ildə bir çox mətbuat orqanları kimi “Azərbaycan qadını” da fəaliyyətini dondurdu və bir də 10 il sonra, 1951-ci ilin martında açıldı. 50-ci illərdə jurnal qadınların elm, mədəniyyət, təsərrüfat, ictimai-sosial sahələrdə qazandıqları uğurlardan yazır, onların məişət və həyat şəraitinin yaxşılaşdırılması mövzularına daha çox yer verirdi.
“Azərbaycan qadını” jurnalını Azərbaycan xalqının keşməkeşli taleyinin, onun həyatındakı uğurlu və çətin günlərin salnaməsi adlandırmaq olar.
60-cı illərdə onun səhifələrində partiya həyatı, pambıqçıların, zəhmətkeş qadınların hünərindən bəhs edən oçerklər, xalqlar dostluğu məsələləri xüsusi yer tutur, hüquqşünas məsləhəti, gənclərin yaradıcılığı öz əksini tapırdı.
1965-72-ci illərdə “Azərbaycan qadını”nın redaktoru Şəfiqə Ağayeva, 1972-96-cı illərdə isə Xalidə Hasilova olub. Bu illərdə jurnalın ideya-bədii səviyyəsinin yüksəlməsi qeyd olunur.
O dövrdə jurnalda “Gözəllik aləmində”, “Mədəniyyət tariximizdən”, “Açılmamış səhifələr”, “Teatr”, “İncəsənət”, “Poeziya yarpaqları”, “El sənətkarları” və s. yeni rubrikalarda Azərbaycanın tanınmış elm və mədəniyyət xadimləri, yazıçıları çıxış ediblər.
80-ci illərdə jurnalın tirajı 30 mindən 320 minə qədər artıb.
1951-91-ci illərdə “Azərbaycan qadını” müntəzəm olaraq ayda bir dəfə nəşr olunub.
90-cı illəri Azərbaycan mətbuatında yeni mərhələ hesab etmək olar. Bu illərdə Azərbaycanda yeni nəşrlər gündəmə gəlməyə başlasa da, iqtisadi çətinliklər də özünü göstərməkdə idi.
Əsrin böyük bir hissəsi boyu Azərbaycanda yeganə qadın mətbu orqanı olan “Azərbaycan qadını” jurnalı da o dövrdə çətin günlərini yaşayırdı. 1992-ci ildə jurnalın tirajının 5 minə düşməsinə və iki ayda bir dəfə çıxmasına səbəb oldu. Bu tendensiya 1993-cü ildə də davam etdi. 1994-cü ildə jurnalın cəmi 4, 1995-96-cı illərdə isə ikicə nömrəsi işıq üzü gördü.
P.SULTANOVA






05.08.2011     Çap et  Çap et