525-ci qəzet

Xəyanətdən müharibəyə gedən yol



Şovinistlər başqa millətlərin, xüsusən qonşu xalqların timsalında düşmən obrazı yaratmadan keçinə bilmirlər. Onlar bu “düşmənə” hər an xətər toxundurmağa, ziyan vurmağa çalışırlar. Lakin bu münasibətin mahiyyətinə nüfuz etdikdə görürük ki, xətər, bəla birinci növbədə şovinistlərin mənsub olduğu xalqa dəyir. Alman şovinizminin bu xalqı hansı fəlakətlərə sürüklədiyi əyani bir sübutdur. Qatı millətçilər əks qütbdə hesab etdikləri milləti izqoy vəziyyətinə salmağa çalışsalar da, əslində özünə böyük bədbəxtlik uçurumu yaratmış olur. “Miatsum” şüarı vasitəsilə və mistik xoşbəxtliyə çatdırılacağı vədi ilə Qarabağ ermənilərini aldadanlar, onların bir hissəsini zombilərə çevirənlər hər iki tərəfdən olan yüz minlərlə adamı fəlakətli günlər yaşamağa məcbur etdilər. Yer üzərində cənnətlə üzləşəcəklərini güman edənlər səfalətli həyatın bütün nümunələri ilə tanış olmaq imkanı qazandılar, Dante cəhənnəminin doqquz dövrəsindən keçdilər. Eldorado xəyalı ilə yaşayanlar ehtiyacın, yoxsulluğun, evsiz-eşiksizliyin eybəcər sifətləri ilə üzləşməli oldular.
Qatı millətçiliyin ən sınanmış silahı ekstremizmdir, terrordur. O ekstremizmin palitrasında olan bütün mənfur rənglərdən istifadə edir, öz cəbbəxanasına yeni-yeni fitnəkarlıq silahları əlavə edir, hədəf seçdiyinə qarşı yönəldilən hər cür vəhşiliyi az qala qəhrəmanlıq nümunəsi, rəşadət rəmzi kimi qələmə verir. Ona görə də az müddət keçdikdən sonra mitinqlər özünün ideya mübarizəsi xarakterini dayandırdı, iyrənc məqsədlərinə çatmağa mane olan maddi qüvvəyə qarşı həmlə, hücum çağırışlarına əl atdı. Əlbəttə, mitinqdə qan tökmək barədə çıxışlar eşidilmirdi. Lakin bu ictimai iğtişaş öz inkişafını, yalnız daha kəskin və tutarlı saydığı metodlara keçməkdə görürdü.
Vilayətin ərazisində yaşayan azərbaycanlılara qarşı hər cür zorakılıq hərəkətlərinə rəvac verilirdi. Stepanakertdə yaşayan azərbaycanlıların evləri yandırılır, onlar güc və hədə tətbiq edilməklə təhqiramiz şəkildə öz yaşayış məskənlərindən qovulurdular. Bu məcburi köçkünlər üçün sığınacaq yaratmaq məqsədilə Xocalıda və Malbəyində 52 taxtadan tikilən ev istifadəyə verildi. Vilayət rəhbərliyi öz doğma ocaqlarından ailələrin qovulmasına göz yumduğu azmış kimi, həmin tikintiyə də mane olmaq üçün Moskvanın səlahiyyətlərinə müraciət edirdi. Sovet hərbçiləri erməni millətçilərinin göstərişlərinə itaət qaydasında tikintiyə yük daşıyan nəqliyyatın hərəkətinə maneələr törədirdilər.
Qarabağ ekstremistlərinin vəhşiliyi Ermənistanda böyük əks-səda yaratdı. Respublikada yaşayan bütün azərbaycanlı əhalinin zorla qovulub Azərbaycana sürgün edilməsinə başlandı. Qaçqınlar dəstəsinin gəlişi fasilə vermirdi. Qış aylarında əhalinin bir hissəsi heç bir minik vasitəsi olmadan qarlı dağlardan keçməyə məcbur olurdu. Belə kütləvi qovulma siyasəti Azərbaycanda da müəyyən reaksiya yaratmamış qalmadı, ermənilər də öz evlərini tərk edib SSRİ-nin müxtəlif regionlarına səpələndilər, onların az hissəsi Ermənistanda özünə sığınacaq tapdı. Millətçilərin onlara vəd etdikləri “qızıl dağlar” bir andaca öz saxtalığını, ağ yalan olmasını büruzə verdi.
Zorakılıq spiralı istənilən vaxt açıq müharibəyə gətirib çıxara bilərdi və ekstremistlər casus belli yaratmaq üçün dəridən-qabıqdan çıxırdılar. Əvvəllər epizodik xarakter daşıyan toqquşmalar artaraq onların çox arzu etdikləri müharibənin başlanmasını mümkün etdi. Savaşa ermənilər ciddi hazırlıq da görmüşdülər. Ermənistan Qarabağ separatçılarını silahlandırmaq üçün hər cür vasitələrdən istifadə edirdi. Oradan göndərilmiş beton məmulatları vaqonunda çox sayda “qrad” raketləri aşkar edilmişdi. Stepanakertdə zavodda və emalatxanalarda gizli qaydada sadə silah, sursat istehsal edilirdi. Azərbaycanda isə Moskvanın təkidi ilə hətta ov silahları da sahiblərindən alınıb istifadədən yığışdırılmışdı. Çexovun dediyi kimi, birinci səhnədə divardan asılan silah dördüncü səhnədə hökmən atəş açmalıdır. Artıq ekstremistlərin silahlı dəstələri mövcud idi, onlar əhalini vahimədə saxlamağa çalışırdı. Belə dəstələr Şaumyan (kənd) rayonunda xüsusi fəallıq göstərirdi, digər yerlərdə də dinc əhaliyə qarşı basqınlar baş verirdi. Bu silahlı həmlələrdən mülki əhali böyük ziyan çəkirdi, onların əmlakı qəsb edilirdi. Bununla əlaqədar olaraq “Nyurnberq prosesi” filmindəki “cinayətin ölümsaçan alətini göndərən hər adam günahkardır” sözlərinə əsaslanaraq demək lazımdır ki, Qarabağ ekstremistləri ilə birgə onların Ermənistandan olan silahdaşları da birbaşa məsuliyyət daşıyırdılar. Heç kəsin fəaliyyətini nəyisə nəzərə alaraq ört-basdır etmək, unutmaq olmaz, ideya mübarizəsini terrora, ekstremizm tufanına çevirənlər ən azı tarix qarşısında cavabdehliklərini dərk etməlidirlər. Dünyada mütləq müqəddəslər olmadığı kimi, mütləq əclaflar da yoxdur. Ancaq qan axıtmaq, dinc insanları qətlə yetirmək – hansı bir ideya naminə həyata keçirilirsə keçirilsin, ən ağır cinayətdir, insanlığa qarşı olan cinayətdir.
Qatı erməni millətçiləri özlərini manixeizm təliminin ardıcılları kimi apararaq dünyanı iki qütbə, xeyirə və şərə, özününkülərə və özgələrə bölürlər. Qədim İran filosofunun doktrinasına inanc gətirənlər üçün düşmənsiz olan həyat artıq yaşamaq üçün mümkün olmayana çevrilir. Müasir erməni “manixeistlərinin”, dostluqdan savayı onlara başqa bir münasibət göstərməyən, öz ölkəsinin ağuşunu mehribanlıqla açan bir xalqa qarşı belə nankorluqla yanaşmaları faktına təəccüb qalmaya bilmirsən. Çox pis haldır ki, bəzən xalqın xeyli hissəsi belə xəstəliyə sirayətlənmiş olur. Əgər ekstremistlər üçün müharibə sənətə, peşəyə çevrilirsə, bu daha qorxuludur. Klinik vətənpərvərlər müalicə olunmaq əvəzinə məxsus olduqları xalqa öz dəhşətli xəstəliklərindən pay verməyə çalışırlar. Separatizm küləyi bir çoxlarının şüurunu qarışdırmaqla, onları qonşuluqda yaşadığı xalqla düşmənçilik yoluna, müharibə cığırına salır. Onlar bircə şeylə öyünə bilərlər ki, apardıqları müharibə xalqımıza ağır yaralar vurmuş və bu xoralar indiyədək sağalmamış qalmışdır. Bu sevinc ibtidai insanın öldürülmüş qurbanın dövrəsindəki ritual rəqslərini yada salmaya bilmir.
Müharibə, bədbəxtlikdən Azərbaycanı sarsıntılar dövründə haqladı. Müstəqillik qazanmış ölkənin mərkəzləşmiş ordusu yox idi, yaradılan müdafiə batalyonları muxtar qaydada vuruşmağa üstünlük verdiyindən qazanılan uğur da az sonra yoxa çıxırdı. İntizam zəif idi, əməliyyatlar koordinasiya edilmədiyindən pərakəndə xarakter daşıyırdı. Bəzən adi döyüş qaydalarına əməl edilməməsi ağır itkilərlə nəticələnirdi. Birinci Dünya müharibəsində belə bir zərb-məsəl yaranmışdı ki, “tər qanı xilas edir”. Tər axıtmaqla qazanılan səngərlər piyadaların həyatını düşmən gülləsindən çox vaxt hifz edirdi. Təəssüf ki, döyüşən qruplarda bəzən səngər qazılması artıq bir iş hesab olunurdu. Məğlubiyyətə baxmayaraq, sıravi döyüşçülərimizin igidliklə, fədakarlıqla vuruşması üzərinə heç kəs kölgə sala bilməz. Komandanlığın isə taktiki ustalığı aşağı idi, düşmənin imkanları lazımınca qiymətləndirilmədiyindən bu ağır nəticələrə gətirib çıxarırdı. Belə bir şəraitdə erməni quldurları daha da həyasızlaşırdı. 1992-ci ilin fevralında ermənilər Rusiyanın motorlu atıcı alayının köməkliyi ilə gecə Xocalı şəhərinə hücum edib qocaları, uşaqları, qadınları, dinc əhalini qırğına məruz qoydu. Yüzlərlə günahsız insan həyatını itirdi və əsir götürüldü. Bu vaxt respublika prezidenti olan Ayaz Mütəllibov qırğının miqyasını ört-basdır etdirmək yolunu tutdu və Xocalı dəhşəti bütün təfərrüatı ilə məlum olduqda o, öz postu ilə vidalaşmaq məcburiyyətində qaldı. Dəhşətli genosidin təfsilatı aşkarlandıqda, insanların gəzəbi hədd tanımırdı. Mütəllibovun, istefasından iki ay sonra isə çox şey bəxş edən əvvəlki vəzifəsini yenidən bərpa etməyə həsr olunmuş misteriyası da uğursuzluqla nəticələndi. Bu dəfə o, öz əvvəlki sələfi kimi Moskvada sığınacaq axtarmaq labüdlüyü ilə üzləşdi. Vasitələr məqsədin və şəxsiyyətin həqiqi dəyərini açıq göstərməyə qadirdir. .
Xocalı isə dəhşətli taleyinə görə faşistlərin məhv etdiyi Gernika, Koventri, Oradur kimi şəhərlərin faciəvi siyahısına daxil oldu.
Hakimiyyətin “interim” dövrü bədbəxtliklərin davamı ilə varislik hüququ qazandı. 1992-ci ilin mayında təbiətin özünün istehkamlandırdığı Şuşa şəhəri işğal edildi. Xalq Cəbhəsinin bir il davam edən hakimiyyətinin ilk günlərində Laçın rayonu, idarəçiliyinin sonuna yaxın isə Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. 1993-cü ilin iyul-oktyabr aylarında isə əlavə beş rayon bu müdhiş taleyi yaşamalı oldu. Bu müharibə ümumilikdə Azərbaycan ərazisinin 20 faizinin itirilməsi və bir milyona yaxın əhalinin qaçqına və məcburi köçkünə çevrilməsi ilə nəticələndi. Ermənilər uzun illər ərzində arzu etdiklərinə bundan xeyli əvvəl çatdılar – Ermənistanda demək olar ki, heç bir azərbaycanlı qalmadı. Din müxtəlifliyini də öz düşmənçilik silahı kimi istifadə edənlər “rahat” nəfəs ala bilərdilər ki, onların yaşadıqları ərazilərdə az sayda kürdlər istisna olmaqla müsəlmanlardan əsər-əlamət qalmamışdı. Hətta ən quduz səlibçilər də Yaxın Şərqdə özlərini belə aparmamışdılar, işğal etdikləri torpaqlarda bol insan qanı axıtsalar da, heç vaxt əraziləri qeyri-dinə mənsub olan insanların yaşamadıqları məkana çevirməmişdilər. Azərbaycanda isə hazırda otuz minə qədər erməni yaşayır və onlar, elan olunmamış bir qaydada kiçik siyasi hüquqlar istisna olunmaqla, bütün vətəndaş hüquqlarından bol-bol istifadə edirlər.
1988-ci ildən başlayaraq Dağlıq Qarabağ adlanan yerüstü behiştdə elə bil ki, ağır kabus dayanmışdı. Bu kabus öz kini və nifrəti ilə həmin ərazinin doğma insanlarının həyatına qənim kəsilmiş, onları cəhənnəm əzablarına düçar edəcəyi andını içmişdi. Bu hadisələrdən iki onillikdən artıq bir müddət keçmişdir, bu dövrdə Qarabağ savaşı barədə çox sayda xatirələr, sənədli və bədii əsərlər yazılmış, onlardan bəziləri ekran və səhnə həyatını da yaşamışdır. Bunlar adamlarımızın yaddaşının bir daha mürgüləməməsi üçün çalınan təbil rolunu oynamaqla gənclərdə vətənpərvərlik hisslərinin güclənməsinə kömək etmişdir. Lakin heç bir xatirə və ya təsvir bu faciəli dövrdə yaşamış insanların çəkdiyi ağrıları və kədərləri, on minlərlə azərbaycanlıların düçar olduğu bədbəxtlikləri, keçirdikləri təhlükə hisslərinin dəhşətini ifadə edə bilməz. Düşmənlə vuruşda canını Vətən yolunda qurban verənlərin ruhu hələ də rahatlıq tapmır: çoxları xəyanətkara, bir andaca özünü düşmənə çevirən dünənki buqələmun dostlara təslim olmaqdansa, həyatdan getmək kimi acı aqibətlə razılaşmışdılar.
Müharibə həmişə faciə mənbəyi olmuşdur, qanla qidalanan Moloxdur. Xəyanətdə yoğrulmuş müharibənin dəhşətləri isə daha ağrılıdır, axı sənin öz evində kürəyinə xəncər sancırlar. Sərsəm millətçi ideyaların təsiri altında öz torpağında dünənə qədər ən azı zahiri mehribanlıqda yaşayan adamların onların taleyinə qılınc zərbəsi vurmasına, ölkəsinin müqəddəs yerlərini xarabazara çevirməsinə heç bir izah da tapa bilmirsən. Vətənindəki müharibə vətəndaş müharibəsi olmasa da, onun eybəcər prinsiplərindən istifadə etməsi ilə seçilir. Özünü saxta qaydada “qardaş” adlandıranlar insan qanına susamaqla yanaşı, əcdadlarımızdan yadigar qalmış torpaqlara sahib olmağa can atırlar. Beləliklə həm də xalqın keçmişinə, bütövlükdə tarixinə ağır zərbə vurmuş olurlar. Kardinal Rişelyenin sözlərini bir qədər dəyişdirərək “Xəyanət onların bütün böyük işlərinin ruhudur” desək heç də mübaliğəyə yol vermərik. Uzun onilliklər ərzində bizim atalarımız, yaşlı nəsil dinc həyata üstünlük verdiklərindən, bunu allahın ümdə mərhəməti kimi qəbul etdiklərindən heç bir qorxulu vasitəyə əl atmadan münaqişələrin həll edilməsini məqbul saymış, sülhü istənilən hipotetik zəfər və qələbədən üstün tutmağı bacarmışlar. Əvəzində isə qara nankorluq, xəyanət cavabı almışlar.
Lakin şər heç də cavabsız qalmır, xeyirə böyük təhlükə yarananda özünə müvafiq müdafiə vasitəsi də tapmağa müvəffəq olur. Bəlkə də babalarımızın, atalarımızın səmimi hissləri, qoyun dərisi altında gizlənmiş canavarlara əhəmiyyət verməmələri, əksinə onlara bəzən hətta hədd bilməyən xoş münasibətləri, təəssüf ki, nəcib bar vermək əvəzinə zəhərli meyvələr yetişdirdiyini büruzə verdi. “Atalar qora üzüm yemişdi, indi oğulların dişi qamaşır” Bibliya hikməti bu məsələdə bütünlüklə öz təsdiqini tapır. Sonrakı nəsillər bu diqqətsizliyin və sayıqlığı unutmanın əziyyətini çəkməli oldu. Həm də adamlarda artıq hər şeyə açıq gözlə baxmaq, mahiyyətdən baş çıxarmaq keyfiyyətləri aşılandı. Düşməndən təhlükələnmək hissləri də, ona əvvəllər bəslənən xoş münasibət də sınaq anlarında yoxa çıxdı. İndi azərbaycanlı döyüşçü təkcə dövlətin ona bəxş etdiyi müasir hərbi texnika, cihaz və silahla qürur duymaqdan daha çox öz qüvvəsinə inanır, bel bağlayır. Vətən naminə, itirilmiş torpaqları geri qaytarmaq naminə o, hər cür fədakarlığa hazırdır. Axı onun arxasında özünə bəslənən kin və ədavətin cavabı kimi, sönməz nifrətlə silahlanmış və möhkəm yumruğa çevrilmiş xalq dayanmışdır.
Qoy heç kəs bu sətirləri düşmənin istifadə etdiyi üsullara çağırış kimi qəbul etməsin. Xəyanətə və təcavüzə layiqli cavab verilməkdə ifadə olunan istək, bəlkə də əcdadlarımızdan yadigar qalmış sülhsevər davranışa ziddir. Lakin xalqımızın qanını axıtmış, şəhərlərini, kəndlərini viranə qoymuş, tarlalarını səhraya döndərmiş, böyük bir ərazimizin üzərindən dağıdıcı tufan əsdirmiş düşmənin bağışlanmasını, cinayətlərinin əfv edilməsini heç bir normal insanın vicdanı qəbul edə bilməz. Fransızların zərb-məsəlində deyildiyi kimi, “A la querre comme a la querre” – “Müharibədə müharibədə olduğu kimi”. Qılıncın qarşısına musiqi aləti ilə çıxmaq ağılsızlıqdır. Lakin onu da nəzərə almalıyıq ki, xalqımızın müdrikliyi və mərhəməti, heç şübhə yoxdur ki, onun qəzəbindən və qisas hissindən çox-çox yüksəkdir. Torpaqlarımızı, əgər lazım gəlsə silah gücünə xilas edəndə biz uşaqları, qocaları, qadınları, dinc əhalini qırmaq kimi vəhşiliyə əl atmayacağıq, qızların ləyaqətinə təcavüz etməyəcəyik, bütövlükdə haqq işimizə ləyaqətsiz olan nəyinsə qatılmasına, kölgə salmasına imkan verməyəcəyik. Bu bizim qələbəmizin vəznini daha da artıracaqdır. Çünki zəfərimizdə də qəddarlıq deyil, təslim olanları alicənablıqla əfv etmək xüsusiyyətləri nümayiş etdirəcəyik.
Müharibə nə qədər dəhşətli əməl olsa dövlətin yalnız onlara ötürdüyü hüquqlardan istifadə edir, hüquqlar və vəzifələr isə vəhdət şəklində ksenofobiya, başqalarına düşmənçilik mayesində həll olunmuşdur.
Qatı erməni millətçiləri tarixə Herostrat “şücaəti” ilə yanaşmalarından da həzz alırlar, öz uydurduqları yalana az sonra özləri də inanırlar. Qoy onlar belə yanaşma tərzini kənara atıb keçmişdən ibrət dərsi götürməyə, gələcəyə isə kor bucaq altında baxmağa öyrənsinlər. XX əsrin əvvəllərində və sonunda onlar cinayətdən də betər olan səhvlərə – qonşu xalqlara qarşı düşmənçiliyə və savaşa əl atmışlar. XXI əsrin başlanğıcında onlar bəxtlərinə düşən şansdan düzgün istifadə etsələr daha çox qazanarlar. Yox, əgər onlar nəticəli sülh danışıqlarından imtina edib xam xəyaldan uzaqlaşmağı bacarmasalar, “qırıq təhnə” yanında qaldıqlarının şahidi olacaqlar. Axırıncı variant bu məxluqların özlərinə yeni bəla toru toxumasına bənzəyir.
Fantastik məqsədlər daim fiaskoya uğrayır, onlara olan ümid çox tezliklə öz puçluğunu göstərir. Ağıllı adam heç vaxt suyunu içdiyi quyunu zəhərləməklə öyünməz. Regionu yeni döyüş səhnəsinə çevirmək istəyi də bu qəbildəndir. Axı yeni müharibə yeni faciələrlə müşayiət olunacaqdır və Ermənistan özünün hansı sınaqlara çəkiləcəyini indidən göz önünə gətirməlidir. Bu dəfə Ermənistan silah qaldırmağa cəsarət etsə, bundan daha güclü olan silahla daha ağır yara ala bilməsi ehtimalını da nəzərdən qaçırmamalıdır. Ən qızmış başlar belə iştah barədə müəyyən hədd tanımalıdır. Başqasının var-dövlətinə göz dikmək, ondan faydalanmaq heç də yaxşı sonluqla nəticələnmir. Çoxa nail olmaq istəyi adamın sərəncamında olanların da məhv olmasına şərait yarada bilər. Bu yerdə böyük ingilis filosofu Frensis Bekonla əlaqədar olan bir hadisə yada düşür. Lord Bekon York Haus Qardendə olanda öz torlarını suya atan balıqçıları görüb onlardan xahiş etdi ki, nə tutsalar ona satsınlar. Balıqçılar öz qiymətlərini dedilər, lord isə razılaşmayıb başqa qiymət dedi. Balıqçılar onun təklifini qəbul etmədilər və torlarını çıxartdıqda torda iki-üç kiçik balıq olduğunu gördülər. Bekon onlara dedi ki, əgər onun təklifini qəbul etsəydilər indi evlərinə on şillinq aparardılar. Onlar bu sözə belə cavab verdilər ki, ovlarının yaxşı olacağını ümid edirdilər. Bu sözlərin müqabilində filosof onlara dedi: “Ümid yaxşı səhər yeməyidirsə, lakin çox pis şam yeməyidir”. Qoy Ermənistan rəhbərliyi də öz ümidlərində reallığın qılınc itiliyini nəzərə almadan keçinməsinlər.
Keçən əsrin 90-cı illərinin əvvəllərində elə ağlasığmaz bəla baş vermişdir ki, onu törədənlər tarixin ittihamından özlərini müdafiə edə bilməyəcəklər. Cinayəti ört-basdır etmək üçün yeni cinayətə əl atmaq heç də böyük ağıldan xəbər vermir. Ehtimal heç də gerçəkliyi unudanların düşündüyü kimi həmişə arzu olunan qaydadakı nəticə ilə yekunlaşmır. Ona görə də Ermənistan rəhbərliyi ciddi danışıqlar aparmaq əvəzinə ritorikaya, seriya görüşlərin foto və video aludəçiliyinə son qoymalı, işğal edilmiş ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi ilə haqqın çoxdan gözlənilən zəfərindən hansısa xəcalət hissi keçirəcəyini başından atmalıdır. Öz xalqını iki onillik davam edən müharibə vəziyyətindən azad etməklə, ilk növbədə öz ölkəsinin mənafeyi naminə yaxın qonşuları olan Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmaq yolu ilə geniş iqtisadi münasibətlərin və əməkdaşlığın gündəliyə daxil olmasına yol açmalıdır. Belə münasibətin bərqərar olmasında hamıdan çox iqtisadi böhrandan və blokadadan əziyyət çəkən, əhalisinin sosial vəziyyətində çətinliklərlə və real yoxsulluqla üzləşmiş Ermənistan maraqlı olmalıdır. Bu ölkədəki iqtisadi durğunluq, maliyyə çətinlikləri əhalinin maddi rifahının pisləşməsi ilə müşayiət olunur və belə vəziyyətin sosial partlayışa gətirib çıxaracağı imkanı da nəzərdən qaçmamalıdır.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev ölkənin ərazi bütövlüyünün müzakirə mövzusu olmadığını, torpaqların qaytarılmasının başqa bir alternativi olmadığını dəfələrlə qarşı tərəfə və beynəlxalq aləmə bəyan etmişdir. Bütün azərbaycan xalqı prezidentin bu mövqeyi ilə tam həmrəydir və bunu istənilən qaydada nümayiş etdirməyə hazırdır. Görkəmli dövlət xadimi böyük Uilyam Pitt Böyük Britaniya parlamentində amerikan kolonistləri ilə alicənablıqla davranmağı təkid edəndə və Bostondakı repressiya tədbirlərinin qadağan edilməsi barədə qanun layihəsi təqdim edəndə, özünün də belə münasibətlə razılaşmayacağını qəti şəkildə bildirmək üçün ingilis dilinin qrammatikasında tək bircə inkar kəlməsindən istifadə qaydasına uyğun olaraq kəskin mövqeyi ifadə edən və təkrarən “heç vaxt” mənasını verən “Never, never, never!” deyə hayqırmışdı. Damarlarında azərbaycanlı qanı axan hansısa bir adamdan torpaqların işğalı ilə barışmağın mümkünlüyünü soruşsalar, o, dilimizdəki ikiqat inkar imkanından istifadə edərək daha böyük qətiyyətlə “Heç vaxt, heç vaxt, heç vaxt barışmayacağıq!” cavabını verərdi. Buradan belə bir məntiqi nəticə çıxır ki, əgər sülh danışıqları nəticə verməsə, Klauzevitsin ifadəsindən istifadə edərək siyasətin digər üsuluna əl atmaq lazım gələcəkdir. Başqa sözlə desək, müharibə alovu yenə məhvedici dilləri ilə regionu qarsacaqdır.
Haqq, ədalət Azərbaycanın, onun tələblərinin tərəfindədir. Bunu anlamamaq inadkarlıq hədlərindən də kənara çıxır. Sülh yolu ilə problemin həlli hər iki tərəfi gərginlikdən və izafi qayğılardan azad edəcəkdir. Sülh, əgər özündə Karfagen sülhünün elementlərini daşımırsa, heç bir tərəfi alçaltmır, əksinə xalqları onların çiyinlərini əzən ağır yükdən azad edir. Ədalətli, haqqın zəfərini ehtiva edən sülh müqaviləsinə hər iki tərəfdən qol çəkənlər əslində bu imzaları ilə öz xalqları qarşısında borclarını yerinə yetirmək rəmzi kimi tarixə düşəcəklər. Azərbaycan tərəfi buna hazırdır, indi top Ermənistan rəhbərliyi tərəfindədir. Bir cəsarətli addımla, indi mövcud olan və Trotskinin təbirincə deyilsə “nə müharibə, nə sülh” dövrünə birdəfəlik son qoyulacaq, iki qonşu xalq rahat nəfəs alıb, biri dəyən yaraların sağaldılması ilə, digəri isə zəifləmiş iqtisadi bədəninin dirçəldilməsi ilə daha ciddi-cəhdlə məşğul olacaqdır.
Yaxın gələcəyin bakirə səhifəsində belə imzaların atılmasını yəqin ki, hər iki xalq ürəkdən arzu edir. Sadəcə olaraq onlar bəlkə də bunu gur səslə ifadə etməyi hələlik məqbul saymırlar, çünki münaqişənin bir tərəfi hələ də keçmişin eyforiyasından uzaqlaşa bilmir. Qoy o tarixin təxirə salınmış cəriməsini də yaddan çıxarmasın. Xalqlar çox vaxt öz milli liderlərinin girovlarına çevrilirlər. Bədbəxtlikdən qədim Roma filosofu Epiktet demişkən, pislər hər yerdə çoxluq təşkil edir. Pislər, qana susayanlar hakimiyyətə gəldikdə bu xalq üçün fəlakət, faciə mənbəyinə çevrilir.
Ötən illər köhnə qaydaların pozulması və yenilərin mayalanması ilə müşayiət olunmuşdur. Ermənistan rəhbərliyi öz biabırçılıqlarının sübutu olan status-kvodan yapışmaqla öz xalqı qarşısında saxta milli qəhrəman qiyafəsində görünsə də, əslində onu daha böyük fəlakətə sürükləyir, bədbəxtliklər uçurumuna yuvarlayır. Axı Ermənistan böyük iqtisadi və maliyyə çətinlikləri ilə üzləşdiyi bir dövrdə iri ordunu saxlamaq xərclərini ödəmək məcburiyyətində qalır. Bu xərclər əhalinin onsuz da ağır olan sosial vəziyyətini daha da pisləşdirir. Maliyyə imkanları kasad olan bir ölkə müharibə aparmaq yükündən xilas olmağa can atmalıdır. Orta əsrlər İsveçrəsi üçün biabırçı olan bir zərb-məsəli yada salmaq yerinə düşür: “Pul yoxdursa, İsveçrə qoşunları da yoxdur”.
Mən yazını nikbin notla bitirmək istərdim. Hər iki xalq yanğısını çəkdiyi sülhə qovuşmalıdır, bu nə qədər tez baş versə, bir o qədər sevindirici, fərəhləndirici olacaqdır. Bunun üçün Göylərə müraciət etməyə də ehtiyac yoxdur, sadəcə olaraq siyasətçilər öz hərəkətlərində hansısa illyuziyaların əsirinə çevrilməməli, öz xalqının nəbzini tutmağı bacarmalıdırlar. Onlar zamanın bu tələbinə boyun əysələr, sülh barədəki arzular qısa müddətdə gerçəkləşər, regionun havası hərbin zəhərli nəfəsindən təmizlənərdi.
15.04.2011
Telman ORUCOV









Mənbə: Telman ORUCOV02.06.2011     Çap et  Çap et