525-ci qəzet

Xəyanətdən müharibəyə gedən yol



Bu gün informasiya orqanlarının gündəliyində özünə möhkəm yer tapan Dağlıq Qarabağ problemi əslində tarixdə daim münaqişələrə səbəb olan xəyanətdən başlanmışdı. Bir qrup qatı erməni millətçisi Azərbaycanın bu tarixi ərazisini qoparmaq üçün əvvəlcə xəyanət yolunu tutmuş, sonra isə bunun davamı kimi cürbəcür fitnəkarlıqlara, nəhayət qanlı müharibəni alovlandırmağa əl atmışdı. Onların dilində mantraya çevrilmiş milli və ya sosial narazılığın baş verməsinə əslində heç bir səbəb də yox idi. Səbəbin olmaması bir yana qalsın, heç hiddət partlayışı üçün bəhanə də yox idi. Dağlıq Qarabağ Muxtar Vilayətinin iqtisadiyyatı yüksələn xətlə inkişaf edirdi, əhalinin rifahı ilbəil yaxşılaşırdı və ölkədəki ümumi səviyyədən heç də aşağı deyildi. Respublikanın paytaxtında, digər regionlarında yaşayan erməni əhalisinə qarşı heç bir ayrı-seçkilik siyasəti aparılmırdı, diqqətlə təhlil etdikdə yalnız ermənilərin siyasi həyata və rəhbər vəzifələrə daha geniş cəlb olunması nəzərə alınmaqla müsbət diskriminasiyanın mövcudluğunu qeyd etmək olardı. Muxtar vilayətdə isə azərbaycanlılar bəzi hallarda belə ayrı-seçkiliyə, hətta seqreqasiya elementlərinə məruz qalırdılar, vilayətin paytaxtında və rayon mərkəzlərində azərbaycanlıların məskunlaşmasına örtülü məhdudiyyətlər qoyulurdu. Bütövlükdə iki xalq arasında kindən, nifrətdən uzaq olan münasibətlər aparıcı rol oynayırdı. Əhəmiyyətsiz istisnalar isə mənzərəni korlamağa qadir deyildi.
Əlbəttə, belə vəziyyət qatı erməni millətçilərinin strategiyasına qətiyyən uyğun gəlmirdi. Azərbaycan ərazisini parçalamaq yolu ilə, onun bir hissəsinə sahib olmaq niyyəti onların şüurunu bir an da olsun tərk etməmişdi. Ümumiyyətlə, ermənilər qonşuluqda yaşayan xalqlara qarşı ərazi iddialarını özləri üçün bir pozulmaz doqmaya çevirmişlər. Onlar təkcə Azərbaycanın deyil, qonşu Türkiyənin və Gürcüstanın ərazilərinə göz dikmələrini dayandırmır, əlverişli şəraitin gələcəyini gözləyirlər. Belə iddialar yazıçıların, jurnalistlərin sevimli mövzularına çevrilmişdir, onların yazıları bu torpaqlar üçün süni həsrət hissləri ilə doludur. Hətta bəzən gülməli görünən motivlər də uydurulurdu. Naxçıvanda vaxtilə çoxsaylı erməni ailələrinin yaşadığı əsas götürülərək azərbaycanlıların bu qədim torpağına olan iştahalar azalmaq bilmirdi. Arqumentlərinin sarsılmazlığına bel bağlayan bu üzdəniraq ziyalılar unudurdular ki, Ermənistanın sonralar paytaxtı adını alan Yerevanın sakinləri arasında böyük tarixi müddət ərzində sayca nisbi çoxluq məhz azərbaycanlılara məxsus olmuşdu. Zəngəzur azərbaycanlıların kompakt yaşadığı diyar olsa da, Ermənistan sovet respublikası yaradılanda onun tərkibinə daxil edilmişdi. Belə tarixi faktlar erməni millətçilərinin xülyalarını bütünlüklə alt-üst edir.
Azərbaycan daim öz ərazisinə gələn ermənilərə ağuşunu açmaqla öz xalqının malik olduğu alicənablığı nümayiş etdirmişdir. 1988-ci ilin sonunun məlum hadisələrinə qədər ermənilərin nə vaxtsa kütləvi şəkildə bu ölkədən köçürülməsi, çıxarılması faktı ümumiyyətlə mövcud olmadığı halda, 1948-ci və 1950-ci illərdə, müharibədən sonra guya ana vətənlərinə qayıdan repatriantların yerləşdirilməsi pərdəsi altında Ermənistandan on minlərlə azərbaycanlı ailəsi açıqca sürgünə məruz qalmış, öz yurd-yuvalarından qopardılıb Azərbaycana göndərilmişdi. Tarixdə mövcud olmuş yunan-türk, hindli-pakistanlı əhalilərin qarşılıqlı yerdəyişməsinin, kütləvi köçünün faciəli hisslərini bu dəfə yalnız azərbaycanlılar yaşamalı olmuşdu. Bu əslində zorakı xarakter daşıyan köç Azərbaycanda elə bir hiddət dalğası yaratmamış, ermənilərə qarşı münasibətdə mənfi işarəli heç bir dəyişiklik baş verməmişdi.
Sonrakı hadisələr göstərdi ki, repatriantların yerləşdirilməsi şüarı yalnız gözdən pərdə asmaq məqsədini güdürmüş, 90-cı illərdə artıq monomilli tərkibə məxsus olacaq Ermənistan bu bədnam siyasətinə hələ yarım əsr əvvəl, SSRİ-nin mövcudluğu şəraitində başlamışdı. Repatriantlara isə yeni Xanaan vəd edilmişdi, süd və bal çayları ilə onlar şirnikləndirilmişdi. Ona görə də əsasən kəndli kütləsini təşkil edən azərbaycanlıların yaşadığı məntəqələrdə məskunlaşmaları ilə onlar heç cür razılaşmazdılar.
Faktlar göstərir ki, millətçilərin Qarabağı Azərbaycandan ayırmaq cəhdlərinin heç bir nə tarixi, nə hüquqi, nə də digər bir əsası yoxdur. Onlar əlacsız qalıb məişət zəminində baş verən ixtilafları qabarda bilərlər. Lakin bu məsələdə də onlar uduzurlar, çünki belə ixtilaflar nadir hallarda baş verirdi və bu qovğalar hər iki millətin öz daxilində baş verən münaqişəli hadisələrlə müqayisədə olduqca cılız və əhəmiyyətsiz görünürdü. Hətta bunlar da nəzərə alınsa belə, milli ədavətə gətirib çıxaran elə bir hadisə baş vermirdi.
Lakin erməni millətçiləri ədavət toxumu səpmək üçün istənilən fürsəti fövtə vermirdilər. Axı onlar geniş cəbhə boyu fəaliyyət göstərirdilər. Azərbaycanlılar üçün erməni millətçiliyi “daşnaklar” adı altında tanınsa da, qatı millətçilər təkcə bu hərəkatda təmsil olunmurdular, bu şəbəkə çoxlu qollara və şaxələrə malik idi. Onlar şəfa verən cərrah bıçağını da qatilin xəncəri kimi qələmə verməkdən çəkinmirdilər. Cinayət hadisəsinin mahiyyətinə əhəmiyyət vermədən, bunu milli zəminə keçirməyi özlərinin uduş şansı hesab edirdilər. 1967-ci ildə erməni mənşəli bir uşağın öldürülməsində qatil kimi ittiham edilən bir azərbaycanlının Stepanakertdə məhkəməsi başa çatdıqdan sonra guya cəzanın yüngüllüyündən narazı olduqlarına görə bir qrup adam (oxu: qatı millətçilər) dustağı aparan maşını yandıraraq, özbaşına mühakimə qaydasında onun həyatına fərman vermişdilər. Azərbaycanın o vaxtkı rəhbərliyi hadisənin qəzəb əks-sədası yaradacağından ehtiyat edərək, onun ictimai rəyə təsir göstərməsinə imkan verməmişdi. Azğın millətçilər isə bunu zəiflik əlaməti kimi qiymətləndirmişdilər.
Heydər Əliyev respublika rəhbərliyinə gəldikdən sonra, 1970-ci illərin əvvəllərində həyatın digər sahələrindəki nöqsanlara qarşı kəskin mübarizə aparıldığı kimi, milli münasibətlərdəki sui-istifadə hallarına da son qoyulmağa başlandı. Millətçilərin bel bağladığı dayaqlar getdikcə uçurulurdu. Dağlıq Qarabağın iqtisadi və mədəni inkişafına diqqət artırıldı. Stepanakertdə Pedaqoji İnstitut təsis edildi, burada tələbələr erməni və azərbaycan bölmələrində təhsil alırdılar. Vilayətin paytaxtına dəmir yolu çəkildi. Xocalıda aviasiya reyslərinə yol açan hava limanı istifadəyə verildi. Ermənistanla nəqliyyat əlaqəsinə imkan verən Şuşa-Laçın yolu yenidən tikildi. Bir sıra sənaye müəssisələri işə salındı. Üzümçülük və şərabçılıq sürətlə inkişaf etdirildi. Stepanakertdə və Şuşada geniş miqyasda tikinti-quruculuq işləri aparıldı. Bütün bunlar və həmçinin aparılan səmərəli ideoloji iş muxtar vilayətdə mənəvi iqlimin saflaşmasına xeyli şərait yaratdı. Yarasalar işıqdan qaçan kimi qatı millətçilərin də ciyərləri saf hava ilə nəfəs almağa yaramırdı, ona görə də onlar vilayəti tərk edib, isti yuvaya yiyələnmək niyyəti ilə Yerevana üz tutdular. Axı onların bir hissəsi həm də sui-istifadə hallarına yol verdiklərinə görə rəhbər vəzifələrdən uzaqlaşdırılmışdılar, əvvəlki nüfuz dairələrini itirmişdilər.
Lakin vilayətdəki sabitlik, əmin-amanlıq erası uzun sürmədi. 1985-ci ildə ölkə rəhbərliyinə gəlmiş Mixail Qorbaçovun siyasi həyatı demokratikləşdirmək ideyası Dağlıq Qarabağda separatçı ünsürlərin çirkab köpüyü kimi baş qaldırmasına münbit şərait yaratdı. Vilayətdəki qatı millətçilər ölkəni fəlakətə aparan dalğanın detonatoru rolunda çıxış etməyə başladılar. Bu vaxt millətçi liderlər də Yerevandan geri dönmüşdülər ki, separatizm hərəkatına birbaşa rəhbərlik etsinlər. Getdikcə səsi yüksələn xora azmış oğul kimi geri qayıdan və daş karxanasına direktor təyin edilmiş Arkadi Manuçarov dirijorluq edirdi. Vilayətin rəhbərliyi isə millətçiliyə qarşı əvvəlki mübarizəsini zəiflətmiş, heçə endirmişdi və əslində prosesə nəzarəti itirməklə hadisələrin quyruğunda sürünürdü.
Qatı erməni millətçiliyi öz aqressiv planlarının əlamətlərini 1987-ci ildə büruzə verməyə başlamışdılar. Həmin il Heydər Əliyevin Sov. İKP MK Siyasi Bürosunun tərkibindən və SSRİ hökumətindəki rəhbər vəzifədən uzaqlaşdırılması ilə onların təxribat yönlü hərəkətləri üçün münbit şərait yaranmışdı və bu vaxta qədər davam edən məxfilik pərdəsi yırtılmış, sərsəm iddialar açıq-aşkar müstəviyə keçirilmişdi. Akademik Aqanbeqyanın Parisdəki Dağlıq Qarabağın Ermənistana aid olması barədəki provokasiya xarakterli çıxışı separatizm üçün onu dəstəkləyən qüvvələrin şüurunda yaşıl işıq yandırmışdı. Zori Balayanın azərbaycan xalqına qarşı nifrət və kinlə mayalanmış “Ocaq” adlı kitabı erməni millətçiliyinin əlavə ideoloji təminatına çevrilmişdi. Belə bir şəraitdə Mixail Qorbaçovun bilavasitə bələdçiliyi və iştirakı ilə Azərbaycana təzyiqlər artırdı. Ermənistan nə sahədəsə tənqid ediləndə “birləşmiş qablar” qanunun icrası kimi Azərbaycan da paralel olaraq əslində əsassız ittihama məruz qalırdı. Azərbaycan KP MK birinci katibi Kamran Bağırovun bu təzyiqləri dəf etmək cəhdləri uğur qazanmırdı. Artıq respublika partiya rəhbərliyinin daxilində də müəyyən çaşqınlıq və qıcqırma əlamətləri nəzərə çarpırdı. Hələ öldürülməmiş ayının dərisindən xəz çuxa geyinmək arzusunda olanlar boşalması gözlənilən birinci katib postunu tutmaq üçün yollar və vasitələr axtarırdılar.
Bir qədər sonra hadisələr daha gərgin fazaya daxil oldu. 1988-ci ilin fevralında vilayətin paytaxtının mərkəzi meydanında mitinqlər başladı. İlk mitinq baş verən ərəfədə mən Qubaqlı, Zəngilan, Cəbrayıl rayonlarında ezamiyyətdə idim, Mərkəzi Komitənin aqrar məsələlər üzrə katibi kimi kənd təsərrüfatı işlərinin vəziyyəti ilə tanış olurdum. Axırıncı gün Cəbrayıl rayon partiya komitəsində müşavirə keçirərkən Azərbaycan KP MK-nın birinci katibi, mərhum Kamran Bağırov məni telefona çağırdı və göstəriş verdi ki, təcili Stepanakertə gedim. Söhbətin gedişində orada vəziyyətin yaxşı olmadığını da qeyd etdi.
Vilayət partiya komitəsində məndən bir az əvvəl buraya gəlmiş Mərkəzi Komitənin ideoloji iş üzrə katibi Ramiz Mehdiyevlə görüşdüm. Biz gecəni birinci katibin kabinetində keçirdik. Gecə saat 4-ə yaxın vilayət qəzetində vəziyyəti təhlil edən məqaləni dərc etməkdən redaktorun imtina etdiyini xəbər verdilər. Məqalədə “Azərbaycan” sözünün işlədilməsinin əhalini guya hiddətləndirəcəyini əsas gətirərək redaktor belə mövqedən çıxış etmişdi. Bundan əvvəl isə o, vilayət partiya komitəsinin ideoloji iş üzrə katibi işləmişdi. Onun belə təslimçi mövqeyi hiddət doğurmaya bilməzdi, o, əslində əhalidən deyil, artıq bütün məsələlərə nəzarət edən qatı millətçilərdən qorxurdu, çünki onlar “xain” damğası yapışdırmaqla onu şantaj edə bilərdilər.
Bu gecə bizə çox həqiqətləri anlatdı. İyrənc epizod isə Azərbaycanın ərazisinin parçalanmasına yönələn təhlükənin ilk nişanəsi idi.
Mitinqlər artıq vilayət paytaxtının həyatının başlıca atributuna çevrilmişdi, adamlara işləməyə də imkan vermirdilər. Bu vaxt Moskva heç bir ciddi tədbirə əl atmağa icazə vermirdi, çıxış yolunu vilayət rəhbərliyini dəyişdirməkdə gördü. Bu, əslində qəti addımlardan qaçmaq yolu olmaqla vəziyyətə müsbət təsir göstərmədi. Az sonra Azərbaycanda və Ermənistanda rəhbərliyin dəyişdirilməsi baş verdi, “xilas kəməri” kimi düşünülən həmin tədbir də heç bir faydalı bəhrə vermədi. Bir qayda olaraq kosmetik əməliyyatlar zahiri təsir bağışlayır, mahiyyət isə elə bir korreksiyaya məruz qalmır. Azərbaycanda yeni rəhbərlik səmərəsiz güzəştlər yolunu tutmaqla səhvləri daha da dərinləşdirdi. Mərkəzi Komitənin birinci katibi Əbdürrəhman Vəzirov problemə nüfuz etmək əziyyətinə qatlaşmırdı, adekvat addımlar əvəzinə palliativlərə, bəzən hətta primitiv effekt yaradan tədbirlərə üstünlük verirdi. Onun “süvari hücumu” ilə məsələni bir andaca həll etmək inamı gerçəkliklə üzləşdikdə iflasa uğradı. Bu isə çox güman ki, Moskvanı razı salmamış deyildi.
(Ardı var.)
Telman ORUCOV




Mənbə: Telman ORUCOV01.06.2011     Çap et  Çap et