525-ci qəzet

Nazimi yaşadanlar



(Nazim Hikmətin xatirə günü münasibətilə)

3 iyun 1963-cü il... Nazim Hikmətin 61 illik ömrünün son nöqtəsi. “İnsanların bəzisi otların, bəziləri balıqların çeşidini bilir, mən ayrılıqların” deyən Nazim ağlına da gətirə bilməzdi ki, ölümündən sonra həsrətində olduğu vətənində-Türkiyədə o qədər populyarlaşacaq ki, onun nəinki əsərləri türk dilində çap olunacaq, pyesləri tamaşaya qoyulacaq, hətta uşaq ikən çox sevdiyi, qəribədir, bugünəcən itib batmayan oyuncaqları da xüsusi olaraq sərgilənəcək, Nazimi yaşadanlar onu rəssam kimi də xalqa təqdim edəcək, bəstəkarlar onun şeirlərinə dillər əzbəri olan nəğmələr qoşacaqlar. Bir zamanlar Hüseyn Cavid, Mikayıl Müşviq, Əhməd Cavad, Almaz İldırım Azərbaycanda yasaq edildiyi kimi Nazim Hikmət də Türkiyədə yasaqdı. Türklər demişkən, buna “keçmiş olsun” deyək. Bu gün Nazim vətənində çox sevilir. Türkiyədə Nazim Hikmət haqqında bir-birindən gözəl kitablar nəşr edilir. Türkiyədən Moskvaya gedən dövlət nümayəndə heyətləri şairin məzarını ziyarət edir, geri dönəndən sonra gördüklərini mətbuat səhifələrində çap etdirirlər, internet saytlarına yerləşdirirlər. Nazimsevərlər də bu saytlardakı Nazim Hikmətə rəğbət dolu sətirləri oxuyanda sevinirlər, fərəhlənirlər. Sevinirlər ki, Nazim Hikmət yaşayır, bütün dünyada tanınır. Hətta bir tədqiqatçı Amerikada və İngiltərədə 1930-cu illərdən bəri Nazim Hikmət haqqında yazılanları bir yerə toplayıb kitab çıxarıb. Fransalı rejissor şairin həyatından bəhs edən bir tamaşanı səhnədə canlandırıb. Sevinirlər ki, Müjdət Gezen adlı bir türk, bir nazimsevər çinar ağacına lövhə yapışdırıb, üstündə də yazıb: “Nazim Hikmət burada uyuyur.”(Nazim Hikmət vəsiyyət etmişdi ki, öləndə məni Anadoluda dəfn edin. Başım üstündə bir çinar olursa, daş-maş da istəməz.)” Müjdət Gezen bir kitab da nəşr etdirib, adını qoyub “Cizgilərlə Nazim Hikmət”. Bugün Türkiyədə Nazim Hikməti yaşadan bir qurum var. Bu qurumun adı Nazim Hikmət Kültür və Sanat Vakfıdır. Nazim Hikmət vakfı şairin bacısı mərhum Samiyə Yaltırım tərəfindən 1991-ci ildə yaradılıb. Nazimin vəfatından sonra Samiyə xanım Bakıya gəlmişdi. Anarla, Arif Məlikovla, Əkrəm Əylisli ilə və başqa sənət xadimlərimiz ilə görüşmüşdü. Onunla görüşmək, səsini, təəssüratını lentə almaq mənə də nəsib olmuşdu. Onun səsi yazılmış lent yazısı(Nazimdən, ona Azərbaycanda bəslənilən sonsuz məhəbbətdən danışırdı, bununla fəxr edirdi.) və birgə çəkdirdiyimiz fotoşəkil arxivimdədir. Samiyə xanımın yaratdığı, sonra nazimsevərlərin yaşatdığı Nazim Hikmət Vakfı bütün dünyada böyük sənətkarla əlaqədar yazıları, kitabları, nəşrləri, fotoşəkilləri, rəsmləri, filmləri, musiqiləri toplayır, eyni zamanda yerli mətbuatda, yəni Türkiyənin qəzet və jurnallarında Nazimə dair işıq üzü görmüş məqalələri, onun haqqında deyilənləri, hətta kiçik xəbərləri belə oxucuların nəzərinə çatdırır. Eyni zamanda bu Vakf toplantılar, simpoziumlar keçirir, sərgilər təşkil edir, bir sözlə, Nazim Hikmətlə bağlı müxtəlif maraqlı tədbirlər həyata keçirir. Nazim Hikmətin doğum günləri, anım tarixləri bir qayda olaraq bu qurum vasitəsilə müxtəlif nəşrlərlə işıq üzü görür. Vakf müntəzəm olaraq hər il N.Hikmətə həsr olunmuş xatirə kitabçaları da nəşr etdirir. Eyni zamanda, dünya miqyasında Nazim Hikmət yaradıcılığını tədqiq edənlərlə əlaqə saxlayır. Yeri gəlmişkən deyim ki, 2000-ci il fevral ayının 25-də mən Nazim Hikmət Kültür və Sanat Vakfından bir məktub aldım. Nazim Hikmət yaradıcılığı ilə məşğul olduğum üçün bu qurumun məsləhət şurasına üzv seçilmişdim. Bu, əlbəttə məni çox sevindirdi. Və sonra Nazim Hikmətin 100-cü doğum günü münasibəti ilə keçirilən tədbirlərdə mənim də ürək sözlərim səsləndi. Artıq 10 ildən çoxdur ki, mən bu qurumla əlaqə saxlayıram. Fərəhli haldır ki, Türkiyədə və dünyanın başqa ölkələrində Nazim Hikmət haqqında nə yeni məlumat varsa, yalnız bu qurumun vasitəsilə biz böyük şairə bəslənilən sevginin şahidi oluruq. Vakf bizi 2010-cu ilin 3 iyununda belə bir xəbərlə sevindirmişdi: “Antalyaya Nazim Hikmət heykəli dikildi.” Xəbərdə deyilirdi: “Antalya bələdiyyəsi Nazim Hikmət Kültür və Sanat Vakfı ilə birlikdə şairin anım günündə, yəni 3 iyun tarixində Antalyada helkəltaraş Mehmet Aksoyun “Nazim Hikmət həbsxanada” adlı heykəlinin açılışını təşkil etdi. Heykəl açılmadan əvvəl bəstəkar Fazil Sayın “Nazim” oratoriyası səsləndi. Açılış mərasimində giriş sözü söyləyən Nazim Hikmət Kültür və Sanat Vakfının başkanı Rutkay Əziz “Nazim” heykəlinin Antalyada olmasından böyük səadət duyduğunu dilə gətirdi.” Nazim Hikmət Kültür və Sanat Vakfının maraqlı nəşrlərindən biri də şairin sözlərinə yazılmış musiqilərə həsr olunub. Kitabın üz qabığında çinar rəsmi verilib, ağacın kökləri insan əlləri kimi torpağın dərinliklərində təsvir olunub. Sən Qızıl çeşmə kimi bizimsən, Ən böyük memarısan dilimizin, Bu kitabda Türkiyənin məşhur bəstəkarlarının, sənətçilərinin Nazim Hikmət şeirlərinə yazdıqları mahnılar haqqında məlumat verilib, şairin “Qadınlarımız”, “Yapon balıqçısı”, “Qarlı kayın ormanında”, “Mavi liman”, “Qanadları gümüş”, “Tahirlə Zöhrə”, “Səni düşünmək” adlı şeirlərinə yazılmış musiqilər DVD diskində toplanıb. Nazim Hikmət Kültür və Sanat Vakfının səyləri ilə meydana gəlmiş “Nazim Hikmət” adlı sənədli film də Türkiyədə populyardır. Bu film ilə bağlı Vakfın baş katibi Kiymet xanım Coşğun və bu qurumun idarəçilərindən olan məşhur aktyor Tarik Akan bir çox dünya ölkələrinə səfər etmiş, maraqlı bir sənəd nümunəsi yaratmışlar. Bu fədakar nazimsevərlərin Azərbaycana gəlişi də yadımdadır və çox şadam ki, həmin filmdə Nazimlə əlaqədar mənim də xatirələrim, çıxışım yer alıb. Nazim Hikmət həm də mahir bir rəssam idi. Bu şübhəsiz ki, ona anası Ayişə Cəlilədən keçmişdi. Ayişə Cəlilə dövrünün tanınmış rəssamlarından idi. Uşaq yaşlarından şəkil çəkməyə böyük marağı Nazimdə, məhz anası yaratmışdı. Balaca Nazimin ən çox çəkdiyi şəkil poçtalyon rəsmi idi. O, böyüyəndə poçtalyon olmaq istəyirdi. Deyirdi ki, poçtalyon ev-ev gəzir, insanlara xoş xəbərlər gətirir. Böyüdükcə poçtalyon olmağı unutdu. Amma rəssamlıqdan ayrılmadı. Xüsusən həbsxana illərində bir sıra tablolar çəkdi. Böyük sənətkar əlbəttə bilmirdi ki, gün gələcək həmin tablolar onun sevimli İstanbulunda sərgilənəcək, xalqın rəğbətini qazanacaq. Nazim Hikmət həbsxanada ikən anası Ayişə Cəlilə Nazim Hikmətin portretini yaratmışdı. Şairin ən çox çəkdiyi portretlər onun həyat yoldaşı Pirayə xanıma aid idi. Bundan başqa, Nazim Hikmətin Bursa cəza evində həbsxananı təsvir edən əsərləri də sərgilərdə nümayiş etdirilib. 2001-ci ilin yanvar ayında Pirayənin oğlu məşhur ədəbiyyatşünas Mehmet Fuad “Nazim Hikmət. Portretlər” kitabını oxucuların ixtiyarına verdi. Bu kitab Nazimin 100 illiyi ərəfəsində nazimsevərlərə bir ərməğan oldu. Mehmet Fuad bu kitabında Nazim Hikmətin Çankırı və Bursa həbsxanalarında yağlı boya ilə, akvarellə, kömürlə çəkdiyi tablolardan söz açır. Maraqlı faktlardan biri də odur ki, şair məhbəsdə ikən sonralar Türkiyənin məşhur rəssamı olmuş İbrahim Balabana öz boyalarını və fırçalarını hədiyyə etmişdi. İbrahim Balaban da Nazimi həmişə şükranlıqla yad edir, böyük sənətkara minnətdarlığını bildirirdi. Mehmet Fuadın kitabında Nazim Hikmətin çəkdiyi portretlərlə yanaşı onun əl işlərindən nümunələrin-müxtəlif mücrülərin, çantaların, üzük və digər əşyaların fotoları da verilib. Həm Ayişə Cəlilənin, həm də Nazim Hikmətin rəsm əsərləri sonralar auksionlara da çıxarılıb. Ayişə Cəlilə ilə Nazimin rəssamlıq sahəsindəki fəaliyyətlərini bu gün şairin oğlu Mehmet Nazim davam etdirir. (Bəziləri Mehmet Nazimi Mehmet Fuadla qarışdırırlar. Mehmet Fuad Nazimin ögey oğludur. Onun atası kinoşünas, aktyor və romançı Vedat Örfi Bengudur. Anası isə Nazim Hikmətin Münəvvər Andaçdan əvvəlki həyat yoldaşı Pirayə xanım idi.) Mən Mehmeti bir fotoşəkildə görmüşdüm. Sonra N.Hikmətin cənazə mərasimindən təəssüratını Mehmet Fuadın “Nazim Hikmət” kitabından oxudum və bir gün Mehmet Bakıya gəldi, anası Münəvvər xanımla və ögey bacısı ilə birlikdə. O vaxt mən Azərbaycan Dövlət Televiziya və Radio verilişləri Komitəsində işləyirdim. Komitənin sədri ictimai xadim və şair Teymur Əliyev və müavini şair Ənvər Əlibəyli idi. Münəvvər xanımı, Mehmeti, Münəvvərin birinci ərindən olan qızını çox böyük məhəbbətlə qarşıladıq. Bu görüşdən sonra mən nə qədər maraqlandımsa da, Nazim Hikmətin oğlu Mehmet haqqında bir məlumat əldə edə bilmədim. Sonralar öyrəndim ki, anası ilə bərabər Fransada yaşayır. Tanınmış rəssamdır. Bir gün eşitdim ki, Münəvvər Andaç da dünyasını dəyişib. “Ədəbiyyat qəzeti”nin Baş redaktoru Ayaz Vəfalı mənə telefon açdı və Münəvvər Andaç haqqında bir yazı yazmağı tapşırdı. Münəvvər xanımın bütün taleyi gözlərim önündən gəlib keçdi və Nazim Hikmətin sədaqətli ömür dostuna, bütün məhrumiyyətlərə dözmüş Münəvvərə həsr etdiyi bir şeirini xatırladım. Həmin şeirdə Nazim Hikmət ayrı düşdüyü İstanbulu təsvir edir, Münəvvərdən söz açır və şeirini “qapadı kitabı Münəvvər və sakitcə ağladı” sözləri ilə bitirir. Ona görə də mən Münəvvər Andaça həsr etdiyim yazının adını “Qapadı kitabı Münəvvər” qoydum. Nazim Hikmət, ölümündən sonra kitablarından gələcək məbləğin dörddə üç hissəsini Münəvvər xanıma və oğlu Mehmetə, dörddə birini isə Türkiyə Kommunist Partiyasına əmanət etmişdi. Münəvvərin ölümündən sonra təbii ki, bu dörddə üç hissənin haqqı Mehmet Nazimə aid oldu. Təxminən beş il bundan əvvəl internet saytında Mehmet Nazim haqqında bir xəbərə rast gəldim. Xəbərin başlığı belə idi: “Nazim Hikmətin oğlu Mehmet Böyükadada yerləşdi.” Bu gün Mehmet Nazim 60 yaşındadır. Azərbaycandakı nazimsevərlər Mehmet Nazimin yolunu gözləyirlər. Bəlkə də bir gün bu həyata keçəcək, Nazimin oğlu bir də Bakıya gələcək, şairin çox sevdiyi, ilk kitabının nəşr olunduğu (1928) Bakının bugününü görəcək.  Nazim Hikmət haqqında bir çox tədqiqat işləri aparılıb, kitablar nəşr edilib. Nəinki Azərbaycanda, Türkiyədə, dünyanın bir çox başqa ölkələrində də Nazim Hikmətin şeirləri işıq üzü görür, haqqında əsərlər yazılır. Azərbaycanda və Rusiyada Nazim Hikmətin ilk tədqiqatçısı həmyerlimiz, uzun illər Moskvada yaşayan Əkbər Babayev olub. Əkbər Babayev “Nazim Hikmət” adlı fundamental bir kitabın müəllifidir. Eyni zamanda o, Nazim əsərlərinin tərcüməçisi idi. Nazim Hikmətin Bolqarıstanda çap olunmuş 8 cildliyinin tərtibçisi və redaktoruydu. Bu çoxcildliyə “Ön söz”ü də Əkbər Babayev yazmışdı. Bu gün Əkbər Babayev həyatda yoxdur. Onu Moskvada əvəz edən məşhur türkşünas Tofiq Məliklidir. Tofiq Məlikli filologiya elmləri doktorudur, Moskva Universitetinin professorudur. O da Nazim Hikmət vurğunudur. 2010-cu ildə Moskvada Tofiq Məliklinin “Nazim Hikmət. Poeziya və poetika” kitabı nəşr olunub. Kitabda XX əsrin türk ədəbiyyatı fonunda Nazim Hikmətin bir şair kimi yaratdıqlarına nəzər salınır, şeirlərinin tarixçəsi, poetik dəyəri açıqlanır. Bu dəyərli tədqiqat işinin ən maraqlı fəsillərindən biri Nazim Hikmətin 1951-1963-cü ilə qədərki həyatının əksi olan hissəsidir. Zahirən N.Hikmətin Moskva həyatı çox dəbdəbəli görünürdü. Amma əslində Nazim Hikmət zindandan çıxıb zindana düşmüşdü. Kitabda müəllif yazır ki, Nazim Hikmət 1951-ci ildə Sovet İttifaqına gəldikdən az sonra Berlinə, gənclər festivalında iştirak etmək üçün gedir. Bu səfər boyu hər yerdə onu gizli agent müşayiət edir. Bu agent 1951-ci il avqust ayının 27-də Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinə, xarici əlaqələr komissiyasının sədri olan V.Q.Qriqoryana Nazim Hikmətin Berlin fəaliyyəti haqqında ətraflı hesabat verir. Agent hesabatda yazır ki, festivalda doqquz türk iştirak edirdi. Nazim Hikmət onlarla tez-tez görüşür, söhbətləşirdi, mən yaxınlaşanda söhbətlərinin mövzusunu dəyişirdilər. Hiss edirdim ki, mənim çıxıb getməyimi istəyirlər. Nazim Suriya, İsrail və Fransa nümayəndə heyətlərinin başçıları ilə və festival iştirakçıları ilə də görüşür, onlarla ancaq fransız dilində danışırdı. Şairin Bolqarıstan səfəri haqqında da V.Q.Qriqoryana hesabat verilmişdi və bu hesabatlar o vaxt Stalinə qədər gedib çatmışdı. Tofiq Məliklinin kitabının bu hissəsində Nazim Hikmətin “İvan İvanıç varmıydı, yoxmuydu” pyesinin taleyi haqqında da məlumat verilib. Məlumatda Sovetlərdə bürokratizmin mövcudluğunu əks etdirən və onu ifşa edən bu pyesin repertuardan çıxarılması, şairin təqiblərə məruz qalması konkret faktlarla göstərilir. Tofiq Məlikli kitabını bu sözlərlə bitirir: “Nazim Hikmət 3 iyun 1963-cü ildə Moskvada dünyasını dəyişdi. Ona həsr olunmuş məqalədə görkəmli rus şairi Yevgeni Yevtuşenko Nazim Hikmətin dünya mədəniyyəti tarixindəki yerini dəqiq ifadə edərək yazmışdı: “Nazim Hikmətin tarixdə oynadığı rol əvvəlcədən müəyyənləşmişdi. O, bu rolu dahiyanə şəkildə yerinə yetirdi.” Bəli, Nazim Hikmət təkcə öz xalqının, öz ölkəsinin deyil, bütün dünyanın mədəniyyət tarixində əbədiyaşayacaq ölməz bir simadır. Bu gün 110 yaşlı Nazim Hikmət yaşamaqda davam edir. Onu yaşadanlar dünyanın hər yerində, xüsusən Türkiyədə və Azərbaycandadır. N.Hikmət Türkiyədə şairin adını daşıyan Kültür Və Sanat Vakfının fəaliyyətində, şairin bacısı Samiyə xanımın ardıcılları Rutkay Əziz, Kiymet Coşkun, Tarik Akan kimi fədakar nazimsevərlərin, Vala Nürəddin, Mehmet Fuad, Müjde Gezen, Ruhi Su, Sumeyra, Zülfü Livaneli, Cem Karaca və başqa elm və sənət adamlarının yaratdıqları əsərlərdə əbədiləşib. Nazim, bugün tək oğlu Mehmet Nazimin varlığında yaşayır. Nazim Hikmət Azərbaycanda xalq yazıçısı Anarın, xalq artisti, bəstəkar Arif Məlikovun, heykəltəraş Münəvvər Rzayevanın, nazimşünaslardan Əkbər Babayevin, Tofiq Məliklinin, Nəcəfi Nəcəfovun, Qadir İsmayılın, Tofiq Abdinin, Azər Abdullanın, Rəşid Quliyevin, Aytən Babayevanın və başqa tədqiqatçıların əsərlərində yaşayır... “Bakıya gəldim, dünyalar mənim oldu” deyirdi Nazim Hikmət. Sən həmişə Bakıda, Azərbaycandasan, Ustad!
Aqşin BABAYEV filologiya elmləri doktoru, professor




Mənbə: Aqşin BABAYEV 21.05.2011     Çap et  Çap et