525-ci qəzet

“Məktəbəqədər və ibtidai təhsil” jurnalının 40 yaşı qeyd olunub



 Dünən Təhsil Nazirliyində “Məktəbəqədər və ibtidai təhsil” jurnalının 40 illik yubileyinə həsr olunan tədbir keçirilib. Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, ölkədə təhsil sisteminin inkişafı çox mühüm təşkilati və idarəetmə amilləri ilə yanaşı, həm də onun pedaqoji təminatından asılıdır. İstər təlimin, istər inkişafın, istərsə də tərbiyənin mütəşəkkil təşkilinin ilk addımları məktəbəqədər müəssisələrdə, xüsusilə ibtidai siniflərdə atılır. Fəaliyyətinin normal təşkil olunmasında onun pedaqoji təminatı xüsusi əhəmiyyət kəsb edir. Bunu nəzərə alaraq 1970-ci ildə – ibtidai təhsilin ilk dəfə ciddi eksperimental axtarışlara məruz qaldığı bir dövrdə “Azərbaycan məktəbi” jurnalının nəzdində “İbtidai məktəb və məktəbəqədər tərbiyə” məcmuəsi yaradılıb. İldə 6 dəfə 25-28 min tirajla çap olunan bu məcmuə təhsilin aşağı pilləsini elmi əsaslarla idarə edən, yeni uğurlara yönəldən yeganə mətbu orqanı olub. 30 illik yubileyindən sonra məcmuəyə müstəqil jurnal statusu verilib. 2009-cu ildən jurnal təhsil qanununa uyğun olaraq “Məktəbəqədər və ibtidai təhsil” adlanıb. Nazirin sözlərinə görə, 40 il əvvəl belə bir məcmuənin meydana çıxması həyatın tələbi, qaçılmaz zərurət idi: “Məcmuənin 1-ci nömrəsində oxuculara belə müraciət edilirdi: “Mövcud çətinlikləri aradan qaldırmaq üçün hər bir müəllim yorulmaq bilmədən oxumalı, yeni proqramların tələblərini həyata keçirmək üçün öz ixtisasını artırmalı, metodik ustalığını təkmilləşdirməlidir. Bu işdə məcmuə sizə yaxından kömək edəcəkdir. Onun səhifələrində sizi maraqlandıran metodik məsələlərə dair məqalələr oxuya biləcəksiniz. Məcmuədə sinif müəllimlərinin, uşaq bağçası tərbiyəçilərinin qabaqcıl iş təcrübəsini əks etdirən materiallar, proqramın çətin və mürəkkəb bölmələrinin tədrisinə kömək edəcək metodik göstərişlər, uşaqlarla aparılan tərbiyə işlərinə dair məqalələr dərc olunacaqdır”. Beləliklə, məcmuə oxucuları istiqamətləndirir, onların faydalanacaqlarına təminat verirdi”. M.Mərdanov vurğulayıb ki, məcmuənin ərsəyə gəlməsində və formalaşmasında onun redaksiya heyətinin üzvləri, elmlər namizədləri Muxtar Həmzəyev, Əfşan Qədimbəyova, Məcid İsmixanov, Nüsrət Sadıqov, Əliağa Şükürov, Ziyad Osmanov, Paşa Hacıyev, Məmmədhənifə Musayev, Məsmə Atakişiyeva, əməkdar müəllim Lətifə Qoşqarlı, qabaqcıl müəllim Roza Mehdiyeva, Məhərrəm Səfərlinin əməyi böyük olub. Bir neçə ildən sonra Nağı Günəşli, Əjdər Ağayev, Məhəmməd Baharlı baş redaktorun müavini kimi xüsusi xidmət göstəriblər. Məcmuənin ilk nömrələrindən M.Muradxanov, A.Abdullayev, H.Əhmədov, N.Kazımov, Ə.Həşimov, Ə.Əfəndizadə, C.Əhmədov, B.Əhmədov, Ə.Əlizadə, Ə.Ağayev, V.Xəlilov və başqa görkəmli professorlar öz məqalələri ilə oxucuları düzgün istiqamətləndirib. Təhsil naziri qeyd edib ki, bu gün jurnalda pedaqoji kadrların peşə hazırlığının artırılmasına xüsusi diqqət yetirilir. Müəllimin nəzəri hazırlığını zənginləşdirən, onları müasir yeniliklərlə tanış edən, ayrı-ayrı fənlər üzrə nəzəri hazırlığını yüksəldən, təhsil müəssisəsində psixoloji xidmətin elmi əsaslar üzrə təşkilinə dair məqalələr diqqəti cəlb edir: “Uşaqların sağlamlığının mühafizəsi daim diqqət mərkəzində olmuş, gün rejiminin fizioloji əsasları, şəxsi gigiyena, bədənin möhkəmləndirilməsi, yoluxucu xəstəliklərin profilaktikası məsələləri əhatə edilib. Xüsusi məktəblərin problemləri də jurnalın nəzərindən kənarda qalmır. Jurnalın səhifələrindəki surdo, tiflo, oliqofren pedaqogika ilə əlaqədar məqalələr inklüziv təhsilin elmi əsaslar üzrə təşkilinə yaxından kömək göstərir. Jurnalın səhifələrində görkəmli maarifpərvər, elm və incəsənət xadimləri Nəsirəddin Tusi, Mahmud Kaşğari, Tağı Şahbazi Simurq, Ömər Faiq Nemanzadə, Firidun bəy Köçərli, Rəşid bəy Əfəndiyev, Hüseyn Cavid, Süleyman Sani Axundov, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Abdulla Şaiq, Üzeyir Hacıbəyov, Səməd Vurğun, Mir Cəlal, Mehdi Mehdizadə və başqaları haqqında yazılar müəllim və tərbiyəçilərimizi təhsilimizin, məktəbimizin, elmimizin, incəsənətimizin tarixi ilə tanış edir. Jurnal oxucularını xarici ölkələrin pedaqoji fikir tarixinə dair məlumatlarla da tanış edir. “Yaponiyada məktəbəqədər tərbiyə”, “Almaniya Demokratik Respublikasının məktəblərində”, “Hollandiya və İngiltərədə təhsil” məqalələri, Lev Tolstoy, K.D.Uşinski, Y.A.Korçakın pedaqoji fikirləri haqqında yazılar və sair buna misal ola bilər”. M.Mərdanovun dediyinə görə, 40 il ərzində jurnalın 180 nömrəsi çap olunub. Bu nömrələrdə 850 çap vərəqi həcmində 2400 məqalə dərc edilmişdir. Bu məqalələr müxtəlif sahələri əhatə edib- nəzəri məsələlər 75, yeni pedaqoji texnologiyalar 49, məktəbəqədər təhsil 435, fənlərin tədrisi və qabaqcıl təcrübə 929, tərbiyə məsələləri 311, psixologiya və defektologiya 94, məsləhət 129, uşaqlar üçün 48, görkəmli sənətkarlar haqqında 36, digər məsələlər haqqında 294. Jurnalın baş redaktoru, professor Yəhya Kərimov bildirib ki, gələcəkdə jurnalda tərbiyəçi və müəllimlərin şəxsi təhsilinə, təlim məşğələlərinin, dərslərin, fakültativ kursların təşkilinə, müəllimlərin ilin müəllimi müsabiqəsinə hazırlanmalarına, dərsliklər və dərs vəsaitlərinin təhlilinə həsr olunan məqalələrə geniş yer veriləcək: “Jurnalın redaksiya heyəti çalışacaq ki, jurnal təhsil islahatının müvəffəqiyyətlə həyata keçirilməsi, Təhsil Nazirliyinin əmr, sərəncamlarına əməl olunması, məktəbəqədər və ibtidai təhsil sahəsində arzuların doğrulması, bütövlükdə təhsil sistemimizin çiçəklənməsi sahəsində ləyaqətlə fəaliyyət göstərsin”. Tədbirin sonunda jurnalın baş redaktoru və əməkdaşları fəxri fərmanla təltif ediliblər. Sevinc QARAYEVA




15.02.2011     Çap et  Çap et