525-ci qəzet

“Nə xoşbəxt imişəm bir zaman, Allah...”


 
Bu yaxınlarda Elza Kərimin “Nə xoşbəxt imişəm” adlı kitabı işıq üzü görüb. Kitabda çağdaş Azərbaycan poeziyasında silinməz izlər qoymuş, görkəmli şair Əli Kərim haqqında Elza Kərimin – onun ömür-gün yoldaşının xatirələri əks olunub.
E.Kərim şairin uşaqlıq, gənclik, o cümlədən də birgə yaşadıqları on bir illik ailə həyatları ilə bağlı maraqlı və kövrək xatirələrini qələmə alıb. Hər birimiz onu istedadlı bir şair kimi tanısaq da, Elza Kərim şairin oxucularına bəlli olmayan tərəfləri haqqında da dəyərli məlumatlar verib. Əli Kərimin uşaqlıqdan musiqiyə, rəsm çəkməyə və idmana böyük həvəs göstərdiyini, bu sahələrdə də yüksək istedada malik olduğunu qeyd edib.
Həyat yoldaşı Əli Kərimin məlahətli səsinin Xan Şuşinskinin səsinə bənzədiyini, onun tez-tez T. Quliyev və Rəsul Rzanın “Gedər bu gözəllik, sənə də qalmaz” mahnısını, muğamlarımızı ifa etdiyini yazır. Şairin gözəl rəsmlər çəkdiyini və şəraitsizlik üzündən bu rəsmləri qoruyub saxlaya bilmədiyini qələmə alır.
E. Kərim Əli Kərimin məktəb illərindən Zəkəriyyə adlı bir qızı sevdiyini, hətta o qıza bir silsilə şeir də həsr etdiyini yazır: “Nə yazıq ki, o gözəl qız nəinki Əlini sevmədi, ona heç vaxt ümid də vermədi. Əlinin bu məhəbbəti platonik olaraq qaldı. Təbii ki, bu duyğu onun şair kimi yetişməsində də öz rolunu oynamamış deyil”.
Kitabda E. Kərimin şairlə ilk tanışlığı, məhəbbət xatirələri də öz əksini tapıb. O, yaşadıqları kiçik, darısqal və şəraitsiz mənzillərindəki qısa sürən xoşbəxtliklərinin dəyərini vurğulayır. Ancaq imkansızlıq, günbəgün artan qayğılar və üstəgəl həyat yoldaşının abırı və qüruru onları Əlinin son günlərinə qədər hətta onun vəfatından sonra da uzun müddət ağır həyat yaşamağa məhkum edib. Müəllif mənzil sarıdan çəkdikləri əziyyətləri və Əli Kərimin arzularını xatirələrində belə əks etdirir: “Əli ömrü boyu rahat evi olmasını arzulardı. Yazıçılar üçün inşa edilən nə birinci, nə də ikinci binadan mənzil ala bilmədik. Nəhayət 1967-ci ilin payızında əlacsız qalıb keçmiş Vaqif küçəsindəki binanın yarızirzəmisində 2 otaqlı mənzilə köçməyə razı olduq. Bir görəydiniz, necə sevinirdik. Uşaqların oynamağa, Əlinin isə işləməyə otağı var idi”.
Elza xanım Əli Kərimin sağlığında da, onun vəfatından sonra da hər zaman böyük şairimiz Rəsul Rzanın qayğısını gördüklərini, o dünyasını dəyişəndən sonra isə daima oğlu, xalq yazıçısı Anarın diqqət mərkəzində olduğlarını vurğulayıb. Əli Kərimin yaxşı dostlarının olduğunu qeyd edən müəllif, Fikrət Qocanın, dramaturq Altay Məmmədovun, Cabir Novruzun, Məmməd Əkbərin və başqa yazıçıların, şairlərin isti münasibətlərindən bəhs edir.
Əli Kərimin ailəsinə, xüsusən də övladlarına olan məhəbbətini belə təsvir edib Elza xanım: “Evə gec də gəlsə, yorğun da olsaydı, uşaqları məktəbə özü aparardı. Ətrafımızda maşın yolları çox idi. Əli narahat olurdu”.
Topluda yer alan, Əli Kərimin vəfatı ilə bağlı xatirələr xüsusilə təsirlidir. Elza xanım ölümündən bir həftə əvvəl onun yazı masasının üstündə tapdığı “Vəsiyyət” adlı şeirinin qaralamasını görüb təccübləndiyini, ölümündən bir gün öncə isə ailəvi şəkil çəkdirdiyini və Əli Kərimin bunun onların son şəkilləri olduğunu dediyini qələmə alıb. Vəfalı dostlarının onun “Vəsiyyət” şeirindəki son arzularını həyata keçirdiklərini Elza xanım minnətdarlıq hissi ilə xatirələrində qeyd edib. Şair şeirində belə yazıb:
 
Tabutuma
Bir ağ kağız qoyun
Bir dənə də qələm
Hayıf bu yaşda
Heç nə
Heç nə deməmişəm
Dostlar bir şeir desinlər
İşdi imkan olsa bir dənə də
mahnı çaldırsınlar
Şeirlə mahnının möcüzəsilə
Ayrılmağa çox dəlibir ümidim var....
 
Yaşadığları çətin və iztirablı günlərin indi arxada qalmasına baxmayaraq, bütün bu ağrılı günləri geridə qoya, çiyinlərinə vaxtzıs düşən qayğı və əzabları çəkə bildiyinə özünün də inanmağı gəlmir: “40 ildən sonra bu xatirələri yazarkən, özümü ağır döyüşdən qalib çıxan əsgərə bənzədirəm. O qədər gücsüzəm ki, yaralarıma məlhəm qoya bilmirəm. Əli Kərimlə, ondan sonra onun xatirəsi ilə yaşadığım həyatı xoşbəxt həyat hesab edirəm. Ola bilər bu xoşbəxtliyi neçə illərdən sonra dərk etmişəm. Əli demişkən:
 
Nə xoşbəxt imişəm bir zaman, Allah,
Xəbərim olmayıb bu səadətdən”.
 
GÜNEL
 





11.02.2011     Çap et  Çap et