525-ci qəzet

Şəxsiyyətin əzəməti



Mən ədəbi yaradıcılığıma böyük insan, böyük vətəndaş, böyük ədib və el ağsaqqalı Əli Vəliyev haqqında xatirələrimlə başlamışam. Ömrümün bu ahıl çağında da yazıram, nə qədər əlim qələm tutur, fikirlərim, duyğu və düşüncələrim mənə ögeylik etmir, yenə də yazacam. Şübhəsiz onun 110 yaşı tamam olduğu bu günlərdə heç vaxt seyrçi ola bilməzdim. Axı, mən yazmaya bilmərəm. Çünki xalq yazıçısı, xeyirxah insan Əli Vəliyevin mənə qayğısı, boynumdakı haqq-sayı adi bir yaxşılıq olsaydı, bəlkə də... ancaq onun mənə olan xeyirxahlıqları adilikdən çıxıb, tale qismətimə çevrilib. Başqa yazılarımdan fərqli olaraq bu yazımda Əli Vəliyevi barədə öz xatirələrimi qələmə almıram. Ona görə ki, elə yazılarım dövrü mətbuatda çap olunub və indi də olunur. Bu yazımda mən, 110 yaşlı ədibimiz haqqında bu vaxta kimi dost-tanışlarının, qələm dostlarının dediklərini, yazdıqlarını çox lakonik şəkildə oxucuların nəzər diqqətinə çatdırmaq istəyirəm. Təkcə onu deyə bilərəm ki, Əli Vəliyevin əsərləri indi də yaşayır, həmin əsərlərindəki nəsihətlər, öyüdlər yaşayır, həmin əsərlərin qəhrəmanları – onların övladları yaşayır. Onun qoyub getdiyi irs elə bir zəngin xəzinədir ki, yeni nəsil bu xəzinədən bəhrələnər, görüb-götürə bilir Əli Vəliyev böyük yazıçı olduğu kimi, həm də tanınmış jurnalist və publisist idi. Zamanın ən öndə olan “Kommunist” qəzetinə və “Azərbaycan” jurnalına rəhbərlik etməsi də bu yöndə ona göstərilən böyük etimaddan və inamdan xəbər verirdi. Əli Vəliyev barədə söz söyləyənlərin özlərinin bir çoxu indi haqq dünyasındadır. İndi onlar da xatirələrdə, ürəklərdə yaşayır. Bu sözlər Süleyman Rəhimova məxsusdur: “Mən ötüb keçən günləri, ayları xatırlayanda, bir çox sədaqətli dostlarım içində birinci dostum olan, bu günə qədər çətin sınaqlardan çıxa-çıxa gələn Əli Qara oğlunu görürəm... Əli Vəliyevin şəxsiyyəti onun yaradıcılığıdır, yaradıcılığı da onun şəxsiyyətidir! Necə deyərlər, onun dediyi ilə etdiyinin arasında heç bir uçurum yoxdur.” İsmayıl Şıxlının dediklərindən: “Onun qəlbindəkini dərhal üzündən oxumaq olurdu. Hirsini, qəzəbini, yaxud sevincini gizlədə bilmirdi. Biz ona sadəcə “Əli müəllim” deyərdik. Bir dərdimiz, məsləhətimiz olanda yanına gedər, heç vaxt da məyus qayıtmazdıq. Bircə qəlbinə dəyib küsdürəndə gözünə görünməzdi”. ...Əli müəllim dosta sədaqətli adam idi. Yaşıdları söyləyərdilər ki, bir dəfə Mərkəzi Komitədə Səməd Vurğunun məsələsi müzakirə olunurmuş. Mir Cəfər Bağırov çox qəzəbli imiş və şairə mütləq cəza veriləcəkmiş. Əleyhinə çox çıxışlar olur. Mehdi Hüseyn də çıxış edir və deyir ki, Səməd Vurğun çox istedadlı şairimizdir. Mircəfər Bağırov əsəbləşir və əlindəki topa qələmi xışmalayıb qışqırır.” “Bıl”. Əli Vəliyev yerindən cavab verir: “Yoldaş Bağırov, bıl da, yest da!” İsmayıl Şıxlının yazdığına görə bir dəfə Yazıçılar İttifaqında, restoranda yeyib-içib şuluxluq salan bir neçə nəfərə cəza verilməsi qərara alınarkən, Əli Vəliyev qayıdıb deyir: – Mehdi, xahiş edirəm, cəza alanların siyahısına Cabbar Məcnunbəyovu da əlavə edəsiniz. – Əli, Cabbarın bura nə dəxli var? O ki, bu məclisdə olmayıb. – Bilirəm. Olsaydı, onların hamısından çox içəcəydi. Bu sətirlər isə Rəsul Rzanındı: “Əlini bir insan, bir vətəndaş kimi Böyük Vətən müharibəsinin qaynar günlərində daha yaxından tanıdım. Əli cəbhə mühitində də mərd, cəsarətli, təmkinli bir insan olduğunu dönə-dönə sübut etdi”. Bu sözləri isə bir neçə il əvvəl Qılman İlkinin televiziyadakı söhbətindən eşitmişəm. Nə vaxtsa Yazıçılar İttifaqında ədəbiyyatla bağlı hansı bir məsələ müzakirə olunarkən, yazıçılardan bir Əli Vəliyevin sözlərinə etiraz edib deyir ki, məsələyə düzgün münasibətdə deyilsiniz, ona görə ki, fikriniz bu yöndə Leninin fikirləri ilə üst-üstə düşmür. Elə bu vaxt Əli Vəliyevin dediyi sözlər məclisə su ələyir: “Lenin qələt eləyir, o haranın ədəbiyyatçısı olub”. Məmməd Rahim deyib: “O, dərin köklərlə xalqa bağlıdır. Təsadüfi deyil ki, Mirzə Fətəli Axundov mükafatını ilk dəfə Əli Qara oğlu almışdı”. Mirzə İbrahimovun yazılarından: “Bir yazıçı, bir sənətkar kimi Əli Vəliyevin ədəbiyyatımız qarşısında xidmətləri böyükdür. Onun bədii təfəkkürü, obrazlar silsiləsi, ədəbi dili bütünlüklə xalq dili ilə bağlı idi”. Bu sətirlər isə İlyas Əfəndiyevin yazılarındandır: “Əli tufanların əyə bilmədiyi palıd kimi möhkəm bir adam idi. Xüsusən əlində ixtiyar olanda hamıya, öz yazıçı yoldaşlarına, gənc yazıçılara kömək eləməyə çalışardı. Müharibə vaxtı Bakının keçmiş Voroşilov rayonunda İcraiyyə Komitəsinin sədri işləyəndə yeddi-səkkiz yazıçıya mənzil verdirmişdi. Doğrusu o zaman biz gənc yazıçılar özümüzdən yaşlı şairlərdən, yazıçılardan həmişə iki adamın – Səməd Vurğunla Əli Vəliyevin köməyinə güvənirdik. Çətinliklərə düşəndə onlara müraciət edərdik. Məmməd Araz: “Əli Vəliyev şifahi xalq ədəbiyyatının – ümumən Azərbaycan folklorunun mahir bilicilərindən idi... Onun sinəsi ağı, bayatı, holavarla dolu idi. Bir bənd bayatı desən iyirmisini deyərdi.” Bu sözləsə Mirvarid Dilbaziyə məxsusdur: “Kişi sözü dilimizdə ən yüksək bir məna daşıyır. Mərdlik, cəsarət, doğruluq. Bu keyfiyyətlərə malik olduğu üçün Əli Vəliyevə də xalqımızın Kişi oğlu desək düz yerinə düşər. Əli Vəliyevin bir üzü, bir siması vardı. O, həqiqət naminə danışmaq lazım gələn yerdə, ən çətin, ən mürəkkəb vaxtlarda dəfələrlə bu kişi ləyaqətini göstərmişdi”. Məmməd Arif: “Bizə elə gəlir ki, gənc yazıçı nəslləri Əli Vəliyevin yaradıcılığı yanından ötüb keçə bilməzlər. Özünə məxsus maraqlı xüsusiyyətlə malik olan bu yazıçıdan onlar çox şeyi öyrənə bilərlər”. Bu sözlər Süleyman Vəliyevindi: “Nəcib sifətlərdən, xeyirxah əməllərdən məhrum olan, həyatda heç bir müqəddəs şey anmayan adamcıqları gördükdə Əli Vəliyev kimi nadir şəxsiyyətləri həsrətlə xatırlayırıq, onların qədir-qiyməti bilinir, yeri görünür”. Təxminən 24 il əvvəl Süleyman Ələsgərov yazırdı: “Əli Vəliyev doğma Azərbaycanın gözəlliyini, onun könülaçan yerlərini seyr etməkdən doymazdı. O, Şuşaya vurğun idi. Tez-tez Şuşaya gələrdi, hər dəfə qonağım olardı. Cıdır düzünə, Turş Suya, Şırlanan, şairi, bəstəkarı, müğənnini ilhama gətirən mənzərələrə baxdıqca heyrətlənərdi... Bayram Bayramov isə deyirdi: “Əli Vəliyevin həyat devizi budur: “Ən böyük biclik düzlükdür”. O, həmişə xalqın kəlamına arxalanır, “Doğruya zaval yoxdur” – deyir”. Bu sətirlər də akademik Teymur Bünyadovundur”. Onun geniş sinəsində ürək genişliyi, geniş səxavət qərar tuturdu. Son dərəcə təvazökar şəxsiyyət olan Əli müəllim həm də hamıya can yandıran, qayğı göstərən bir insandı. Sözünə bütöv, əməlinə sadiq. Lakin ərkyana küsməyi də vardı, mərdcəsinə barışmağı da. Hamısı təbii, hamısı – hamısı ürəkdən gələn. Rəfiq Zəka Xəndanın dediklərindən: “1981-ci ildə “Kirpi” jurnalının 16-cı nömrəsində iyirmi bir şair və yazıçı haqda dostluq şarjlarım çıxmışdı. Əli müəllim haqda bu bəndi yazmışdım: Mən Qara oğlu Əli, tərifimi aləm bilir, Çox oğul, çox qız məni öz ruhuna məlhəm bilir. Hər kəsin ki, qəlbi bağlanmış Azərbaycanına, Şübhə yoxdur ki, mənim üslubumu məhrəm bilir! Əzizə Cəfərzadə isə belə xatırlayırdı Əli Vəliyevi: “Əgər Əli Vəliyev haqqında yazsaydım kitabımın adını... böyük hərflə “İnsan” qoyardım. Əli Vəliyev bir yazıçı, bir ictimai xadim, bir jurnalist olmaqla, həm də əsl insan idi...” Qasım Qasımzadənin ağsaqqal ədibimiz Əli Vəliyev barədə dediklərindən: “Əli Vəliyev təkrarolunmaz şəxsiyyət, elə buna görə də təkrarolunmaz yazıçı idi. Onu yaxından tanıyanların hamısı onun barəsində belə fikirdədir... Əli Vəliyevin şəxsiyyəti və təbliğ etdiyi ideyalar arasındakı vəhdət ona ümumxalq hökuməti qazandırmışdı. Yeni nəsil onun həyatından, əsərlərindən çox nümunələr götürə bilər...” Bəxtiyar Vahabzadə yazırdı: “İstər sağlığında, istərsə də ölümündən sonra xalq yazıçısı Əli Vəliyev harda söhbət düşsə, hamı bir ağızdan “çox xeyirxah adam idi” – sözünü söyləyir. Mənə sənətindən, yaşından asılı olmayaraq bir insan haqqında deyilən bu söz min cür başqa təriflərdən üstündür. Mən deyərdim ki, xeyirxahlığın özü də bir növ istedaddır. Çünki xeyirxahlıq, məhz böyük təbiətli insana xas olan keyfiyyətdir”. Daha sonra Bəxtiyar Vahabzadə deyir ki, 1951-ci ildə “Səməd Vurğun lirikası” mövzusunda namizədlik dissertasiyasını müdafiə edən zaman ona və Səməd Vurğunun ünvanına haqsız hücumlar olur. Və o vaxt onu və Səməd Vurğunu müdafiə edən Əli Vəliyev olub. Sonradan Bəxtiyar müəllim Əli Vəliyevə öz minnətdarlığını bildirmək istəyəndə, ondan belə bir cavab eşidir: “Onu bil ki, mən nə səni, nə də Səməd Vurğunu deyil, haqqı müdafiə elədim. Haqqın müdafiəsi üçünsə adama təşəkkür eləməzlər. Çünki hamı belə olmalı, hamı haqqın keşiyində durmalıdır”. Zeynal Xəlilin sözlərindən: “Əli Vəliyev Azərbaycan ədəbiyyatının ən görkəmli, ən məhsuldar, oxucuların ən çox sevdiyi nümayəndələrindən biri, eyni zamanda, xeyirxah, zəhmətkeş vətəndaş idi... Yazıçılıq, vətəndaşlıq Əli Vəliyevin simasında gözəl bir vəhdət təşkil edir”. Əlfi Qasımov: “Əli Vəliyev bir yazıçı kimi oxucularının rəğbətini necə qazanmışsa, bir insan kimi də bir qayğıkeş, mehriban ağsaqqal kimi də hamımızın sevimlisi idi.” Şamil Dəlidağ yazır ki, bir dəfə Yazıçılar İttifaqının plenumunda Səməd Vurğunu idarə heyətinin birinci katibliyindən çıxarmağı səsə qoyurlar. Əli Vəliyevdən başqa hamı respublikanın o zamankı rəhbərinin qorxusundan bu təklifə əl qaldırır. Vəzifəli şəxsin buna acığı tutub deyir ki, Səməd Vurğun yaxşı şair idi, özü-özünü korladı. Əli Vəliyev cavab verir: – Səməd Vurğun yaxşı şair idi, yaxşı şair olaraq da həmişə ədəbiyyatımızın fəxri sayılacaqdır. Fasilə elan olunur. Səməd Vurğunu və Əli Vəliyevi ölkə rəhbəri yanına çağırır. Əli Vəliyevi ətraflı dinlədikdən sonra iclas yenidən toplanır. Elan olunur ki, hələlik Səməd Vurğunu öz vəzifəsində saxlamaq məsləhət görülür. Kim yenidən onun birinci katib seçilməsinə razıdırsa, əl qaldırsın. Bu dəfə Əli Vəliyev əl qaldırmır. Ondan soruşurlar ki, nədən əl qaldırmırsan? O da cavab verir: – Mən Səməd Vurğunun həmin vəzifəyə seçilməsinə qurultayda əl qaldırmışam. Bir də ki, bayaq çıxarılmasına əl qaldırdım ki, indi də seçilməsinə əl qaldıram...” Şəmistan Nəzirli söyləyir ki, 70-ci illərin ortalarında “Vurğun keçib bu yerlərdən” adlı kitabımı heç cür çap etdirə bilmirdim. O vaxt Əli Vəliyevin canyanğısı, ürəkağrısı ilə bu məsələ öz müsbət həllini tapdı. Onun köməkliyi ilə kitabım 1978-ci ilin tematik planına salındı. Ancaq bir müddət sonra dostlarımdan biri mənə dedi ki, kitabım Mətbuat Komitəsində plandan çıxarılıb. Bu barədə Əli Vəliyevə məlumat vermək məcburiyyətində oldum. O da dedi ki, sabah mənə zəng edərsən. Bir gün sonra zəng etdim. – Ə, Şəmistan, – dedi, sənin kitabını plandan çıxardanın gərək yeddi başı olsun. Çox sağ ol ki, vaxtında demisən, bir ac gec desəydin, qanın batmışdı. Get, o dostun kimdisə ona bir yaxşı qonaqlıq ver. O, düz deyirmiş. Dediyin buludları pərən-pərən elədim. Bəli, bu yaxşıların yaxşısı olan, xeyirxah insan Əli Vəliyevin köməkliyi və qayğısı sayəsində mənim ilk “Vurğun keçib bu yerlərdən” kitabım 1978-ci ildə çap olundu”. Əli Vəliyev 1901-ci il fevralın 27-də Zəngəzurumuzun Sisyan rayonunun Ağdü kəndində anadan olsa da, onun gənclik illəri Qubadlıda keçmiş, Qubadlının Mahmudlu kəndində Qumru xanımla ailə həyatı qurmuş, övladlarından Məsud və Sevil bu kənddə dünyamıza göz açmışdı. Elə ona görə də Əli Vəliyev bəzi yazılarında özünü qubadlılı kimi göstərmiş və qubadlılı kimi də tanınmasını məqbul bilmişdi. Şübhəsiz ki, Əli dayını qubadlılı edən onun Qumru xanıma olan böyük məhəbbəti idi. Elə ona görə də o, həyatının sonuna – 1983-cü il fevralın 2-nə kimi kəndimizin xeyrinə-şərinə yaramış, sevinci ilə sevinmiş, kədərinə kədərini qatmışdı. Əli Vəliyev barədə mən də kiçik bir xatirə söyləsəm, elə bilirəm, yerinə düşər. 1970-ci ilin ortalarında ailə həyatı qurduğum gündən bir həftə keçmiş Əli Vəliyevi, Süleyman Rəhimovu, Əlfi Qasımovu, professor Həbib Şirinovu və qohumumuz Qəzənfər Məmmədovu o vaxt Bilgəhdəki evimizə dəvət etdim. Dəvət olunanlar gəlmiş, süfrələr salınmışdı. Lakin məclis başlamamışdı. Əli Vəliyevlə Süleyman Rəhimov qapının girəcəyində qoyulmuş divanda oturub şirin-şirin söhbət edirdilər. Arada Süleyman Rəhimov mənə dedi ki, süfrənin başında sən gəlinlə birgə oturmalısan. Əli dayınla da mən hərəmiz bir tərəfinizdə. Elə bu vaxt dedilər ki, gündüzdən məclisə dəvət etdiyim rəisimiz gəlib. Həyətdədir. Evdən çıxıb onu qarşıladım. O, məclisdə kimlərin iştirak etdiyini bilmirdi. Elə ki, biz otağa daxil olduq, Əli dayıya dedim: – Əli dayı, tanış olun, mənim rəisimdir. Rəisim onlara dilucü salam verib, keçib əvvəlcədən bizim üçün nəzərdə tutulmuş yerdə oturdu. Bu vaxt Əli dayının səsi eşidildi: – Hə, tez yuxarı başa keçməyindən görünür ki, əsl naçalnikdir. Gözlənilməz cavab rəisimizi yaman tutdu. Bir az keçəndən sonra o, diqqətlə məclisi süzüb: – Bağışlayın, Əli müəllim, əvvəl sizləri tanımadım. Elə bildim ki... Nə isə, üzr istəyirəm. Mən burda “vremmeni” oturmuşam. Yerimi tanıyan adamam, – deyib stolun aşağı tərəfinə keçdi. Əli Vəliyev xalq yazıçısı idi. Əslində, bu fəxri adsız da o, xalqın sevimlisinə çevrilmişdi. Çünki xalqın güzaranına, duyğu və düşüncələrinə, adət-ənənələrinə dərindən bələd idi. Yazımın sonunda yadıma 45 il əvvəl qələmə aldığım kiçik həcmli yazılarımı Əli dayıya oxumağım düşdü. O vaxt axıra kimi qulaq asdı mənə və sonda qayıdıb dedi: “Sənin yazılarında nəsə var. Məsləhətim budur ki, bütün yazılarında səmimi ol, xalqın dilində yaz. Elə yaz ki, sətirlərində məhəbbətin də, nifrətinə bəlli olsun, elə yaz ki, bu yazılara ehtiyac olsun, oxucuların imzanı soraqlasınlar. Bir də elə yaz ki, səni anan Səlbicahan da başa düşə bilsin”. Əli Vəliyevin həmin sözlərini həmişə qulağımda sırğa eləmişəm və ürəyimdə böyük bir əmanət kimi yaşatmağa çalışmışam. Əmanət də ki, Allah əmanətidir, ona xəyanət etmək böyük günahdır. Çağdaş zəmanəmizdə insanlar arasında arxa durmaq, dayaq olmaq, əl tutmaq, könül şad etmək, bir sözlə xeyirxahlıq göstərmək kimi mənəvi keyfiyyətlərin azaldığı məqamda, Əli Vəliyevlərin azlığından ağsaqqal-qarasaqqal bilinmir, böyük yerdən dəm vuranların sayı isə gündən-günə çoxalır. İndi Əli Vəliyev kimi kişilərin yeri yaman görünür. Allah sənə rəhmət eləsin, Əli dayı.
Elbrus ŞAHMAR




Mənbə: Elbrus ŞAHMAR 10.02.2011     Çap et  Çap et