525-ci qəzet

Milli dəyərə çevrilmiş adlar: vətən, millət və ədəbiyyat sevdalısı Əli Yusifzadə



Filologiya elmləri doktoru, professor Nazif Qəhrəmanlı Azərbaycanın görkəmli ictimai-siyasi xadimlərindən biri, şair və publisist Əli Yusif (Yusifzadə, 1900-1937) haqqında kitab yazıb. Kitabda Əli Yusifin həyatı, yaradıcılığı, təhsili (Əli Yusif Cümhuriyyətin xaricə ali təhsilə göndərdiyi 100 nəfərdən biri idi, uğurla təhsilini bitirib vətənə qayıtmışdı), 20-ci illərdə çalışmaları, rus işğalına qarşı gizli mübarizəsi, sürgün həyatı haqqında, dövri mətbuat və arxiv sənədləri barədə geniş məlumat verilib. Kitabda Əli Yusifin şeirlərinin və məqalələrinin mühüm qismi ərəb əlifbasından transfoneliterasiyada ilk dəfə təqdim olunub. Bu araşdırmada, Şuşadan çıxmış Yusifzadələr nəsli, xüsusən Əli Yusifin atası, məşhur müəllim, tərcüməçi və jurnalist Mirzə Cəlal Yusifzadə, Əlinin qardaşı professor Alim Yusifzadə haqqında da bilgi almaq mümkündür. Bu maraqlı kitabdan parçaları oxucularımıza təqdim edirik.


YUSİFZADƏLƏR NƏSLİ

Qarabağ torpağının ən məşhur nəsllərindən biri Yusifzadələr nəslidir. Bu soyla bağlı araşdırma aparmış tədqiqatçı Ənvər Çingizoğlunun fikrincə bu nəslin başçısı və ilk məşhur şəxsiyyəti Mirzə Ağa Yusif olmuşdur. O, İbrahim xanın sarayı ilə bağlı olan alim və şair kimi şöhrətlənmiş, Qarabağda və Şuşada sözü keçən şəxslərdən sayılmışdır.
Mirzə Ağa Yusifin oğlu Mirzə Əliqulu, Mirzə Əliqulunun oğlanları Mirzə Ələkbər və Mirzə Abbas da görkəmli şair və alim olmuşlar. Bu nəslin nümayəndələri haqqında məlumatlara Qarabağ təzkirəçi alimlərindən M.A.Müctəhidzadənin və M.M.Nəvvabın əsərlərində də rast gəlirik.
Mirzə Ağa Yusifin iki oğlu, Hacı Mirzə Ələkbərin beş oğlu olmuş, Mirzə Cəlalın iki oğlu, Alimin bir oğlu olmuşdu. Yalnız Əli Yusif (əsil adı Ağaəli) daimi həbslər üzündən evlənə bilməmiş, buna görə də ona övlad nəsib olmamışdı.
Alim Yusifzadənin atası və ailəsi haqqında xatirə tipli məlumatında deyilir ki, ulu babası knyaz oğlu Yusif papaqçılıq etməsinə baxmayaraq oğul və nəvələrinə savad öyrətməyi tövsiyə edibmiş.
O, bu nəsildən iki şaxənin Mirzə Ələkbər və onun qardaşı Mirzə Abbasdan başlayan nəslin ayrıldığını xüsusi vurğulayır. Mirzə Abbasdan iki oğlu (Hacı Mirzə Əbdüləli və Mirzə Bəşir), Mirzə Ələkbərdən isə beş oğul (Cavad, Cəlal, Camal, Cabbar, Səttar) və iki qız (Münəvvər və Sitarə) olmuşdur. Mirzə Əbdüləlinin də həyat estafetini iki oğlu (Rəşid və Abbasqulu) və iki qızı (Ziba və Zümrüd) davam etdirmişdi.
Hacı Mirzə Ələkbərin üç oğlu (Cəlal, Camal, Səttar) müəllimliklə məşğul olmuşdur. Yalnız böyük oğul Cavad babası Yusifin papaqçılıq sənətini davam etdirmişdir. Məhəmməd ağa Müctəhidzadə “Riyazül aşiqin” əsərində yazır ki, “Hacı Mirzə Ələkbər zəmanəsinin bilikli alimlərindən olub müəllimliklə məşğul idi” .
Yusifzadələr nəsli ruhanilər nəsli, alimlər nəsli, şairlər nəsli hesab olunur. Eyni zamanda bu nəslin nümayəndələri xalqımızın ağır tale dövrlərində xalqın xilası, düşmənlərə qarşı mübarizəsi, istiqlal hərəkatında iştirak ediblər. Məsələn, Mirzə Cəlal Yusifzadə Zaqafqaziya seyminin işində (1918) Müsavat və demokratik bitərəflər qrupunda təmsil olunmuş, həmin siyahıda 28-ci şəxs olmuşdur.
Mirzə Cəlal Yusifzadə xalqımızın bir çox görkəmli övladları ilə tanış idi, onlarla şəxsi və yaradıcı əlaqə saxlayırdı. 1920-ci ilin payızında N.Nərimanov Şuşaya gələrkən o, Mirzə Cəlalla görüşmüş, onunla söhbət etmişdi. Alim Yusifzadə öz xatirəsində yazır: “Güman etmək olar ki, Nəriman Nərimanovla aparılmış söhbətdə xalqın savadlanması və maarif məsələlərinin həlli mühüm yer tutmuşdur. Təsadüfi deyildir ki, həmin görüşdən sonra Mirzə Cəlal Qarabulaq (Qaryagin, indi Füzuli şəhəri) qəsəbəsinə, müəllim hazırlığı kurslarında işləməyə dəvət edilmişdir”.
Yusifzadələr xalqın taleyüklü günlərində həmişə irəli çıxmış, fədakarlığa və qəhrəmanlığa həmişə hazır olmuşlar.
Mirzə Cəlalın qardaşı Mirzə Cəmal Yusifzadə ondan iki yaş kiçik olub, Qaryagində “Difai” təşkilatının fəaliyyətində mühüm rol oynamışdır. Əli Yusifzadə Azərbaycanda Paris siyasi elmlər məktəbini qurtaran iki şəxsdən biri idi. O, 1918-ci ildə Şuşa Milli Komitəsinin rəhbərlərindən biri olmuş, türk qoşunlarının Qarabağa çağrılması üçün danışıqlar aparmış, Azərbaycanda ADR hökumətinin yaranmasında fərqlənmiş, Sovet dövründə gizli Müsavat partiyasının fəaliyyətinin istiqamətləndirmişdi.
Yusifzadələr nəslinin ən faciəli fiquru da odur – Əli Cəlal oğlu Yusifzadə (ədəbi imzası Əli Yusif, Əli Yusif Rai). Bu görkəmli insanın həyatı və fəaliyyəti yetərincə öyrənilmə-mişdir. Əli Yusif Azərbaycan tarixinin kifayət qədər təkrarsız, unikal, orijinal və parlaq şəxsiyyətlərindən biridir. O, Yusifzadələr nəslinin hələlik ilk və son əqidə və vicdan şəhididir. Əli Yusif XX əsrin ilk ali diplomatik təhsil almış bir siyasət adamıdır.
Onun qardaşı Alim Yusifzadə ona bənzəmədi. O başqa yolla getdi. Qardaşının tam əksinə olaraq o, NKVD, DTK işçisi oldu, müharibədə iştirak etdi, sovet kəşfiyyatının bacarıqlı nümayəndələrindən oldu, təhsil və elm sahəsində çalışdı, alim adını elmdə də təsdiqlədi. Doğrudur, o, Ali Pedaqoji İnstitutu bitirdikdən sonra bir müddət Salyanda müəllim işləmişdir.
Alim Mirzə Cəlal oğlu Yusifzadə 1917-ci ilin fevralında doğulmuşdu. Əli Yusif həbs olunarkən onun 8 yaşı vardı (protokolda da Ə.Yusifzadənin kiçik yaşlı qardaş və bacısı olduğu qeyd edilmişdi). 1938-ci ildə hərbi işə keçmiş, Böyük Vətən müharibəsində iştirak etmişdir. O, uzun müddət XDİK (NKVD), DTK orqanlarında xidmət etmiş, İranda, Mancuriyada, Çində və Avropada məsul tapşırıqları yerinə yetirmişdir. Təhlükəsizlik orqanlarında, xüsusən DTK-da məsul işçi, şöbə rəisi olmuşdur. Mirzə Cəlalın ilk həyat yoldaşı Leyla xanım öldüyü zaman uşaqları azyaşlı idilər və o, Əbdüləli əmisinin qızı Ziba xanımla evlənmiş, Ziba xanım uşaqlara həqiqi mənada analıq etmişdir. Ziba xanım 1940-cı ildə vəfat etmiş, Alim müəllimin yazdığına görə köhnə qəbiristanda əri Mirzə Cəlalın yanında dəfn olunmuş, lakin müharibə dövründə qəbirlər dağıdılaraq itirilmişdi.
A.Yusifzadə qeyd edir ki, atası Mirzə Cəlalın ilk nikahdan bir oğlu (Əli Yusifzadə, 1898-1937) və iki qızı (Səhba, 1896-1923; Şəhla, 1900-1959) olmuşdur. Ə.Yusifzadənin doğum tarixindəki fərq diqqəti cəlb edir. Çünki həm istintaq sənədlərində, həm də Cümhuriyyət Ensiklopediyasında (s. 2, Bakı, 2005, səh. 358-359) Əlinin doğum tarixi 1 yanvar 1900-cü il göstərilmişdir. Tədqiqatçılardan A.Çingiz, A.Bayramoğlu, A.Ülvü də bu tarixi 1900 kimi qeyd etmişlər. Ə.Yusifzadənin dəqiq ölüm tarixi (1937) yalnız Ənvər Çingiz oğlunun “Soy” dərgisindəki məqaləsində və Alim Yusifzadənin xatirəsində düzgün qeyd edilmişdir. Tədqiqatçıların bir çoxu Əli Yusifzadənin ölüm tarixini dəqiq bilmədiyindən onu göstərə bilməmiş, Cümhuriyyət Ensiklopediyasında məqalə müəllifi 1926-cı ili göstərmiş, çoxları (elə yazıçı O.Volkov da!) onun Solovkidə aclıqlar zamanı və sürgündə öldüyünü ehtimal etmişlər. Halbuki istintaq işində onun qətlinin dəqiq tarixi vardır – 18 avqust 1937, Daşkənd.
Əli Yusifzadənin 1898-ci il təvəllüd tarixinə gəlincə bu nəsə bir anlaşılmazlıqla bağlıdır. Onu doğum tarixini dəyişməyə nə vadar edirdi? Lakin istintaq mənbələrinin bir neçəsində onun doğum tarixi 1890-cı il kimi göstərilmiş, qeyd edilmişdir ki, onun 36 yaşı vardır (!). Çox ehtimal ki, onun doğum tarixi 1900-cü ilin əvvəlinə düşür. (Əksər sənədlərdə də belədir).
Calal Alim oğlu Yusifzadə 29 noyabr 1950-ci ildə Bakıda doğulmuşdu. 1972-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun (hazırda Azərbaycan Dövlət Neft Akademiyası) Kimya-texnologiya fakültəsini bitirmiş, Azərbaycan SSR Nazirlər Soveti yanında Kimya və Dağ-mədən sənayesində işlərin təhlükəsizliyi üzrə Dövlət Komitəsində sahə mühəndisi işləmiş, 1982-ci ildən Yeni Bakı Neftayırma zavodunda (hazır-da H.Əliyev adına NZ) baş mühəndisin təbiətin mühafizəsi üzrə müavini kimi çalışmışdı. C.Yusifzadə 1990-cı ildən Dövlət Neft Şirkətində böyük mühəndis kimi ömrünün sonunadək işləmişdi. O, 2008-ci ilin noyabrın 16-da Bakıda 58 yaşında vəfat etmişdir.
Onun (oğul və qız) iki övladı vardır. Atasının neftçi ixtisasını davam etdirən oğlu kiçik Alim BP şirkətində, qızı Afaq isə tikinti şirkətlərindən birində çalışır.
Alim müəllimin qızları da atası kimi elm yolu ilə getmiş, elmi nailiyyətlərə və nəticələrə nail olmuşlar.
Aida Alim qızı Yusifzadə (doğulub 16 dekabr 1947) 1970-ci ildə Azərbaycan Tibb İnstitutunu bitirmiş, ordinatura və aspiranturanı Moskvada tamamlamış, 1979-cu ildə orada namizədlik dissertasiyası müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsi almışdır. Onun dissertasiyası yoluxucu xəstəliklərə həsr olunmuşdu və müdafiəsi çox böyük uğurla keçdiyindən Moskvadakı İkinci Tibb İnstitutunda saxlanmış və hazırda orada yoluxucu xəstəliklər kafedrasında çalışır. Ailəlidir və bir qızı var.
Alina da neft sahəsi üzrə mütəxəssisdir, elmlər namizədi, dosentdir. Azərbaycan Neft Akademiyasında dərs deyir.
Calal müəllimlə telefonla bir neçə dəfə söhbətləşmiş, bu nəsllə bağlı ətraflı söhbət etməyi planlaşdırmışdıq. Təəssüf ki, o xəstələndi və biz bu görüşü hey təxirə salmalı olduq. O, isə qəflətən rəhmətə getdi.
Alina xanımla Azərbaycan Neft Akademiyasının işlədiyi kafedrada görüşdük. O, ailələri, atası haqqında öz kövrək duyğularını gizlətmədi. “Atam ağır xəstə olsa da bunu büruzə vermir, xəstəliyini hiss etdirmək istəmirdi. 2001-ci il fevralın 20-də onun 84 yaşını ailəvi qeyd etdik. Mən hər gün 2-3 dəfə ona baş çəkir, döşəkağısını, balışının üzünü dəyişirdim. Martın 23-də onun vəziyyətinin ağır olduğunu görüb işə getmədim. Həmin gün o mələfələri dəyişməyə razı olmadı. Onun ölümü həmin axşam mənim gözlərim önündə oldu. O yalnız bizə onun üçün “Yasin” oxumağı tapşırdı”.
Alina Alim qızı Yusifzadə 14 iyun 1944-cı ildə Bakıda doğulmuşdur. Şəhərdəki 23 saylı məktəbi gümüş medalla bitirmiş və ADNA-nın Kimya-texnologiya fakültəsinə daxil olmuş, onu müvəffəqiyyətlə tamamlamış, 1967-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. 1968-ci ilin fevralından həmin institutda dərs deyir, “Neftin, qazın kimyası və emalı” kafedrasının dosentidir. 85 elmi əsəri vardır. Əsərləri təkcə Azərbaycanda deyil, Moskva, Sankt-Peterburq, habelə Almaniya mətbuatında çap olunmuşdur. Alina xanımın hazırladığı elmi kadrlar və aspirantlar sırasında Yəmən, Banqladeş, Hindistan və Mavritaniyadan olan mütəxəssislər də vardır.
Yusifzadələr nəslinin nümayəndələri arasında Qori seminariyasının məzunu, Moskva və Leninqrad Univer-sitetlərində təhsil almış, çoxlu xarici dilləri bilən ziyalı insanlar olmuşdur. Təkcə Mirzə Cəlalın deyil, onun qardaş və bacılarının övladlarının əksəriyyəti ali təhsil almış, elm və təhsil sahəsində çalışmışlar və çalışırlar.
BİR YETİMİN LİSANINDAN
XX əsrin əvvəli Azərbaycan ictimai, fəlsəfi və bədii fikrində görkəmli şəxsiyyətlərin, bədii istedadların, siyasi xadimlərin çox sayda meydana çıxması ilə əlamətdardır. Universal yaradıcılıq ampluasına malik Cəfər Cabbarlı, Əli Yusif, Ümmgülsüm, Mirzə Bala Məmmədzadə, Əbdül Vahab Məmmədzadə və b. istedadlı gənclərin meydana çıxması, həm bədii söz meydanında, həm də siyasət sahəsində fəal özünütəsdiqi ilə müəyyənləşir.
Şair, publisist, istiqlal mücahidi olan Əli Yusif Mirzə Cəlal oğlu Yusifzadə (1900-1937) bu dövrün yaradıb formalaşdığı ən istedadlı gənclərdən biri idi. O, 11 yaşında yaradıcılığa başlamış, 18 yaşında Ənvər Paşa ilə danışıqlar apararaq onu Şuşaya dəvət etmiş, Parisdə təhsil almış, Solovkidə müsavat aclıqlarının təşkilatçısı olmuşdur.
Əli Yusif haqqında şair kimi daha çox bəhs olunmuşdur. Tədqiqatçı Abbas Çingiz, araşdırıcılardan İslam Ağayev, Aybəniz Əliyeva, Şamil Vəliyev, Alxan Bayramoğlu, Əflatun Saraclı, Almaz Ülvi, Maral Hüseynova və b. onun tərcümeyi halının bəzi məqamlarından və şair kimi məziyyətlərindən bəhs etmişlər. Əli Yusif haqqında 2004-cü ildə Bakıda buraxılmış Cümhuriyyət ensiklopediyasında da ensiklopedik soraq məlumatı vardır. Təəccüblüdür ki, həmin ensiklopediyada bütün göstəriciləri Əli (Ağaəli) Yusifzadə ilə uyğun gələn başqa bir Ağaəli Yusifzadə (Ağəli Mirzə Cəlal oğlu Yusifzadə, doğulub 1900, Şuşa) haqqında məlumat verilmişdir ki, guya o, 1920-ci ildə ali təhsil almaq üçün Fransaya göndərilmişdir. Fərq yalnız bundan ibarətdir ki, ikinci Ağaəli ali təhsilini texnika sahəsində almaq üçün Mulxuz Politexnik məktəbinə göndərilmişdir (Cümhuriyyət Ensiklopediyası, c. 2, səh. 443). Lakin qeyd etməliyik ki, ikinci ensiklopedik məqalə səhv ucbatından getmişdir. Ola bilsin ki, Əli Yusifzadənin ali təhsil alması üçün əvvəlcə texniki ali məktəblərdən biri nəzərdə tutulmuş, sonra yer olmadığından və ya Əli Yusifin öz istəyi ilə bu təhsil müəssisəsi Paris siyasi məktəbi ilə əvəz edilmişdir.
Bəzi müəlliflər, xüsusən Abbas Çingiz Əli Yusifin yaradıcılığa 1915-ci ildə “Qurtuluş” jurnalında şeirlə başladığını qeyd edirlər. Halbuki Əli Yusifzadənin ilk şeir, hekayə və tərcüməsi 1911-ci ildə “İşıq” jurnalında çap edilmişdir.
O, yaradıcılığa tərcümə ilə başlamışdır. İlk qələm təcrübəsi Krılovdan poetik tərcümə etdiyi “İki kotan” şeiridir. “İşığ”ın 1911-ci il 3-cü sayında (səhifə 8) çap olunmuş bu tərcümənin müəllifi oxuculara belə təqdim olunurdu: “On bir sinnidə realni məktəbin ikinci sinfində təhsilə məşğul olan bir şagirdin Krılovdan mənzun tərcüməsidir”.
Məlumdur ki, Krılovdan ilk tərcümələr hələ XIX əsrdə edilmişdir. Bu tərcümələr ilk dəfə A.Bakıxanov, daha sonra Həsənəlixan Qaradağı və A.Şaiq tərəfindən edilmişdir. XX əsrin əvvəlində edilən ilk tərcümələrdən biri Əli Yusifzadənin tərcüməsidir. Bu tərcümə 11 yaşında uşaq tərəfindən edildiyinə baxmayaraq orijinala yaxınlığı və dilinin səlisliyi ilə diqqəti cəlb edir. (“İki kotan” təmsili Əli Yusifdən iki il sonra 1913-cü ildə Mürşüd Balaqardaş tərəfindən tərcümə və çap edilmişdi).
“İşıq” məcmuəsində Əli Yusifin orijinal əsərləri də çap edilmişdir. “İşıq” jurnalında şairin “Balıq və pişik” təmsili də çap olunmuşdur (“İşıq”, 1911, №15, səh. 7). Əsərdə nağıl olunur ki, bir gün balıq da pişik kimi siçan ovuna getmək istəyir və bu məqsədlə məstan pişiyə müraciət edir. Hər ikisi öz igidliklərindən bəhs edir, pişik onu siçan tutmaq üçün zirzəmiyə aparır. Onlar ambara girən kimi – balığın başına bir daş düşüb onu yaralayır, pişik isə bir siçanı pusub onu tutub yeyir. Əsərdən çıxan nəticəni şeir aşağıdakı məna ilə bildirir:
Hər kəs bilmədigi işə yapışır
Görmədigi bəlalarla tapışır.
“Balığ və pişik” təmsili 11 yaşlı uşaq şairin yaradıcılıq məhsulu olsa da o, əsərin mərkəzinə ibrətamiz bir ideya (balığın pişik yerişi ilə yerimək istəməsi) qoya bilmiş, münaqişəni həll edə bilmişdir.
“Anaların təfavütü” hekayəsi (“İşıq”, 1911, №26, 27 avqust, səh. 6) folklor süjeti mövzusundadır. Əsər sırf ağız ədəbiyyatı ilə yazılı ədəbiyyatın fərqini aydınlaşdırmaq məqsədi daşıyır. Burada müəllifin dilindən qoca nənənin nağılları, dərvişin (dərvişlərin) nağılları və kitabdan öyrənilən nağıllar fərqləndirilir. Əsərin məzmunundan aydın olur ki, o tərcümeyi-hal xarakterlidir. Hər gün qoca nənəsi ona Falay dayının qara divi öldürməsini, ağ divin qarnını yırtmasını, dəyirman daşından əmud qayırmasını söyləyir. İkinci gün başqa nağıllar danışır. Qəhrəman ikinci halda dərviş nağıllarına aludə olur və bu, onun atasını narahat edir. Atası onu məktəbə qoyur. Oğlan oxuyub yazmaq öyrənəndən sonra qiraət kitabından müxtəlif əhvalat və hekayələri öyrənməyə başlayır.
Bu kitabda dörd yaş yarımlıq Əhmədə nənəsinin söylədiyi nağıl da öz əksini tapır. Artıq burada nənəsi Əhmədə divlərdən deyil, həzrəti Adəmdən, Sultan Məhəmmədin İstanbulu almasından, Amerikanın kəşf olunmasından söz açır. Əgər əvvəlki nənə öz nağıllarını öz ata-anasından eşitdikləri əsasında qururdusa bu dəfə nənə (yəni Əhmədin nənəsi – N.Q.) öz nağıllarını kitabdan oxunanlar əsasında qurur. Beləliklə, ibrətamizlik, miflərdən reallığa doğru inkişaf bu əsərdə izlənilmiş əsas meyllərdəndir.
Şuşa realni məktəbinin ikinci sinif şagirdinin “İşıq”la əməkdaşlığı faydalı oldu. O şeir və hekayədə, publisistik janrlarda da öz gücünü və məharətini sınadı.
1913-cü ilin fevralında “Məktəb” jurnalında Əlinin daha bir şeiri çap olundu. “Vətənim” adlı bir şeir on üç yaşlı bir uşağın artıq böyüklərlə bir cərgədə addımladığını göstərirdi. O, bu şeiri ilə əsas mövzulardan birini tapdı, doğma vətənin aşiqi oldu. Burada o, vətənini möhtərəm validəyə (yəni anaya) bənzədir və yazırdı:
Vətənim, valideyi-möhtərəməm,
Səni bir ləhzə fəramuş edəməm.
Unutarsa vətənim bir kəs əgər,
Həqq yanında o böyük cirm eylər.
1905-1909-cu illər arasında A.Şaiqin, A.Səhhətin Vətən haqqında yazdıqları şeirlərin Əlinin vətən düşüncəsinə güclü təsiri olub.
1915-ci ildə “Qurtuluş” jurnalı özünün 2-ci nömrəsində “Qürub çağı bir yetimin məhkumluğu” mövzusunda istər şeir, istərsə də nəsr əsərinin yazılması üçün müsabiqənin açıldığını bildirir və deyirdi: “Qürub çağı bir yetimin məhkuməsini istər şeirə, istərsə nəsrə təsvir edə biləcək şəxs idarəmiz tərəfindən bir yıllıq abunəmizlə Sabirin “Hophopnamə”sini alacaq”.
Jurnalın məlumatlarından aydın olar ki, həmin müsabiqədə C.Cabbarlı, Ümmgülsüm, Əli Yusifzadə mükafatlara layiq görülmüşlər. Əli Yusifin “Qüruba qarşı bir yetimin lisanından” şeirində real fonla yanaşı romantik hisslərin çulğaşdığı süjetli lirikanın konkret nümunəsi yaradılmışdır.
“Qüruba qarşı bir yetimin lisanından” – anasını erkən itirən azyaşlı uşaqla anası arasında son mükaliməni əks etdirir. Ana ilə oğulun vidalaşma prosesini batan günəşin qürubu müşaiyət edir. Dərin hissiyyatla yazılmış şeirdə ana qaralan günəşlə müqayisə olunmaqla bərabər, uşağın ruhu sınıq və bərbaddır. Çünki anası onu tərk edib əbədilik gedir.
Bu günəş kim qararıbdur batacaq
Andırır ah mənim validəmi.
Qara torpaqda onun tək yatacaq.
Fəqət olmaz bu onun tək ədəmi
Yenə gün şövqilə artıq gediyor
Bizə bir sübh səfa vəd ediyor...
Andırır ah o birəng ziya
Annəmin son kəlamətini...
Ah, yavrum, səni artıq atıram,
Bax günəş tək qararıb da batıram.
Səni öz bəxtinə bax tərk edirəm,
Gəl, yüzündən öpüm ki, mən gedirəm.
Ə.Yusifin şeiri “Qurtuluş” jurnalının 1915-ci il 4-cü nömrəsində çap edilmişdir. Şeirin ardı 5-ci nömrədə çap olunmalı imiş, lakin məcmuənin növbəti nömrəsi çıxmadığından şeir bütünlüklə çap olunmamışdır.
Əli Yusifin şeiri demək olar ki, tərcümeyi-hal xarakterlidir. Məlumdur ki, o beş yaşında olarkən anası Leyla xanım vəfat etmiş, atası yenidən, bu dəfə Ziba xanımla evlənməli olmuşdur. Lakin anasının erkən ölümü onu uzun müddət sarsıtmış, onu ana haqqında düşüncələrə qərq etmişdi.
“Qurtuluş” jurnalından alınan mükafat Əli Yusifin ilk və son mükafatı oldu. Doğrudur, Azərbaycan Xalq Cümhuriyyəti illərində Əli Yusif öz həmkarları C.Cabbarlı və Ümmgülsümlə birgə mətbuatda şeir və məqalələrlə çıxış etmişdir. O həmin adamlarla, eləcə də Seyid Hüseynlə birgə “Yaşıl qələm” cəmiyyətinin, daha sonra “Ədəbiyyat cəmiyyəti”nin işində fəallıq göstərmişdi.
“Qüruba qarşı bir yetimin lisanından” şeirində Əli Yusif ilk dəfə olaraq Rai, yəni çoban imzasını işlətmişdir. Məlumdur ki, Əli Yusifin 1918-1920-ci illərdə yazılmış bəzi seirləri də Əli Yusif Rai imzası ilə çap olunmuşdur (“Getmə”, “Qonaqlara” və s.).
Doğrudur, çarizmin çökməsi ilə başlanan siyasi hadisələr gənc Əli Yusifin də düşüncəsinə yeni ovqat, yeni qayğılar gətirdi. O milli hərəkata qoşuldu və Azərbaycan xalqının milli-azadlıq hərəkatında iştirak etdi. Azərbaycanın görkəmli istiqlal xadimlərini, xüsusən Məmməd Əmin Rəsulzadəni, Nəsib bəy Yusifbəylini, Əhməd Cavadı, Mirzə Bala Məmmədzadəni, Cəfər Cabbarlını, Dadaş Həsənovu və başqalarını yaxından tanıdı. 1917-ci il onun həyatında, təzəcə orta təhsili tamamlamış bir gəncin həyatında böyük bir iz buraxdı. İkinci dünya müharibəsinin sonunda Türkiyədən Qafqaza gələn qaçqınlar çoxaldı. Bu zaman xüsusən Qars, Ərdəhan qaçqınlarına köməklə əlaqədar xeyriyyə cəmiyyətləri təşkil edildi. Bu qəbilli cəmiyyətlərin təşkilində Bakı milyonçuları və Azərbaycan ziyalıları fəal iştirak etdilər. 1917-ci ildə həmin xeyriyyə cəmiyyətlərinin xətti ilə “Qardaş köməyi” adlı bir məcmuə də buraxıldı. Bu məcmuədə şeir, hekayə, məqalə müəllifləri sırasında Ə.Cavad, Ş.Əfəndizadə, S.Hüseyn, M.Ə.Rəsulzadə, Əli Yusif Rai və başqaları var idi. Bu kitabda “Qonaqlara” adlı şeirlə çıxış edən Əli Yusif Rai Qoca Qafqazdan “mərhəmət qucağın açmağı”, bu dəfəki qonaqların əvvəlkilərdən fərqləndiyini, çoxusunun yaralı, qanlı, çabalayan qadınlar, uşaqlar və qocalar olduğunu göstərir. Cavanlar, dəliqanlılar şəhid olmuş, əlsiz-ayaqsızlar isə çətinlik qarşısında qalıb vətəni tərk etmişlər. Bu qonaqlar taleyin didərgin saldığı, “bəlaların çulğaladığı” yerlərdən gələn qonaqlardır.
Qoca, cocuq, qadın, yaralı, ölən
Allah, allah, bu ki, bir diri mədfən!
Nerdən gəlirsən, ey allah qonağı?
Səni yaralamış düşmən yarağı.
Ey qoca türk, nə gəzirsən bu dağı?!
Kimdən qaçıb, kimə olmuşsan yağı.
Yarın günəş doğar dağlar dalından
Hər şey gülər, oyanar, olur şadiman.
Əli xeyriyyəçilik, xeyirxahlıq ruhunu sonralar müsavatçı dostları, müsavatın liderləri ölkədən dərbədər düşəndən sonra da davam etdirmişdi. O, istintaqa verdiyi ifadələrdə də bunu etiraf etmiş və demişdi ki, bu iş üçün xüsusi komissiya yaradıblar, həbsdə olan müsavatçıların ailələrinə kömək ediblər.
SON SÖZ ƏVƏZİ
Solovkiyə sürgün olunan insanların (Əli Yusifzadə ilə eyni vaxtda – red.) taleyi necə oldu?
Onların bir qismi elə Solovkidə şaxtaya, soyuğa, düşərgə rejminin ağırlığına dözməyərək həlak oldular.
Bəziləri aclıq aksiyaları zamanı canını tapşırdı. Qori seminariyasının məzunu, müəllim Əlövsər Nəcəfov və hərbçi İbrahim Axundzadə aclıq zamanı, hərbçi Xasay Kərimzadə, həkim Cahangir Ağayev xəstəlikdən ölmüşlər.
Bir qismi vətənə qayıtdı. 1933-də Bakıya qayıdan alovlu mübariz Rəhim bəy Vəkilov təqib və gözümçıxdılara dözmə-yərək özünü öldürdü. O guya evdə məktub qoyaraq özünü Kürə atıbmış... Bəlkə bu heç intihar deyil, zorakı qətl aktı idi...
1937-ci ildə qayıtmış insanların böyük qismi yenidən repressiya olundular, çoxu ən ağır cəzaya – güllələnməyə məhkum edildilər. Onların on nəfəri 1937-ci il iyulun 28-də güllələndi. Bəziləri sürgündən sürgünə göndərildi: Əbdülrəhman Dai, Əli Yusif, Nəsrulla İsrafilzadə kimi.
Əli Yusifi (Yusifzadəni) ölüm Daşkənddə haqladı.
İlk sürgün insanlarından biri, hələ tələbə ikən Solovkinin dadını bilmiş Qurban Musayev (Musazadə) 1982-ci ildə Bakıda vəfat etdi.
Sürgün olunmuş ilk dram aktyoru İbrahim Azəri (Atakişiyev) 1969-ci ildə Bakıda dünyasını dəyişib.
1927-ci ildə sürgünə göndərilmiş, 1937-ci ildə yenidən 10 il sürgünə göndərilən şair və vətənpərvər Müin Niyazi 1967-ci ildə Bakıda vəfat edib.
Rus yazıçısı Oleq Volkovun böyük məhəbbətlə söz açdığı Qarabağdan olan müəllim Mahmud Məmmədov 1930-cu illərdə Azərbaycana qayıtmış, sonrakı taleyi məlum deyil.
(Mədinə Qiyasbəyli özünün istintaq işində Mahmud müəllimlə
1933-də Bakıda görüşdüyünü söyləyir).
Əli Yusifzadənin taleyi qəribə oldu. O, 1927-ci ildə də gizli mübarizə dostları Dadaş Həsənov, Mövsüm İbrahimov, Cavad Axundov, Mir Bağır Seyidrzayevlə birlikdə güllələnə bilərdi. Belə ki, yerli GPU 14 nəfərə güllələnmə tələb etmişdi: onların içərisində Əli Yusifzadə də vardı...
O Solovki aclıqlarında, dəhşətli soyuqlardan və işgəncələrdən ölmədi; Sovet represiya maşınının keçirdiyi növbəti “təmizləmə” əməliyyatının qurbanı oldu.
Yeri gəlmişkən Oleq Volkov 1996-cı ildə Moskvada 96 yaşında vəfat edib. Solovki məhbusları içərisində ən çox yaşamışı odur. Qəribədir ki, Əli Yusifzadə də O.Volkov kimi 1900-ci ilin yanvarında anadan olub, amma ondan az qala üç dəfə az yaşayıb.
Akademik Dmitri Lixaçov 2 oktyabr 1999-cu ildə Sankt-Peterburqda 93 yaşında vəfat edib.
İnquş hərbçisi və yazıçısı Sozerko Malsaqov 1976-cı ildə Londonda vəfat edib.
Solovkiyə səfərindən cəmi 7 il sonra, 1936-cı ildə böyük proletar ədibi adlandırdıqları Maksim Qorki Moskvada vəfat etdi. Elə o vaxt onun zəhərlənməsi haqqında xəbərlər yayılmışdı.
Solovki həbs düşərgəsi 1939-cu ildə M.Qorkinin qudası L.P.Beriyanın SSRİ Təhlükəsizlik Komissarı olduğu vaxtda ləğv olunub.
Bəs cəza verənlərin aqibəti necə oldu? 1929-cu ilin fevralında Azərbaycan BSİ rəisinin müavini S.İ.Qorobçenko, Şərq şöbəsinin gizli əkskəşfiyyat bölməsinin müdiri A.M.Nazarov, Şərq şöbəsinin müdiri K.S.Jukov, həmin şöbənin əməliyyat müvəkkili Moroz həbs edildilər. Müsavatçılara və ittihadçılara qarşı xüsusi qəddarlıq göstərmiş bu adamların qudurğanlığı o dərəcəyə çatmışdı ki, restoranların birində yaxşı yeyib-içəndən sonra elə orada istirahət edən bir qrup vətəndaşla dava salmış, onları birbaşa QPU-nun zindanına aparmışdılar. Bu bir yana dursun, Qorobçenko onlardan biri Rəhim Sultanovu elə oradaca güllələmişdi. Zərərçəkənlər də Moskvayacan getmiş, bu azğınların özbaşınalığından şikayət etmişdilər. Nəticədə onların hər biri layiqli cəzasını aldı və müxtəlif müddətlərə sürgün olundu. Bunlar o şəxslərdir ki, Azərbaycan ziyalılarına zülm edir, onları dəstə-dəstə Solovkiyə göndərirdilər. “Su çanağı suda sınar” deyiblər. Xatırladaq ki, cəza verənlərin əksəriyyətinin dörd sinif təhsili vardı, amma sürgünə göndərilənlərin çoxu ali təhsilli, savadlı və ziyalı insanlar idi.
Cəza verənlərin siyahısında böyük və məsul vəzifə tutanların da aqibəti diqqəti çəkir. 1920-ci ildən ÇK-QPU-ya rəhbərlik edənlərdən biri, 1924-cü ildən bu cəza orqanının sədr müavini, 1934-1936-cı illərdə isə SSRİ Xalq Daxili İşlər komissarı Henrix Yaqoda çox cinayətlər törətmişdi. ÜK(b)MK Siyasi Bürosunun 31 mart 1937-ci il tarixli 45 saylı qərarında Yaqoda dövlət əleyhinə və s. cinayətlərdə ittiham edilir və deyilirdi ki, “Siyasi Büro onun partiyadan və MK-dan çıxarılımasını zəruru hesab edir. Partiya üzvlərinin nəzərinə çatdırılırdı ki Yaqodanın bir gün belə azadlıqda qalması təhlükəli olduğundan onun dərhal həbsi haqqında sərəncam verilsin”. Lakin Siyasi Büronun daha 2 qərarından sonra Yaqoda 1937-ci il aprelin 3-də həbs edildi və 1 il sonra güllələndi. Onun işinin davamçısı olan Nikolay Yejovun da komissarlıq müddəti uzun sürmədi (1936-1938). O əvvəlcə SSRİ Su Nəqliyyatı naziri vəzifəsinə göndərildi, 1939-cu ildə həbs edildi və 1 il sonra güllələndi. Cənubi Qafqazda kütləvi cəza tədbirlərinin təşkilində və icrasında böyük rol oynamış, 1938-1945-ci illərdə SSRİ Xalq Daxili İşlər Komissarlığına başçılıq etmiş Lavrenti Beriya da Stalinə çox yaxın bir adam kimi tanınırdı. Lakin Stalinin ölümündən sonra o da öz payını aldı, 1953-cü il dekabrın 23-də SSRİ Ali Məhkəməsinin Hərbi kollegiyasının marşal İ.S.Konevin sədrliyi ilə keçən iclası ona ölüm hökmü kəsdi və hökm dərhal icra olundu.
Layiqli cəza alanlar sırasında bir nəfər də var: bu adam daşnak, amma 1919-cu ildən bolşevik partiyasına soxulmuş Apresyan Derenik Zaxaroviçdir (1899-1939). 1927-1938-ci illərdə təhlükəsizlik sistemində xidmət etmiş həmin şəxs 1937-1938-ci illər arasında Özbəkistan SSR Xalq Daxili İşlər Komissarı olmuşdur. Şübhəsiz Ə.Yusifzadənin qətl edilməsində bu “çekistin” müstəsna əməyi vardır. Qəribədir ki, bir il sonra özü də həbs edilib, güllələnən bu daşnak indiyəcən bəraət almayıb.
Görkəmli şair, publisist, istiqlalçı və mücadiləçi olan Əli Yusifzadənin həyatı, yaradıcılığı böyük qəhrəmanlıq örnəyi, şücaət örnəyidir. O qüdrətli bir idealist, yorulmaz milliyyətçi, milli özgürlüyün, idealın, müstəqillik ideyalarının yorulmaz və yenilməz daşıyıcısı idi.
Onun vətənçi, yurdçu, istiqlalçı fikir çırağı 1937-də bir sovet gülləsi ilə söndü. O, Nəsib bəy Yusifbəyli, Fətəli xan Xoyski, Həsən bəy Ağayev, Firudin bəy Köçərli, Xudadad Rəfibəyli və başqa bir çoxları düşmən gülləsinə tuş gələn milli ziyalı və siyasətçilər nəslinin ən güclü və ləyaqətli varislərindən biri idi. O, Əhməd Cavad, Cəfər Cabbarlı, Əmin Abid (Gültəkin), Ummgülsüm, Almas İldırım kimi istiqlal ədibləri arasında da öz guşəsi olan ədəbi şəxsiyyətdir.
Əli Yusifin alovlu şairləri və məqalələri onun işıqlı taleyindən, qiymətli yaradıcı irsindən əbədi xatirədir. Bu şeir və məqalələr dərsliklərə salınmalı, milli istiqlalın nizamnamə və təlimatnaməsi kimi öyrənilməlidir.
Bu qəhrəman öz əməlləri ilə sovet rejiminə qarşı möhtəşəm mübarizəsi ilə sübut etdi ki, onun şeir və məqalələrində qələmə aldığı fikir, əqidə və mətləblər boş və mənasız söz yığını deyil, mili məfkurədir, siyasi əqidədir, həyat-məmat prinsipidir.
Əli Şuşada orta, Parisdə ali təhsil aldı. Avropada qala bilərdi, amma qalmadı. “Mən o solğun çiçəkdən ayrılmam” – dedi. Bununla öz seçimini etdi.
Əli Yusif bizim unudulmuş qəhrəmanlarımızdandır. Onun simasında keçmişdən kül deyil, od almışıq.
Nazif QƏHRƏMANLI






Mənbə: Nazif QƏHRƏMANLI 27.01.2011     Çap et  Çap et