Bu günlərdə Türkiyədə, Ankaranın məşhur “Bengü” nəşriyyatında tanınmış yazıçı Əjdər Olun “Komutanın maymunu” (“Hərbi səhra komandirinin meymunu”) adlı hekayələr kitabı nəşr olunub. 11 hekayənin daxil olunduğu kitabın tərcüməçisi tanınmış türk yazıçısı və tərcüməçisi, son illər müasir Azərbaycan Ədəbiyyatında davamlı və maraqlı tərcümələr edən İmdat Avşardır. Nəşriyyatın və kitabın genel yayın yönətməni Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Dəliöməroğlu, nəşrin koordinatoru “Dünya ədəbiyyatı” jurnalının baş redaktoru Səlim Babullaoğludur. Kitabda müəllif haqda müfəssəl avtobioqrafik məlumatla yanaşı “Tənqid.net” jurnalının baş redaktoru, doktor Tehran Əlişanoğlunun Əjdər Ol haqqında yazısından fraqment, habelə müəllif haqqında “İzvestiya” (Rusiya), “Orta Doğu” (Türkiyə) kimi ciddi nəşrlərdə yer almış rəylərdən parçalar yerləşdirilib. Kitabdakı tərcümələr “Dünya ədəbiyyatı” jurnalının “Azərbaycan ədəbiyyatını təbliğ proqramı” çərçivəsində hazırlanıb. Səlim Babullaoğlunun sözlərinə görə, Əjdər Olun eyni proqram çərçivəsində başqa ölkələrdə də kitabları nəşrə hazırlanır və artıq Polşada “Qrafoman” kitabı çap olunub, rus, gürcü, çex, ukraynalı naşirlər və tərcüməçilərlə danışıqlar gedir.
Oxucularımız üçün maraqlı olacağını düşünərək, İmdat Avşarın kitaba giriş yazısını, həmçinin Əjdər Olla yığcam müsahibəni diqqətinizə çatdırırıq.
Əlinizdəki kitab Azərbaycan ədəbiyyatına 1980-ci illərdə daxil olan və o illərdən bu günə qədər yazdığı şeir və hekayələrlə, elədiyi tərcümələrlə diqqətləri öz üzərində cəmləyən Əjdər Olun Türkiyə türkcəsində nəşr olunan ilk kitabıdır.
Əjdər Ol 1980-ci illərdə ömrünü tamamlamağa və tarixin qaranlıq dəhlizlərində qeyb olmağa başlayan Sovetlər Birliyinin son illəri ilə müstəqil Azərbaycanın ilk illərinə şahidlik edən bir sənətçi. Bu səbəblə bəhsə mövzu olan illər Əjdər Olun hekayələrinin Ana Vətəni sayıla bilər. O eyni zamanda yaşadığı dövrdəki ağrılı ictimai hadisələri, köklü siyasi, iqtisadi, sosial dəyişiklikləri və bu dəyişmə dalğasının sahilə vurub atdığı insanları həqiqi sənətkarlara xas bir duyarlıq və böyük diqqətlə sərf-nəzər edərək yazan bir yazıçıdı. Onun bu kitabı dövründə baş verən gerçək hadisələrdən, həmin hadisələrin şahidi, iştirakçısı olmuş insanlar haqqında müəllifin vaxtında yazılmış hekayələrindən ibarətdir. Azərbaycanın gənc və istedadlı şairi, dostum Səlim Babullaoğlunun tövsiyə və təqdiri, təşkilatçılığı nəticəsində Türkiyə türkcəsinə qazandırdığımız bu kitabda yer alan hekayələr, son 20 ildə qardaş Azərbaycanda baş verən hadisələri yaxından izləyən oxucular üçün həm də tanış, həm də realist mənzərələr təklif edəcəyinə şübhəm yoxdur.
Qardaş Azərbaycan xalqının XXI əsrin astanasında yaşadığı iki böyük sarsıntı var.
Bunlardan birincisi, müstəqilliyə gedən yolda yaşanan qanlı 20 yanvar hadisələri, ikincisi isə müstəqillikdən həmən sonra yaşanan, Azərbaycan xalqını dərindən sarsıdan və təsiri hələ də davam edən Qarabağ Savaşı. Bu hadisələrin birincisi zəfərlə, ikincisi vətən torpaqlarının işğalı, minlərcə şəhid, yüz minlərlə Qarabağlı türkün sürgünü və kədərli bir sonla nəticələnmişdir. Heç şübhəsiz, varlığına yönəlmiş təhdidlər və ağır məğlubiyyətlər,faciələr, millətlərin ruhunda, zəfərdən daha köklü,daha dərin izlər buraxır. Dastanlarımızın qaynağının millət kimi yaşadığımız faciələr olmasının başlıca səbəbi də budur. Bu səbəblə,son illərdə Azərbaycan ədəbiyyatına yön verən-ən usta qələmlərdən ən gənc yazarlara qədər bütün yazıçıların, sənətkarların əsərlərində ən çox dilə gətirilən baş mövzu Qarabağ Savaşı, xüsusən bu savaşın yaratdığı dramatik nəticələr olmuşdur.
Əjdər Olun realist bir təhkiyə və naturalist bir müşahidə içindən süjetə dayalı olmayan, gerçək hadisələri və insanları anladan hekayələrində bəhs etdiyimiz tarixi dönəmlərdə və bu dönəmlərdə yaşanan faciələlərlə dolu ictimai hadisələrin arxa planına, hakim bir zirvədən və geniş bir pəncərədən baxmaq mümkündür.Bir tarixi dövrün inşa ettiyi qaranlıq arxa planin önündəki səhnədə isə Əjdər Olun bəzən dramatik, bəzən tragedik, zaman-zaman isə mizahi bir üslubla ələ aldığı, böyük dəyişiklik dalğasıyla sərt qayalara çırpılıb sahilə atılan Azərbaycan insanı, insanları vardır.
Kitabda yer alan “Hərbi səhra komandirinin meymunu”, “Qəbulda”, “Usta Yusifin kamançası”, “Namiq Abdullayevin axırı”, “Börüsoy” və “Fa” kimi hekayələr son illərdə Azərbaycanda yaşanan fəlakətlər və ictimai dəyişikliyin doğurduğu sosial hadisələrə ədəbiyyat cəbhəsindən tutulan aynanı xatırladır. “Hərbi səhra komandirinin meymunu” adlı əsərdə bir müharibənin arxasını xırdalayan yazar“Qəbulda” və “Fa” əsərlərində o müharibənin cəmiyyətdə əks olunuşunu, fərqli insan sifətlərini göz önünə gətirir. Yazıçı “Usta Yusifin kamançası” və “Börüsoy” hekayələrində oxucuya 70 il sonra çökən vərdiş olunmuş bir sistem yerinə qurulan yeni qaydalara əməl etməyə çalışan insanların düşdüyü qəribə mənzərələri göstərir. Bu hekayələr eyni zamanda Əjdər Olun içində yaşadığı toplumu,o toplumun insanlarını və problemlərini bir sənətkar ustalığı və məsuliyyəti ilə ədəbiyyat aynasından gələcək nəsillərə əks etdirdiyi, ötürdüyü önəmli miras və əsərlərdir.
Əjdər Ol əsərlərində real həyatdan aldığı qəhrəmanları fərqli yönləriylə işləməkdə olduqca bacarıqlı bir hekayəçi. Yazıçı “Şər Nizi”, “Qrafoman”, “Qatillə görüş” hekayələrində işlədiyi tiplər ilə “Namiq Abdullayevin axırı”, “Ölümlə zarafat” və “Börüsoy” adlı hekayələrində gerçək adamları, dəyişən ictimai davranış qəlibləri və insan psixologiyalarını da çox təsirli bir dil və üslub ilə təqdim edir. Hekayələrində dil və üslub baxımından da uğurlu bir mənzərə təklif etməsi, Azərbaycan ədəbiyyat tənqidçilərinin də dediyi kimi “ənənəvi qəliblərlə bərabər çağdaş və dinamik Azərbaycan türkcəsinə vaqif olmasıyla” bağlıdır.
Onun 2010-cu ilin may ayında yekunlaşan bir çox məşhur Azərbaycanlı yazarın da qatıldığı Milli Kitab Müsabiqəsinin əsas qaliblərindən biri olması da bütün deyilənləri sübut edir.
Son 20 ildə iqtisadi anlamda sosializmdən kapitalizmə keçən, siyasi mənada isə Sovetlər Birliyindən qopub müstəqillik qazanmış bir ölkə kimi Azərbaycanda ağrılı keçid dövrünü və bu dövrdəki Qarabağ Savaşını yaşayan, içində yaşadığı toplumu və insanları son dərəcə dəqiq müşahidə edən, əsərlərində ictimai problemləri uğurlu şəkildə dilə gətirən Əjdər Olun Türkiyədə nəşr olunan ilk kitabının məmnuniyyətlə oxunacağına inamım tamdır.
Bu kitabın hazırlanmasında və nəşrində əməyi keçən Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Dəliöməroğlu, “Dünya ədəbiyyatı” jurnalının baş redaktoru, azərbaycanlı dostumuz Səlim Babullaoğlu, “Qardaş Qələmlər” dərgisi redaksiya heyəti üzvü Ömər Küçükmehmetoğlu və çevri çalışmaları sırasında mənə yardımçı olan oğlum Manas Avşara təşəkkürümü borc bilirəm.
Əjdər OL: “Üzlərdəki mimikaları oxumaq
kitab oxumaq kimidir”
– Əjdər müəllim, əvvəllər də xaricdə, müxtəlif jurnallarda və dillərdə şeir və hekayələriniz çap olunub. Amma indi təxminən eyni vaxtda – Polşada və Türkiyədə kitablarınız işıq üzü gördü. Özü də siz bir neçə il əvvələ qədər daha çox şair ampulasında təqdim olunurdunuz Azərbaycan ədəbi mühitində. İndi isə ciddi nasir kimi Avropa oxucusu ilə təmasa girirsiniz. Təəssüratınızı və düşüncələrinizi bilmək maraqlı olardı.
– Bəri başdan onu deyim ki, yaradıcı olaraq mən həmişə öz ölkəmizdə, öz dilimizin hüdudlarında daha çox tanınmaq istəmişəm. Düşünmüşəm ki, özününkünün işinə yarayan haçansa başqalarına da lazım ola bilər. Əlbəttə, başqa dilə çevirilmək, oxucu miqyasını genişləndirmək hər bir qələm sahibinin arzusudur. Amma şeirin tərcüməsi getdikcə məni vurur. Xüsusilə də ciddi ölçüləri – vəzni, qafiyəsi, milli ruhu olan şeirin. Sərbəstdə, verlibrdə yazılmış poetik nümunələrin işi bambaşqadır. Onların çevrilməsi elə böyük çətinliklər yaratmır.
Şeirlərimə baxıram, düşünürəm, deyəsən bundan sonra onların hansısa dilə çevrilməsindən (türk dilinin qollarından başqa) vaz keçəcəyəm. Məncə, şairinki öz eli, öz vətənidir. Onu da deyim ki, haçansa başqa dillərdən şeirin anlamının nəsr şəklində tərcüməsinin vacibliyinin zamanı gələcək, görərsiniz. Nəsr kitablarımın başqa ölkələrdə çıxması hər harda məni istiləndirir. Görək tutacaqmı?!
– Son illər sizin portret hekayələriniz çox ciddi ədəbi mükalimələrə səbəb oldu. Bu janra müraciətiniz nə ilə bağlı idi?
– Mənim üçün janr sərhədi yoxdur, bütün janrlarda yazmağı sevirəm. Hətta janrsız da özümü ifadə edirəm. Bu hekayələr isə yaddaşımın yazılarıdır, bir janrlıq deyil. Deyəsən, çox güclü yaddaşım və müşahidə duyumum var. Uşaqlıqdan bəri kimi ilk dəfə harda, haçan, hansı rəngdə, hansı dəbdə olan paltarda görmüşəmsə, eləcə yadımda qalıb. Maraqlı bir epizod, əhvalat baş veribsə, müdrik, duzlu-məzəli deyim səslənibsə, hamısını yığıb-yığışdırmışam. Mənim diqqətimdən yayınmaq müşkül məsələdir. Ona görə də tanıdıqlarımı köklü-köməcli tanıyıram, bildiklərimi yaxşı bilməyə çalışıram. Mənim yanımda deyilən qiymətli söz havaya uçmur. Üzlərdəki mimikaları oxumaq kitab oxumaq kimidir. Duyduqlarımı bəzəyib-düzəmədən, heç nə uydurmadan, arıdıb, təmizləyib uc-uca calayanda bu hekayələr alınır. Əgər həmin yazılar bizdə xoş qarşılanıbsa, kənarda da oxunacaq. İnsan elə hər yerdə insandır.
– Milli Kitab Müsabiqəsinin əsas qaliblərindən biri kimi, ədəbi müsabiqə və mükafatlar, dəyərləndirmə institutları, bu mənada bizdə çatışan və çatışmayan məqamlar haqda düşüncələrinizi bilmək istərdik.
– “Milli kitab mükafatı” ədəbi mühiti xeyli silkələdi. Mükafat şirin şeydir, azlığından-çoxluğundan, böyüklüyündən-kiçikliyindən asılı olmayaraq qalibi ruhlandırır. Ciddi və layiqli mükafat ölkənin durumuna, siyasi, iqtisadi, mədəni səviyyəsinə bağlı məsələdir. Güclü təşkilatlanmış mədəni qurumlar, ədalətli mükafat bölgüsü apara bilər. Özbaşınalıqda, “mənəm-mənəm”likdə, dostbazlıqda münsifin münsifə ehtiyacı olur. Mükafat həm də çox güclü təbliğat vasitəsidir. Qiymətləndirmə aksiyaları genişləndikcə mənəvi yüksəlişimiz artacaq.
2010-cu ildən müstəqil Azərbaycanın Dövlət mükafatları verilməyə başladı. Bu ölkəmizdə mükafat institutunun güclənməsinə, təkmilləşməsinə səbəb ola bilər.
İmdat AVŞAR