(Əvvəli ötən şənbə sayımızda)
Fransız diplomatı Baron de Tot (1753-1793) mənşə etibarı ilə macar əsilzadə ailəsindən idi. 1768-ci ildə Fransanın Krımda baş konsulu olmuş, yarımadanın get-gedə artan rus basqısından qorunması üçün Osmanlı hökuməti və Krım xanları ilə müəyyən əməkdaşlıq etmişdi.
“Yeni oyanan tatarlıq” adlı məqaləsində (İstanbuldakı Tatar Xeyriyyə Cəmiyyətinin 1920-ci ildə nəşr etdiyi “Göy kitab”da çap olunmuşdu) Bəkir Çobanzadə böyük tərəqqiyə qovuşmuş Macarıstanı türk-tatar soylarına örnək kimi göstərirdi: “Qiymətli macar professorlarından olan Frederik Lilin macarların böhranlı, qaranlıq dövrləri ilə əlaqədar söylədiyi “Hər kəsin uyuduğu oda içərisində bir nəfər oyanırsa, çox keçmədən o birilər də oyanır” (burada istər-istəməz “Molla Nəsrəddin” jurnalının ilk sayının üz qabığındakı məşhur karikatura yada düşür – V.Q.) misalındakı sadə olduğu qədər də müdrik həqiqəti bizimkilər də başa düşdülər”-deyə milli oyanışın Volqaboyu və Krım tatarları, Qafqaz və Mərkəzi Asiya türkləri arasında qaçılmaz bir prosesə çevrildiyini yazırdı. Qazan tatarları içərisində yenilikçi fikirlərin yayılmasında mühüm xidmətləri olan Abdulla Tukay isə həmin məqalədə macar xalqının azadlıq mübarizəsinin çarçısı Şandor Pötefi ilə müqayisə edilirdi.
Böyük həmvətəni İ.Qaspralının əsasını qoyduğu “türk birliyi” ideyası da Bəkir Çobanzadənin fikir və düşüncələrinə daha çox həyatının Budapeşt dövründə hakim kəsilmişdi. Burada bir tərəfdən Avropa mədəniyyətinin təsiri, digər tərəfdən isə türk millətlərinin düşdüyü acınacaqlı vəziyyəti daha dərindən anlaması nəticəsində o, mədəni və siyasi müstəqilliyi uğrunda ardıcıl mübarizə aparan Macarıstanı türk elləri üçün örnək saymağa başlamışdı.
Eyni zamanda öz məhdud imkanları daxilində macar siyasilərinin diqqətini qarşılıqlı əməkdaşlıq məsələlərinə yönəltməyə çalışmışdı. “Macar qardaşlarımız” məqaləsində bu istiqamətdəki səylərindən bəhs edən müəllif yazırdı: “Keçənlərdə maarif naziri vəzifəsində çalışmış, hazırda isə Macarıstan parlamentində mühüm bir partiyanın başqanı olan qraf Albert Ayoni ilə Krım və digər tatar məmləkətlərində siyasi və mədəni vəziyyət ilə bağlı saatlarca sürən fikir mübadiləsi aparmış, macar mətbuatında bu məsələlərlə məşğul olan ayrıca bir qurumun yaradılmaması ilə bağlı təəssüflərimi dilə gətirmişdim”.
Onun fikrincə, bu məsələdə hər iki tərəfin üzərinə ciddi vəzifələr düşürdü. Macar aydınlarının səyi yalnız türk-tatar gəncliyinin maarif istəyi olduğu təqdirdə səmərə verə bilərdi. “Son əsrin macarları müəzzəm, dilrüba paytaxtları ilə bərabər dil bilgisindəki şayani-heyrət müvəffəqiyyətləri ilə heç çəkinmədən iftixar edə bilərlər”-deyən müəllif gənc həmvətənlərini onlardan öyrənməyə çağıraraq yazırdı: “Millətimizin ən böyük və ən mühüm məsələsinin dil məsələsi olduğunu bilən və bu xüsusda söz sahibi olmaq istəyən türk-tatar gənclərinə orada qafiyə aramaqla (yada böyük Mirzə Cəlilin ovuclarına bir parça kağız alıb gözlərini göyə axıdaraq qafiyə axtaran müsəlman gəncləri haqqındakı sözləri düşür-V.Q.) aramaqla keçirəcəkləri bir neçə ili macar universitetini və kitabxanalarını fəth etmələrini cani-könüldən istərəm”.
İctimai-mədəni həyatın bütün sahələrinə yol tapmış laqeydlik isə müəllifin fikrincə, türk-tatar qövmünün Avropada tanınmaması, yaxud yanlış təqdimi ilə nəticələnirdi. Budapeştdən dünyaya daha açıq nəzərlərlə baxan B.Çobanzadə “Bir əsr sonrakı nəsil bu günkü tatarlığı yalnız “Tayms”ın səhifələrindən tanısa, əcəba, halımız necə olacaq?”-deyə soruşur, “Buradakı rəssamlar “İstanbul həyatı” adı altında hələ də Qanuni Sultan Süleyman zamanındakı hərəm dairələrinin təsviri ilə məşğul olurlar”-deyə heyrətini gizlədə bilmirdi.
Mövcud vəziyyətdən çıxış yolunu isə iki amildə-milli dilin və tarixin daha dərindən öyrənilməsində görürdü. “Bizdə məktəb kitabı olmaq üzrə üç cilddən ibarət bir ədəbiyyat tarixi yazılmalıdır. Birinci cilddə ən əski türk-tatar ədəbiyyatından, yəni türk-tatarların müştərək ədəbiyyatından, digər iki cildin birində türk-Osmanlı, o birində isə Cağatay, özbək, Qazan və Krım xalq ədəbiyyatlarından bəhs edilməlidir”-fikrini irəli sürən Bəkir Çobanzadə o dövrdə Azərbaycan xalqının zəngin bədii sənət xəzinəsi ilə yetərincə tanış olmadığından milli ədəbiyyatımız üzərindən sükutla keçmişdi.
Çarizmin devrilməsi nəticəsində türk xalqlarının yenidən birləşməsi, onların “dildə, fikirdə və əməldə birliyə nail olmaları” ideyası bu mürəkkəb prosesləri Macarıstanda izləyən Bəkir Çobanzadəyə real görünürdü. “Krım, Qafqaz, Qazan, Türküstan və Sibiryada təşəkkül tapan cümhuriyyətlərin hamısı tatarların əlindədir,-deyə 1918-ci ilin sonlarında qürur hissi ilə yazırdı. – Çingiz xandan qalma göy rəngli bayraq Krım, Qafqaz, Qazan, Ufa, Orenburq və bütün Türküstana dikilsə, tatar milləti-nəcibəsi sülh və sükut içərisində həyatını məsud və mədəni bir halda öz tarixi vətənində yaşayacaq”. Gənc alim bu böyük amala öz töhfəsini vermək üçün Avropada onu gözləyən perspektivlərdən imtina edərək tarixi vətəninə dönsə də, burada yalnız puç olmuş ümidlərlə rastlaşdı.
lll
Bəkir Çobanzadə universitet təhsilini başa vurduqdan və müvafiq imtahanları verdikdən sonra fəlsəfə doktoru adı almaq üçün dissertasiya müdafiə etmişdi. Onun elmi əsəri “Kodeks Kumanikus” adı ilə tanınan, 1303-cü ildə venesiyalı missionerlər tərəfindən yazıya alınan nadir kuman mətnlərinə-qədim qıpçaq dili abidəsinə həsr olunmuşdu. Lakin təəssüf ki, alimin bir sıra əsərləri kimi doktorluq dissertasiyasının əlyazması, yaxud hər hansı başqa nüsxəsi qorunub saxlanmamışdır. Yalnız adı bəllidir.
Həmin ad isə müxtəlif mənbələrdə fərqli şəkildə göstərilir. Məsələn, F.Aşnin (Bekir Vaqapoviç Çobanzade, “Narodı Azii i Afriki”, 1967, N 1, s.212) dissertasiyanın adını “Mnimıe naruşeniya assimlyasii qlasnıx v Kodexe Kumanikuse”, S.Naqayev (“Mədəni inqilab əsgəri”, Daşkənd, 1991. s.17) “Kodeks Kumanukus yazma edebi yadigarlıqı ve türki dillerde artikulyasiyanın temeli problemleri”, azərbaycanlı alimlər A.Tağızadə və Ə.Quliyev (“Professor Bekir Vaqab oqlu Çobanzade”, “Sovetskaya tyurkologiya”, 1990, N 6, s.78) “Kajuşiesya sinqarmoniçeskie nesootvetstviya v Kodekse Kumanikuse i problema artikulyasionnoy bazı v tyurkskix yazıkax”, çağdaş türk alimi İ. Otar “Kıpçaqların Kodeks Kumanikus yazma edebi abideleri ve türki dillerdə teleffuzun temel problemleri” (“Krımlı türk şair ve bilgini Bekir Sidqi Cobanzade”. İstanbul, 1999, s. 16) şəklində vermişlər.
Polşa türkoloqu Henrix Yankovskinin dissertasiyanın mətnini tapmaqla bağlı axtarışları uğurla nəticələnməmişdir. Lakin macar həmkarı İştvan Mandoki ona 1963-1968-ci illərdə Budapeşt universitetində türkologiya üzrə ixtisas kursu keçərkən Çobanzadənin dissertasiyasını gördüyünü, hətta oradan bəzi qeydlər götürdüyünü bildirmişdi. Mandokinin dediyinə görə əsər yüksək elmi tələblərə cavab verən şəkildə hazırlanmışdı. Macar aliminin vaxtsız vəfatından sonra Kodeks Kumanikusa aid tədqiqatla bağlı izlər yenidən itirilmişdir. Çox güman ki, Macarıstan arxivlərində daha diqqətli axtarışlar aktuallığını itirməyən bu maraqlı elmi tədqiqatın izinə düşməyə imkan yaradardı.
Bəkir Çobanzadənin həyatının Budapeşt dövrü və təhsil illəri ilə bağlı ən son sənədlərdən biri də H.Yankovski tərəfindən aşkara çıxarılmış və Macarıstan EA-nın “Acta Orientalia” məcmuəsində çap edilmişdir. Bu “doktor Bəkir Sidqinin” universitet rektorunun adına yazdığı 15 oktyabr 1919-cu il tarixli ərizədir. Ərizədən onun 1916-cı il oktyabrın 12-də universitetdə dərslərə başladığı, burada altı semestr təhsil aldığı, 1918-ci ilin mayında əsas, 1919-cu ilin aprelində isə xüsusi imtahanları verdiyi bildirilir. Yaxın dövr tədqiqat layihəsi kimi professor Gyula Nemetin təklifi ilə “Türk nəsrinin tarixi” adlı əsər üzərində işləmək istədiyini qeyd olunur. Budapeştdə qalması isə aşağıdakı şəkildə əsaslandırılır: “Son beş-altı ildə vətənimlə heç bir əlaqəm olmayıb. Heç bir yerdən maddi dəstək təmin edə bilmədiyimdən Konstantinopola getməyim imkan xaricindədir. Həm də belə səyahət çətin və olduqca bahadır”.
A.B.Taymasın məlumatına görə, B. Çobanzadə 1919-cu ildə (S.Naqayev, A.Tağızadə və Ə.Quliyevin fikrincə 1920-ci ildə) Budapeşt universitetindən “Türk filologiyası. Ərəb ədəbiyyatı. Macar ədəbiyyatı tarixi üzrə fəlsəfə doktoru” diplomu almışdır. Maraqlıdır ki, diplom hicri “9 Kanuni-əvvəl 1334-cü il” tarixi ilə həmin dövrdə Peşt şəhərində fəaliyyət göstərən Osmanlı konsulluğu tərəfindən də təsdiq edilmişdi. Lakin nədənsə diplom öz sahibində deyil, krımlı lider Cəfər Seyidəhməd Krımerdə qalmışdı. Doktor Xaqan Kırımlı hazırda həmin diplomun əslinin Krım tatarlarınını Ankaradakı “Emel” fondunun arxivində saxlandığını yazır.
lll
Budapeşti tərk edəndə Bəkir Çobanzadənin 27 yaşı vardı. O, yeni yaranan macar dövlətinin paytaxtından mükəmməl təhsillə, bir neçə Şərq və Qərb dilinə dərin bələdliklə, elmi təcrübə və gərəkli əlaqələrlə ayrılırdı. Şübhəsiz, bütün bunlar heç kimin tanımadığı bir gənc üçün böyük uğurlar idi. Lakin bəzi tədqiqatçıların sanki Bəkir Çobanzadənin həqiqi uğurları ilə kifayətlənməyərək Budapeştdəki fəaliyyətini şişirtmək istiqamətində müəyyən təşəbbüslər göstərdiklərini də qeyd etmək lazımdır. Məsələn, S.Naqayev onun redaktorluğu ilə 1919-cu ildə Macarıstan paytaxtında “Orient” (“Şərq”) adlı kommunist meylli qəzetin nəşr olunduğunu iddia edir. Macar tədqiqatçıları isə göstərilən dövrdə ümumiyyətlə belə bir qəzet, yaxud jurnalın çap olunmadığı qənaətinə gəlmişlər. Bu məsələ ilə məşğul olan H.Yankovski isə söhbətin sadəcə gənc Krım-tatar aliminin də iştirak edə biləcəyi hər hansı kitab, yaxud broşüradan getdiyi fikrindədir. Digər tərəfdən, macar araşdırmaçılarının da yazdığı kimi, Bəkir Çobanzadə sayca o qədər də çox olmayan məqalələrini milli-mühafizəkar istiqamətli mətbuatda çap etdirmişdi. Bu da onun macar kommunistləri ilə hər hansı şəkildə əlaqələndirilməsinin reallıqdan daha çox sovet ideologiyasının təsirindən irəli gəldiyini söyləməyə əsas verir.
Kommunist lider Bela Kun (1886-1938) sovet Rusiyasının ardınca 1919-cu il martın 21-də Macarıstan Sovet Respublikasının yarandığını elan etmişdi. Lakin Avropadakı ikinci sosialist dövlətinin ömrü qısa oldu. Həmin il avqustun 1-də Antanta tərəfindən dəstəklənən rumın qoşunlarının Budapeşti işğal etməsi nəticəsində respublika süquta uğradı. Bəzi qaynaqlar Bəkir Çobanzadənin də kommunistlərə rəğbət bəsləyənlərin sırasında olduğunu, Macarıstan inqilabında fəal iştirak etdiyini və əcnəbilər seksiyasının rəhbərliyində təmsil olunduğunu göstərirlər. “Qarasubazardan olan professor” kitabının müəllifi Nazif Qəhrəmanlının yazdığına görə Sovet İttifaqında siyasi mühacir həyatı yaşayan Bela Kunla görüşərkən Bəkir Çobanzadə yeni reallıqların təsiri ilə dünyagörüşünün tamamilə dəyişdiyini açıqlayaraq “Macarıstanda kommunistdim, Krımda isə milliyyətçiyəm”- demişdi. Fikrimcə, hər hansı yazılı qaynağa əsaslanmayan bu faktlar da alimin həyatının Budapeşt dövrü ilə bağlı yaranmış növbəti miflərdən sayılmalıdır.
Həqiqətlə uzlaşmayan başqa bir fakt 26-27 yaşlı B.Çobanzadənin Budapeşt və Lozanna universitetlərinin professoru olması ilə bağlıdır. Doğrudur, aldığı doktorluq dərəcəsi həqiqətən də gənc alimin qarşısında bir müddət sonra professor kürsüsü tutmaq imkanı açırdı. Budapeştdə qaldığı təqdirdə Bəkir Çobanzadə bu imkandan yararlana bilərdi. Krıma qayıtdıqdan az sonra dərhal professor, hətta 30 yaşında rektor olması Macarıstan universitetindən alınan diplomun necə yüksək qiymətləndirildiyinin əyani sübutudur. Budapeştdə universitet tələbələri ilə seminarlar aparması isə tamamilə təbii və mümkün idi. Ali məktəb təcrübəsində hazırlıqlı tələbələrin, xüsusilə də dilin təbii daşıyıcılarının şəxsində belə imkanlardan tez-tez istifadə olunurdu. Lakin kollecdə, yaxud universitetdə hətta müəllim kimi çalışmaq da hələ professor vəzifəsinə yüksəlmək deyildi.
Lozannaya isə B.Çobanzadə Krım tatarlarının lideri Cəfər Seyidəhməd Krımerin (1889-1960) dəvəti ilə 1920-ci il mart ayının sonlarında getmiş və orada cəmi üç ay qalmışdı. Bu səfər elmi olmaqdan daha çox siyasi xarakter daşıyırdı. Hərçənd səfər çərçivəsində alimin İsveçrə türkoloqları və Lozanna universiteti ilə müəyyən əlaqələr qurmağa cəhd etməsi də istisna olunmamalıdır.
lll
Bəkir Çobanzadənin Budapeşt dövrü yaradıcılığında poeziya əsas yer tuturdu. Poetik irsinin tədqiqatçısı İsmayıl Otarın apardığı dəqiqləşdirmələrə görə müəllifin bütünlükdə 84 şeirini aşkara çıxarmaq mümkün olmuşdur. Onların təxminən üçdə ikisi – 55 şeir 24 yanvar 1917 – 7 mart 1920-ci illər arasında Macarıstan paytaxtında qələmə alınmışdır. “Qaval səsləri” adı altında üç dəftərdə toplanan həmin şeirlər şairin həyatının Budapeşt dövrünə işıq salmaq, bu illərdəki fikir və düşüncələrinə tərcümanlıq etmək baxımından ən etibarlı mənbələrdir. Bu şeirlərin yalnız biri müəllifin 1927-ci ildə Ağməsciddə (Simferapol) çap olunan “Boran” adlı kitabına daxil edilmişdir.
Budapeştdən gənclik dostu Həmdi Atamana göndərdiyi 20 may 1917-ci il tarixli məktubda Bəkir Çobanzadə poeziyaya marağını səbəblərini açıqlayaraq yazırdı: “Hər halda bizdə ədəbiyyat və şeirin rolu, heç bir millətinki ilə müqayisə edilməyəcək dərəcədə böyük olacaq. Ən azı qarşıdan gələn iki-üç əsr ərzində... Coğrafi və etnoqrafik vəziyyətimiz olduqca pisdir. Tarixi keçmişləri və sərvətləri baxımından böyük bir millət olan türk-tatarlar hər yerdə azlıqda qalmış və əcnəbi təsirlər altına düşmüşlər. Buna qarşı ən böyük çarəmiz heç olmazsa, bir dil birliyinə nail olmaqdan ibarətdir”.
Dil birliyini gerçəkləşdirməyin ən mühüm yollarından biri Bəkir Çobanzadənin nəzərində bədii söz, ədəbiyyat idi. Onun əksəriyyəti hələ kifayət qədər bişməyən, poetik baxımdan təkmilləşməyən şeirləri də ilk növbədə bu ideyaya xidmət edirdi. “Qaval səsləri” əlyazmasındakı mənzum parçaların çoxu eskiz xarakteri daşıyırdı. Güclü hisslər özlərinin eyni dərəcədə adekvat poetik əksini tapa bilməmişdi. Təbii ki, müəllif sadəcə “özü üçün” yazdığı bu şeirləri çap etdirəcəyi təqdirdə onların üzərinə yenidən qayıtmaq, dil, üslub və poetik özünüifadə baxımından təkmilləşdirmək niyyətində idi. Buna sadəcə imkan olmamışdı. Dil məsələsinə gəldikdə isə Bəkir Çobanzadə ilk qələm təcrübələrini Krım-tatar türkcəsinin geniş yayılmış Çöl dialektində (dəniz sahilindəki sakinlərdən fərqləndirmək üçün bu ad seçilmişdi – V.Q.) yazmışdısa, sonralar ortaq türkcə ünsürlərindən istifadəyə daha böyük önəm vermişdi.
Böyük əksəriyyətini Macarıstanda yazdığı şerlərin əsas mövzusu isə vətən, ana dili, türk-tatar xalqlarının şanlı tarixi keçmişi və bu günkü acınacaqlı vəziyyətləri, maarif və tərəqqiyə çağırışla bağlı idi. Müəllif özü bu barədə yazırdı: “Yetişdikcə şair olurdum. Şerlərim öz mayasını tənha, yoxsul, başı dərdlər çəkən qazax ellərindən, ağır boyunduruq altında inləyən tatarların türkü və şərqilərindən alırdı”. Sonra həmin şerlərin coğrafiyası genişlənərək bütün islam Şərqini əhatə etmişdi. Hamının gözü qarşısında ağlayan, lakin soydaşlarının heç birinin şəfqət göstərmədiyi, dərdi ilə maraqlanmadığı müsəlman uşağı B.Çobanzadənin nəzərində Şərqin simvoluna çevrilmişdi.
Bütün Şərq sərməstdir uyquda yatır,
Çubuğun sümürür, nəşəsin atır.
Keçirir həyatın miskin, həvəssis
Bir uşaq ağlayır kənarda səssiz-
Müsəlman balası, islam cocuğu.
Keçmişi yalandır, bu günü bulud,
Sabahı nəm çəkmiş taxta bir tabut.
Bütün Şərq gömülür məzara diri,
Bir uşaq ağlayır bayaqdan bəri-
Müsəlman balası, islam cocuğu.
(Krım-tatar türkcəsindən çevirmələr hər yerdə mənimdir- V.Q.)
Budapeştli türkoloq Elöd Kovaç “Kelletkutatas” (“Şərq tədqiqləri”) rüblüyündə çap etdirdiyi “Bəkir Sidqi Çobanzadənin bioqrafiyası. Onun ədəbi yaradıcılğına macarların münasibəti və dərc olunmamış yeddi şeiri” məqaləsində (payız, 2002) yuxarıdakı“Müsəlman balası” şeirinin hələ 1920-ci ildə macar dilinə tərcümə olunduğunu göstərir. Bəkir Çobanzadəni şəxsən tanıyan macar şairi Gyula Yuhaş isə həmin poetik parçadan təsirlənərək həmkarına “Tatar şairinə” adlı şeir həsr etmişdi. Çobanzadə ilə bağlı başqa bir ithaf şerinin müəllifi isə şair Arpad Zempleni idi.
Qürbətdə yaşaması B.Çobanzadə- şairi vətəndən uzaqlaşdırmamışdı. Əksinə, onu doğma yurdu, xalqının tarix və ənənələri ilə bağlayan telləri daha da möhkəmləndirmişdi. Bir neçə il öncə İstanbula heyran kəsilən, sultanı görəndə sevincdən göz yaşlarını saxlaya bilməyən tatar gənci milli hisslərlə coşub-daşan çağdaş Budapeşt mühitindən sonra dünya türklərinin başkəndi saydığı Osmanlı paytaxtına tənqidi hisslərlə yanaşmağa başlamışdı.
O gün ki, İstanbulda
Gənclik fransızlaşdı,
Türk övladı günbəgün,
Uçuruma yaklaşdı-
misralarının müəllifi böyük Hüseyn Cavidin ardınca Bəkir Çobanzadə də getdikcə türklükdən uzaqlaşan, kosmopolit şəhərə çevrilən İstanbulla bağlı ruh düşkünlüyünü və xəyal qırıqlığını dilə gətirmişdi:
İstanbul türklüyü batırdı, boğdu.
Türklüyü unutdu, türküsün qovdu.
“Zavallı türk” (Budapeşt, 30 yanvar 1919-cu il) şeirində “Osmanlı dövləti! Nə yalan bir söz! Necə yanlış gördü hər şeyi bu göz” – deyən şair millətdən uzaq düşmüş Osmanlı sarayının xalqa nicat verməyəcəyini, yeganə çıxış yolunu ana dilinə, milli dəyərlərə, şanlı türk tarixinə dönməkdə görürdü:
Harada səslənsə Nəvai dili,
Harada çırpınsa Tokayın könlü
Orası əbədi vətəndir bizə.
Oraya dönərik öz türkümüzlə...
Tarixinə və incəliklərinə Macarıstan paytaxtında yiyələndiyi türk dili Bəkir Çobanzadənin yalnız elmi deyil, poetik irsinin də əsas mövzusu idi. “Ana dili” şeri həmin mövzunun öz parlaq əksini tapdığı nümunələrdəndir:
Mən səni Krımda, Qazanda duydum,
Qəlbim qaynayanda, daşanda duydum.
Bilmirəm, türkdür, ya tatardır adın.
Amma çox şirinsən! Tanrıdan dadın...
Budapeşt şeirlərində Bəkir Çobanzadə türk tarixinin müxtəlif səhifələrinə baş vurur, Avropanın əlində girinc qalmış türklərə əcdadlarının yüz illər boyu dünyanın üç qitəsinə hökm etdiklərini, bəşər tarixinə Çingiz xan, Batı, Sultan Mehmet, Teymurləng kimi fatehlər verdiyini xatırladır. Eyni zamanda türkləri “vəhşi, “barbar” adlandıranların haqsız olduğunu sübut etməyə çalışır. Türk-tatarların Avropada apardıqları qalibiyyətli savaşları təsvir edən şeirlərin birində o, türk ordusunu quldur yığını, başıpozuq dəstəsi kimi qələmə verən Avropa alimləri ilə polemikaya girir. Düşməni qabaqcadan xəbərdar edən, açıq döyüşə çağıran Batı obrazı türk nəcibliyinin simvolu kimi canlanır:
Yetişdi Batı xan Dunay boyuna
İsmarıc yolladı gavur soyuna:
Xəbərsiz gəldilər! – söyləmə düşman!
Atını yəhərlə, qılınca qurşan!
Şair-alimin poetik yaradıcılığından əsas bir xətt kimi keçən “türk-tatar” mövzusunun daha əhatəli şəkildə öyrənilməsinə ehtiyac var.
Bəkir Çobanzadənin Budapeştə, Dunaya, macar tarixinə və təbiətinə həsr olunmuş səmimi, riqqətli şeirləri isə tam əsasla onu iki xalqın nəğməkarı adlandırmağa əsas verir. “Tokay şərabı” şeirini isə müəllif məxsusi olaraq “Macarıstandakı qan, dil və qafiyə qardaşlarına” həsr etdiyini göstərmişdi.
Gələcəkdə “Budapeşt şeirlərini” ayrıca kitab şəklində çap etdirmək Bəkir Çobanzadənin planları sırasına daxil idi. 7 sentyabr 1917-ci ildə dostu Həmdi Atamana məktubunda bu məsələyə toxunaraq yazırdı: “Sənə uzun bir şeirimi göndərirəm. Amma üzərində sənə ithaf olunduğu göstərilməyib. Əgər istəsən Budapeştdə yazdıqlarımın hamısını bir yerdə nəşr edərkən sənə ithaf eləyərəm. Hər halda bu parçanı diqqətlə oxumağınla bağlı tövsiyəm var. İçərisində bəzən ürəyini titrədən, gözlərini yaşardan duyğular tapacaqsan”.
1919-cu il dekabrın 25-də isə şair-alim “Qaval səsləri” adlandırdığı kitaba kiçik, lakin təsirli müqəddimə yazmışdı. Tam şəkildə aşağıda gətirdiyim həmin müqəddimədə deyilirdi: “Mənim yazılarım heç bir şey göstərməsə də, qırılan, çökən, darma – dağınıq yaşayan, bəlkə də bu gün – sabah öləcək, yox olub gedəcək Krım tatarını, onun xətalarını, qüsurlarını, kədərini, duyğularını çox gözəl dilə gətirir. Bir gün tarix Krıma yar olsa, Krım tatarı öz soydaşlarını arasa, o zaman yazılarım ortaya çıxar. Amma belə olmasa da, zərəri yox... Krım tatarının bunca şanı, şöhrəti, bayrağı, torpağı qeyb oldu, mənim bir neçə yuxusuz gecəm, kədərli günüm itsə nə dəyişəcək? Bu sətirləri yazmağımın verdiyi zövq, bəxtəvərlik mənə yetər. Tatarca bir kimsə danışmasa da, o yenə mənim üçün böyük bir sevinc və zövq mənbəyi kimi qalacaq. Çünki bu dildə qəhrəman xalqımın min illik sevincli-kədərli tarixi yatır, məğrur səsi eşidilir”.
Ancaq Sovet Rusiyasına – Krıma döndükdən sonra Bəkir Çobanzadə nəinki Budapeşt şeirlərini, nəinki macar elində yaşadığı milli-mənəvi duyğuları, bütünlükdə Budapeştin özünü yerli-dibli unutmalı oldu.
lll
1918-ci ilin fevralında Budapeştdə qələmə aldığı “Dua” şeirində Bəkir Çobanzadə sanki sövq-təbii ilə gələcəkdə başına açılacaq müsibətləri göz önünə gətirərək özünə hər şeydən əvvəl şərəfli ölüm istəyir, son mənzilə xalqı tərəfindən ehtiramla yola salınmasını arzulayırdı:
Ey Tanrım, sormadan məni yaratdın,
Böyütdün, öyrətdin, bu yaşa çatdım.
Bilmədən doğuldum, öləndə bilim,
Doğanda ağladım, öləndə gülüm...
Allahım, ver mənə bir ölüm-yaxşı
Əyilsin önümdə düşmənin başı.
Hər axşam, hər səhər bunu dilərəm:
Cənazəm önündə toplaşsın ölkəm.
Lakin həyatı ilk gənclik illərində arzuladığı şəkildə tamamlanmadı. 1937-ci il yanvarın 28-də istirahət üçün getdiyi Kislovodsk şəhərindəki “Qornyak” sanatoriyasında həbs olunub Bakıya gətirilən B.Çobanzadə həmin il oktyabr ayının 12-də “Üçlüyün” ənənəvi 20 dəqiqəlik mühakiməsindən sonra ölüm cəzasına məhkum edildi. Hökm ertəsi günü yerinə yetirildi. “Böyük terrorun” yüz minlərlə qurbanı kimi onun da son mənzili bəlli deyil.
Yeri gəlmişkən, şair-alim sanki bu dəhşətli sonluğu da əvvəlcədən hiss etmişdi. Həyatına zorakılıqla son qoyulmasından təxminən iyirmi il əvvəl, “Budapeşt. 8 dekabr 1919-cu il” tarixli “Rast gələ” (burada “əhəmiyyətsiz şey”, “adi təsadüf” mənasında) adlı şeirində yazırdı:
Endirir bir sillə
Və gülə-gülə
Atdırır çuxura
Gavur rast gələ!
Beləcə, Azərbaycan filologiyasına, bütünlükdə çağdaş türkologiya elminə böyük töhfələr vermiş Krım-tatar aliminin Budapeştdən başlayan ömür yolu Bakıda türk və insanlıq düşmənlərinin əli ilə qəddarcasına qırılmışdı...
Budapeşt
Oktyabr, 2010-cu il.
Vilayət QULİYEV