525-ci qəzet

BSU qaçqın məktəblərini daim diqqətdə saxlayır




Bakı Slavyan Universitetinin bu il on yaşı tamam olur. Yubileylə, fəaliyyətimizlə bağlı silsilə yazılara başlamağa özümüzdə mənəvi haqq duyuruq, çünki bu yubileyi qürurula qarşılayırıq. Qürur duymağa ilk növbədə o əsas verir ki, BSU Ulu öndər Heydər Əliyev tərəfindən şəxsən yaradılıb və bu illər ərzində Universitetin rektoru, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, prof.Kamal Abdullayev başda olmaqla kollektivimiz bizə bəslənən ümidləri doğrultmaq, qarşımıza qoyulan vəzifələri yerinə yetirmək üçün ləyaqətlə çalışıb.
Universitetin çoxşaxəli fəaliyyətinin böyük bir hissəsi də tələbələrin pedaqoji və istehsalat təcrübəsidir. Təbii ki, təcrübə bütün təhsil ocaqlarında keçilir. Lakin BSU-da təcrübənin təşkilinin mühüm bir özəlliyi onu digərlərindən fərqləndirir və tədris məqsədləri ilə yanaşı, milli-mənəvi məna aşılayır. Artıq beş ildən çoxdur ki, BSU-nun rektoru prof.Kamal Abdullayevin təşəbbüsü ilə Universitetin tələbələri pedaqoji təcrübəni Bakının ən qabaqcıl məktəbləri, lisey və gimnaziyaları, xarici ölkələrlə yanaşı, Respublikamızın müxtəlif rayonlarında yerləşən qaçqın məktəblərində də keçirlər.
Qaçqın məktəblərində təcrübənin keçirilməsində rektorun müəyyənləşdirdiyi əsas prinsip rayonlara gedəcək müəllim və tələbələrin könüllülüyü, şəxsi istəyi oldu. Və bu məqamda gördük ki, rayonlarda təcrübənin təşkilində çətinlik çəkirik. Bu çətinlik maliyyə ilə bağlı deyildi. Qaçqın məktəblərinə gedən müəllim və tələbələrin bir aylıq ezamiyyə xərclərini Universitet tam ödəyir. Digər məslələrdə də problem çıxmadı. Əsas çətinlik o oldu ki, qaçqın məktəblərinə təcrübəyə getmək istəyən tələbələrin sayı biz gözlədiyimizdən qat-qat çox oldu! Gənclərimiz bu təşəbbüsə səmimiyyət və məsuliyyətlə qoşuldu. Onların vətənpərvərliyi, milli təəssübkeşliyi müəllim kollektivimiz üçün əsl qürur mənbəyi oldu.
Tələbələrimizin təcrübə keçdikləri ərazilər qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları əksər yerləri əhatə edir – Biləsuvar, Beyləqan, Ağcabədi, Sabirabad, Şəki, Bərdə, Mingəçevir... Bu rayonlarda müvəqqəti yerləşmiş Cəbrayıl rayonu Mərcanlı kənd orta məktəbinin, Cəbrayıl rayonu 10 saylı məktəbinin, Cəbrayıl rayonu Çərəkən kənd orta məktəbinin, Cəbrayıl rayonu Dəmşalaq kənd orta məktəbinin, Laçın rayonu Dambulaq kənd orta məktəbinin, Laçın rayonu Çələbixan kənd orta məktəbinin, Xocavənd rayonu Xocavənd kənd orta məktəbinin, Xocavənd rayonu Tuğ kənd 1 saylı orta məktəbinin, Ağdam rayonu 24 saylı məktəbinin, Ağdam rayonu 146 saylı orta məktəbin müəllim və şagirdləri, onların valideynləri, qaçqın şəhərciklərində məskunlaşmış bu kəndlərin bütün əhalisi BSU-nun nümayəndələrini, müəllim və tələbələri, magistrantları öz doğmaları kimi qəbul edir. Bu doğmlıq hissini tələbə və müəllimlərimiz öz münasibətləri, fəaliyyətləri ilə qazanmışlar. Təcrübə dövründə tələbələr dərslərlə yanaşı, geniş sinifdənkənar, ictimai, maarifçilik işi görür, universitet bu məktəblərə xeyriyyəçilik yardımı göstərir, qaçqın məktəblərinin şagirdləri BSU-da keçirilən tədbirlərdə, o cümlədən, ənənəvi tələbə-şagird konfranslarında iştirak edir.
Ən sevindirici hal budur ki, tələbələrimiz qaçqın məktəblərində təcrübəni yalnız peşə fəaliyyəti deyil, mənəvi missiya kimi qəbul ediblər. Təcrübə dövründə qaçqın şəhərciklərində qalan, orada yaşayan gənclərimiz dərslərindən sonra təşkil etdikləri müxtəlif dərnəklərdə şagirdlərlə çalışırlar, vətənpərvərlik ruhlu tədbirlər, müsabiqələr keçirirlər, məzunların qəbul imtahanlarına hazırlaşmasına kömək edirlər. Hər bir təcrübə dövründə universitetin müəllimləri, o cümlədən nüfuzlu alimlər, professorlar, tələbə təşkilatlarının fəalları həmin qaçqın məktəblərinə baş çəkir, məktəblərə, şagirdlərə, müəllimlərə gərəkli olacaq müxtəlif ləvazimatlarla, uşaqları sevindirəcək digər əşyalarla qaçqın soydaşlarımıza əllərindən gələn yardımı edirlər. BSU-da mütəmadi olaraq tələbə-şagird konfransları keçirilir. Bu konfranslarda qaçqın məktəblərinin şagirdlərinin iştirakına da şərait yaradılıb və hər dəfə bu tədbirlərdə iştirak edəcək şagirdlərə elmi kömək, onları konfransa hazırlamaq məqsədilə Universitetin mütəxəssisləri rayonlara səfər edirlər. Qaçqın məktəblərində oxuyan, ədəbi istedadı olan uşaqlar da universitetimizin diqqət mərkəzindədir. Onların yazıları, vətən sevgisi dolu şeirləri BSU qəzetində mütəmadi çıxır və ayrıca kitab kimi də universitet hesabına dərc edilmişdir. Cəbrayıl rayonundan olan istedadlı şair, gözəl müəllim, Cabrayil rayonu 10 saylı məktəbin direktoru Məhəmməd Mehdixanlının şeirlər toplusu da ayrıca kitab kimi BSU tərəfindən nəşr edilmişdir. Şəki şəhərində yerləşən Laçın rayon Çələbixan məktəbinin istedadlı şagirdlərindən biri 10-11-ci siniflərdə təhsilini BSU Liseyində davam etdirdi, təqaüd və yataqxanamızda otaqla təmin olundu və təhsilini yüksək səviyyədə bitirərək ali məktəbə qəbul olundu.
Bakı Slavyan Universitetinin qaçqın məktəbləri ilə əməkdaşlığı olduqca çoxşaxəlidir və qeyd olunduğu kimi, yalnız tələbələrin pedaqoji təcrübəsinə aid məsələlərlə məhdudlaşmır. Bu təcrübədən istifadə edərək, Azərbaycan həqiqətləri, Qarabağ propleminin ağrılı nəticələri Universitetimizdə olan xarici qonaqlara çatdırılır. Universitetimizdə təcrübədə olmuş Ukrayna və Almaniyalı tələbələrin təcrübə keçdiyimiz qaçqın məktəblərinə səfəri təşkil olundu və bu səfər, qaçqın və köçkün soydaşlarımızla canlı ünsiyyət onlara böyük təsir göstərdi, Qarabağ probleminə dair təsəvvür və məlumatlarını köklü şəkildə dərinləşdirdi, bizim mövqeyimizi anlamalarına kömək oldu.
Qaçqın məktəblərində təcrübənin əhəmiyyətli bir nəticəsi də tələbələrimizin dünyagörüşünün, vətəndaşlıq şüurunun inkişafında oynadığı roldan ibarətdir. Təcrübəyə həsr olunmuş konfranslarda, mətbuatda çıxışlarında tələbələrimiz bu təcrübənin onlara göstərdiyi böyük mənəvi təsirdən söz açırlar, qaçqın şəhərciklərində keçirdikləri bir ay ərzində daxillərində bir yeniləşmə baş verdiyini deyirlər. Onların öz şagirdləri ilə əlaqələri təcrübədən sonra da davam edir, əllərindən gələn köməyi uşaqlara əsirgəmirlər. Onu da deyək ki, BSU pedaqoji, istehsalat və folklor təcrübəsini yalnız qaçqın məktəblərində deyil, Naxçıvan, Gəncə, Ağsu, Ucar, Xızı, Yevlax, İsmayıllıda, o cümlədən, rusların kompakt yaşadığı İvanovka kəndində və s.-də də təşkil edir.
Universitetin bu fəaliyyətinin gərəkliliyinə icra başçılarından, qaçqın və köçkün məktəblərinin direktorlarından, müəllimlərindən, şagirdlərindən rektora ünvanlanan səmimi təşəkkür məktublarından aşağıdakı sətirlər dəlalət edir:
“Hörmətli Kamal müəllim!
Yuxarı Mərcanlı kənd orta məktəbində pedaqoji və istehsalat təcrübəsi keçmiş, eyni zamanda xeyriyyəçilik tədbirləri aparmış tələbələriniz özlərinin hazırlıqları, səmimi və mehriban münasibətləri ilə məktəbin pedaqoji kollektivinin, şagirdlərin və onların valideynlərinin hörmət və məhəbbətini qazanmışlar. Belə bir tədbirin ilk dəfə Bakı Slavyan Universiteti tərəfindən keçirilməsini bizə – Qarabağdan qaçqın düşənlərə qayğı və məhəbbət kimi qəbul edir, böyük bir təhsil müəssisəsinin bizim çətinliklərlə birgə yaşadığını hiss edirik.
Hazırlıqlı, səmimi və mehriban tələbələr hazırlayan BSU-nun professor və müəllim heyətinə, şəxsən Sizə məktəbimizin bütün kollektivi, şagirdləri və onların valideynləri adından səmimi təşəkkür və minnətdarlığımızı bildirir, belə tədbirlərin sonrakı illərdə də təkrar olunmasını istəyirik.
Cəbrayıl Rayon Təhsil Şöbəsinin müdiri V.Həsənova X.Rüstəmov adına Y.Mərcanlı kənd orta məktəbinin direktoru İ.Bəyişov” (fevral, 2005)
“Hörmətli Kamal müəllim!
...Bərdə şəhərində fəaliyyət göstərən köçkün məktəblərində təcrübə keçən BSU tələbələri özlərinin nizam-intizamı, bilik səviyyələri və dünyagörüşləri, əxlaq və davranışları ilə İcra Hakimiyyəti aparatı kollektivinin və rayon ictimaiyyətinin rəğbətini qazanmışlar. Onlar özlərinin intellektual səviyyələri ilə təhsil aldıqları universitetin professor, müəllim və tələbə kollektivinə başucalığı gətirmişlər.
Rayon İcra Hakimiyyəti Başçısının Aparatı həmin tələbələrin Bərdə rayonunda keçirdikləri təcrübəyə görə Sizə dərin təşəkkürünü bildirir.
Bərdə Rayon İcra Hakimiyyətinin Başçısı L.Ağayev” (oktyabr, 2006)
“Hörmətli Kamal müəllim!
Rəhbərlik etdiyiniz Universitetin bir qrup tələbəsi Beyləqan rayon ərazisində məskunlaşmış Dağlıq Qarqabağın Xocavənd rayon Tuğ kənd məktəbində pedaqoji təcrübə keçmişlər. Onlar yalnız dərs deməklə kifayətlənməyib, vətənpərvərlik mövzusunda tədbirlər də keçirmişlər. Belə bacarıqlı, savadlı tələbələr yetişdirdiyiniz üçün və onları köçkün olan kəndimizə ezam etdiyinizə görə Sizə kollektivimiz adından dərin təşəkkürümüzü bildirirəm.
Xocavənd rayon Tuğ kənd orta məktəbini direktoru O.Göyüşov” (mart, 2009)
“Hörmətli Kamal müəllim!
Artıq üçüncü dəfədir ki, Universitetinizin tələbələri məktəbimizdə pedaqoji təcrübə keçirdilər. Tələbələrinizin metodiki cəhətdən savadlı və peşıkarcasına apardığı dərslər şagirdlərimizin həmin dərslərə marağını daha da artırmışdır... Təcrübəyə gələn tələbələr bütün məktəb kollektivinin hörmət və məhəbbətini qazanmışlar.
Ağdam rayonu 24 saylı köçkün orta məktəbinin direktoru N.Məmmədov” (mart, 2010)
BSU tələbələri qaçqın və köçkün məktəblərində, deyildiyi kimi, beş ildən çoxdur ki, pedaqoji təcrübə keçirlər. Bu dövr tələbə və müəllimlərimizin xatirəsində bir çox unudulmaz təəssüratlarla yadda qalmışdır. Onlar beş il əvvəl bəzi yerlərdəki vaqon-məktəbləri, orada soyuq qış günlərində keçdikləri dərsləri də xatırlayırlar, tədricən baş verən köklü dəyişiklikləri də yad edirlər. Millət vəkili Mehriban xanım Əliyevanın, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə Bakıda, bölgələrdə olduğu kimi, qaçqın və köçkün məktəblərində aparılan abadlıq, yenidənqurma işlərinin də canlı şahidləridirlər. Artıq abad məktəblərdə keçdikləri bu təcrübəni tələbələrimiz əsl həyat, vətəndaşlıq, peşəkarlıq məktəbi hesab edərək bu gün də ləyaqətlə davam etdirirlər.
Asif Hacıyev, Bakı Slavyan Universitetinin tədris işləri üzrə prorektoru, professor






09.10.2010     Çap et  Çap et