525-ci qəzet

Azərbaycan qadını siyasət meydanında,




Bu günə kimi dünya birliyi tərəfindən gender bərabərliyinə nail olmaq üçün bir sıra qərarlar qəbul edilib. Azərbaycan gender təminatı ilə bağlı daxili qanunvericiliyini yaratmaqla bərabər, həm də beynəlxalq sənədlərə qoşulub. Bu sənədlərin arasında isə siyasətdə və dövlət əhəmiyyətli qərarların verilməsində qadın və kişilərin balanslaşdırılmış iştirakına dair Avropa Şurasının Nazirlər Komitəsinin üzv dövlətlər üçün tövsiyələri xüsusi əhəmiyyət kəsb edir. 2003-cü ildə qəbul edilən bu tövsiyələr qərarların qəbul edilmə prosesində kişi və qadınların balanslaşdırılmış iştirakının təmin olunmasına yönəlmiş bir sıra tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Ümumilikdə üzv dövlətlər üçün 8 tövsiyə irəli sürülüb ki, bunlar da vətəndaş və siyasi hüquqların bərabər bölünməsi, seçici hüququndan şəxsən istifadə olunması, ictimai həyatda qadınların aktiv iştirakının situmullaşdırılması, qanunvericilikdə, qərarların qəbul edilmə prosesində qadınların balanslaşdırılmış iştrakına yönəldilmiş dəyişikliklərin edilməsi və sairədən ibarətdir. Azərbaycanda bu tövsiyələrin nə dərəcədə yerinə yetirilməsini araşdıranda isə bəlli olur ki, xüsusilə qərar qəbulu prosesində qadınların iştirak faizi kişilərlə müqayisədə çox aşağıdır. Bu gün Milli Məclisdə 14 qadın deputat təmsil olunur ki, bu da 11 faiz deməkdir. Parlamentdə fəaliyyət göstərən 12 komitənin yalnız birinin – İnsan hüquqları üzrə komitənin sədri qadındır (Rəbiyyət Aslanova). Qadınların parlamentdə təmsilçiliyinin aşağı olmasının səbəblərini araşdıranda isə ilk növbədə siyasi partiyalar tərəfindən qadınlara etimadın səviyyəsinə diqqət yetirmək zəruridir. Azərbaycanda majoritar seçki sistemi fəaliyyət göstərir. Partiyalar isə namizədlərini daxildə müəyyən olunmuş siyahı əsasında müəyyən edirlər. Son seçki kapaniyasının, yəni 2005-ci ildə keçirilən parlament seçkilərinə dair statistikaya görə, Mərkəzi Seçki Komisiyasına(MSK) ümumilikdə 2004 nəfər(90,3) kişi və 223 nəfər qadın(9,97) müraciət edib. Rəsmi qeydiyyatdan isə 1372 kişi və 167 qadın keçib. Qadınların cəmi 68 nəfəri siyasi partiyaların üzvü olub. Ötən seçkilərdə partiyalardan ADP 1, AXCP 3, DİP 1, ALP 6, Ümid Partiyası 3, Müsavat Partiyası 2, Vətəndaş Həmrəyliyi Partiyası 2, hakim Yeni Azərbaycan Partiyası isə 10-dan artıq qadın namizəd irəli sürüb. Göründüyü kimi ən çox qadın namizəd məhz YAP-ın payına düşür. Amma bu halda da qadınların sayı ümumi namizədlərin 9 faizini təşkil edib. Orta hesabla isə partiyalarda qadın namizədlər 8,6 faiz təşkil ediblər. Yəni 790-dan çox namizədin 68-i qadın olub. Onlardan 5 nəfəri YAP-ın, biri isə Müsavatın təmsilçisi kimi deputat adı qazanıb (Aynur Camalqızı sonradan Müsavatdan çıxarılıb). Qalan 8 nəfər heç bir partiyanını üzvü deyil. Seçilmiş deputatların gender mənsubiyyətinə nəzər salsaq, qadınlar partiyalar üzrə YAP-da 8,2 Müsavatda isə 20 faiz təşkil edir. Digər partiyalardan AXCP, Sosal Rifah, Demokratik İslahatlar, Ana Vətən, Böyük Quruluş, Ədalət partiyaları parlamentdə 100 faiz kişi deputatlarla təmsil olunurlar. Partiyasız qadınlar isə parlamentdə 17,4 təşkil edir. Bu nəticələr onu göstərir ki, qadınların müstəqil şəkidə seçilmə faizi partiyadan seçilməyə nisbətən yüksəkdir. Bələdiyyə seçkilərində də qadınların fəallığı o dərəcədə hiss olunmayıb. 2004-cü ildə keçirilən bələdiyyə seçkilərində 20,346 üzv seçilib ki, onların 19, 516 nəfəri kişi (95,9 faiz), 830 nəfəri qadındır (4,1 faiz). Azərbaycanda 2006-cı ildə keçirilən əlavə bələdiyyə seçkilərində isə 1930 nəfər bələdiyyə üzvü seçilib ki, onların da 65 nəfəri qadındır. Ümumilikdə isə qadınlar bələdiyyələrdə 26 faiz təşkil edir. Bu parlamentlə müqayisədə yüksək göstərici olsa da, hər halda qadınların seçkilərdə iştirakının aşağı səviyyədə olmasını göstərir. Bəs qadınlar seçkili orqanlarda təmsil olunmağa niyə az maraq göstərirlər? Bu cəmiyyətdə qadınının rolununun aşağı olması, yoxsa mövcud sterotiplərlə bağlıdır? Bu suallara aydınlıq gətirməzdən əvvəl, Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İctimai Birliyinin montorinqinə nəzər salmaq maraqlıdır. Siyasətdə və dövlət əhəmiyyətli qərarların qəbulunda kişilər və qadınların balanslaşdırılmış iştirakına dair aparılan sorğuda 18 yaşdan 70 yaşa qədər 113 qadın iştirak edib. Onların 70 faizi evli, qalanı subay, 3,5 faizi isə natamam ailədən olub. Respondentlərin 53 faizi tam və ya natamam ali təhsillidir. Sorğu ştirakçılarının 81 faiz dövlət vəzifələrinin qadın və kişilər arasında bərabər paylaşmasında eyni imkanların təmin olunmasının tərəfdarıdır. 68 faiz balansı təmini üçün kvotanın tətbiqini dəstəkləyib. Amma qadınların 73 faizi “deputatlığa namizədliyinizi irəli sürmək istərdinizmi?” sualına mənfi cavab verib. 49,5 faiz dövlət qulluğunda çalışmaq istədiklərini bildirib. Nəticələr qadınların iki fəaliyyət sahəsinə yanaşmasında kəskin fərqin olduğunun göstərir. Bu həm də onu göstərir ki, qadınların qərar qəbulunda iştirakını əngəlləyən yalnız stereotiplər deyil, həm də onların siyasi proseslərə tam hüquqlu cəlb edilməsinə mane olan praktiki şəraitdir. Sorğununu nəticələri göstərib ki, bu maneələr əksər hallarda qadınların bilik və səviyyələrinin lazımi səviyyədə olmaması, və onların həddən artıq ev qayğıları ilə yüklənmələri ilə bağlıdır. Ekspertlər isə hesab edirlər ki, qadınların siyasi həyata cəlb edilməsi üçün birinci növbədə onlar təhsilli olmalı, ikincisi ev qayğılarından qismən azad edilməlidirlər. Azərbaycanda növbəti parlament seçkilərinin keçirilməsinə az qalıb. Partiyaların çoxunun artıq siyahıları hazırdır. Amma həmin siyahılarda 1-2 qadın namizədin adı var. Məsələn, seçkilərdə birgə iştiraka qərar verən AXCP-Müsavat Partiyasının vahid namizəd siyahısında cəmi dörd qadın namizəd yer alıb. Bunlar Almaz Əliqızı, Gözəl Bayramlı, Dünyaxanım Cərullayeva, Bahar Rüstəmlidir. 80-dən artıq namizədlə seçkilərə qatılan ALP–VİP-in yaratdığı “İnsan naminə” blokunda isə 8 qadın var. Blokdan bunu qadınların onlara az müraciət etmələri ilə izah edirlər. ADP –nin 34 nəfərlik siyahısında isə cəmi 2 qadın namizəd var. ADP sədri Sərdar Cəlaloğlu deyir ki, onlar bir çox qadınlara müraciət ediblər, amma müsbət cavab almayıblar. Namizədlər arasında qadınların azlığı da bununl bağlıdır. Səbəblərə gəlincə, S.Cəlaloğlu bunu həm qadınların özlərinə qarşı senzuraları, həm də onlara müxtəlif təzyiqlərlə izah edir. “Qadınlar demokratik cəmiyyətdə fəallıq göstərə bilərlər. Qadınların ictimai siyasi həyatda iştirak faizi həm də həmin ölkədə demokratiyanın göstəricisi sayılır”. Hüquq müdafiəçisi Səidə Qocamanlı isə deyir ki, qadınlara siyasi proseslərdə, qərar qəbulunda mane olan amillərdən biri də kişilərin qısqanclığıdır: “Hər seçkidə eyni halı müşahidə edirəm. Kişilər qısqanclıqla qadınların millət vəkili olduğu dairədən keçməyə cəhd edirlər. Bütün gücləri ilə çalışırlar ki, qadın rəqiblərini üstələsinlər. Onlar düşünürlər ki, qadın üzərində dha asanlıqla qələbə çala bilərər. Qara piardan da istifadədən çəkinmirlər”. Qocamanlı Azərbaycanda qadınların aktivliyinin zəif olması fikirləri ilə də razılaşmır. Deyir ki, Azərbaycanda kifayət qədər çox fəal, ağıllı, dürüst qərar qəbul etməyə qadir qadınlar var. Sadəcə olaraq onları üzə çıxarmaq, onlarla işləmək, fəaliyyətlərinə geniş imkan yaratmaq lazımdır. Hüquq müdafiəçisi deyir ki, Azərbaycanda bəzi sahələrdə, məsələn, məktəblərdə, tibb müəssisələrində qadınlar çoxdur, amma yenə də rəhbər vəzifələrdə kişilərdir. “Əgər hansısa qurumda rəhbər vəzifə boşalırsa, kişilər çalışırlar ki, o yeri tutsunlar. İctimai işlərdə fəal olan qadınları da kişilər arxa plana çəkməyə çalışır. Şərq kişilərinin qısqanclığı burda da özünü aydın büruzə verir”. Qocamanlı deyir ki, bütün bunlara baxmayaraq həm paytaxtda, həm də əyalətlərdə kifayət qədər ağıllı, sadlı, bacarıqlı xanımlar var. “Son illər hüquq müdafiəçiləri qadın liderliyi ilə bağlı böyük proqramlar həyata keçirib. O proqramlara əsaslanaraq demək istəyirəm ki, əyalətlərdə potensiallı qadınlar var. Amma əyalətlərdə qadınların irəli çəkilməsinə, qadınların üzdə olmasına az fikir verilir. Çalışırlar ki, boşluğu kişilər tutsun. Arzulayıram ki, bu parlament seçkilərində qadınlara üstünlük verilsin. Çünki parlamentdə qəbul edilən elə qanunlar, müzakirəyə çıxarılan elə problemlər var ki, onlara qadın həsslığı, qadın duyumu lazımdır”. Qərarların qəbul edilməsi sahəsində qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üçün nə tələb olunduğuna gəlincə, S.Qocamanlı düşünür ki, sadəcə qadınları gücləndirmək, onları üzə çıxarmaq, imkanlarını daha da genişlədirmək lazımdır. “Qadınlar istənilən sahədə kişilər qədər və onlardan artıq yaxşı idarəçi, qərar qəbul edən ola bilər. Yetər ki, xanımlara şərait yaradılsın”. Millət vəkili Jalə Əliyeva isə düşünür ki, burda söhbət ilk növbədə qadının özünü buna hazır olub olmamasından, qadının istəyindən gedir. “Burda yalnız kəmiyyət yox, keyfiyyət məsələsi, işin öhdəsindən nə dərəcədə gəlmək var. Mental düşüncədən, ailə ənənələrindən çıxış etsək, Azərbaycan qadını daha çox ailəyə, sosial işlərə bağlı olub. Məsələn, ölkədə müəllimlərin, həkimlərin böyük hissəsi qadındır. Qadın sanki özünü daha çox humanitar sahədə görür, nəinki siyasətdə”. Millət vəkili məsələyə obyektiv yanaşdığını deyir. “Təbii ki, bu gün Azərbaycan qadınının əldə etdiyi nailiyyətlər çox böyükdür. Azərbaycan qadını deyəndə ilk növbədə gözümüzün önünə ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva gəlir. Mehriban xanımın timsalında Azərbaycan qadını dünyada şərəflə, uğurla təmsil olunur. Azərbaycan qadını həyatın bütün sahələrində işləməyə layiqdir. Bunu tarix də göstərib”. Millət vəkili parlamentdə qadın həmkarlarının çox olmasını arzulayır. “Yalnız parlamentdə deyil. İstərdim ki, ölkədə komitə sədrinin müavini yox, sədri icra başçısınən müavini yox rəhbəri qadın olsun. Amma hər yerdə obyektvlik və subyektivlik axtarmaq lazımır. Bunun üçün qadınlarımızın keçdiyi yola və son bir əsrdəki inkişafına baxmaq lazımdır. Son bir əsrdə qadınlarımız böyük yol keçib. Azərbaycan qadını qara çadradan, savdsızlıqdan, hüquqsuzluqdan çıxaraq Şərqdə ilk dəfə seçilmək və seçmək hüququ əldə edib. Bunları unutmayaq”. Millət vəkili düşünür ki, ümummilli lider Heydər Əliyevin mövcud tarixi fərmanları, prezident İlham Əliyevin cəmiyyətin bütün sahələrində qadının rolunun artırılmasına dair qərarları qadınların zaman keçdikcə öz təsirini daha çox göstərəcək. Pərvanə SULTANOVA




17.09.2010     Çap et  Çap et