525-ci qəzet

Nəşrlərdə kənara qoyulmuş mətbu əsərləri



Milli iftixarımız Üzeyir Hacıbəylinin anadan olmasının 125 illiyi tamam olur. Bu tarixi xalqımız milli bayram kimi qeyd edəcəkdir. Hazırlıq işləri artıq başlanmışdır. Üzeyir bəyin, onun zəngin irsinin pərəstişkarı kimi mən də, neçə ildir ki, bu dahi şəxsiyyətin yaradıcılıq irsini, xüsusilə bu vaxtadək olan nəşrlərdə kənara qoyulmuş, hətta heç yerdə adı belə çəkilməyən mətbu əsərlərini aramaqla məşğulam. Hələlik 1904–1917-ci illərdə dövri mətbuat orqanlarında dərc olunmuş 150-dən artıq əsərini toplamış, onları ərəb əlifbasından müasir əlifbaya çevirmişəm. Bu əsərlərlə oxucuları “525-ci qəzet” vasitəsilə tanış etmək istədim.
Şirməmməd HÜSEYNOV

(Əvvəli ötən şənbə saylarımızda)

Beşinci üzv seçmək məsələsi
Şəhər idarəsinə beşinci üzv seçmək məsələsində müxtəlif rəylər izhar ediləcəgi şübhəsiz idi. Bu müxtəlif rəylər nədən əmələ gəlir?
Əvvəla – ümumi mənfəəti nəzərə almamaqdan.
Saniyən – ümumi mənfəəti nəzərə almaqdan.
Salisən – “prinsib” şərtini nəzərə almaqdan.
Ümumi mənfəəti nəzərə almayanların rəyi böylə mühüm işdə nə qədər zərərli olmağı şübhəzisdir. Mənfəəti-ümumiyyəni nəzərə almayıb da qərəzi-şəxsi ucundan layiqli bir adamı seçdirməgə razı olmayanlar və yaxud istədigi bir adamı heç bir ləyaqəti olmaya-olmaya –seçdirməgə səy edənlər şübhəsizdir ki, cəmaət xeyirxahı degildirlər.
O ki qaldı mənfəəti-ümummiyyəni nəzərə alıb namizəd nişan verənlərə – onlar da nə qədər cəmaət xeyirxahlığına və şəhərimizin abad olmasına çalışmaları şayani-təhsindirsə, yenə də bunlar “prinsib” məsələsini də nəzərə almasalar, təəssüf ediləcək nəticələr hasil olar. İş bundadır ki, şəhərimizin ən nüfuzlu əhalisindən və əlasinnilərindən Hacı Zeynalabdin Tağıyev cənabları keçən gün “Kaspi”də yazmış olduğu məktubuna görə – şəhər idarəsinin beşinci əzalığına degil, Bakıdan və ya Qafqazdan, bəlkə Rusiyadan bir nəfər kamil adam gətirilməsini təklif ediyorlar. Hacı cənablarının böylə bir təklifdən məqsədi şəhərimizə və cəmaətimizə mənfəət yetirmək istədiginə heç şübhəmiz yoxdur. Zatən şəhər dumamızın rəisi (qlavası) dəxi Hacı cənablarının təklif və vəsatətilə Rusiyadan gətirilib və şəhərimizə də az xidmət etmiyibdir. Məsələn, şəhərimizin ehtiyacatına və baxüsus su işinə sərf olunmaq üçün hökumətdən yüngül şərtlər ilə 20 milyon manat borc almağa müvəffəq olubdur. Bundan başqa qlavamızın filhəqiqə başlı bir adam olduğu aşkardır.
Lakin Hacı cənabları şəhərimizə mənfəət yetirməkdə fəal və kamil adamların özgə yerlərdən gətirilməsini təklif etdikdə “prinsib” məsələsini nəzərdən kənar qoyurlar. O məsələ bundan ibarətdir ki, biz gərək öz-özümüzü idarə etməgi öyrənək. Ona binaən böylə –nisbətcə xırda olan işlərdə öz adamlarımızın qüvvət və biliginə mərhəmət edək ki, haman adamlarımız böylə işlərə mübaşir olmaqla öz vəzifələrində məharət və mələkə kəsb etsinlər və bu gün – sabah ölkəmizdə tətbiq ediləcək zemstvo – işlərində də hazır və təcrübəli adamlarımız olsun və bununla – “Qafqaz zemstvo üçün hazır degil” – deyən pruşkeviçlərin ağzı bir dəfəlik yumulsun.
Hacı cənabları öz məktubunda yazıyorlar ki: “Şəhər idarəsinin beşinci əzası şəhərə su gətirmək işinə məşğul olmalıdır. Bu işin xatirəsi üçün də şəhər 20 milyon borc edibdir. Bakıda –su-işini mükəmməl bilən adamlar vardırlarsa da, onlar öz xüsusi işlərinə məşğuldurlar...”.
Lakin bəlkə bu adamlar öz xüsusi işlərindən əl çəkib də bu işi boyunlarına götürərlər və yaxud öz xüsusi işləri ilə bərabər bu işi dəxi gözəlcə apara bilər! Bakıda və ya Qafqazda bu –su işini boynuna götürüb layiqincə apara bilən adamlarımız yoxdur məsələsi hələ qəti surətdə həll olunmuyubdur. Yaxşı degilmi ki, əvvəlcə öz içimizi axtaraq, bədə özgələrə müraciət edək.
Su işini dürüst bilən adam qabil və kamil olmaqla bərabər, Qafqazın özünü, əhalisini və Qafqaz məişətində mövcud olan şəraiti də dürüst bilməlidir. Bunu da şübhəsizdir ki, özümüzdən başqa özgəsi yaxşı bilməz!
Yoxsa, əgər bu işdə – ölkəmizin şəraiti, əhalisi, dili nəzərə alınmaq lazım degilsə, o halda içəri Rusiyaya müraciət edincə Frangistana müraciət olunsa, daha yaxşıdır. Çün ki əgər məsələ yalnız bir qabillik və kamillik üstündə isə Firəngistanda daha qabil və kamil adamlar vardır...
Üzeyir
“Həqiqət” qəzeti, 14 fevral 1910, №36
mələkə – vərdiş

RUSİYADA
Bir neçə zamandan bəridir ki, Rusiyada bir neçə mühüm siyasi hadisələr əmələ gəldi. Bunlardan əvvəlincisi Rusiya dövləti ilə Avstriya dövləti arasında vaqe olmaq üzrə olan müvafiqət. İstər Rusiyada, istər məmaliki – əcnəbiyyədə hər kəsin diqqətini cəlb etmiş olan bu müvafiqət əsl və əsası Balkan məsələsidir. Balkan şəbəh cəzirəsində yaşayan dövlətlərə, yəni Bolqar, Serbiya, Qaradağ, Türkiyə, bu axırıncının, yəni Türkiyənin təcrid həyatından sonra başqa bir hal kəsb etdi. O cümlədən, əvvəllərdə Türkiyənin bir vilayəti ədd olunan Bolqariya kəsbi – istiqlal etdi. Əvvəllərdə Rusiyanın və Avstriyanın nüfuzuna tabe olan bu dövlətlər, bu gün özlərini bilkülliyə müstəqil hesab etmək istədilər. Rusiya dövləti də slavyan dövlətləri olan Bolqariya, Serbiya və Qaradağın istiqlaliyyətindən məmnun idi. Hətda Rusiya tərəfindən Balkan dövlətlərinə tövsiyə olmaq üzrə bu məsələ ifa edilmişdi ki, bu dövlətlər və aralarında bir federasyon, yəni ittifaq təşkil etsinlər. Kimi diyordu ki, öylə bir ittifaqın başında Türkiyə və bəziləri də Bolqariya olmalıdır-diyordular. İştə bundan bir qədər sonra indi ki, məhafili – siyasiyyədə başqa bir məsələ danışılmağa başlandı: bu məsələ həmal fövqəlzikr Rusiya-Avstriya müvaqfiqəti məsələsi idi, indiyə qədər davam edib hələ qəti surətdə həll olunmuyubdur. Rusiya-Avstriya müvafiqəti məsələsini birinci qovziyan Avstriya olubdur. Anlaşılır ki, Rusiyanın Balkandaki nüfuzi və Balkan dövlətlərindən “federasion” təklifi Avstriyanı bir qədər gələcək əndişəsinə salıbdır ki, indi Rusiya ilə bir növ müvafiqət axtarır ki, Balkan məsələsini yatırda bilsin. Rus qəzetələrinin əksəri bu Avstriya – rus müvafiqətinə bədbinanə nəzər ilə baxırlar və Rusiyanı xəbərdar ediyorlar ki, Avstriyanın “hiyləgir” vəzirlərindən çəkinsinlər.
İkinci hadisə Bolqariya çarı (padşahı) Ferdinandın öz zövcəsi ilə Rusiyaya gedib, bu günlərdə imperator ilə görüşmələridir. Şübhəsizdir ki, Bolqariya hökmdarının bu səfəri Rusiya və Avstriya müvafiqəti məsələsinə bir dərəcəyə qədər bağlıdır. Fəqət əhvaldan müxbir adamlar Bolqariya padşahının bu səfərində siyasi bir rəng olmadığını isbata çalışırlar. Bir də bu axır zamanlarda Türkiyə ilə Bolqariyanın arası bir qədər gərginlik halındadır. Qəzetəmizin dünənki və bu günkü nömrələrində Əhmədbəy Ağayev cənablarının məqalələri buna dair müfəssəl məlumat verir.
Üçüncü hadisə Fransa parlaman əzalarından beynəlmiləl parlaman üzvlərinin Rusiyayı ziyarətləridir. Bunların bu ziyarətindən məqsud Rusiya ilə və rus parlamanı ilə dürüst aşina olmaq və aralarında müvəddət vücudə gətirmək idi. Parlaman əzaları Peterburqu ziyarət edib imperator həzrətləri ilə mülaqat etdilər. Bədə Peterburqdan Moskvaya gedib köhnə paytaxtı dəxi tamaşa edibdirlər.
Moskvada əzalara Qafqaz restoranında nahar veribdirlər. Qafqaz tələbələri dəxi burada hazır olub milli oyun və musiqilərilə firəng qonaqları aşina edibdirlər. Nahar əsnasında, müsəlman duma vəkillərindən firəng dilini mükəmməl surətdə bilən Maksudov cənabları bizim Qafqazın tarixindən və indiki halından və gələcəgindən qonaqlara firəng dilində gözəl bir nitq söyləyibdir. Firənglər çox razı qalıbdırlar.
Dördüncü hadisə isə, bu il Dövlət dumasının dövlət işlərində vəzirlərdən daha iqtidarlı olduqlarını bildirmələridir. Böylə ki, maliyyat vəziri Kokovsev Rusiyanın 1910-ncu ili büdcəsində dövlətin genə borcsuz keçə bilməyəcəgini qabaqdan xəbər verirdi. Lakin dumanın maliyyat komissiyası 1910-ncu il üçün büdcə smetasını öylə məharət ilə tərtib edibdir ki, dövlətin mədaxili məxaricindən hətta bir qədər çox çıxır. Deməli, artıq Rusiyanın bu il borca girməyəcəyini duma təmin edibdir. Bundan sonra Rusiyada parlamentin dövlət üçün mənfəəti aşkardır.
Üzeyir
“Həqiqət” qəzeti, 18 fevral 1910, № 40
mühəvvəl –həvalə edilmiş
müvafiqət –uzlaşma
müvəddət –mehribanlıq, sevmə

CÜMƏ MƏSƏLƏSİ
Bu günlərdə Dövlət dumasında bayramlar haqqında müzakirə olunacaq idi ki, görək işçilər, əmələlər və ümum cəmaət hansı gündə öz gündəlik işlərindən fariğ olub həftədə bir dəfə istirahət etsin. Böylə bir gün məlumdur ki, xristiyan aləmində yekşənbə, islamda cümə və musəvilərdə də şənbə günləridir. Məsələn: İngiltərədə qaidə bu belədir ki, bazar günü hər yer bağlanar. Yəni bütün bazar –dükan, dəvairi –rəsmiyyə müəssisələr, hətta dəmir –filan, hamısı o günü tətil edərlər.
Xülasə, bu məsələ dumada müzakirə ediləcəgini biz bilib də arxayın idik ki, düma xristiyanlardan ötrü yekşənbəni, müsəlmanlardan ötrü cüməni və musəvilərdən ötrü də şənbəni qərar qoyacaqdır ki, heç bir millətə təzyiq olunmasın. Və heç bir millətin bu din və milli hüququ paymal edilməsin. Hətta bəzi şəhərlər, məsələn Orenburğ şəhəri müsəlmanları “Vəqt” qəzetəsi yazdığına görə dümadaki müsəlman fraksiyası sədri adına bir teleqram göndərib bu məsələdə müsəlmanlar, xristiyan bayramlarını bayram tutmağa məcbur edilməsin –deyə bir rica etmişdilər. Böylə bir teleqram dumanın öz sədrinə dəxi və ondan başqa Orenburğ məbuslarına da göndərilmişdir.
Lakin dünən “Kaspi” qəzetəsində görürük ki, Dövlət duması bizim ümidimizə və müsəlmanların ricasına rəğmən bu məsələyə razı olmuyub qərar qoyubdur ki, müsəlmanlar da, musəvilər də yekşənbə günləri tətil etsinlər. Dümada 194 nəfərin 11 nəfərə qarşı əksəriyyətilə cümə məsələsi batıbdır. Deməli, bir zamandan sonra elə ki, dumanın bu qərardadi qanun olacaqdır, bütün müsəlmanlara və musəvilərə əmr olunacaqdırlar ki, yekşənbə günləri bazar –dükanları və başqa müəssisələri (ola bilsin ki, milli məktəbləri dəxi) bağlasınlar. O halda müsəlmanlar gərək ya cümədən bilmərrə əl çəksinlər və ya həftədə iki dəfə bayram etsinlər. Bu isə əvvəlinci surətdə təzyiqi –hüquqdur. İkinci halda maddi zərərdir. Və halon ki, bazar günləri müsəlmanlar daha çox alver edirlər. Dumanın, yəni parlamanımızın böylə bir qərardaddan məqsədi nədir? Məqsəd iki ola bilər: ya ruslaşdırmaq məsələsi və yainki ticarət məsələsi. Hərçəndi “Kaspi” qəzetəsi ikinci məqsədi səbəb görür. Amma bizcə ikisi də var, çünki, Pruşkeviçlər ilə dolu olan dumadan böylə şeylər gözləmək mümkündür. Müsəlman deputatları Sirtlanov cənablarının sözü ilə, dumanın bu qərardadından rəncidəxatir olub qərardada qarşı bir protest olmaq üzrə nümayişkaranə bir surətdə dumadan çıxıb gedibdirlər...
Zatən yekşənbənin xristiyanlar və cümənin də müsəlmanlar tətil etmələri hər iki tərəfdən ötrü yaxşıdır. Çün ki, əhali hər bir halda bazarda və nərədə olur-olsun, iş görə bilərlər. İndi bir ümid qalıbdır ki, bəlkə Dövlət Şurası və hökuməti –milliyyə dumanın bu qərardadını qəbul və təqdis etmiyə.
lll
Keçən gün Dövlət dumasında cümə məsələsinin batmağını, yəni cümənin ümumrusiya müsəlmanları üçün rəsmi bir tətil günü hesab edilməsini, qəzetəmizdə yazmışdıq. Duma əksəriyyətinin igirmi –otuz milyonluq müsəlmanlara qarşı göstərmiş olduğu bu hərəkət gələcək üçün yaxşı əlamət degildir. Yəni böylə bir əksəriyyətə malik olan dumadan bundan sonra müsəlmanların bir mənfəət gözləməsi çox şübhəli görünür. Cümə günü nədir? Cümə günü müsəlmanların qədimdən bəri təyin edilmiş əziz bir günüdür. Bazar günü xristianlardan ötrü nə isə cümə də müsəlmanlardan ötrü odur. Müsəlmanların cüməni tətil etmələrində nə rus dövlətinə, nə hökumətə, nə də bir kəsə bir zərəri olmuyor. Ancaq müsəlman camaatı bu əziz gündə bir qədər istirahətə məşğul olmaqla cümə ehtiramını da riayət etmiş olurlar. Rus, erməni və sair xristianlardan ötrü bazar günü işləmək nə qədər ağırdırsa, müsəlmanlardan ötrü də cümə günü bir o qədər ağır görünür. Ümum dövlətə mənsub olan bayramları, misal xanədan imperatoriyyə məxsus günlərdə bayram etməgi müsəlmanlar kamali şövq və həvəs ilə qəbul ediyorlar.
Çün ki, o günlər bilatəfriq cins və millət ümumrusiya təbəəsinə məxsus günlərdir. Lakin bazar günü dövlət bayramı deyildir. Bu gün dünyada olan bütün xristiyanlara məxsus bir tətil günüdür ki, o günü tətil etməgə islam əhlini də məcbur qılmaq hürriyyəti –ədyan və məzhəb tərzinə bilkülliyə zidd və müxalif bir hərəkətdir. Təəccüb də burasıdır ki, böylə bir hərəkət dövlətimizin parlamanında baş verir. Halbu ki, böylə bir nagüvara qərardad əvvəl müsəlmanlardan, məsələn Orenburğ müsəlmanları həm duma sədrindən, həm də dumadakı müsəlman fraksiyasından rica və iltimas etmişdilər ki, müsəlmanlar üçün tətil günü cümə olsun ...
Öylə ki, dumanın bu qərarı Dövlət Şurasından keçib imperator həzrətləri tərəfindən də təsvib və təqdis edilərsə, qanun surətinə girib icrası ümuməhali üçün məcburi olar. Yəni bazar günləri müsəlmanlar dükanlarını və hər bir müəssisələrini və hətta məktəb və mədrəsələrini bağlamağa məcbur olarlar. Onda nə olar?
Onda bu olar ki, müsəlmanlar ya birdəfəlik əziz günləri olan cümədən əl çəkərlər və yaxud həftədə iki dəfə –həm bazar və həm də cümə günləri tətil etməgə məcbur olarlar. Bu isə mənfəət degildir. Pəs nə etməli? Əlbəttə, dumanın bu qərardadi hələ qanun surətinə girməyibdir. Öylə olan surətdə yığılıb müctəma ərizələr və ərizi –hallar göndərməlidir. Nərəyə? Lazım olan yerlərinə, Dövlət dumasına, öz vəkillərimizə –ki bu barədə təkrar lazım olan tədbirlərə təvəssül etsinlər. Bilaxirə, vəkillərimizdən sormaq ki, cəmaət üçün nə surətdə və nərəyə müraciət etmək lazımdır. Hər halda əgər böyləcə laqeydanə baxarsaq –heç bir yerdən etiraz görməyən duma əksəriyyəti bu hərəkətindən cüzi də peşiman olmuyub, etiraz edə bilən bir və ya iki nəfərə kəmali –vüqar ilə deyə bilərlər ki, bizim bu qərarımıza müsəlman cəmaəti etiraz etmədi. Görünür ki, burada əhəmiyyətli bir şey yoxdur. Yox müsəlmanlar tərəfindən aqilanə və müdəbbiranə bir surətdə etirazlar baş verərsə, o halda etina edən də olar və çox ola bilər ki, duma qərarını təğyir etməgi lazım görür. Lakin biz müsəlmanlarda tərs kimi bir qəbih xəsiyyət vardır ki, həmişə iş –işdən keçəndən sonra tədbir almağa başlarıq və heç bir şeyə də müvəffəq olmuyub, sonra dünyadan şikayət edərik. Bu dünya heç, o dünya bizə lazımdır –deyərik. Bu dünyada daim miskin, xar və zəlil olmamıza qane olub da, həyatımızı çürüdürük. Fars deyir ki, əlaci vaqeə piş əz vüqu bayəd kərd-bu zərbülmisal bizdə nə qədər çox işlər isə, bir o qədər də mənasına az əməl olunur. Biz həmişə “piş əz vüqu” əvəzinə “bədəz vüqu” başlarıq. Əgər cüzi işlərimizdən tutmuş ən böyüklərinə qədər “bədəz vüqu” iş görməgə başlarıq. Birisi naxoş olur: lakin təbib, dərman dalınca getmiyirlər, azar artır. Axırda azır: kişi can verməgə bircə saət qalmış təbib dalınca yügürürlər. Təbib də görür ki, artıq iş –işdən keçibdir. Daha əlac yoxdur. O halda başımıza dögürük, üzümüzü cırırıq, çığırırıq, bağırırıq, əlimizdən də heç bir şey gəlmiyib, axırda xar və miskin bir halda sakit oluruq, özümüzə təsəlli veririk ki, bəli, qəzavü –qədər imişdir. Görünür ki, alnımızda böylə yazılmış imiş .... İndi böylə bir əhəmiyyəti olan cümə məsələsində də hələ dinmirik, guya heç bir zəddan xəbərimiz yoxdur. Bir zamandan sonra bazar günləri bizi tətilə məcbur edəndə, guya ayılıb bir qədər etiraz –filan da edəcəyik, onda da şübhəsiz bir şey çıxmayacaqdır. O halda alnımıza öylə yazılmış-deyib sakit olacıyıq.
lll
B.T. Məqaləmizi qurtarmışdıq ki, “Kaspi” qəzetəsini açıb bu xəbəri oxuduq:
“Orenburğ –Bazar günü hökumət izni ilə müsəlmanlar şəhər teatrosuna yığılıb Dövlət dumasının qərar qoymuş olduğu tətil məsələsi xüsusunda müzakirə etdilər və böylə nəticəyə gəldilər ki, dumanın qərardadi müsəlmanları çox olan yerlərdə mümkün olan əmr degildir. Və bir də bu qərar manifesti –ali tərəfindən verilmiş hürriyyət və vicdan əsasına müxalifdir. Orenburğdan başqa Orsəq, Çelyabinsk və Pervaysk şəhərlərində də müsəlmanların yığıncağı gözlənir. Şübhəsizdir ki, əgər Qafqaz şəhərləri dəxi hərəkətə gəlib bu yolda hökumət izni ilə yığıncaq qurub Rusiya müsəlman qardaşlarımıza iştirak etsələr, çox ümid var ki, nəticədə bir şey də hasil olar. Bu cürə mühüm məsələlərdə həmrahlıq hər bir şeydən vacibdir.
Üzeyir
“Həqiqət” qəzeti, 6, 12 may 1910,
№ 101, 106.
fariğ –asudə
DUMAMIZ
Mayın 7-də şəhər idarəsində vaqe olan iniqad o qədər əhəmiyyətli imiş ki, hətta qlasnı olub da üç ildən bəri bir dəfə olsun ağızlarını açmiyan qlasnılar dəxi “zəbanə” gəlib söz söyliyibdirlər. İş bundadır ki, şəhər idarəsinin qiymət qoyan komitəsindən və bir də idarənin özündən çox şikayətlər var ki, mülklərin qiyməti həqq ilə təyin edilmiyor. Kimə baha qiymət qoyurlar, kimə ucuz və hətta danışırlar ki, baha qiymət kasıblara, ucuz isə zənginlərə qoyulur. Sırağa günki iniqad da qlasnılardan Ağamalıbəgov qiymət qoyan komissiyanı və bir də idarənin özünü ittiham ediyor ki, bəzi yerlərdə evlərə o qədər ucuz qiymət qoyulubdur ki, “insanı şübhələrə salır”. Şəksizdir ki, idarə əzaları böylə bir ittihamdan rəncidəxatir olub tələb edir ki, bu sözləri isbat etsin. Qərar qoyulur ki, komitənin qiymət qoyduğu işlər ümumisi Ağamalıbəgova verilsin ki, qiymətləri təhqiq edilib ittihamını isbat etsin. İndi əgər Ağamalıbəgov öz sözlərini isbat edə bilərsə, o halda töhmət altına düşsün. Əzaların borcu –Hacıyev demişkən istehfa verməkdir. Yox, əgər isbat edilməzsə, özü istehfa verməlidir. Təəccüb burasıdır ki, şikayətlərin bir çoxu –biz bildigimizə görə –evlərə baha qiymət qoyulmasına dairdir. Halbu ki, Ağamalıbəgov cənabları isə tərsəsi ilə əzaları ittiham ediyor. Hər halda çox ola bilər ki, Ağamalıbəgov təhqiq işinə başlayıb da bəzi yerlərdə həddən ziyadə qiymətlər qoyulduğunu da tapa bilər. Hər halda gözləyək görək Ağamalıbəgovun təhqiqatından nə çıxacaqdır. Çünki, onun ittihamı çox böyük ittihamdır və artıq qilü-qala səbəb ola bilər. Aşağıda şəhər idarəsində bu xüsusda vaqe olmuş iniqadi dərc ediriz.
Üzeyir
“Həqiqət” qəzeti, 9 may 1910, № 103
UŞAQ
İstəyirəm sizə bir-iki kəlmə söz deyəm, amma özünüz bilirsiniz bizdə bir adət var ki, böyüklər yanında kiçiklər danışmaz. Mən də indi istəyirdim sizə bir-ikicə söz yazam, amma vallah, çox qorxuram. Çünki, siz bir qoca və molla kişi, mən bir “dünənki uşaq”. Necə ola bilər ki, oturam sizinən adam kimi danışam.
İndi mən də öz yanımda belə qət eləmişəm ki, gərək böyüyüb-böyüyüb lap yekə oğlan olana kimi gözləyim, heç danışmayım. Amma bircə dərd burasındadır ki, bilmirəm mən bu zəhrimar “kiçiklikdən” və “dünənki uşaq”lıqdan nə vaxt qurtula biləcəyəm? Çünki sən əgər 25-30 yaşında da olsan, yenə özündən beş yaş böyük adamın yanında lal olasan, ələlxüsus ki, bəy, xan və dövlətli olmuş ola. Çünki, hər halda sən kiçiksən, böyüyə hörmət lazımdır.
Əgər mümkün olsaydı, mən sizdən iki kəlmə söz soruşardım: əvvəl onu soruşardım ki, görəsən, heç qaranlıqda işıq ola bilərmi, ya yox?
Biz indiyə kimi görmüşdük ki, işıq bir elə qüvvədir ki, həmişə dörd tərəfini aydın eləyir, hər şey aşkar görünür. Amma bizim şəhərdə bir “İşıq” çıxıb öz ətrafı hələ qaranlıqdır ki, göz-gözü görmür. Bu da bir belə qəribə işıqdır.
Əvvəl yevropalılar elə bilirdilər ki, bu təzə çıxan işıq yəqin “Rentgenin” tapdığı işıq kimi və ya “Radi”dən əmələ gələn işığa bənzəyir. Sonra gördülər, xeyr, bu da bir cürə işıqdır ki, özü gözə görünmür və ətrafında olan şeyləri də adama açıq göstərir və dörd bir yanına elə işıq saçır ki, nəinki, üzərində olan şeyləri, hətta insanın bədəninin içində olan sirri də göstərir. Bu günlərdə Yevropadan buraya bir neçə alimlər gəlmişdilər ki, görsünlər ki, bu təzə tapılmış işıq nə cür şeydir. Amma nədənsə olar burada çox qalmayıb qoyub vətənlərinə getdilər. Belə deyirlər ki, həmin yevropalılar nə qədər çalışdılar, bu işığın nə cür möcüz olduğunu heç başa düşə bilmədilər.
Kafirlər elə bilirlər ki, biz elə həmişə oların icad elədiyini başa düşməyəcəyik. İndi gəlsinlər görək olar da bizim aramızda təzə-təzə çıxan şeylərdən başları çıxarmı? Vallah ki, heç yüz il də çabalasalar, bir şey qanmazlar. Olar hələ getsinlər qanqal otlamağa!
O ki qaldı biz, biz də vallah, əvvəldən çox sevinirdik və dedik: İlahi! Sənə şükür, biz də axırda təzə bir belə yaxşı şey icad etdik. Çünki, zindanda olana azadlıq, qaranlıqda olana əlbəttə, işıq lazımdır. Sevindik ki, bəli, zülmətdə qalmış bacılarımızın üstünə bir gün düşdü. İnşaalah, buları zülmətdən və zindandan xilas edib işıqlığa çıxardar.
Bəli, biz belə bildik. Amma qəzanın işi özgə imiş. Yenə bir iş də var, onu da sizə indi diyirdim. Ancaq atam mənə öyrədib ki: “Uşaq çox danışmaz!”. Ona görə indi gərək kiriyim, lal olam, mal olam. O vaxta ki, lap böyük ollam, onda yenə sizdən bir şey soruşacağam.
Soruşacağam ki: “Molla baba! Məni başa sal görüm “Nicat” sözü nə deməkdir?”
Bilmirəm vallah, doğrudumu? Amma burda bir para adamlar deyirlər ki, “Nicat”, yəni günün günorta çağı (nə təhr adam olur, qoy olsun) alladıb öz evinə salıb, yaxşıca döyüb, baş-qulağını əzib, yola salmaq. Bax əsl nicat bundan ibarətdir.
Çünki, bilirsinizmi? Adam döyüb hirs soyutmaq, adamı qanına bulaşdırıb intiqam almaq, bizim aramızda ata-babadan qalma və müqəddəs bir adətdir. Buna görə də adam baş-qulağı əzməyə təəccüb eləmək heç lazım gəlmir, çünki, bu da bu cür nicatdır.
Bəli, molla baba, belə şeyləri sizdən xəbər almaq istəyirəm. Nə faidə ki, hələ bir az uşağam. Allah qoysa lap qocalanda bu şeylərin hamısını sizinlə danışaram. Amma, inldi gərək kiriyəm. Çünki böyüklərə hörmət lazımdır.
Lal uşaq
(Ü.Hacıbəyov)
“Molla Nəsrəddin”, №27, 27 iyul 1911
HAMAM
Zaman iki insan hamama daxil olur, görür ki, hamamda “Müsavati –tammə” (tam bərabərlik) bərpadır, yəni hamı lüt və üryan olub ümumi bir sifətlə mövsufdurlar. Kənardan gələn adam heç vaxt bilə bilməz ki, bu lüt adamların sənəti nədir, kim nə karədir və nə yola qulluq edir. Çünki surəti-zahirdə hamı bir dondadır, bir sifətdədirlər. Amma eylə ki, bu lütlər hamamdan çıxır və hər kəs öz əsl donuna girir, o halda kənardan baxanın gözləri açılır, onda məlum olur ki, bu adamların biri molla imiş, biri həammal (hambal) imiş, biri bəy, biri qoçu, biri uçitel, biri baqqal, biri nə bilim nə imiş, qərəz məlum olur ki, hamamdakı müsavat müvəqqəti imiş. Bəlkə əsl həqiqətdə hər kəsin özünə məxsus donu varmış...
1905-ci sənədə mən Bakıya daxil oldum. Daxil olub da öz-özümə çox sevindim. Çünki Bakıda olan müsəlmanların hamısını bir sifətdə gördüm. Molla, tacir, bəy, qoçu, yazıçı, neftçi, milyonçu, uçitel, hamısı bir rəngdə idilər. Və hamısının ağzından tökülən söz bu idi: Müsavat, ədalət, üxüvvət (qardaşlıq).
Öz-özümə dedim: Pəh, pəh, pəh! Cəmaətimiz ayılıbdır.
1906-cı sənə gəldi-genə haman sifət, haman rəng. Genə pəh-pəh, pəh!!!
1907-08-ci sənələr gəldi. Bir də baxdım gördüm nə? Adamlar bir-bir hamamdan çıxırlar və hər kəs öz həqiqi donuna girir. Onda bildim ki, Bakı o zaman hamam imiş.
Bəli, elə ki, hər kəs öz donuna girdi, Bakı yavaş-yavaş qaynaşmağa başladı... Müsavat, üxüvvət sözləri əvəzinə özgə sözlər söyləndi. Birinə gəlmə dedilər, birinə yerli dedilər, döymək, öldürmək, qovmaq kəlmələri asimana bülənd oldu.
Qafqaz müsəlmanlarının bir danə mərkəzi olan Bakıda min danə mərkəz əmələ gəldi. Bu mərkəz sahibi olan şəxslərin başındakıları da bir neçə mərkəzə bölünüb hər mərkəzdən bir avaz çıxdı. Bakı oldu qatıqlı aş.
Bircə bunları deyən yoxdur ki, ay cəmaət, axı nə olub, bu nə hay-küydür, bu nə erməni bazarıdır, bu nə zənənə hamamıdır.
Hərgah hal-hazırda sizi qaynaşmaya salan Tağıyev-Behbudov əhvalatıdırsa, mən imanım hay-küyünüz saxtadır. Sizin nə Tağıyevə yazığınız gəlir, nə də Behbudova. Mən bilirəm ki, sizin bir paranızı qızışdıran Tağıyevin adı, sanı, ələlxüsus puludur. Bir paranızı hay-küyə salan-aranı qarışdırıb mənfəətbərdar olmaq arzusudur. Bir para Mustafa bəy Əlibəyov kimiləri zingildədən yalançı pəhləvanlıq həvəsidir ki, o da başın boşluğuna dəlalət edər.
Bəli, gün o gün oldu ki, Bakıda hər kəs öz əsl donuna girdi və özünü bildirdi. İndi hərif istəyirəm ki, bu adamların indiki əsl surətlərini yadında saxlayıb iqtizai-zəmanə görə bu əsl dondan çıxıb özgə bir dona girmək istədikləri vaxt əlbəyaxa olub desin ki: Xeyr! İndi aslan dərisinə girməklə bizi aldada bilməzsiniz. Biz sizin, əsl dərinizi vaxtında görmüşük və kim olduğunuzu yaxşıca bilirik, vəssəlam.
Şeir:
Sən murdar donunu çıxardıb
hamama girirsən ki,
murdarlığını təmizliyəsən,
Amma mən bilirəm ki, hamamdan
çıxan kimi
genə o murdar dona girəcəksən,
ay yazıq!
Hamamçı
(Ü.Hacıbəyov)
“Molla Nəsrəddin”, №28,
4 avqust 1911
Üzeyir HACIBƏYLİ






Mənbə: Üzeyir HACIBƏYLİ14.08.2010     Çap et  Çap et