525-ci qəzet

AZƏRBAYCANIN YOL GÖSTƏRƏNİ


(Sevimli övladının – “Əkinçi” qəzetinin ilk sayının 50 illiyi münasibəti ilə Həsən bəy Zərdabiyə ithaf edilir)
(Əvvəli ötən şənbə sayımızda)

Həsən bəy yuxarıda adlarını çəkdiyim mətbuat orqanlarındakı olduqca faydalı və səmərəli publisist fəaliyyəti ilə bir sırada Bakı şəhərinin idarəçilik məsələlərində də yaxından iştirak edirdi. O, iki dörd illik müddət ərzində ardıcıl şəkildə şəhər Dumasına üzv seçilmişdi. Jurnalistlik fəaliyyətindən də çəkilmədiyi həmin səkkiz ili yorulmaq bilmədən, heç bir təmənna güdmədən ictimai işlərə sərf etmişdi. “Kaspi” redaksiyası və Dumanın binası-Həsən bəyi hər zaman görmək və tapmaq mümkün olan əsas yerlər idi. O, evə yalnız yatmaq üçün gəlirdi. Bəzən uşaqlarının üzünü həftələrlə görmürdü. Mənzilinə adətən gecədən xeyli keçmiş, Dumanın və onun çoxsaylı komissiyalarının iclasları başa çatandan sonra qayıdırdı. Həsən bəy keçirilən iclasların demək olar ki, hamısının işində iştirak edirdi.
Bakı şəhərinin ictimai həyatında elə məsələ yox idi ki, Həsən bəy onunla yaxından maraqlanmasın, onu diqqətlə öyrənməsin, müxtəlif komissiya iclaslarında və Dumada müzakirəyə çıxarmaq üçün səy göstərməsin. Həsən bəy Dumanın müzakirə olunan məsələlərlə bağlı yazılı mənbələr və faktiki material əsasında əvvəlcədən və çox diqqətli hazırlaşan nadir, bəlkə də yeganə üzvü idi. O, senzli Dumada iştirakını, burada üstünlüyü şəhərin bütün işlərini öz əllərində saxlayan varlıların təşkil etdiyini yaxşı başa düşürdü. Odur ki, həmişə bütün məsələlər barəsində ətraflı məlumata malik olmağı, hər an döyüşə hazır vəziyyətdə dayanmağı zəruri sayırdı.
Aydın məsələdir ki, Həsən bəy hətta istəməsə belə Dumanın öz pullarının, mal və mülklərinin keşiyində möhkəm dayanmış zəngin təbəqənin təmsil edən üzvləri ilə mütləq qarşı-qarşıya gəlməli idi. Maddi səciyyəli maraqlar Həsən bəyin özünə tamam yad idi. O da kürəkəni Əlimərdan bəy Topçubaşov kimi Dumaya bir nəfər bakılının yetim uşaqlarının himayəçisi kimi keçmişdi. Özünü yoxsul təbəqənin, hüquqları hakimiyyət nümayəndələri tərəfindən ən çox tapdanan və şəhər başçılarından ən az qayğı görən əhalinin təmsilçisi sayırdı. Həsən bəy əvvəldən axıra kimi Dumada məhz fikir və rəyləri ilə heç kəsin hesablaşmadığı belə insanların müdafiəçisi olaraq qaldı.
Həsən bəy iclaslarda əlindəki rəqəm və faktlara əsaslanaraq şəhər idarəsinin, onun tabeliyindəki orqanların fəaliyyətini haqlı və kəskin tənqid edirdi. Şəhər rəhbərliyini varlıların istək və iradəsinə uyğun hərəkət etməkdə, yalnız imkanlı adamların yaşadıqları mərkəzi hissəni abadlaşdırmaqda, başqa məhəllələrə, xüsusən də yoxsul daxmalarının yerləşdiyi ucqarlara diqqət yetirməməkdə, burada yolların sahmana salınmasına, məktəb və xəstəxanalar açılmasına, abadlıq və işıqlandırma işlərinə, nəqliyyat təminatına əhəmiyyət verməməkdə günahlandırırdı. O, yalnız şəhər memarlarının və mühəndislərinin irəli sürdükləri gərəkli, faydalı təklif və layihələri tərifləməklə vəzifəsini bitmiş saymırdı. Şəhərin diqqətdən kənarda qalan kasıb, ucqar məhəllələrində təxirəsalınmaz abadlıq işləri aparılmasını tələb edirdi. Dumanın nadir iclasları Həsən bəyin kəskin xarakterli çıxışları olmadan keçirdi. Bu çıxışlar əsas etibarı ilə torpaq sahələrinin çox aşağı qiymətlərlə Bakı zənginlərinə satılması ilə əlaqədar şəhər idarəsinin qəbul etdiyi qərarlara qarşı çevrilirdi. Dumanın belə ədalətsiz qərarlarına etirazını bildirən, qanunverici hakimiyyət təmsilçilərini xalqla vicdanlı və insaflı rəftara çağıran Həsən bəy fikirlərini dəlil-sübutlarla əsaslandıraraq göstərirdi ki, torpaqları varlılara ucuz qiymətə satan şəhər idarəsi kasıblara münasibətdə tamamilə fərqli mövqe tutur, şəhərin baş planına uyğun gəlmədiyini bəhanə edərək onların daxmalarını başlarına uçurur. Əgər bir tərəfdən “Kaspi” qəzeti, o biri tərəfdən isə Həsən bəy və Dumanın yoxsulların maraqları müdafiəsində dayanan Ə.Topçubaşov, A.M.Benkendorf və b. kimi bir neçə nəfər üzvü olmasaydı, Bakının yüzlərlə, bəlkə də minlərlə yerli sakinlərini diş-dırnaqları ilə qurduqları yoxsul evlərini həmişəlik itirmək kimi əzablı tale gözləyirdi. Bakının müxtəlif millətlərdən ibarət yoxsul və əməkçi sinfi Həsən bəyin xidmətlərini unutmur, Dumadakı çıxışlarını yüksək qiymətləndirir, onu özlərinin həqiqi müdafiəçisi sayırdılar. Yaşadıqları küçə və məhəllələrin abadlaşdırılması, bazarlarda qayda-qanun yaradılması, vergilərin toplanmasında düzgünlük və ədalətin gözlənilməsi və s. məsələlərlə əlaqədar xahişləri nəzərə alınmayanda onlar ya ayrı-ayrılıqda, ya da kollektiv şəkildə Həsən bəyə şikayət məktubları ünvanlayırdılar. Onlar yaxşı bilirdilər ki, xahişlərini cavabsız qalmayacaq, Həsən bəy Dumanın ən yaxın iclaslarının birində lazımi idarələrə sorğu ünvanlayacaq, çəkinmədən günahkarın adını söyləyəcək və tezliklə qayda-qanun yaradılmasına nail olacaq.
Və bu adamlar öz gümanlarında yanılmırdılar. Həqiqətən də Həsən bəyə ünvanlanan müraciətlərin heç biri diqqətdən kənarda qalmır, hamısına cavab verilirdi. Nəticədə, şəhər idarəsi daha çox inanmağa başladı ki, Həsən bəyin-bu “xırdaçı” qlasnının idarəçilik orqanlarının fəaliyyətinə tənqidi münasibəti onun hikkə və əsəbiliyindən deyil, vəziyyəti az da olsa, yaxşılığa doğru dəyişdirməklə bağlı səmimi istəyindən irəli gəlir. Şəhər idarəsi və ümumən hakimiyyətdə təmsil olunanlar əhalinin əksər hissəsinin Həsən bəyin arxasında dayandığını, onun ictimai fikirdə özünə çoxlu tərəfdarlar tapdığını, tənqid və sərt ittihamlarının da buradan qaynaqlandığını görməyə bilməzdilər.
lll
Dumaya seçildiyi dövrdən etibarən şəhər həyatı ilə bağlı əksər daxili və xarici səciyyəli təşəbbüslər Həsən bəyin adı və yorulmaz fəaliyyəti ilə sıx bağlı olmuşdu. Belə təşəbbüslər sırasına şəhərdəki bağçaların sahmana salınması, Dənizkənarı bulvarın yenidən qurulması və s. daxil edilə bilər. Ən çox diqqəti çəkən cəhət isə Həsən bəyin Bakı əhalisinin maariflənməsi istiqamətində gördüyü uğurlu işlər idi. Yalnız fəaliyyətinin bu sahəsi onun xatirəsinin həmişə böyük ehtiramla yad edilməsi üçün kifayətdir. Həm də Həsən bəy sadəcə xalq maarifi sahəsində çalışmaqla kifayətlənmirdi. O, könüllü şəkildə həm oğlan, həm qız uşaqlarının təlim-tərbiyəsi işinə mənəvi rəhbərlik kimi çətin və məsuliyyətli bir işi öz öhdəsinə götürmüşdü.
Bu iş onun daha əvvəlki dövrdən başlanmış maarifçilik fəaliyyətinin uğurlu davamı idi. Başlanğıc mərhələ ilə müqayisədə indi Həsən bəy parlaq nəticələrə çatmaq üçün daha məqbul şərait və daha çox maddi vəsait əldə edə bilirdi.Həsən bəy bütün Bakı əhalisi arasında maarifin yayılmasına özünəməxsus düzgünlük və fəallıqla iqdam etsə də, əsas diqqəti təbii ki, maarif işığından daha uzaq düşmüş insanlara yönəldirdi. Həmin insanlar isə şəhərin müsəlman sakinləri idi. Dumanın Təhsil komissiyasının dəyişilməz üzvü kimi Həsən bəy ibtidai məktəblərin, xüsusi ilə rus-müsəlman məktəblərinin sayının artırılması, onların maddi bazasının yaxşılaşdırılması, tədrisin səviyyəsinin yüksəldilməsi üçün əlindən gələni əsirgəmirdi. Onun səyi nəticəsində 1906-cı ildə rus-müsəlman məktəblərinin sayı 3-dən 16-ya çatdırılmışdı. Ən başlıcası isə qızlar üçün də belə məktəblərin təşkilinə başlamışdı. Həmin məktəblərin müəllimləri Həsən bəyin ən yaxın dostları sırasına daxil idilər. O, Təhsil komissiyası və şəhər idarəsi vasitəsi ilə istər tədris, istərsə də təchizat baxımından məktəblərin ehtiyaclarının aradan qaldırılmasına bacardığı qədər çalışırdı. Tez-tez həmin məktəblərə baş çəkməsi, mövcud çətinlik və ehtiyaclarla bağlı müəllimlərlə söhbətlər aparması təhsilə ayrılan vəsaitin artırılması kimi büdcə xarakterli məsələlərdə Həsən bəyə böyük yəqinlik və enerji verirdi. Ümumiyyətlə xalq maarifi ilə bağlı məsələlərdə o, güzəşt nə olduğunu bilmir, mövqeyindən heç zaman geri çəkilmirdi. Həmişə mübarizəni uğurla başa çatdırmaq üçün özündə güc və qüvvə tapırdı. Ədalət naminə qeyd etmək lazımdır ki, təhsillə bağlı məsələlərdə şəhər idarəsi də əksər hallarda Həsən bəyin mövqeyini müdafiə edir, lazımi məqamlarda kifayət qədər səxavət və əliaçıqlıq göstərirdi.
lll
Həsən bəyin maarifçilik fəaliyyətinin ən parlaq nəticələrindən biri Bakıda müsəlman qızları üçün nəzərdə tutulmuş Birinci Qız Məktəbinin açılması (5 oktyabr 1901-ci il) idi. Bu məktəbin əsasını indi haqqın dərgahına qovuşmuş Hacı Zeynalabdin Tağıyev öz şəxsi vəsaiti ilə qoymuşdu. Əminliklə demək olar ki, belə bir seçim edərkən mərhum öz sərmayəsinə ən sərfəli və zəruri tətbiq sahəsi tapmışdı. Qız məktəbinin açılması ideyasını isə Hacı Zeynalabdin Tağıyevə Həsən bəy vermişdi. Bu gözəl təşəbbüsü həyata keçirmək məqsədi ilə o, Əlimərdan bəy Topçubaşovla birlikdə Tiflisə getmişdi. Qafqaz Canişinliyinin və Qafqaz Təhsil Dairəsinin bir çox yüksək rütbəli məmurlarının kabinetlərini dolaşdıqdan sonra onlar, nəhayət məktəbin açılmasına icazə ala bilmişdilər. Diqqətəlayiq mədəni uğur münasibəti ilə “Kaspi” redaksiyası ətrafında toplaşmış müsəlman ziyalıları böyük şadyanalıq düzəltmişdilər. Məktəbin açılış günü onun xeyirxahı və banisi Hacı Zeynalabdin Tağıyevə həmin ziyalılar adından müraciət ünvanlanmışdı. Müraciətə ilk imzanı müsəlman ziyalılarının ağsaqqalı olan Həsən bəy atmışdı. O, böyük sevinc hissinin təsiri ilə imzasının altında “Yaşasın Hacı Zeynalabdin Tağıyev!” sözlərini də yazmışdı.
Həsən bəy və Əlimərdan bəy Topçubaşov Birinci Qız Məktəbinin Himayəçilər Şurasının ilk fəxri üzvləri seçilmişdilər.
Məktəbin müdirəsi vəzifəsinə isə Hənifə xanım Məlik-Zərdabi dəvət olunmuşdu. Həmin vaxtdan etibarən Həsən bəyin sədaqətli ömür-gün yoldaşı maarif sahəsində müstəqil fəaliyyətə başlamışdı. Əslində Həsən bəylə birlikdə keçdiyi həyat yolunun özü ona ən yaxşı məktəb idi. Hənifə xanım yalnız maarifin xilasedici gücünə inanmaqla kifayətlənməmişdi. Hənifə xanım yalnız bilik və təcrübəsini xalq kütlələrinin maariflənməsi işinə yönəltməklə fəaliyyətini məhdudlaşdırmamışdı. O, həm də xalqın tələbat və ehtiyaclarını diqqətlə öyrənmiş, içərisində yaşadığı insanların adət-ənənələrinə dərindən yiyələnmişdi. Müsəlman qadınlarının fərəhsiz həyatı və onların hec vəchlə ödənməyən əqli tələbatları həmişə Hənifə xanımın diqqət mərkəzində dayanmışdı. Hər yerdə-ürəkdən sevdiyi “Əkinçi”nin nəşri dövründə Bakıda yaşayanda da, Zərdaba köçmək məcburiyyəti qarşısında qalanda da Hənifə xanım müsəlman qadınları üçün münasib həyat şərtlərinin yaradılması, onlarda həyata daha ayıq münasibət tərbiyə edilməsi ilə bağlı təbliğat aparmaqdan yorulmurdu. O, lazımi məsləhətlər verir, digər ölkələrdə müxtəlif sahələrdə fəaliyyət göstərən qadınların həyatından nümunələr gətirirdi. Bakıya qayıtdıqdan sonra isə Hənifə xanım şəhərdə mövcud olan, lakin məlum səbəblərdən hələ müsəlman qızların ayağı dəyməyən qadın təhsil müəssisələrinin fəaliyyəti, orada tədrisin təşkili ilə yaxından maraqlanırdı. Digər tərəfdən Həsən bəyin rus-müsəlman məktəbləri ilə bağlı gördüyü işlər də Hənifə xanımın gözləri önündə cərəyan edirdi.
Nəticədə o, müstəqil şəkildə maarifçilik fəaliyyəti ilə məşğul olmaq üçün lazımi hazırlıq keçmişdi. İlk dövrlərdə təbii görünən çətinliklər istisna edilməklə qadın təhsil müəssisəsinin rəhbəri vəzifəsinin öhdəsindən uğurla gələ bilərdi. İstər məktəbin müdirəsi, istərsə də müəllim kimi Hənifə xanım çox böyük uğur qazanmışdı, yetirmələrinin və bütün müsəlman cəmiyyətinin, ilk növbədə isə qadın və qızların böyük sevgisinə nail olmuşdu. Birinci müsəlman Qız Məktəbinin açılmasına həmin dövrdə mövqeləri hələ yetərincə güclü olan mollaların, qismən də tacirlərin və digər imkanlı şəxslərin maneçilik törətdiklərini göz önünə gətirsək, onun öz işində uğur qazanana qədər üzləşdiyi çətinliklərin miqyası daha da aydın olar.
İstər adı çəkilən Qız məktəbində, istərsə də müdirəsi olduğu eyni tipli şəhər təhsil müəssisəsində müsəlman qızları arasında yaxşı savad almış kadrların hazırlanmasında birincilik şərəfi Hənifə xanıma məxsusdur. O, özünün bu nəcib fəaliyyətini indi də davam etdirir. Azərbaycanlılar, heç şübhəsiz, maarif sahəsində əldə etdikləri bir sıra uğurlar üçün Hənifə xanıma minnətdar olmalıdırlar. O, dağlı qızı olsa da, bütün qəlbi ilə Azərbaycan xalqını sevdi, mənəvi cəhətdən bu xalqla doğmalaşıb bütünləşdi. Yaşının ahıl çağlarına qədəm qoymasına baxmayaraq Hənifə xanım indi də özünəməxsus enerji, bilik və təcrübə ilə xalq təhsili sahəsindəki fəaliyyətini davam etdirməyə hazırdır. Onun fədakar xidmətləri unudulmamalıdır. Həsən bəy Məlik-Zərdabinin ən yaxın silahdaşı və sədaqətli ömür-gün yoldaşı Hənifə xanımın son dərəcə qiymətli maarifçilik fəaliyyətinin xüsusi qeyd edilməsinə ehtiyac vardır.*
lll
Azərbaycan türklərinin intellektual və mədəni inkişafında Həsən bəyin adı ilə bağlı bir sıra mühüm təşəbbüslər mövcuddur. İlk teatr tamaşası, xalq nəğmələrinin ilk nəşri, ilk xeyriyyə cəmiyyəti, atalar sözlərinin ilk dəfə
* Bu sətirlərin qələmə alındığı 1925-ci ildə Hənifə xanım Abayeva-Məlikovanın Bakı məktəblərində pedaqoji fəaliyyətinin 25 illiyi tamam olurdu. (Tərc.)
toplanması bu təşəbbüslər sırasına daxil edilə bilər.
Daha böyük fayda gətirmək, kütlələr arasında maarif işığını daha gur və geniş yaymaq üçün Həsən bəy xalq həyatını bütün tərəfləri və cəhətləri ilə əhatə etməyə can atırdı. Ona görə də faydalı ola biləcəyi heç bir işin yanından sakit ötüb keçmirdi, hər bir yeni mədəni təşəbbüsə qoşulmaqdan özünü saxlaya bilmirdi. Çünki onu əhatə edən qaranlıq həyat hər ziya zərrəsinə, günəş işığının hər şüasına möhtac idi. Həsən bəy həyatın bütün kəskinliyi ilə ortaya çıxan zəruri tələblərinin ardınca getməli idi. Bundan başqa bir yol tanımırdı. O. fəaliyyətini heç vəhclə yalnız bir sahə ilə məhdudlaşdıra bilməzdi. Yalnız bir təbəqənin tələblərinə cavab verməklə kifayətlənə bilməzdi. Nə qədər faydalı və nəcib olsa da, yalnız bir peşənin sahibinə çevrilə bilməzdi. Mükəmməl təhsil görmüş Həsən bəy təbiət tarixi üzrə müəllim, ümumiyyətlə, çox bacarıqlı pedaqoq ola bilərdi. İlahidən ona belə istedad verilmişdi. Pedaqoji sahədə çalışsaydı, bir müddət sonra orta təhsil müəssisənin direktoru vəzifəsinə də yüksələ bilərdi (yeri gəlmişkən, sürgünə göndərildiyi Stavropolda belə təklif almışdı). Yaxud qazandığı xüsusi biliklər sayəsində çox gözəl kənd təsərrüfatı mütəxəssisi ola bilərdi. Həsən bəyin tanınmış jurnalist, yaxud vəkil kimi məşhurlaşmaq imkanları da kifayət qədər böyük idi.
Lakin Azərbaycan türklərinin həmin dövrdəki vəziyyəti azsaylı ziyalılara yalnız bir sahə üzrə ixtisaslaşmağa imkan vermirdi. Mövcud həyat şərtləri həyatını xalqa xidmətə verən hər ziyalı şəxsdən eyni zamanda bir neçə sahədə fəaliyyət göstərməyi tələb edirdi. Sanki xalq həmin ziyalı ilə şərt kəsir və deyirdi: “Əgər həyatını bütünlüklə mənə xidmətə həsr etmək istəyirsənsə, onda yalnız bir sahə üzrə mütəxəssis olmaq fikrini həmişəlik unutmalısan. Özünü bütünlüklə mənim ixtiyarıma verməlisən. Hansı anda nəyə ehtiyac duysam, o sahədə çalışmağı bacarmalısan. Əks-təqdirdə xidmətinə ehtiyac duymuram. Bəlkə də bir sahənin mütəxəssisi kimi, peşəkar kimi sən göydən ulduz da qopara bilərsən. Mənə isə yalnız bir sahədə deyil, hər işdə lazımsan”.
Bu məcburi ensiklopedizm və unversalizm mədəni cəhətdən geridə qalmış xalqların tərəqqisi yolunda çalışan milli ziyalıların qisməti və səciyyəvi özəlliklərindən biridir.
Yerin, zamanın və şəraitin, eləcə də mövcud həyat şərtlərinin tələbi ilə Həsən bəyin fəaliyyəti də belə metamorfozalara məruz qalmış, geniş və çoxcəhətli səciyyə daşımışdı.
Paris, 1925-ci il. Stokholm-Turku-Helsinki- Riqa-Varşava 27 aprel-5 may 2010-cu il
Əlimərdan bəy Topçubaşi






Mənbə: Əlimərdan bəy Topçubaşi19.06.2010     Çap et  Çap et