525-ci qəzet

Mənim dahi dostum


 
 
20 yaşından sonra həyatının mənasını rəsmdə görən “dəli”... Minlərlə həmkarından tamamilə fərqlənən hollandiyalı fırça və palitra dahisi... Rəsmlərindən çox, şəxsiyyətinə görə sevirəm Van Qoqu. Onu özümün böyük və əvəzsiz dostum bilirəm. Xarakterimizdəki, öz nəzərimcə, qəribə oxşarlıqlar çoxdan həyatdan köçmüş bu dahini mənə xeyli doğmalaşdırır. Uğursuzluqlardan ilham alan, kimlərinsə “dəli”, kimlərinsə “axmaq kürən”, mənimsə, sadəcə, “dahi dostum” saydığım Van Qoq... “Yox, alınmayacaq! Təslim olmalıyam!” fikri nə vaxt mənə qalib gəlmək uğrunda mübarizəyə girişsə, onun həyatını, iradəsini yada salıram və özümü ruhlandırıram. İradə insanın sahib ola biləcəyi ən mükəmməl keyfiyyət olmaqla yanaşı, insanı uğura aparan ümid və istəyin ən yaxın yol yoldaşıdır. Bilirəm ki, məhz bunlar məni öz istəyimə aparıb çatdıra bilər. Nə isə əldə etmək çətin bir prosesdir. Əvvəlcə istək, sonra ümid gəlir, amma məhz iradə ilə çalışmaq qalibiyyətə apara bilər. Mərhum dostum da bu hisslərin birləşməsi sayəsində öz arzularına, hədəflərinə çata bilibmiş...
Əsərləri heç öz atası tərəfindən belə, bəyənilməsə də, Vinsent inadla çəkir və bütün daxili çırpınışlarını həkk edirdi ağ kətana... O bilirdi. Bilirdi ki, vaxt gələcək, onun “cızmaqaraları” “misilsiz əsərlər” statusunu qazanacaq, həmin əsərlər gələcəkdə hansısa bir kolleksionerin evinin ən gözəl guşəsini bəzəyəcək, dünyanın tanınmış muzeylərində layiqli yer tutacaq. Ömrü boyu aclıq və səfalət içində yaşasa da, öz fırçası ilə keçirdiyi hər dəqiqə onun üçün əsl cənnət idi. Mənəvi böhranlarımla, daxilimdəki get-gəllərlə, indiyə qədər yaşadığım, yəni əksəriyyətə qısa görünən bu həyatımdakı kiçik məğlubiyyətlərlə mən bütövlükdə hər nə qədər bədbin təbiətli birisi olsam da, hansısa bir inam məni yaşamağa vadar edir. Ümid var, istək var. Məndə əskik olan təkcə dostumun sonsuz əzmi – “Van Qoq iradəsi”dir. Onu özümdə tərbiyə edə bilərəmmi, görəsən?...
Zalım həqiqət heç də həmişə şirin yalandan üstün deyil. Əgər kiçik aldanışlar kiçik ömrün böyük bəzəyinə çevriləcəksə, onda nəyə lazımdır imtina? Onsuz da xoşbəxtlik anlardan ibarətdir. Ömür arzuolunmaz kədərlə zəngindir. Xoşbəxtlik isə hər dəfə qapıya yaxınlaşanda utanıb geri qayıdan qonaq kimidir. Utancaq qonaq... Kədərin daxilində qəribə və heç bir başqa hissdə olmayan sevinc gizlənib. İnsan kədərli olanda özü belə bilmədən mazaxistcəsinə bir sevincə təslim olur. İnsan öz çarəsizliyindən həzz alır. Ən sevincli və xoşbəxt anlarda isə yersiz bir kədər gəlib dolur ürəyə. Bu, bəlkə də əkslərin yaxınlığını bir daha sübut etməkdən əlavə, əsl xoşbəxtlik və əsl bədbəxtliyin mövcudluğunu da şübhə altına alır.
Bilirəm ki, dahi dostum Van Qoqun da həyatından bu hisslər yan keçməyib. O hər dəfə əzabla, zülmlə qarşılaşanda fırçasına sarılaraq əzabı həzzə çevirməyi bacarırdı. Əmin idi ki, bu qədər səmimi hisslər toplusu olan tablolar şərhsiz qala bilməz. Axı insan hissləri dəyərlidir. Rəssamlıq da elə emosiyalara xidmət nəticəsində yaranan sənətdir. Elə isə ancaq ən mükəmməl hisslər ən mükəmməl əsərə çevrilə bilər. Deməli, rəsmin qeyri-adi olması üçün rəssam da şəxsiyyət kimi qeyri-adi olmalıdır. İnsan nadir hallarda kiməsə bütün daxilindəkiləri açıb tökə bilər. Çünki kiməsə bütün hisslərini açmaq onun qabağında soyunmağa bənzəyir. Bütün hisslərini – daxili libasını soyunursan. Buna isə hər adamın cürəti çatmaz...
Van Qoq daxili aləmini bütün qeyri-adiliyi ilə əsərlərində əks etdirə bilən əsl dahi idi. Belə bir dahi idi mənim dostum Van Qoq. Onun cəsarəti çoxlarından fərqli olaraq cahilliyin yox, ağılın təzahürü idi. Hətta sonralar düşdüyü dəlixanada belə, o öz sənətini eyni inadla davam etdirə bilmişdi.
Vinsent Van Qoq... “Dəli dahi” və ya “uğursuz rəssam”... Adilik çərçivəsini darmadağın edən şəxsiyyət... Öz iradəsi ilə məndə şəxsiyyətə pərəstiş oyadan daha bir obraz... Qəribə, bəlkə də ifrat çılğınlığı, səssiz üsyankarlığı ilə oxşarım olan inadkar iradə sahibi... Hər bir halda, mənim böyük dostum, dahi sirdaşım... Ondan öyrənirəm məqsəd uğrunda mübarizəni və əsl iradə nümayiş etdirməyi. Təkcə əsərləri ilə yox, həm də şəxsiyyəti ilə mənim mən olmağıma hər an yardım edən Van Qoq! Tanrının əbədi rəhməti olsun sənə, mənim dahi dostum!
 Xülya SABİRLİ
 





Mənbə: Xülya SABİRLİ08.05.2010     Çap et  Çap et