525-ci qəzet

Bir VİLAYƏTİN oğlu


 
 
 Dost haqqında xatirə yazmaq yaşına çatmamışam hələ. Heç o da haqqında keçmiş zamanda yazılacaq yaşda deyildi. Bu üzdən onun haqqında keçmiş zamanda danışmaq mənə çox çətindir. Bilirəm ki, nə yazsam da ürəyimcə olmayacaq. Ürəyində əbədi yeri olan bir adam haqda ürəyin istədiyin kimi yaza bilməzsən. Heç vaxt yaza bilməzsən.
...2009-cu il, aprelin 30-u həyatımda heç vaxt rast gəlmədiyim, yaşamadığım ağır bir gün oldu. Həmin gün sübh tezdən gələn zəng mənə yaxın bir adamın qara xəbərini gətirdi. Nəfəsi, işığı, ətri uşaqlıq və yeniyetməlik illərimə hopmuş el-oba, məhəllə adamı idi. Qəfil ölümündən çox sarsıldım. Rayona onun dəfninə gedirdim, yolda Neft Akademiyasındakı dəhşətli qırğının xəbəri gəldi. Dostların bu zəngindən damarımda qanım dondu. 
Axşamüstü hüzn və dəhşət qoxuyan şəhərə qayıtdım. Bu dəfə də balaca qardaşım Ceyhun zəng vurdu. Salamdan sonra ikicə söz dedi:
– Xəbərin var? 
– Bilirəm, – dedim, – dəhşətdir. Ana tərəfdən uzaq bir qohumumuz da güllə yarası alıb. Deyəsən, xəstəxanada keçinib... 
– Yox, tələbələri demirəm... Bilirsən nə olub? Salman müəllim...
Bunu dedi, dalını gətirə bilmədi. Sözləri boğazında düyünləndi. Boğazdan keçəsi dərd idimi?! Mənə elə gəldi ki, Ceyhunun göz yaşları onu indicə boğacaq.  Elə bil məni hava uçqununa atdılar. Ruhumu bədənimdən qopardılar sanki. Özümdən ixtiyarsız bağırdım:  
– Sən nə danışırsan? Haçan? Niyə? Bunu sənə kim dedi? Birdən səhv eşidərsən ha... 
– Yox e, yox... Salman müəllim daha yoxdur... 
 Elə bunu deyə bildi, hönkürüb dəstəyi asdı. İki il Salman müəllimlə birgə işləmiş, bir-birinə dostdan da çox qardaş olmuş doğmaca qardaşım Ceyhuna, daha doğrusu, bu məşum xəbərə inanmaq istəmirdim. Həyəcandan titrəyə-titrəyə telefonun yaddaşından yazar dostlarım Sənan Nəcəfbəylinin, Cəmaləddin Quliyevin, Nurəddinin nömrələrini axtardım. Onlara zəng vurub dəqiqləşdirmək istəyirdim. Amma “...telefon ya söndürülüb...” cavabı.
Gümanım gələn bu ünvanlar da söndürülüb. Bu bənzərsiz insanın qəfil itkisini heç cür kəsdirə, qəbul edə bilməyən bütün ruhum, şüurum, varlığım kimi... Həyat eşqi kimi... Adam belədə lap sustalır.
 
lll
 
Bir günün içində, 10-12 saat ərzində aldığım üç dəhşətli xəbərin şəxsi mənəvi planda ən ağırı bu idi – Salman müəllimin ölüm xəbəri. Nəyisə şişirtməkdə qınamayın lütfən. O biri iki bəd xəbərdən möhkəm sarsılmışdım. Salman müəllimi itirməyimiz isə... Bu, artıq tamam başqa bir çapda faciə idi. Faciədən də ötə idi. Adi itki də deyildi. Hər nə idisə, onun miqyasını, ağırlığını heç cür ifadə edə bilmirəm. Şüurumu dondurdu onun ölümü xəbəri. Bu da səbəbsiz deyildi. Hər məsələdə güvənə biləcəyin işıqlı və gərəkli adamları itirmək asan deyil. Belələri azdır, çox azdır axı. Salman müəllim az qala hər kəsin ünvanına deyilən “yaxşı adam idi” sözünün urvat yükündən qat-qat ucada dayanan dəyərli bir ziyalı idi.
 
lll
 
Salman Vilayətoğlu ilə 1998-ci ilin mayında tanış olmuşdum. O vaxt “Dövran” qəzetinin baş redaktoru idi. Adını eşitdiyim, üzünü görmədiyim bu jurnalistin bir yazısını oxumuş, sağlam məntiqi və analitik təfəkkürü xoşuma gəlmişdi. Zəngləşib görüşdük. İlk söhbətimizdə məndə yaranan təəssüratı bütün detallarına qədər təsvir edə bilərəm. Amma bunu icazənizlə bircə sözlə ifadə edim: olmayacaq qədər səmimi, təmkinli, mədəni, əfəndi bir insan. Xarakterinin bütün güclü tərəfləri ilə inanılmaz dərəcədə təvazökar və ağırtaxta bir ziyalı idi.
“Dövran”la əməkdaşlığı, bir neçə aydan sonra isə redaktor işləməyi təklif etdi. Beləcə, ürəyi Azərbaycan sevgisi ilə, el-oba, torpaq, soydaş təəssübü ilə, ailə-uşaq məhəbbəti ilə dopdolu olan, bunlar da azmış kimi orada həm də dost sevgisinə geniş yer ayıran bu unikal insanla haradasa bir il davam edən iş yoldaşlığımız başladı. İndi o əlçatmaz-ünyetməz günlərin hər anını lent kimi göz önündən keçirməyə çalışıram. Adamı yandırıb-yaxır...
Onunla 5-10 dəqiqə danışmaq bütün gününə yetərdi. Salman müəllimin aurasında möcüzəvi bir cazibə, qeyri-adi bir işıq vardı. O cazibəyə yaxalandınsa, onun sehrindən çıxa bilməzdin. Qaynar gözlərinə, geniş, açıq alnına yaraşan uşaq kimi pak, məsum gülüşü vardı. Nə illah edirəmsə, onun haçansa bir günaha batdığını təsəvvür də edə bilmirəm. O, həyatı boyunca bir ürək də qırmamışdı. Öz ürəyi isə...
Əsl aydın belə olur. Bu adam bütün çevrəsinə nikbinlik, həyat sevgisi, ümid yayırdı. İnsanda nə qədər işıq, ümid, sevgi, enerji, arzu olarmış, ilahi!
Salman müəllim sevgi adamı idi. Tanıyanların hamısı onu çox sevirdi. Bu sevgini özü qazanmışdı. O, özü də sevgi ilə dopdolu idi. Vətənə sevgi, doğulduğu mahala, el-obaya, millətə sevgi, ata-anaya, ailə-uşağa sevgi, doğmalara sevgi, dostlara sevgi, müqəddəs bildiklərinə sevgi... Bu boyda sevgiyə ürəkmi dözər?! Salman müəllim təkcə doğmalarının, əzizlərinin, dörd körpə ciyərparasının, dostlarının yox, bütün Azərbaycanın kisəsindən getdi. O, təkcə özü üçün yox, milləti və vətəni üçün yaşayırdı. O, təkcə böyük ziyalı Vilayət kişinin yox, böyük bir VİLAYƏTİN ziyalı oğlu idi. Ruhun şad, yerin behişt olsun, əziz qardaşım!
 
Famil CƏFƏRLİ , “Dövran” qəzetinin keçmiş redaktoru 




30.04.2010     Çap et  Çap et