525-ci qəzet

Panteleymon Juze – Azərbaycan tarixinin ərəb tədqiqatçısı


 
XX yüzilliyin əvvəllərindəki Azərbaycan elmi özünün beynəlmiləl səciyyəsi ilə seçilir. Ölkəmizdə elmin müxtəlif sahələrinin yaradılmasında və inkişafında digər millətlərə mənsub olan, lakin talelərini könüllü şəkildə Azərbaycana bağlayan elm adamlarının xidmətləri az olmamışdır. 1920-ci illərin ikinci yarısında Bakı Universitetində və gələcək Azərbaycan EA-nın nüvəsini təşkil edən Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətində A.D.Qulyayev (fəlsəfə), A.O.Makovelski (fəlsəfə), A.M.Evlaxov (Qərb ədəbiyyatı tarixi), M.V.Dovnar-Zapolski (iqtisadiyyat), V.İ.İvanov (klassik filologiya), V.B.Tomaşevski (müqayisəli dilçilik), P.P.Fridolin (ümumi tarix), V.M.Zummer (incəsənət tarixi), B.V.Çobanzadə (dilçilik və türkologiya), Ə.S.Ubeydullin (türk xalqlarının tarixi), X.S.Xocayev (türk dilləri), N.İ.Aşmarin (dilçilik, dialektologiya) və b. tanınmış mütəxəssislər çalışırdılar. Əksəriyyətinin elmi bioqrafiyası nüfuzlu universitet və elmi mərkəzlərlə bağlı olan bu alimlər yalnız yüksək səviyyəli tədrisə deyil, həm də Azərbaycanın öyrənilməsinə dəyərli töhfələrini vermişdilər. Onların içərisində milli mənsubiyyət etibarı ilə ərəb olan tarixçi, dilçi, ilahiyyatçı və mənbəşünas alim Panteleymon Juzenin (1871-1942) özünəməxsus yeri var.
Ərəb dilinin Rusiyanın şərqşünaslıq mərkəzlərində – Qazan və Peterburqda tədrisi qarşılıqlı şəkildə iki xalq arasında marağı artırmışdı. Bu da öz növbəsində dilin təbii daşıyıcılarının fəaliyyəti üçün geniş imkan yaratmışdı. Sankt-Peterburq universitetinin Şərq dilləri fakültəsində azərbaycanlı şərqşünas Mirzə Kazımbəylə birlikdə fəaliyyət göstərən ilk ərəb alimlərindən biri Əl-Əhzar məzunu, professor Şeyx Məhəmməd Ayəd Təntəvi (1806-1858) olmuşdu.
Rusiya imperiyası Yaxın Şərq siyasətini daha ardıcıl və sistemli şəkildə həyata keçirmək üçün 1882-ci ildə Fələstin Pravoslav Cəmiyyətini təsis etmişdi. Bu cəmiyyət öz qarşısına müqəddəs yerlərə gedən rus zəvvarlarına yardım, yerli əhali arasında pravoslav məzhəbinin yayılması və regionun dini-tarixi baxımdan öyrənilməsi kimi biri-biri ilə bağlı üç vəzifə qoymuşdu. Pravoslavlığın təbliği xristian ərəblər arasında dini-maarifçilik işinin aparılmasını tələb edirdi. Fələstin Cəmiyyəti bu məqsədlə ərəb gənclərinin Rusiyanın dini mərkəzlərində təhsil almalarına və xristian missionerləri kimi yetişmələrinə mühüm diqqət yetirirdi.
Yerusəlim şəhərində, yoxsul pravoslav ərəb ailəsində doğulan gələcək şərqşünas Panteleymon Krestoviç Juze əsasən ruslar üçün səciyyəvi olan ad, ata adı və soyadını təhsil almaq üçün Rusiyaya gəldikdən sonra qəbul etmişdi. Vətənində isə o, Bəndəli ibn Səlib əl Cəuzi kimi doğulmuşdu. Alim müasir Avropa və ərəb mənbələrində də daha çox bu ad altında tanınır. Rusiyadakı ad və soyadı forması isə zahiri bənzərlik (Bəndəli-Panteleymon) və tərcümə (“səlib” ərəb dilində “xaç” –“krest” deməkdir) yolu ilə yaradılmışdı.
Juze ilk təhsilini Fələstin və Livanda pravoslav rahiblərdən almış, məşhur Nazaret seminariyasını bitirmişdi. Bu seminariyanın ən yaxşı məzunlarından biri kimi Fələstin Cəmiyyətinin təqaüdü ilə 1889-cu ildə Rusiyaya göndərilmişdi. Vifan seminariyasında, 1892-95-ci illərdə isə Moskva Ruhani Akademiyasında oxumuş, 1895-cı ilin sentyabrında öz xahişi ilə Qazan Ruhani Akademiyasına dəyişilmişdi. Bu yerdəyişmənin əsas motivi kimi islamı və islamla polemika aparmaq yollarını daha dərindən öyrənmək arzusu göstərilirdi.
Şübhəsiz, Qazan Universiteti və yerli Ruhani Akademiya müəyyən dərəcədə çarizmin ruslaşdırma və missionerlik məqsədinə xidmət edirdi. Təsadüfi deyil ki, Sinodun ober-prokuroru K.P.Pobedonostsev Qazanı “islamla polemika və rəqabət üçün yeganə münasib yer” kimi dəyərləndirmişdi. Amma ədalət naminə qeyd edək ki, Qazan mühiti ərəb gəncini nə islamın qatı, barışmaz düşməninə, nə də xristian dəyərlərinin alovlu təbliğatçısına çevirə bilmişdi. Şərqşünas N.A.Smirnov həmkarının “missioner” mövzusunda qələmə aldığı əsərlərə bu cəhətdən yanaşaraq göstərirdi ki, o, qarşısına heç vaxt xristianlığı tərifləmək deyil, üz tutduğu mövzunu sona qədər, elmi obyektivlik və namusla araşdırmaq vəzifəsini qoyurdu.
Juze əhalisinin mühüm qismini müsəlmanların təşkil etdiyi Rusiya imperiyasında islam haqqında həqiqi, obyektiv elmi biliklərin yayılmasının tərəfdarı idi. Qazan Ruhani Akademiyasında çalışdığı dövrdə bu məqsədlə “Mir islama” (“İslam dünyası”) jurnalının nəşrinə təşəbbüs göstərmiş, lakin müvəffəq ola bilməmişdi. Tədris həyatının ilk illərindən başlayaraq elmə daha çox üstünlük verməsi nəticəsində o, dini akademiya bitirsə də, ruhani yox, alim oldu.
Gələcək alim Akademiyanı 1896-cı ildə, ilahiyyat elmləri namizədi dərəcəsi ilə başa vurmuşdu. Elmi ad üçün təqdim etdiyi araşdırma IX-XII əsrlər müsəlman dini-fəlsəfi cərəyanlarından birinin təmsilçilərinə – mütəzəlitlərə həsr olunmuşdu. Elmi rəhbəri, şərqşünas və missioner M.A.Maşanovun (1852-1924) yardımı ilə Juze ştatdankənar praktiki ərəb dili müəllimi kimi Akademiyada saxlanmışdı. Buradakı fəaliyyətini 1916-cı ilə qədər fasiləsiz davam etdirmişdi.
Rəsmən Osmanlı imperiyasının təbəəsi sayılan Juze 1899-cu ildə imperator II Nikolaya sədaqət andı içərək Rusiya vətəndaşı olmuşdu. Bu da öz növbəsində    şəxsi həyatına və elmi-pedaqoji fəaliyyətinə təsirsiz qalmamışdı. Təbii ki, yeni statusda onun qarşısında daha geniş imkanlar açılmışdı.
Ruhani Akademiyasında, Missioner kurslarında, ştatlı işçisi olduğu Qazan Ruhani Seminariyasında Juze ərəb və fransız dillərini tədris etməklə yanaşı elmi araşdırmalarını da davam etdirirdi. Onun məqalə və oçerkləri “Pravoslavnıy Sobesednik”, “Soobşeniya İmperatorskoqo Pravoslavnoqo Palestinskoqo Obşestva”, “Tserkovna-obşestvennaya jizn” və başqa dövrü nəşrlərdə, eləcə də Qahirə, Dəməşq və Yerusəlimin nüfuzlu ərəb jurnallarında çap olunurdu.
Alimin təkbaşına hazırladığı iki cildlik “Tam rusca-ərəbcə lüğət” (1903) onun elmi fəaliyyətinin Qazan dövrü haqqında namizədlik dissertasiyası müdafiə etmiş M.A.Kostrikovun fikrincə XX əsrin ortalarına qədər əvvəlcə Rusiyada, sonra isə Sovet İttifaqında ərəb dilini öyrənmək üçün əsas vəsait hesab olunurdu.
1916-cı ildə Juze dini tədrisdən (eyni zamanda missioner ideyalarına xidmətdən) uzaqlaşaraq Qazan Universitetində privat-dosent kimi çalışmağa başlamışdı: hüquq fakültəsində müsəlman hüququndan mühazirələr oxuyurdu. Məşhur şərqşünas Mirzə Kazım bəydən sonra Qazanda bu fənnin tədrisi və tədqiqi praktiki olaraq dayandırılmışdı. Juze həmin boşluğu doldurdu. Onun əsaslandığı mənbələr içərisində sələfi Mirzə Kazım bəyin müsəlman hüququ (fiqh) və şəriətə dair əsərləri mühüm yer tuturdu. Hüquq fakültəsi bağlandıqdan sonra (1919) alim pedaqoji fəaliyyətini ictimai elmlər fakültəsində və Qazanda yeni açılan Şimal-şərqi arxeologiya və etnoqrafiya institutunda davam etdirmişdi.
Bakı universitetinin təşkili ilə bağlı qərar veriləndə ilk rektor V.İ.Razumovski ilə tarix-filologiya fakültəsinin dekanı A.N.Dubrovski Xarkov, Rostov, Qazan və digər şəhərlərin ali məktəblərində çalışan həmkarlarını bu yeni ali təhsil müəssisəsinə dəvət etmişdilər. Dəvət alanlar içərisində P.K.Juze də var idi. Lakin o, Azərbaycana müstəqil Cümhuriyyət devrildikdən sonra, bolşevik hakimiyyətinin ilk aylarında gələ bilmişdi.
1920-ci ilin sentyabrında Bakıda keçirilən Şərq xalqlarının I qurultayı onun ölkəmizə gəlişini sürətləndirmişdi. Qurultayda Şərqin tarix və mədəniyyətinin öyrənilməsi zəruriliyi vurğulanmış, bu istiqamətdəki tədqiqatların Bakı Universitetində mərkəzləşdirilməsi tövsiyə olunmuşdu. Alimin oğlu, tanınmış sovet fiziki, professor V.P.Juze yazırdı: “1920-ci ildə atam Şərq xalqları şurasından (müəllif yanlışlığa yol verir. Məktub Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sədri S.Ağamalı oğlu tərəfindən göndərilmişdi – V.Q.) Qazandan Bakıya köçmək və Şərq fakültəsinin qurulmasında iştirakla bağlı dəvət almışdı. O zaman Bakıda belə fakültə yox idi. Atam dəvəti qəbul etdi. Həmin dövrdə Bakı universiteti zəif idi. Sonralar isə SSRİ-nin yardımı ilə güclü və məşhur ali məktəbə çevrildi”.
Taleyin qəribə təsadüfü nəticəsində Juze Azərbaycana səkkiz il əvvəl də gələ bilərdi. 1912-ci il iyulun 5-də Şərq dilləri və müsəlman həyatına bələdliyini nəzərə alan Maarif nazirliyi onu Yelizavetpol (Gəncə – V.Q.) quberniyası xalq təhsili məktəblərinin inspektoru təyin etmişdi. Vəzifənin yüksəkliyinə baxmayaraq elmi fəaliyyəti daha üstün tutduğundan alim bir ay sonra bu təklifdən imtina etmişdi.
Əslində Juzeni (eləcə də digər Qazan professorlarını) Bakıya gətirən səbəb təkcə elmin inkişafına töhfə vermək istəyi deyildi. Vətəndaş müharibəsinin, anarxiya, aclıq və ehtiyacın hökm sürdüyü Volqa boyunda yaşamaq son dərəcə çətin idi. Xüsusən də Juze kimi böyük ailə sahibi (onun yeddi övladı vardı) dolanışıq ağırlıqlarını daha çox hiss edirdi. Bakı isə həmişəki kimi “çörəkli şəhər” idi. Burada həm sevimli məşğuliyyəti davam etdirmək, həm də aclığın Damokl qılıncı kimi ailənin başı üzərindən asılmayacağından arxayın yaşamaq imkanı vardı.
Qızı Anastasiya Juze xatirələrində Bakı səfərini belə təsvir edirdi: “Ailəmizin Qazandan yola çıxmasını çox yaxşı xatırlayıram. Atam, anam və biz – yeddi uşaq gəmi ilə Həştərxana gəldik. Sonbeşik Olyanın 5, mənim 15 yaşım vardı. Səfərin əksər təəssüratları indi yadımdan çıxıb. Ancaq nə qədər utandırıcı olsa da, naharı səbirsizliklə gözləməyimiz və yediyimiz şorbanın dadı indi də xatirəmdədir. Anamın gəminin alt qatında hazırladığı bu yemək Qazanda çəkdiyimiz aclıqdan sonra bizə olduqca ləzzətli görünürdü”.   
Bakıya gəldikdən az sonra P.Juze universitetin tarix-filologiya fakültəsinin Şərq şöbəsində işə başlamışdı. Universitet elmi şurası xidmətlərini nəzərə alaraq 1921-ci ildə onu ərəb filologiyası kafedrasının professoru təyin etmişdi. Buradakı demokratik mühit ərəb mənşəli alimin missioner ideyalarından uzaqlaşmasına, özünü tamamilə tarixi tədqiqatlara həsr etməsinə imkan yaratmışdı. 
Bakı Universitetinin Şərq fakültəsinin açılması professor Juzenin adı ilə bağlıdır. Həmin dövrdə ilk ali məktəbimiz tibb və tarix-filologiya fakültələrindən ibarət idi. Sonuncu öz növbəsində tarix, ədəbiyyat və Şərq şöbələrindən təşkil olunmuşdu. Fəaliyyətinin altıncı ayında Juze, Azərbaycan gerçəkliklərini nəzərə alaraq Şərq şöbəsinin müstəqil fakültəyə çevrilməsi ilə bağlı məsələ qaldırmış və bir il sonra məqsədinə nail olmuşdu.
Yeni elm və tədris qurumu ilə bağlı hazırladığı “İzahat qeydi”ndə P.Juze yazırdı: “Bakıda Şərq fakültəsinin açılmasını Yaxın və Orta Şərqin qovşağında, İran, Türkiyə və Orta Asiya arasında yerləşən, Volqa boyu və Ön Qafqaz xalqları ilə tarixi əlaqələrə malik Azərbaycanın son dərəcə uğurlu coğrafi mövqeyi bizdən tələb edir. Odur ki, Bakıda həmin ölkələrin öyrənilməsi üçün elmi müəssisənin yaradılması ideyası qanunauyğun bir şəkildə gündəliyə gəlir. Şərq fakültəsi üstəlik həm də Zaqafqaziyada maarifçiliyin yayılmasına xidmət edəcək. Bu da öz növbəsində regionda Azərbaycanın rolunun daha da artmasına təkan verəcək”.
Professor Juze doxsan il əvvəl əsası qoyulan Şərqşünaslıq fakültəsinin ilk dekanı seçilmiş və 1926-cı ilə qədər həmin vəzifədə çalışmışdı. Fakültəyə rəhbərlik etdiyi dövrdə o, şəxsi nüfuz və əlaqələrindən yararlanaraq V.V.Bartold, N.Y.Marr, İ.Y.Kraçkovski, A.N.Samoyloviç, İ.İ.Meşşaninov, B.M.Dansiq, M.F.Köprülüzadə və b. məşhur şərqşünasların Bakıya gəlmələrinə, universitetdə mühazirə oxumalarına nail olmuşdu. Fakültə kitabxanasının yaradılmasında da onun böyük xidmətləri vardı. 1921-ci ildə İrandan çoxlu sayda ərəb və fars əlyazmaları gətirmişdi. 1924-cü ildə isə Yaxın Şərqə uzunmüddətli elmi ezamiyyəti zamanı Azərbaycan hökumətinin ayırdığı vəsait hesabına İstanbuldan müxtəlif dillərdə Şərq ölkələrinin tarixinə və ədəbiyyatına dair 2000 cilddən çox kitab və əlyazma almışdı. 
Sovet Azərbaycanında genişlənən elmi-mədəni quruculuq prosesinin fəal iştirakçılarından biri də, mübaliğəsiz, professor Juze idi. 1921-ci ildə o, Yeni əlifba komitəsinin üzvü seçilmişdi. Yarandığı vaxtdan (1923) Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin tarix-etnoqrafiya bölməsində fəal iştirak edirdi. Politexnik İnstitutun qurulmasında müəyyən xidmətləri olmuşdu. Bakı universiteti ilə bir sırada Azərbaycan Pedaqoji institutunda çalışırdı – burada “Şərq tarixi, etnoqrafiyası və müsəlman hüququ” kafedrasına rəhbərlik edir, iqtisad fakültəsində “Yaxın Şərq iqtisadiyyatı” fənnindən mühazirələr oxuyurdu. O, ilk cildinin 1934-cü ildə çapdan çıxması nəzərdə tutulan Azərbaycan Sovet Ensiklopediyasının fəal müəlliflərindən idi. Sözlüyün hazırlanmasında iştirak etmiş, nəşrə 50-dən çox məqalə yazmışdı. Nəhayət, 1941-ci ildə çıxan “Azərbaycan tarixi. Qısa oçerk (Ən qədim dövrlərdən XIX əsrə qədər” kitabının müəllifləri arasında Juze də vardı... 
Professor Juzenin Azərbaycan elminə ən diqqətəlayiq xidməti ötən əsrin 20-30-cu illərinə təsadüf edir. 1928-ci ildə sovet ideologiyasının tələblərinə əsasən şərq fakültəsi bağlandıqdan və pedaqoji fəaliyyətdən ayrılmaq məcburiyyətində qaldıqdan sonra alim əsas diqqətini orta əsrlər Azərbaycan tarixinə dair ərəb dilli mənbələrin tərcüməsinə və şərhinə yönəltmişdi. Doğma ərəb dili ilə yanaşı latın, yunan, qədim yəhudi, Assuriya dillərini bilməsi (bütünlükdə 16 Şərq və Avropa dilinə bələdliyi vardı) onun tərcümələrinin mənbəşünaslıq, tarixilik və filoloji baxımdan dəqiqliyinə, mükəmməlliyinə zəmanət verirdi.
Alim biri-birinin ardınca orta əsrlər ərəb tarixçiləri Əhməd əl-Bələzurinin “Fütuh əl-buldan”, (“Ölkələrin fəthi”), Əhməd əl-Yaqubinin “Kitab əl-buldan” (“Ölkələr kitabı”), İbn Miskaveyhin “Təcarib əl-ümam” (“Xalqların təcrübəsi”), Yaqut əl-Həməvinin “Mücam əl-buldan” (“Ölkələr sözlüyü”), Şihabəddin ən-Nəsəvinin “Sirat əs-Sultan Cəlaləddin Mənkburnu” (“Sultan Cəlaləddin Mənkburnunun həyatı”), İbn əl-Əsirin “Əl kamil fi t-tarix” (“Tam tarix külliyyatı”) əsərlərin Azərbaycan və Qafqaza dair hissələrini rus dilinə çevirmişdi. SSRİ EA Azərbaycan Filialı və Azərbaycan Tarixi Muzeyinin sifarişi ilə həyata keçirilən bu tərcümələrin az bir hissəsi onun sağlığında orijinal mətni və tərcüməçinin şərhləri ilə birlikdə dərc olunmuş, əksər qismi isə əlyazması şəklində qalmışdır. Tarix elmləri namizədi Tamilla Kərimovanın yazdığına görə, İnstitutun arxivində saxlanan bu əlyazmalar uzun illər boyu müxtəlif tədqiqatçılar tərəfindən istifadə olunmuş, lakin çoxları həqiqi müəllifin adını xatırlatmağı da lazım bilməmişdir. Bu hərəkətin insani və elmi əxlaqa zidd olduğunu söyləməyə lüzum yoxdur. Ölkəmizi özünə ikinci vətən seçən professor P.K.Juze “Azərbaycan tarixi” adlı kitabın müəllifi olmasa da, öz hərtərəfli biliyi və xalqımıza bəslədiyi rəğbəti ilə bu tarixin mükəmməl elmi qaynaqlar əsasında yazılmasına dəyərli töhfəsini vermişdir. 
 lll
Rusiya universitet mərkəzlərindən Bakıya gələnlərin çoxu Azərbaycan dilini bilmədiklərindən yerli mühitə adaptasiya olunmaqda çətinlik çəkirdilər. Maraqlıdır ki, Rusiyadan dəvət olunan alimlər içərisində Bakıda hamıdan çox – həyatının sonuna qədər yaşayan, Azərbaycan EA-nın həqiqi üzvü seçilən, uzun illər Fəlsəfə və Hüquq İnstitutuna rəhbərlik edən akademik O.İ.Makovelski (1883-1969) dilimizi öyrənə bilməmiş, yaxud istəməmişdi. Juze isə həmkarlarından fərqli olaraq hələ Qazanda tatar dilini öyrəndiyindən Bakıya gəldikdən bir müddət sonra azərbaycancanı da mənimsəmiş, yerli ziyalılarla əlaqə yaradaraq milli mətbuat səhifələrində tariximizə və dilimizə dair yazılar çap etdirməyə başlamışdı.
Cəfər Cabbarlı irsinin tanınmış tədqiqatçısı Asif Rüstəmlinin yazdığına görə o, 1924-27-ci illərdə Azərbaycan Dövlət Universiteti Şərq fakültəsinin filologiya şöbəsində təhsil alan gənc dramaturqa ərəb dili qrammatikasından və Şərq ədəbiyyatı tarixindən dərs demişdi. Cabbarlının ev muzeyində saxlanan qiymət kitabçasındakı müvafiq qeydlər də bu faktı təsdiq etməkdədir. Bu tanışlıq Cabbarlının ədəbi yaradıcılığına təsirsiz qalmamışdır.
Şübhəsiz, o ərəb xilafətinə qarşı mübarizə tarixinə müraciət edərək “Od gəlini” pyesini yazarkən müəllimi Juze ilə söhbətlərdən, xüsusən də onun əsərlərindən təsirlənməmiş deyildi. Çünki Juze Babəkin başçılığı ilə Azərbaycanı və İranı bürüyən xürrəmilər hərəkatının ölkəmizdəki ilk tədqiqatçılarından biri idi. Yeni nəşrə başlayan “Maarif və mədəniyyət” jurnalında ərəb əsilli alimin “Miladi-İsanın 9-cu əsrində İslamda kommunizm hərəkatı tarixindən” yarımbaşlığı ilə çap olunmuş “Babək və babəkilik” (1923, № 11, səh. 8-12, № 12, səh. 44-49, 1924, № 2-3, səh. 8-12,   № 4, səh.8-11) silsilə məqalələri bu istiqamətdə atılan ilk addım idi. Məqalə Juzenin 1921-ci ildə rus dilində, Bakı Universitetinin Elmi əsərlərinin II buraxılışında nəşr olunan eyni adlı araşdırması əsasında qələmə alınmışdı.
Doğrudur, müəllif bolşevik rejiminə sədaqətini nümayiş etdirmək üçün ifrata vararaq Babəki az qala Şərq dünyasının ilk kommunistlərindən biri kimi qələmə verməyə çalışmışdı. Məqsədi bəlli olan əsassız tarixi analogiyanı bir tərəfə qoysaq, faktların yeniliyi və zənginliyi baxımından Juze Babəki Azərbaycana tanıdan ilk tarixçi hesab oluna bilər. Cabbarlı isə özünün bədii fəhmi və yüksək sənətkarlığı ilə ərəbşünas alimin tədqiqatında ümumi ştrixlərlə əks olunan Babəki əqidə və ədalət uğrunda mübarizənin simvoluna çevirmişdi. 
Professor Juzenin milli mədəniyyətimiz qarşısındakı başqa bir dəyərli xidməti onun Azərbaycanı qədim türk yurdu, Azərbaycan mədəniyyətini isə ümumtürk mədəniyyətinin ayrılmaz tərkib hissəsi kimi öyrənib dəyərləndirməsi idi. Diqqətəlayiq haldır ki, o, orta əsrlər türk filoloqu Mahmud Kaşqarlının dilimizin leksika və semantikası ilə bağlı ən mühüm qaynaqlarından sayılan “Kitabi Divani lüğət-it-türk” əsərinə Azərbaycanda birincilər sırasında diqqət yetirmiş, ədəbi abidə barəsində “Maarif və mədəniyyət” jurnalında ayrıca məqalə dərc etdirmişdi. (1925, № 3, səh.32-38). Böyük terrorun qurbanı olan özbək əsilli türkoloq X.S.Xocayev isə onun ardınca “Divan”ın ilk Azərbaycan nəşrini hazırlamışdı.
P.Juzenin Azərbaycan xalqının etnogenezinin tədqiqi baxımından maraq doğuran “Türk millətinin tarix səhnəsinə çıxışı” adlı məqaləsi də ilk dəfə “Maarif və mədəniyyət” jurnalında (1924, № 7-8, səh. 13-16, 1925, № 1, səh.13-18) çap olunmuşdu. Bu tədqiqatında müəllif qədim yunan, Suriya və ərəb mənbələrində türklərlə bağlı öz əksini tapan mülahizələri ümumiləşdirməyə və dəyərləndirməyə çalışmışdı. O, Azərbaycan türklərinin mədəniyyətinə VII yüzillikdən başlayaraq ərəb amilinin təsirini araşdıran ilk tədqiqatçılardan biri idi.
SSRİ EA Azərbaycan Filialı yaradıldıqdan sonra (1932) həyatının sonuna qədər buradakı Tarix, Dil və Ədəbiyyat İnstitutunun birinci dərəcəli elmi işçisi vəzifəsində çalışan Panteleymon Juze dövrün görkənmli Azərbaycan ziyalılarının – alim, şair və ziyalılarının əksəriyyəti ilə şəxsi tanışlıq və yaradıcılıq əlaqələri saxlayırdı. Məhz şərqli təbiətinə və mentalitetinə görə o, “dəvətli professorların” çoxundan fərqli olaraq Azərbaycan mühitində olmağı daha üstün tuturdu.
lll
Qızı O.P.Nizkovskaya-Juzenin xatirələrində yazdığına görə 1920-ci illərin ortalarında atası tarixi vətəninə dönmək barəsində ciddi fikirləşirdi. Fələstinə 1924-cü ildə iki ay, 1927-28-ci illərdə isə bir ildən çox çəkən elmi ezamiyyətləri zamanı o, elmi axtarışlarını davam etdirməklə bir sırada geri qayıtmaqla bağlı “kəşfiyyat” da aparmışdı. Tarixi vətənində olduğu müddət ərzində elmi axtarışlarının mühüm nəticələrindən birini – doğma ərəb dilində qələmə aldığı “İslamda ideya hərəkatları tarixindən” kitabını Yerusəlimdə nəşr etdirmişdi. Elmi aktuallığını bu gün də saxlayan əsər ötən əsrin 70-ci illərində iki dəfə müxtəlif ərəb nəşriyyatlarında, daha əvvəl, 1966-cı ildə isə amerika islamşünası Tamara Sonnun “İnterpreting İslam. Bandali Jawsi`s Islamic Intellektual History” kitabında çap olunmuşdur. Amerikan tədqiqatçısının yazdığına görə Juzenin tədqiqatı islamın marksist mövqedən öyrənilməsi baxımından ilk obyektiv mənbələrdən biri sayılmalıdır.
Ailəsi ilə birlikdə vətəni Fələstinə qayıtmaqla bağlı planları isə heç bir cəlbedici təklif almaması, ən yaxşı halda məktəb direktoru ola biləcəyi kimi maraqsız, perspektivsiz vədlər ucbatından gerçəkliyə çevrilməmişdi. 
Digər tərəfdən, tarixi vətənində də ona münasibət fərqli idi. Yenə qızının yazdığına görə, atasının “1928-ci ildə Misirə və Fələstinə səfəri yerli ictimaiyyət tərəfindən birmənalı qarşılanmamışdı. Barəsində mətbuatda həm xeyirxah, həm də kəskin tənqidi məqalələr çıxmışdı. Burada atama sovet casusu kimi baxırdılar”.
Ən faciəli hal isə eyni vəziyyətin SSRİ üçün də səciyyəvi olması idi. Juze Yaxın Şərqdən Bakıya döndükdən az sonra “Bakinskiy raboçiy” qəzetində onun haqqında Bukşin soyadlı müəllifin “İngilis imperializminin tərənnümçüsü” adlı yazısı çap edilmişdi. Bunu da O.P.Nizkovskaya yazır. Adı çəkilən “Bukşin” isə çox güman, o dövrdə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətində çalışan, sonralar özü də şəxsiyyətə pərəstişin qurbanı olan tarixçi-etnoqraf Aleksandr Bukşpan idi...
1937-ci ildə bütün Sovet İttifaqını bürüyən “böyük terror” digər həmkarları kimi Juzedən də yan keçməmişdi. Ən dəhşətli zərbələrdən biri Azərbaycan elminə yönəldiyindən qoca və xəstə alim NKVD-nin gözündən yayınmamışdı. Doğrudur, onu terrorun ikinci dalğasında – 1940-cı ildə tutmuşdular. Bu dövrdə artıq xüsusi xidmət orqanlarının özündə “təmizlik” aparılmış, “baş çekist” N.İ.Yejov həbs olunaraq güllələnmiş, xələfi L.P.Beriya isə “sovet qanunçuluğunun pozulması” haqqında danışmağa başlamışdı. Lakin bütün bunlar aramsız surətdə yeni qurbanlar tələb edən sovet cəza maşınının hərəkətini dayandırmamışdı.
P.Juze Azərbaycan SSR Cinayət Məcəlləsinin 68-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunmuşdu. Onu keçmiş iş yoldaşlarının – professorlar Bəkir Çobanzadə və Əziz Ubeydullinin istintaqa verdikləri ifadələr əsasında həbs etmişdilər. Elmi-pedaqoji fəaliyyətlərinin ən məhsuldar dövrü Azərbaycanda keçən görkəmli tatar alimlərinin həbs və edamından iki il sonra onlardan işgəncə yolu ilə qoparılmış uydurma məlumat əsasında digər həmkarlarının həbsi sovet xüsusi xidmət orqanlarının fəaliyyəti üçün səciyyəvi hal idi. Aydındır ki, müstəntiqlər müttəhimlərdən “hər ehtimala qarşı” mümkün qədər çox adam haqqında “ifşaedici ifadələr” qoparır və lazımi məqamda onları dövriyyəyə buraxırdılar. Görünür, Juzenin növbəsi 1940-cı ilin fevralında çatmışdı.
O, sovet quruluşuna düşmən münasibət bəsləməkdə, tədqiqat əsərlərində və elmi şuradakı çıxışlarında sovet elminin prinsipləri ilə bir araya gəlməyən, burjua qaynaqlarına əsaslanan fikir və mülahizələr yürütməkdə ittiham olunurdu. Alimin konkret ölkənin kəşfiyyat şəbəkəsi ilə əlaqələndirilməsi da yaddan çıxarılmamışdı – çox ehtimal ki, həmin dövrdə Böyük Britaniyanın mandatlı ərazisi sayılan Fələstinə səfərlərini nəzərə alaraq onu ingilis casusu elan etmişdilər. Həbsi ilə əlaqədar hazırlanan arayışda Juze eyni zamanda irticaçı, bolşevizmin düşməni və millətçi təşkilatın üzvü kimi təqdim olunurdu.
Alim fevralın 23-də saxlanmış və ilk istintaq da çox güman elə həmin gün aparılmışdı. Və görünür, müstəntiq o qədər “fəallıq” göstərmişdi ki, ertəsi gün dustağın kamerasına həkim çağırmaq lazım gəlmişdi. Çoxları kimi onun da həbsxanada ölməsi fövqəladə hadisə sayılmaya bilərdi. Amma bununla belə, çox ehtimal ki, istintaq üçün xüsusi maraq doğurmadığı, qocalığı və ağır xəstəliyi nəzərə alınaraq Juzeyə münasibətdə nadir hallarda yol verilən “humanistlik” göstərilmişdi. Cinayət işi yarımçıq dayandırılmış, məhbus evinə buraxılmışdı.
Lakin zindanda keçirdiyi iki aya yaxın vaxt, üzləşdiyi fiziki və mənəvi sarsıntılar təsirsiz qalmamışdı. P.K.Juze, 1942-ci il yanvarın 20-də vəfat etmişdi. Sahibsiz məzarı son illərə qədər Bakıdakı xristian qəbiristanlığında idi.
Adını isə ən azı övladları yaşatmışdı. Çünki professor P.Juzeni tam əsasla alimlər sülaləsinin başçısı saymaq olar. Oğlu, fizika-riyaziyyat elmləri doktoru, professor Vladimir Juze (1904-1993), qızları – tanınmış sovet okeonoloqu, biologiya elmləri doktoru, professor Anastasiya Juze (1905-1981), kimya elmləri doktoru, professor, Stalin mükafatı laureatı, SSRİ-nin fəxri neftçisi Tamara Juze (1908-2002), biologiya elmləri doktoru, professor Olqa Nizkovskaya-Juze (1915-2002) onun elmə bağlılıq ənənələrini həyatlarının sonuna davam etdirmişdilər. Onlar hamısı Bakı universitetinin məzunu idilər...
 lll
Professor Juzenin Azərbaycanda tam unudulduğunu söyləmək ədalətsizlik olardı. Akademik Ziya Bünyadov “Azərbaycan VII-IX əsrlərdə” monumental kitabında alimin irsinə dəfələrlə müraciət etmiş, bir sıra məsələlərdə fikirləri və yanaşma tərzi ilə razılaşmayaraq polemika aparmışdı. Z.İbrahimov, Y.Tokarjevski, Ə.Sumbatzadə Azərbaycan tarixşünaslığına, X.Əlimirzəyev isə ADU tarixinə dair araşdırmalarında onun elmi fəaliyyəti üzərində dayanmışlar. Son illərdə isə tarix elmləri namizədi Tamilla Kərimova ölkəmizdə şərqşünaslıq elminin inkişafında Juzenin rolundan və xidmətlərindən bəhs edən məqalə çap etdirmişdir. ASE-də alim haqqındakı qısa məlumatı istisna etmək şərti ilə bütün bu materiallar hamısı rus dilində qələmə alındığından milli elmimizdə Juzeni tanıyanların, xidmətlərindən xəbərdar olanların sayı o qədər də çox deyildir.
Şərqşünaslıq və tarix elmimizin inkişafı üçün faydalılıq baxımından, digər tərəfdən isə tarixi ədalətin bərpası nöqteyi-nəzərindən bu tədqiqatları yenidən gün işığına çıxarmaq, çap etmək lazımdır.
Budapeşt,
May, 2012.
 
Vilayət QULİYEV





Mənbə: Vilayət QULİYEV26.05.2012     Çap et  Çap et