525-ci qəzet

“Bu təşkilatlar radikal müxalifətin bir qanadı kimi fəaliyyət göstərir”


 
 “Azərbaycanın dünyanın ən mötəbər musiqi yarışması olan “Evrovision”a ev sahibliyi etdiyi məqamda bir sıra beynəlxalq təşkilatların, media qurumlarının ölkəmizlə bağlı nümayiş etdirdiyi mövqe ölkə ictimaiyyəti tərəfindən pislənilir”. Bu fikirləri “Trend”ə açıqlamasında Politoloq Elşən Musayev deyib. Prosesin belə bir şəkildə cərəyan edəcəyinin gözlənilən olduğunu bildirən politoloq həmin qüvvələrin qərəzli olaraq Azərbaycanı tənqid etməsinin artıq onların peşəsinə çevrildliyini söyləyib: “Prosesin belə gedişi əslində gözlənilən idi. Hətta bundan da artığını etsəydilər, təəccüblənməzdik. Çünki müşahidələrimiz göstərir ki, son dövrlər Azərbaycanın uğurları hansı dinamika ilə artıbsa, bu uğuru həzm edə bilməyən qüvvələrin qərəzi, məkrli əməlləri də paralel olaraq çoxalıb. Bu artıq bir tendensiya halını alıb və az qala haqqında söhbət gedən həmin qüvvələrin peşə məşğuliyyətinə çevrilib. Sanki bunların çörəyi Azərbaycanı tənqid eləməkdən, vaxtaşırı verdikləri palaz-palaz açıqlamalardan və hətta özlərinin də heyrət etdiyi hesabatlardan çıxır.
Diqqət çəkən başqa məqam isə ondan ibarətdir ki, ölkəmiz haqqında davamlı olaraq neqativ rəy formalaşdırmaq missiyası daşıyan beynəlxalq təşkilatların sıralanması, əhatə dairələri, təsir imkanları da heç dəyişmir, daim eyni çərçivədə qalır. Elə bu səbəbdəndir ki, artıq “Human Rights Watch”, Amnesty İnternational”, “Norveç İnsan Haqları Evi”, “Freedom House” kimi təşkilatların adı eşidilərkən ağıllara tənqiddən, qərəzdən, hikkədən, məkrdən başqa bir şey gəlmir. Heç onların hesabatlarını oxumağa da ehtiyac qalmır. Çünki həmin təşkilatlar öz hesabatlarını hazırlayarkən ölkədəki real durumu dəyərləndirilməyə ehtiyac duymur, nə deyəcəklərini öncədən müəyyənləşdirirlər. Proseslərə qiymət vermək üçün istinad etdikləri mənbə də həmişə dəyişməz qalır: Azərbaycandakı “5-ci kolon”un nümayəndələri, onların sərsəm fikirləri, ölkə haqqında qərəzli və siyasi məqsəd güdən qənaətləri. Absurddur, deyilmi? Adını beynəlxalq təşkilat qoyasan, amma fəaliyyətində beynəlxalq konvensiyaların normalarından, beynəlxalq hüququn prinsiplərindən ən kiçik işartılar da olmaya. Yaxşı o zaman sual olunur: Kimdir həmin təşkilatları bu şəkildə Azərbaycanın üzərinə yönəldən? Nədir bunların Azərbaycandan istədikləri, verib-almadıqları? Niyə hesabatlar hazırlanarkən, ölkəmiz haqqında hər hansı bir fikir yürüdülürkən gerçəklik təhrif olunur, məsələlərin təfsilatına varılmır? Əvəzində isə elektoratı olmayan, siyasi gücü sıfıra qədər tükənən birilərinin sözü mənbə rolunu oynayır! Amerikada olarkən haqqında danışdığım həmin təşkilatlardan biri, “Human Rights Watch” haqqında ətraflı bilgilər toplamağa çalışmışam. Sadəcə maraq xatirinə bilmək istəmişəm ki, bunlar kimdir, nəçidirlər? İnanın, hələ beynəlxalq ictimai rəydəki rollarını bir kənara qoyuram, bunları heç sınıq-salxaq ofislərinin yerləşdiyi dar küçədə belə tanımırlar. Təsir dairəsi yoxa bərabər olan bir təşkilatdır. Amma baxın, bütün mümkün vasitələrdən istifadə edərək dövlətə, hakimiyyətə qarşı açıq düşmənçilik nümayiş etdirən “Azadlıq”qəzeti və onun hamisi Əli Kərimli həmin təşkilatın təqdimatını elə verir ki, kənardan baxan elə bilər ki, dünyanın taleyi məhz “Human Rights Watch”ın verdiyi rəydən asılıdır. Bir daha təkrar edirəm, bir təşkilatın ki, informasiya bazası “Azadlıq” qəzeti, istinad nöqtəsi isə Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu ola, məncə, burada əlavə mülahizəyə ehtiyac qalmır”.
Sözügedən təşkilatın Azərbaycanın radikal siyasi müxalifətinin sanki bir qolu kimi fəaliyyət göstərdiyini diqqətə çatdıran E.Musayev adını insan haqlarının müdafiəçisi qoyan bu qurumun faktlara münasibətinin, bəzən ən fantaziyalı təxəyyülə belə sığmayan iradlarının son dərəcə gülünc və cəfəng olduğunu bildirib: “Diqqət edin, bir ara ABŞ Milli Demokratiya İnstitutunun fəaliyyətinin dayandırılmasını ittiham kimi öz hesabatlarına daxil etdilər. Halbuki institutun fəaliyyəti davam edirdi və hətta bölgələrdə tam sərbəst şəkildə treninqlərini həyata keçirirdi. Sonra keçdilər 2 aprel məhbuslarına. Beləcə demokratiya, insan hüquq və azadlıqlarının müdafiəsi imitasiyası bu istiqamətdə dövr etməyə başladı. Məsələyə sadəcə siyasi prizmadan yanaşdılar. Baxmayaraq ki, fəaliyyətlərinin başlıca prioritetlərindən biri məhz “hüquq” anlayışıdır-ondan da yan keçdilər. Azərbaycanın cinayət qanunvericiliyini görməməzliyə vurdular. Belə şey olarmı? Nə demək istəyir bunlar? Azərbaycanda hüquqi nihilizmmi olsun? Hər kəs sadəcə siyasi mənsubiyyəti var deyə ağlına gələnimi etsin?
Bu nə ideologiyadır, nə məntiqdir? Və ya, “Amnesty İnternational”, “Norveç İnsan Haqları Evi”, “Freedom House” davamlı bəyanatlar verir ki “Evrovision” məkanında demokratiya yoxdur, insanhüquqları pozulur, həbsdə olanlar var və s. Bəzən mən bunların demokratiya məfkurəsini, ölkəmizdəki daxili siyasi proseslərə kobud müdaxilələrini başa düşə bilmirəm. Ümumiyyətlə son 10 ildə bu siyasi müxalifətin hansı üzvü həbs edilibsə iş məhkəməyə gedib çıxana qədər onun adı dönüb ya bloqer, ya siyasi dustaq, ya da vicdan məhbusu olub. Bu faktın özü qarşı tərəfin ədalət meyarına şübhə ilə yanaşmağa əsas vermirmi? Haqqında danışdığımız beynəlxalq təşkilatlar insan haqları ilə bu qədər səmimi və qərəzsiz məşğuldurlarsa, o zaman az qala burnunun düz ucunda baş verən proseslərə: Vaşinqtondakı mitinqlərdə əhaliyə qarşı amansız davranışlara, Britaniyadakı iğtişaşlar zamanı həbs olunan insanların üzərində edilən zorakılıq əməllərinə diqqət eləsinlər. Bu qədər ədalətlidirlərsə bir dəfə də Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı BMT icrasını beynəlxalq aləmdən tələb etsinlər, Xocalı faciəsi ilə bağlı aşkar faktları dünya ictimaiyyətinə açıqlasınlar. Bacararlarmı bunu? Təbii ki bacarmazlar. Çünki təyinat bu deyil. Çünki bəzi xarici dairələrə ölkəmizdəki stabilliyi zədələmək, aranı qarışdırmaq üçün elə bu tip təşkilatlar sərf edir. Bunun üçün ən etibarlı üsul isə cəzasızlıq sindromunu yaymaq və məmləkətdə hüquqi nihilizm mühiti yaratmaqdır. Bu formatda olan və imitasiya funksiyası daşıyan təşkilatlar da dövriyyəyə məqsədyönlü şəkildə buraxılır. Bu həm də müasir dünya siyasətində başqalarının dili ilə ən “uğurlu” söz demə üsuludur. Qarşı tərəf haqlı iradını bildirəndə isə həmin fövqəl-dövlətlərin cavabı şablon olur:” Onlar müstəqil təşkilatdır, biz necə müdaxilə edə bilərik ki?” Hərçənd elə çoxlarını düşündürən də bu müstəqilliyin hüdudlarıdır. Sadə bir sübut: “Freedom House” təşkilatına ABŞ dövlət katibinin demokratiya və insan haqları məsələləri üzrə keçmiş müavini Devid Kremer başçılıq edir. Qısaca, bütün bu söylədiyklərim belə bir mülahizə yürütməyə imkan verir ki, haqqında bəhs olunan beynəlxalq təşkilatların fəaliyyəti konkret olaraq qərəzli missiya daşıyır və reallığı deyil, şəxsi maraqlardan irəli gələn prinsipləri əhatə edir. Bu fəaliyyətə erməni lobbisi və sapı özümüzdən olan baltalar, yəni 5-ci kolonun nümayəndələri də dəstək verdiyi zaman Azərbaycana düşmən olan qüvvələrin əhatəli bir ansamblı yaranır. Onların sərhədi dəqiqləşir. Amma olsun. Biz çox belə ansambllar, tandemlər, qruplaşmalar və s. görmüşük. Bir şey dəqiqdir ki,indiki dövrdə, bizim kimi müstəqil siyasət yürüdən heç bir kiçik dövlət bu cür təzyiqlərdən, düşmənçilikdən, davamlı iftiralardan sığortalanmayıb”.
AQİL
 
 
 





26.05.2012     Çap et  Çap et