525-ci qəzet

“İran süni şəkildə hansısa əsaslar axtararaq ikitərəfli münasibətləri pozmaq, Azərbaycanı günahkar çıxartmaq istəyir”



“Faktiki olaraq İran Azərbaycanla ikitərəfli münasibətləri çox aşağı səviyyəyə endirməkdə maraqlıdır. İranlılar bura gəlib-gedirlər. Bu zəmində onların İran və Azərbaycanda olan mövcud durumu müqayisə etmək imkanları olur və fərz edirəm ki, bu cür hallar həmin o molla rejimini narahat etməyə başlayıb”. Bu fikirləri mətbuata açıqlamasında politoloq, millət vəkili Rasim Musabəyov deyib. O, bildirib ki, bunlar suni şəkildə, hansısa əsaslar axtararaq ikitərəfli münasibətləri pozmaq, Azərbaycanı günahkar çıxartmaq istəyirlər: “Bu əslində çox cılız, sovetsayağı bir təbliğat və davranışdır. Onlara uğur gətirəsi deyil. Mənə elə gəlir ki, biz soyuqqanlılıq nümayiş etdirsək, böyüklük nümayiş etdirsək, daha düzgün olar. Bəzi ayətullahlar İranda Azərbaycana qarşı suni şəkildə etirazlar təşkil etdirlər. Burada heç də xoşa gəlməyən Azərbaycan rəhbərliyinin ünvanına böhtan və yalanların səsələndirilməsidir”. Millət vəkili vurğulayıb ki, rəsmi Tehranın addımlarına baxmayaraq rəsmi Bakının mövqeyi dəyişməz olaraq qalır. R. Musabəyov deyib ki, İran tərəfindən Azərbaycanın təhlükəsizliyinə xələl gətirməklə bağlı hansısa addımlar cavabsız qalmayacaq: “Biz prinsipial mövqe tutmuşuq və fərz edirəm ki, bu mövqeyimizdə qalmalıyıq. Baxmayaraq ki, İran özünü cox riyakar aparır. Azərbaycanla bağlı qətnamə BMT-nin Baş Assambleyasında müzakirə olunanda salonda ola-ola özünü qeydiyyata salmayaraq səs vermədən boyun qaçırmışdı. Halbuki, onun qonşu dövlət kimi, İslam dövləti kimi əraziləri işğal altında olan Azərbaycana dəstək vermək borcu idi. Lakin o, bundan boyun qaçırmışdı. Bu zəmində İranın Azərbaycandan dəstək ummaq üçün heç bir haqqı, əsası yoxdur. Eyni zamanda İran tərəfindən hansısa hədə, provokasiya addımları atılarsa, vəziyyət heç də ürəkaçan olmayacaq. Çünki İran rəhbərləri anlamalıdırlar ki, Azərbaycanı böyük məmnuniyyətlə İrana qarşı müdafiə etmək üçün çox böyük qüvvələr var. Onların qarşısında İran heç nədir. Bu heç də təkcə Qərb deyil. Yada salmaq istəyirəm ki, aprel ayında Azərbaycana Türkiyənin Baş qərargah rəisi gəlmişdi. Ondan əvvəl Pakistanın Baş qərargah rəisi gəlmişdi və açıq şəkildə buradan elan etmişdilər ki, Azərbaycan heç də dəstəksiz deyil”. Millət vəkili, politoloq Aydın Mirzəzadə isə bildirib ki, İran Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinə görə bu ölkəyə qarşı sərt mövqe tutsaydı, rəsmi Yerevanın beynəlxalq hüquq normalarına riayət etməkdən başqa çıxış yolu qalmazdı. Millət vəkili bildirib ki, Ermənistanın dünyaya çıxışı yalnız İrandandır. Onun fikrincə, əgər bu yol bağlansa, işğalçı Ermənistan yaşaya bilməyəcək və Azərbaycana güzəştə getməli olacaq. “Deməli, buradan aydın olur ki, İran Ermənistanın işğalçılıq siyasətinə nəfəs verən yeganə faktordur. Əks halda yanacaqsız, hərbi dəstəksiz, dünyaya birbaşa çıxışı olmadan Ermənistan öz xarici siyasətini sivil qaydada düşünməli olardı. Dünya birliyindən, o cümlədən region dövləti olan İrandan sərt təpki alsaydı, Ermənistan Azərbaycan torpaqlarını indiyə qədər işğal altında saxlaya bilməzdi”. Komitə sədrinin müavini deyib ki, buna baxmayaraq, həmin reaksiyanı Azərbaycan dünya birliyindən, iri dövlətlərdən və beynəlxalq təşkilatlardan alsa da, qonşu İrandan tam ala bilmir. “İran rəsmi şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləsə də, işğalçı dövlətlə sıx dostluq əlaqələri və ona hərtərəfli yardım etməsi Ermənistanın işğalçı siyasətinin saxlanmasına səbəb olur. Reallıq isə belədir ki, İran-Ermənistan əlaqələri yüksələn xətlə inkişaf edir” – deyə o, qeyd edib.
PƏrvanƏ




26.05.2012     Çap et  Çap et