525-ci qəzet

Vəfa Quluzadə: “Bu gərginlik uzun müddət davam etməyəcək”


Politoloq Vəfa Quluzadə  “Media forum” saytının  suallarını cavablandırıb.  
 
– İranla Azərbaycan arasında yaranan son gərginlik nədən xəbər verir? Vəziyyəti yaxşılaşdırmaq üçün nə təklifləriniz var?
 
– Bu gərginliyin nə İrana, nə də Azərbaycana xeyri var. Elə bir vaxt yetişib ki, iki ölkə rəhbərliyi bir-biri ilə danışmalı, komandalarına əmr verməli, söz müharibəsini bitirməlidirlər. Bu durum nə bizə, nə də onlara xeyir verəcək. İşlə məşğul olsunlar. İqtisadiyyatın, ticarət əlaqələrinin inkişafı ilə məşğul olsunlar.
 
– Sizcə, bu gərginlik nədən qaynaqlanır, necə başladı?
 
– İranın Azərbaycandan istəkləri var. İstəyir ki, Azərbaycan onun diktəsi ilə oturub-dursun. Azərbaycan İsraillə əlaqələrini inkişaf etdirəndə, İsraildən silah alanda, buna cırnayır, narazı olur. 1990-cı illərdə biz İsraillə yaxınlaşmağa yol vermirdik. İran da bir o qədər narazı deyildi. Baxmayaraq ki, o zaman neft müqavilələri, Bakı-Ceyhan layihəsi onu razı salmırdı. Biz müstəqil dövlətik. Öz yolumuzla getməliyik. Amma eyni zamanda söz savaşında hədləri aşmamalıyıq. Onlar hədlərini aşanda da biz özümüzü daha təmkinli aparmalıyıq. İranı hər cür tənqid etmişəm. Qarabağ müharibəsində azərbaycanlılara kömək etmək əvəzinə ermənilərə dəstək olublar, erməniləri yanacaqla təmin ediblər. Bu dəqiqə İranla Ermənistanın iqtisadi əməkdaşlığı, ticarət əlaqələri çox yüksək səviyyədədir. Deyilənlərə görə, İrəvanın hər tinində fars dilində danışıq eşidilir. Levon Ter-Petrosyan prezident olan zaman, 1996-cı ildə bəyanat vermişdi ki, İran olmasa, Ermənistan çökər. Deməli, İran düşmənimiz olan, torpağımızı işğal edən dövlətə hərtərəfli kömək göstərib. Bu faktları dəfələrlə demişəm. Hətta “Səhər” kanalı vasitəsilə mənimlə açıq televiziya körpüsü yaradanda da bu barədə danışmışam.
 
– İrana göstərilən beynəlxalq təzyiqlərin iki ölkə arasındakı münasibətlərə təsiri mümkündürmü? Müəyyən əlaqə tapmaq olarmı?
 
– İran, Ermənistan, Rusiya. Bu üçbucaq bizim əleyhimizə çevrilib. Biz bunu unutmamalıyıq. Ermənistanla müharibə vəziyyətindəyik. Atəşkəs olsa da, cəbhədə gündə insan həlak olur. Rusiya Ermənistanı silahlandırır, ona kömək edir. İran üzdə özünü bizə dost tutur. Eyni zamanda bizdən İsraillə əlaqələri kəsməyi, Bakıyla Tehranın Qərbin əleyhinə birləşməsini tələb edir. Azərbaycan da buna gedə bilməz. Getməyəcək də. Amma təmkinli olmalıyıq həm də. Bu söz döyüşündə iki tərəfi də tənqid edirəm, ikisi ilə də razı deyiləm.
 
– Münasibətlərin gərginləşməsi güney azərbaycanlılar üçün nə aqibət vəd edir?
 
– Güney Azərbaycandan narahat olmağa gərək yoxdur. İran bizim heyfimizi onlardan çıxmaz. Onlar İran vətəndaşlarıdır. Biz onları mühafizə etmək, onlara əl uzatmaq imkanında deyilik. Tarixi proses nəticəsində İran parçalansa, Quzey Azərbaycanla birləşməkdənsə ikinci Azərbaycan dövlətinin yaranması daha çox ehtimal olunur. Biz tarixi inkişaf nəticəsində onlardan xeyli fərqliyik. Bəli, onlar bizim dil, din, qan qardaşlarımızdır. Onların hüquqlarının olmasını, mədəniyyətlərinin inkişafına, ictimai həyatlarına maneələrin aradan götürülməsini istəyirik. Bunun üçün də gərək İran demokratik dövlət olsun, güney azərbaycanlılar firavan dolansın. Biz İranı demokratik dövlət etmək iqtidarındayıq.
 
– Azərbaycan vəziyyəti sabitləşdirmək üçün hansısa sülhməramlı addım atacaqmı?
 
– Hesab edirəm ki, bu gərginlik uzun müddət davam etməyəcək. Çünki biz bir-birimizdən asılıyıq. İran Azərbaycanı Naxçıvana gedən yolu bağlamaqla hədələyirdi. Amma bunu edərsə, özü də ziyan görəcək. Ona görə ki, Rusiyadan gələn mallar həmin yollarla İrana da gedir. Bu məsələlərə görə bir-birimizə hörmət etməliyik. Yaranan gərginliyi də iki ölkə rəhbərliyi soyuqqanlılıqla aradan götürməlidir.
 





25.05.2012     Çap et  Çap et