525-ci qəzet

İctimai Palata İTV-yə etiraz aksiyası keçirdi


 
Dünən İctimai Palata (İP) İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) binası qarşısında razılaşdırılmamış etiraz aksiyası keçirib. APA-nın məlumatına görə, aksiya başlamaq ərəfəsində əraziyə yaxınlaşan İP üzvlərindən bir qrupu polis tərəfindən saxlanılaraq, polis bölmələrinə aparılıb. Saxlanılanlar arasında AXCP sədrinin müavinləri Asəf Quliyev də var. Saat 13.00-da başlayan aksiyaya İP Gənclər Birliyi tərəfindən start verilib. Qruplar halında binanın qarşısında aksiya keçirən İP üzvləri polis əməkdaşları tərəfindən ərazidən uzaqlaşdırılıb. Aksiya iştirakçısı Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini Nigar Yaqublu aksiyanın qətnaməsini oxuyub. Qətnamədə aksiyada televiziya kanalında müxalifət partiyalarının nümayəndələrinə efir vaxtının verilməsi, İctimai Palatanın tədbirlərinin işıqlandırılması, həbsdə olan İP üzvlərinin azadlığa buraxılması kimi tələblər irəli sürülüb. Sonradan polisin N. Yaqublunu da saxladığı bildirilir. Aksiya saat 14.30-da yekunlaşıb. Dünən axşam yayılan xəbərə görə, etiraz aksiyasında polis tərəfindən saxlanılanlar sərbəst buraxılıb. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov məlumat verib. Onun sözlərinə görə, bu gün Bakıda icazəsiz aksiya keçirməyə cəhd edən bir qrup şəxs polis tərəfindən saxlanılıb. Onlardan 8 nəfəri İnzibati Xətalar Məcəlləsinin tələbinə uyğun olaraq cərimələnib və sərbəst buraxılıb.




25.05.2012     Çap et  Çap et