525-ci qəzet

Müsavat başqanının müavinlərinin saxlanması xəbəri yayıldı



Polis Müsavat Partiyası başqanının müavinləri Gülağa Aslanlı və Tofiq Yaqublunu saxlayıb. İctimai Palatanın (İP) Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, G. Aslanlı Nəsimi, T. Yaqublu isə Suraxanı Rayon Polis idarələrinə aparılıblar. Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki Səhlab Bağırov isə APA-ya açıqlamasında adıçəkilən şəxslərin polis tərəfindən saxlanılması barədə məlumatların doğru olmadığını bildirib: “Bu barədə bizdə məlumat yoxdur”. S. Bağırov Bakıda polisin hər hansı təşkilatın icazəsiz aksiya keçirməsinə imkan verilməyəcəyini də vurğulayıb. O qeyd edib ki, İctimai Palatanın dünən keçirmək istədiyi icazəsiz aksiya ilə bağlı təşkilatçılar Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunublar: “Onlara xəbərdarlıq edilib. Bildirilib ki, Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış aksiyaların keçirilməsi yolverilməzdir və polis buna imkan verməyəcək”. S. Bağırov Bakı Şəhər Baş Polis İdarəsinin şəxsi heyətinin paytaxtda ictimai-asayişin təmin edilməsi istiqamətində var qüvvəsi ilə çalışdığını, özünü İctimai Palata adlandıran qurumun asayişi və qanunçuluğu pozaraq icazəsiz aksiya keçirmək cəhdinin qarşısının qətiyyətlə alınacağını bir daha bəyan edib. Qeyd edək ki, srağagün İctimai Palatanın nümayəndələri – Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı, AXCP sədrinin müavini Asəf Quliyev, İctimai Palatanın Koordinasiya Şurasının üzvü İbrahim İbrahimli, Müsavat Partiyasının üzvləri Çingiz Əli, Fəzli Mehdiyev və İdris Əmiraslanov Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb. İdarədə adıçəkilən müxalifət partiyalarının nümayəndələrinə dünən İctimai Televiziya və Radio Yayımları Şirkətlərinin qarşısında İctimai Palatanın saat 13.00-a təyin olunan aksiyanın təxirə salınmasına dair xəbərdarlıq edilib. Başqa bir məlumata görə, dünən AXCP funksionerləri polisə çağırılıb. Bu barədə APA-ya AXCP sədrinin müavini Asəf Quliyev məlumat verib. Çağırılanlar AXCP sədrinin müavini Nurəddin Məmmədli, partiyanın Suraxanı rayon şöbəsinin sədri Vaqif Xalıqov, partiya Ali Məclisinin üzvü Məmməd İbrahim, Yasamal rayon şöbəsinin sədri Maarif Ağəmmədovdur. Çağırılanların hamısı polisə gedib.




25.05.2012     Çap et  Çap et