525-ci qəzet

Vətənpərvərlik dolu “Dolu”


 
Ötən əsrin 70-ci illərində yaradıcılığa başlayan Aqil Abbas sonralar ədəbiyyat xəzinəmizi “Evləri köndələn yar”, “Ən xoşbəxt adam”, “Batmanqılınc”, “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz”, “Saçın ucun hörməzlər”, “Qiyamət gecəsi”, “Qarda açan qan çiçəyi” kimi bir birindən gözəl, oxunaqlı, ən əsası isə xalqımızın ruhu ilə səsləşən əsərlərlə zənginləşdirmişdir. “Dolu” romanını isə yazıçının yaradıcılığının zirvəsi hesab etmək olar. Roman müharibə dövrünün gerçəkliklərini əks etdirmək və bu günki gəncliyi qəhrəmanlığa, vətənpərvərliyə səsləmək baxımından çox önəmlidir. Aqil Abbas güclü bədii təsvir vasitəsinə malik bir yazıçıdır. Romanda ən epizodik rolları belə elə təsvir edir ki, bu surətlər səhnədən tez çəkilib getsələr belə onların yeri əsərdə uzun zaman görünür. Məsələn, cəbhə bölgəsinə konsert verməyə gələn Rəşid Behbudovun xəncəri və papağı oğurlanır. Bu isə tanınmış müğənnini qəzəbləndirir. Əlbəttə itirdiyi əşyalara görə yox. “Bu oğurluq deyil, mənə sataşmaqdır”-deyir. Və sonra əsil gerçəyi biləndən sonra bu əşyaları Pələngə bağışlayır. Bu olayı çox gözəl təsvir edən Aqil Abbasdan əslində oxucu başqa şey də gözləyə bilməz. Rəşid Behbudov əslində belə etməlidir. Və yaxud, komandirin qoluna qandal vurmaq istəməyən, paqonunu özü söküb atan polis, Əsgər Köynəkli Oğlan belə surətlərdəndir.
Əsərin yaddaqalan surətlərindən biri Raykom katibidir. Adətən müstəqillik dövründə yazılmış əsərlərdə sovet dövrünün partiya işçiləri mənfi obrazlar kimi səciyyələndirilir. Amma “Dolu”da əksinə, Katib Bakıdakı rəhbərlərin buyruqlarını yerinə yetirməkdən daha çox idarə etdiyi rayonun əhalisinin qeydinə qalır, onları təmin etməyə çalışır. O, yardım gətirən nümayəndələrin birincinin xoşuna gəlsin deyə Ağdamın “Lenin” meydanında rəhbərlərin adına uzun-uzadı xütbə oxumasından qəzəblənir. “Mənə heç kəsin yardımı lazım deyil, bu şəhər hələ ölməyib”-deyir. Və yaxud Komandir ona siqaret təklif edəndə o, “dərd qoyur ki, başqa şey çəkim?” – deyir.
Əsərin əvvəlində “Dolu”da heç kimin ünvanına konkret heç nə deyilmədiyi və əsərin yazıçı təxəyyülü olduğu bildirilsə də hər halda “Dolu” Tomas Morun “Utopiya”sı deyildir və burda söhbət konkret olaraq Qarabağ savaşından, daha dəqiq Ağdamdan və onun qəhrəman müdafiəçilərindən gedir. Bundan başqa müəllif əsərdə təsvir etdiyi hadisələrin çoxunda şəxsən iştirak edir. Əks halda ayrı-ayrı döyüş səhnələri belə təbii və inandırıcı alınmazdı. Əsəri oxuculara sevdirən daha bir cəhət isə onun zamanında yazılmasıdır. Dəyərli professorumuz Nizami Cəfərov əbəs yerə demir ki, “Müharibə ədəbiyyatı mütləq müharibə dövründə yazılmalıdır”. Görünür müəllif heç kimin xətrinə dəymək istəməməmişdir. Yoxsa mənfi obraz olan At Belində Olan Adam surətini daha da qabarıq verə bilərdi. Əslində at belində olmaq burda rəmzi anlam daşıyır. Bu, zənnimcə hər şeyə əli çatmaq, hər imkanda bulunmaq anlamında işlənir. At Belində Olan Adam keçmiş sovet dövrünün rüşvət almaqla hədsiz sərvət toplamış, əqidəsini, amalını, şərəfini sərvət toplamaqda görən minlərlə insanların ümumiləşdirilmiş obrazıdır. Doğma rayonu ölüm-dirim uğrunda dirəniş apararkən, ucqar rayonlardan belə onun şərəfini qorumağa gələn və həvəslə özünü ölümə atan insanlara o pul qıymır. Və Drakon haqlı olaraq “Vuruşmağa qeyrətləri çatmır, heç olmazsa canları çıxsın indi bir az millətə xərcləsinlər”-deyir. Ermənilərin “Daşnak” və “ASALA” terror təşkilatları də bildiyimə görə hər bir imkanlı ermənidən qazancının müəyyən hissəsini millətlərinin xeyrinə alırdılar. Və bu pulu verməyənləri dəhşətli terror gözləyirdi.
Öz sözünü Azərbaycan KP MK-nın ikinci katibi V.Polyaniçkoya cəsarətlə deyən səhiyyə nazirinin müavini də, Polyaniçkonun Ağdam əhalisinin silahlarını yığmaq əmrinə qarşı çıxan “Mən bu camaatı topun-tüfəngin qabağında əliboş qoya bilmərəm” deyən polis rəisi də müsbət qəhrəmanlardır.
Əsərin maraqlı epizodlarından biri türklərlə bağlıdır. Türklər əsərdə iştirak etməsələr də yazıçı onların ümumiləşdirilmiş surətini yaradır. Həmişə dar gündə bizə kömək edən türklərə xalqımız bir arxa, dayaq kimi baxmışlar. Pələngin anası Pələngdən türklərin nə vaxt köməyə gələcəklərini soruşur. Pələng cavab verir ki:
– Gəliblər, Bakıda Dönərxana tikirlər.
–Dönərxana nədi, a bala!
– Dönərxana? Avtomat zavodu.
– Ayaqlarının altında ölüm, onlar olmasa ermənilər çoxdan bizi qırıb qurtarmışdı.
Burada yazıçı ustalıqla eyhamdan və kinayədən istifadə edir. Əlbəttə ana oğlunun sözlərindəki bu kinayəni başa düşmür. Amma o zaman nə pələng, nə də anası bilmirdi və bilə də bilməzdi ki, türklər istəsəydilər belə onlara hərbi kömək edə bilməyəcəkdilər. Çünki, o zamankı başçılar ləng tərpənməklə işi həddindən artıq siyasiləşdirmişdilər və bu məsələ artıq böyük dövlətlərin marağına daxil olmuşdu. Yazıçı haqlı olaraq bu savaşı dünyanın ən bacarıqlı rejissorların belə çəkə bilməyəcəyi bir filmə bənzədir. Bunun əsil kinodan fərqi o idi ki, bu kinonun sonuncu seriyası çəkilmək bilmirdi ki, bilmirdi. Amma anasının türklərə qarşı inamını sındırmayan Pələng əlindəki pulları türklərin göndərdiyini deyir. Əsərdə bir neçə dəfə görünən Pələngin anasının timsalında müəllif dərdin belə sındıra bilmədiyi bir məğrur ana, bir Azərbaycan anasının obrazını yaradır.
“Dolu”nun bir özəlliyi də ondan ibarətdir ki, burada nə müsbət, nə də mənfi qəhramanların hansının əsas surət olduğunu ayırd etmək çətindir. Belə müsbət surətlərdən biri Drakon, keçmiş sovet dövrünün kriminal aləminə məxsus, bu cəmiyyətin ikiüzlü qanunları ilə barışa bilməyən, zamanın sınaqlarında bişmiş, heç bir vəchlə sındırılası mümkün olmayan, az qala dünyanın yarısı boyda olan bir imperiyaya meydan oxuyan onlarla, bəlkə də minlərlə insanın biri idi. Müəllif yazır ki, bu igid insanlara “cəmiyyət necə baxırdı, veclərinə deyildi. Çünki, onlar çoxdan tüpürmüşdülər bu cəmiyyətə də, onun qanunlarına da”.
Biz kriminal aləmin tarixinə fikir versək görərik ki, bütün dövrlərdə, bütün dövlətlərin kriminal hesab etdikləri insanların çoxu əslində öz xalqlarının mənafeyində duran, xalqın sevimliləri olmuşlar. Uilyam Volos da, Robin Qud da, Babək də, Koroğlu da, Qaçaq Nəbi də xalqın ən dar günlərində onların yanında olmuş, xalq də onlara nəğmələr, dastanlar qoşmuşdur.
Aqil Abbas bu gün cəmiyyətimizdə nadir təsadüf olunan o ziyalılardandır ki, onun qələmə aldıqları ilə işi, sözü ilə əməli üst-üstə düşür. Ali məktəb müəllimlərimdən “Aqil Abbas kommunist dövründə də, cəbhə dövründə də, müstəqillik dövründə də eyni əqidə sahibidir. Onu heç nə dəyişdirə bilmir” sözlərini eşitdikdə onun yaradıcılığına sayğım birə-min artdı. Bütün dövrlər üçün xalqımıza gərəkli, özəlliklə də biz gənclər üçün ideal olan bu bəxtiyar İnsanla qürur duyuruq.
“Dolu”da müəllifin toxunduğu məqamlardan biri də ziyalıların cəbhə bölgələrinə gedib əsgərlərlə görüşməsidir ki, bunu öz həyatının əsas amalı sayan Aqil Abbasın bu başqalarından da tələb etməyə mənəvi haqqı vardır.
Həyat üzərində apardığım müşahidələr mənim gənc beynimdə belə bir qənaət yaradır ki, qəhrəmanlıq gen xüsusiyyətləri ilə bağlıdır. Qəhrəman olmayan ana qəhrəman oğul doğa bilməz. Və yaxud qorxaq atadan igid oğul törəməz. Bu sətirləri qələmə alarkən orta məktəbdə eşitdiyim bir hadisəni xatırladım. İranda məşrutə hərəkatı zamanı Məmmədəli şah Rusiyaya qaçır. Yolu Qazaxın Poylu stansiyasından keçir. Burada şah qatarı dayandırıb onu Qaçaq Kərəmin anası ilə görüşdürməyi xahiş edir. Şahın arzusunu yerinə yetirirlər. Söhbət əsnasında şah Anadan soruşur:
– Bir də dünyaya Qaçaq Kərəm kimi oğul gətirə bilərsənmi?
– Niyə gətirə bilmirəm, Molla Zal oğlu İsgəndər olsa, gətirrəm – deyir.
Çoxunun qorxaq bilib qaçdığını zənn edən Pələng də, çılğın, çılğın olduğu qədər də mülayim olan, öz canını belə dostu üçün, vətəni üçün əsirgəməyən Drakon da öz kökündən qaynaqlanmışdılar. Aqil Abbas Drakonun ölüsünü Dünyanın Ən Gözəl Ölüsü adlandırır. Müəllif haqlıdır. Qəhrəmanların ölüsü də gözəl olur.
“Dolu” bir sıra mənfi və müsbət keyfiyyətlərimizi üzə çıxarmaq baxımından çox güclü əsərdir və mənəviyyatımızın güzgüsü hesab oluna bilər. Əsərdən oxuyuruq ki, Vurğun Vurmuş Cavanlardan biri əsir tutduqları erməni qızını zorlamaq istəyir. Buna imkan verməyən Drakon ermənilər tərəfindən minlərlə qızımızın-qadınımızın ən alçaq şəkildə zorlandığını çox gözəl bilirdi. Lakin o, bunun qisasını almır. Çünki qeyrəti buna yol vermir. Axı o, “torpaq davası aparırdı, arvad davası yox”. Bəli, biz belə millətik, belə xalqıq. Mərhəmətliyik, ədalətliyik. Başqa cür ola bilmirik. Tarixən belə olmuşuq. “Kitabi-Dədə Qorqud” da “qara donlu kafirlər” obalarımızı talayıb qadınlarımıza zülm edəndə də, XII əsrdə gürcülər qadınlarımızı, çılpaq halda qoşunun qabağında aparanda biz düşməndən qisas almışıq, amma qadınlarına heç zaman toxunmamışıq.
Qarabağ savaşında iştirak etməsəm də bu savaşı itirməyimizin səbəblərini tapmağa dəfələrlə cəhd etmişəm. Və bunun səbəbini biganəlikdə, bir-birimizi sevməməkdə, bir-birimizi şəxsi qabiliyyətimizə görə deyil, yaşadığımız əraziyə görə seçdiyimizdə axtarıb tapmışam. Ağdamın mühasirəsinin Leninqradın mühasirəsi ilə tutuşdurub A.Çakovskinin “Mühasirə”sini vərəqləmişəm. Ağdamın da Leninqrad kimi cəmi bir həyat yolu vardı. Amma fərq onda idi ki, Ağdama bu həyat yolundan heç bir yardım edilmirdi. “Bu Yiyəsiz Dövlətin Yiyəsiz Övladları” taleyin ümidinə buraxılmışdı. Savaşın ən ağır yükünü öz çiynində daşıyan, təpədən dırnağa qədər silahlanan ermənilərin qabağında ən sadə silahı belə olmayan Ağdam əhalisinə, “Bu Yiyəsiz Dövlətin Yiyəsiz Övladları”na kömək etmək əvəzinə Resbublika rəhbərliyi DTK-ya burada təxribat törətməyi tapşırırdı. Cəbhənin məhz bu bölgəsində “Savaş batalyonlarından ilk dəfə idi ki, düşmən bütün cəbhə boyu hərəkət edirdi”. Aqil Abbas haqlı olaraq bu savaşı Ermənistan-Ağdam müharibəsi adlandırırdı. Əslində bu müharibə də Ağdamı işğal etmək üçün başlamışdı. Ağdamsız Qarabağı saxlamaq ermənilər üçün mümkün olmayacaqdı. Təsadüfi deyildir ki, cəbhə rayonlarından ən çox şəhid verən də məhz Ağdam oldu. Heç bir döyüş tərcübəsi olmayan, ən adi silahlarla belə rəftar etməyi bacarmayan gəncləri Bakı küçələrindən tutub zorla cəbhə bölgələrinə göndərirdilər. Müəllifin qeyd etdiyi kimi “Vuruşa bilənlər isə Mütəllibovu qoruyurdu. Bəli, indi mən tam əsasla deyə bilərəm ki, o zaman biz həqiqətən də Tanrının qəzəbinə tuş gəlmişdik. Tanrı həqiqətən də bizdən üz döndərmişdi. Bizə heç Əzrayıl da yaxın gəlmirdi. Canımızı almağı şeytana həvalə etmişdi.
Məhz bunlar idi bizi yeniliyə uğradan. Nə qədər ki, bu biganəliyimiz davam edəcək, bir-birimizə qənim kəsilməyə son qoymayacağıq, torpaqlarımızı azad edə bilməyəcəyik. Amma sonuncu nəfərimizin bu bəlalardan xilas olduğu gün xalqımızın ən böyük bayramı olacaq. Romandan oxuyuruq: “Və indi əyinlərinə əsgər paltarı deyil, kəfən geyinmiş bu Vurğun Vurmuş Cavanlar döyüş dostları Musanın Bakıda qılçaları kəsilmiş anasının həkiminə verməyə min manat pul tapa bilmirdilər” Oxucuların içini yandıran bu misraları təsirsiz oxumaq olmur. Elə bilirəm ki, bu səbəblərə görə biz məğlubiyyətlərə məhkum olunmuşduq. Bu misralar o zaman bizim çoxumuzun simasızlığını aydın göstərirdi. Lakin bütün bunlara baxmayaraq Ağdamlılar vuruşurdu. Və nəinki vuruşurdu, böyük bir qaçqın ordusunun da qayğısını öz çiyinlərində daşıyırdılar. Komandirin jurnalistlə kiçik söhbəti o dövrün bütün mənzərəsini açıq-aydın göstərir. “Fikir vermə, günümüz belədir. Milləti əliyalın qoyublar ermənilərin qabağında aciz. Heç kimdə hövsələ qalmayıb”.
Və yaxud Komandirin mühakimə olunması səhnəsinə fikir verək. Komandir onu mühakimə edən prokurora:
Heç sizin qucağınızda 18 yaşlı bir uşaq əmi, qoyma ölüm deyə can verdimi? Övladları şəhid olan anaların dırnaqlarıyla üz-gözlərində aşdıqları şırımları gördünmü?!
II Yekaterina Suvorovdan yazılmış donosa belə bir dərkənar qoymuşdu: “Qaliblər mühakimə olunmur”. Komandir məğlub olmamışdı. Və əgər məsuliyyət dövlət başçılarının vəzifə oyunu ucbatından o, öz batalyonunu itirmişdisə də düşmən onun, nə də son nəfərinə qədər qəhrəmanlıqla həlak olmuş bu Vurğun Vurmuş Cavanların mətanətini qıra bilməmişdi. İndi biz bu savaşda nahaqdan ölən suçsuz insanlar üçün 2000 il öncə İsanı öldürən, 1400 il öncə Məhəmmədi Taifdə daşlayan günahkarlar kimi Allaha yalvarıb dua etməliyik. Və dua edib tövbə etməliyik ki, bizi bu biganəlikdən, var-dövlət hərisliyindən, dəbdəbəli yaşam sürmək azarından xilas etsin.
Romanda toxunulan məsələlərdən biri döyüş vaxtı hərbi texnikanın və kadrların çatışmaması idi. 1887-ci ildən hərbi vergi verib əvəzində hərbi xidmətə getməyəndə də, H.Z.Tağıyevin millətini əsgər aparmasınlar deyə çar hökumətinə pul ödəyəndə də, rüşvət verib fəhlə batalyonlarına düşəndə də sevinmişik. Dövlətlilərimiz isə Şerbakdan silah alıb millətə paylamaq üçün pullarını qıymırdılar. Çünki, bizim milyonçulara görə pul onunçün deyildir ki, onu millət üçün xərcləyəsən. Onunçündür ki, Böyük Sabir demiş, “dərc edəsən sanduqə”.
Aqil Abbas güclü yumor hissinə malik sənətkardır. Yəni ciddi olduğu qədər də mülayimdir, hazırcavabdır. Haqsızlıqla qarşılaşanda dilindən od püskürən yazıçı həmin andaca yumora keçməyi bacarır. “Dolu”da bir neçə yerdə bunun şahidi oluruq. Şairin yanından keçən “Əzrayıl dilxor-dilxor şairə baxdı, rəhmətliyin oğlu o qolunu bir çək də mən sənin dalınca Sibirə gəlməyim”. Və yaxud “Ə, nə bəy-bəy salmısan. Bəyin ya anası bəylə yatar, ya da atası bəy qızıyla. Bəylərin torpağında düşmən tank oynatmaz. Və yaxud “Bəyin köməkçisi olmur, nökəri olur.”.
“Dolu” gənclərə Vətənpərvərlik, qəhrəmanlıq kimi hisslər açılamaq baxımından çox önəmlidir. Lakin bu əsərin yazılması işin yalnız bir hissəsidir. Əsər geniş təbliğ olunmalıdır, yayılmalıdır. Özəlliklə də hər şeyin özülünü qoyduğumuz orta məktəblərdə. “Dolu”nun ömənimi qeyd edən sayğıdəyər alimimiz Nizami Cəfərov bu əsəri “Qarabağnamələrin biri kimi” səciyyələndirərək yazır: “Mən romanı oxuduqca həm Aqil Abbasın yazıçı təbiətinə, həm də əsərə tərcümeyi-hal kimi yanaşmasına heyran oldum və mənə elə gəldi ki, əsər bir “Qarabağnamə” kimi yazılıb, xalqın yazdığı ədəbiyyatın “Qarabağnamə”si kimi”.
Əsər çox maraqlı bir sonluqla bitir:
–“Və göy üzündən də yuxarıdan necə bir Dolu başladısa camaat dik atıldı və sevinclə özünü atdı bayıra”.
Düşünürəm ki, bu artıq bizim topların, tankların, təyyarələrin səsidir ki, Drakonun qanlı köynəyini bayraq edib hücuma keçən milli ordumuzun düşmənin başına yağdırdığı Dolu idi. O gün uzaqda deyil.
Yeqzar CƏFƏRLİ,
Azərbaycan Jurnalistlər
Birliyinin və Dünya Gənc Türk
Yazarlar Birliyinin üzvü
 
 
 
 
 
 
 
 
 





25.05.2012     Çap et  Çap et