525-ci qəzet

Azərbaycanla Litvanın təhsil sahəsində əlaqələri müzakirə edilib



Dünən təhsil naziri Misir Mərdanov Litvanın Azərbaycandakı səfiri Kestutis Kudzmanas ilə görüşüb. Qonağı səmimi salamlayan Misir Mərdanov Kestutis Kudzmanası Heydər Əliyev Fondunun təhsil sahəsindəki fəaliyyətinə göstərdiyi dəstəyə görə “Qızıl çinar” mükafatı ilə təltif olunması münasibətilə təbrik edib. İki ölkə arasında təhsil sahəsi üzrə əlaqələrin inkişaf perspektivlərinə toxunan nazir ali məktəblər arasında münasibətlər, Litvanın universitet rektorlarının ölkəmizə səfərlərinin təşkili məsələlərindən bəhs edib. Azərbaycan və Litva universitetləri arasında tələbə mübadiləsinin aparılması istiqamətində həyata keçiriləcək işlərin əhəmiyyətli olacağını vurğulayan nazir, həmçinin Litvanın peşə təhsili təcrübəsi ilə maraqlanıb. Litvanın ölkədəki səfiri Kestutis Kudzmanas təhsil naziri Misir Mərdanova səmimi qəbul üçün minnətdarlığını bildirib. İki ölkə arasında təhsil əlaqələrinin son illər daha da inkişaf etməsindən söz açan səfir ölkəsinin ali məktəbləri haqqında məlumat verib. Qonaq Litvada tibb (baytarlıq və əczaçılıq daxil olmaqla), texnologiya, biofizika, biokimya, lazer texnologiyası, inşaat, mühəndislik və digər sahələrin xüsusilə inkişaf etdiyini diqqətə çatdırıb. Ölkələrimiz arasında tələbə mübadiləsinin genişləndirilməsi məsələsinə toxunan Kestutis Kudzmanas Litvada elmin inkişafı sahəsində həyata keçirilən tədbirlərdən söz açıb. Litva və Azərbaycanın elmi əlaqələr, alimlərin təcrübə mübadiləsi barədə fikirlərini bildirən səfir ölkəsində peşə təhsilinin mövcud durumu barədə məlumat verib. Azərbaycanda təhsil sahəsinin sürətli inkişafının şahidi olduğunu bildirən Kestutis Kudzmanas səmimi qəbul üçün M.Mərdanova minnətdarlığını bildirib və təhsil nazirini Litvaya dəvət edib. Qonağa təşəkkürünü bildirən təhsil naziri iyunun 15-dən 22-dək Litva Respublikasına rəsmi səfərinin planlaşdırıldığını diqqətə çatdırıb və səfər zamanı bir sıra məsələlərin geniş müzakirə olunacağını bildirib. Daha sonra görüşdə bir sıra digər məsələlərlə bağlı müzakirələr aparılıb.
S.QARAYEVA




25.05.2012     Çap et  Çap et