525-ci qəzet

Bakıətrafı qəsəbələrdə sosial proqramların icrasının monitorinqi aparılıb



Xəzər rayon İcra Hakimiyyətində Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) QHT-lərə Dövlət Dəstəyi Şurasının Dəstəyi ilə növbəti tədbirini keçirib. “Bakıətrafı qəsəbələrdə sosial proqramların icrasının monitorinqi və təbliği” layihəsi çərçivəsində “Sosial-iqtisadi inkişafın əhəmiyyəti və bu proqramın icrasının vətəndaşların sosial problemlərinin həllində rolu” mövzusunda keçirilən tədbirdə yerli vətəndaş fəalları, hökumət qurumlarının təmsilçiləri, bələdiyyə rəhbərləri, icra nümayəndələri, KİV və QHT rəhbərləri, rayon icra hakimiyyəti başçısının müavini Vaqif Həsənov, digər hökumət və ictimaiyyət təmsilçiləri iştirak edib. Tədbiri açan BMAM rəhbəri Rufiz Qonaqov bildirib ki, ölkədə regionların sosial-iqtisadi inkişafı kompleks şəkildə həyata keçirilir. O, bu proseslərin 2003-cü ildən sonra bu daha da sürətləndiyini deyib: “Prosesin növbəti mərhələsi 2009-cu ildə başlayıb. 2009-2013-cü illəri əhatə edən “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” qəbul edildi. Bütün bu fərman və sərəncamlarda əsas məqsəd ölkə əhalisinin, o cümlədən Bakı əhalisinin, Bakıətrafı qəsəbə sakinlərinin sosial-iqtisadi problemlərinin həll edilməsi, işsizliyin aradan qaldırılması, qəsəbələrin inkişaf planı, müxtəlif infrastrukturların yaxşılaşdırılması olub. 4 may 2011-ci il tarixdə isə Prezident 1490 nömrəli sərəncamla “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” və bu proqram çərçivəsində həyata keçiriləcək Tədbirlər Planını təsdiqləyib. Bizim layihənin məqsədi də Azərbaycan Respublikası Prezidentinin “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində görülən işlərin monitorinqi və təbliğidir”. Daha sonra layihənin eksperti, İnsan Hüquqları və Maarifçilik Mərkəzinin sədri Rəfail Becanov tədbirdə məruzə edib. O, bildirib ki, layihənin ekspertləri də layihənin icra planına uyğun olaraq, layihənin pilot rayonlarında monitorinq aparıb: “Həmin rayonlardan biri də Xəzər rayonudur. Monitorinq çərçivəsində qrupumuz Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı Prezident tərəfindən təsdiqlənən Tədbirlər Planında Xəzər rayonunda görülməli olan işlər, Tədbirlər Planının qrafikinə əməl edilib-edilməməsi, İctimaiyyətin həyata keçirilən Dövlət Proqramına münasibəti, Dövlət Proqramı əsasında görüləcək işlər öyrənilib”. Ekspert bildirib ki, bu layihənin həyata keçirilməsini də zəruri edən əsas səbəblərdən biri Proqramın gerçək təbliğatının aparılmasıdır: “Çünki Proqramın təsdiqlənməsindən xeyli vaxt keçir. Ciddi və əsaslı işlər görülüb. ”Layihənin gerçəkləşdirilməsi ilə çox əhəmiyyətli və böyük Dövlət Proqramlarından biri olan bu sosial-iqtisadi inkişaf proqramının effektivliyinin artırılması, regionun infrastrukturunun yenilənməsində dinamik inkişafın əldə edilməsi, müxtəlif layihələrin yerinə yetirilməsi ilə işsizliyin və yoxsulluğun azaldılmasında səmərəliliyinin artırılmasıdır. Eləcə də ictimai nəzarətin artırılması və Prezidentin Proqramın qəbulu ilə qarşıya qoyduğu məqsədlərin reallaşdırılmasına yardım etməkdir”. Daha sonra tədbirdə “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova çıxış edib. O, bildirib ki, Xəzər rayonu həm də Bakının əsas turizm mərkəzlərindəndir. Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatının rəhbəri Gülsel Səfərova rayonda görülən abadlıq işlərini yüksək qiymətləndirib. Xəzər rayon icra hakimiyyəti başçısının birinci müavini Ələkbər Heydərov bu əməkdaşlığa görə BMAM-a, onun rəhbərinə, ekspertinə və bütünlükdə QHT-lərə təşəkkür edərək bildirib ki, görülən işləri yüksək qiymətləndirirlər.
AQİL




25.05.2012     Çap et  Çap et