525-ci qəzet

Dilçiliyin inkişafına dair Dövlət Proqramı hazırlanacaq



Prezident İlham Əliyev Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında Sərəncam imzalayıb. AzərTAc-ın verdiyi məlumata görə, ölkə başçısı dövlətçiliyimizin başlıca rəmzlərindən olan ana dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılmasını, ölkəmizdə dilçilik elmi sahəsində vəziyyətin əsaslı surətdə yaxşılaşdırılmasını təmin etmək məqsədi ilə bir sıra qərarlar qəbul edib.
Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və digər aidiyyəti qurumlarla birlikdə Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının layihəsini hazırlayıb oktyabrın 1-dək Nazirlər Kabinetinə, Nazirlər Kabineti isə bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan Dövlət Proqramının layihəsini noyabrın 1-dək Azərbaycan Prezidentinə təqdim etməlidir.
Azərbaycan dilində termin yaradıcılığı sahəsində işlərin tənzimlənməsi və koordinasiya edilməsi üçün Terminologiya Komissiyası, Azərbaycanda müxtəlif sahələrdə tərcümə işinin mərkəzləşdirilmiş qaydada və məqsədyönlü aparılması üçün Tərcümə Mərkəzi yaradılıb.
Komissiya və Mərkəz Nazirlər Kabineti yanında fəaliyyət göstərəcək.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.








24.05.2012     Çap et  Çap et