525-ci qəzet

Bir axşam taksidən düşüb payıza...



Son illərin bir “təcrübəsi” var: Əvvəlcə nəyisə bəyənmirik. Bəyənməməyimiz bir yana, üstəlik bu bəyənməməzlik faktı ətrafında media ajiotajı yaradırıq. Və bir azdan diqqətlə yanaşandan sonra, bəyənmədiyimizin sərfəli tərəflərini dərindən müşahidə edəndən sonra başlayırıq peşman olmağa. Bakıda artıq xeyli vaxtdan bəri küçələrdə sərnişin-müştərilərə xidmət edən “London taksiləri” ətrafında da əvvəlcə mübahisəli baxışlar, hətta əsassız tənqidlər baş alıb getdi mətbuatda. Bu avtomobillərin modeli, dizaynı, qiyməti haqqında nə qədər qeyri-dəqiq informasiyalar verildi. Amma o da var idi ki, xalqın “London avtomobilləri” kimi adlandırdığı bu taksilər şəhərə qədəm basdığı ilk günlərdən şəhər sakinlərinin çoxunun xoşuna gəlmişdi. Lakin ictimai rəy yaratmağa qadir olan mətbuat burada ikitərəfli – mənfi və müsbət rəy formalaşdırmaqda davam etdi. Və bir gün baxıb gördük ki, şəhərin camaatı “London taksiləri”nə nəinki öyrəşdi, hətta Bakını onlarsız təsəvvür edə bilmədi. Beləcə ... London taksiləri Bakıda tamhüquqlu mövqe qazandı. “Eurovision” yarışmasına hazırlıq günlərində bu avtomobillər şəhərə xüsusi yaraşıq verir. Bu avtomobillər bütün parametrləri ilə taksi xidməti üçün yaranmışdır. Mütəxəssislərin fikrincə, “London taksiləri” həcminə, dizaynına və s. cəhətlərinə görə deyil, daha çox sərnişin üçün yaradılan komfortuna görə, təhlükəsizlik xarakterinə, digər rahatlıq göstəricilərinə görə qiymətləndirilir.
Bu gün gözəllikdə, təmizlikdə, arxitekturasında Avropanın ən məşhur şəhərləri ilə bəhsə girmək qüdrəti qazanmış Bakımızı yaraşığa mindirən yüzlərlə yeni faktlardan biri də “London taksiləri” ilə bağlıdır. Üzərində “Eurovision” yarışmasının simvolunu daşıyan bu taksilər şəhərimizin Şərq-Qərb modelinin tam gerçəkləşməsinə xidmət edir. Bu taksilərin sürücüləri də fərqlənir. Onların belə bir devizi var: Avropa avtomobilinə sahibsənsə, şəhərimizin qonaqlarını sənə etibar ediblərsə, mədəniyyətini göstər, Azərbaycan mədəniyyətini, azərbaycanlı mədəniyyətini.
Bu gün “Eurovisiona” dair telereportajlarda xarici qonaqların Bakımıza necə heyran qaldıqları əsas faktlardan biri kimi diqqəti cəlb edir. Qonaqlarımızın Bakı təəssüratları sırasında “London taksiləri”nin sürücüləri də əhəmiyyətli rol oynayırlar. London və Bakı. Hər ikisində eyni markalı, eyni dizaynlı taksi avtomobilləri. Bu avtomobillər bu şəhərlərdən hansına daha çox yaraşır? Sakinlərimizin cavabları birmənalı olduğu qədər də ədalətlidir: Hər ikisinə!
Gün oldu ki, mən də bu taksilərdən birinə oturdum. Şəhərə doğru istiqamətlənib, Binə hava limanından Bakıya yol alan bu rahat taksidə oturmuşuq. Şəhərə çatırıq və “Sahil” metrosunun yanında avtomobildən düşürük. Rahat, təhlükəsiz olan bu taksidən düşəndə istedadlı şairimiz Vaqif Səmədoğlunun sözləri yadıma düşdü: “Bir axşam taksidən düşüb payıza...” Amma şəhərdə gözəl bir yaz günü idi. Hər tərəfdə, elə Ərşad əminin bu taksi avtomobilinin üstündə də “Eurovision”ın Azərbaycan simvolu bahar çiçəklərini xatırladırdı...
Gülnar ŞAMİLOVA,
BDU-nun jurnalistika fakültəsinin V kurs tələbəsi






24.05.2012     Çap et  Çap et