525-ci qəzet

İctimai Palatanın Koordinasiya Şurası yerli və xarici jurnalistlərlə görüşdü



İctimai Palatanın (İP) Koordinasiya Şurası (KŞ) yerli və xarici jurnalistlər üçün mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, İP KŞ üzvü Rahim Hacıbəyli ölkədəki ictimai-siyasi vəziyyət, xarici media qurumlarının Azərbaycana diqqətinin artmasının əhəmiyyətindən danışıb. O, İP-in yaradılması və formalaşması prosesi haqda məlumat verərək, deyib ki, ölkənin bir neçə müxalifət partiyası, o cümlədən vətəndaş cəmiyyətinin təmsilçiləri bu qurumda cəmləşib. AXCP sədri Əli Kərimli iqtidarla razılaşmadığı istiqamətlər haqda danışaraq, ölkədə demokratik seçkilərin keçirilməsinin tərəfdarı olduqlarını, korrupsiyaya qarşı müxalifətdə durduqlarını bildirib. Təmsil etdiyi qurumun iqtisadi siyasəti haqqında da danışan Ə. Kərimli İP-in siyasi maraqlarına da toxunub. O, İP-in aksiyalarında saxlanılan qurum üzvlərindən 11-nin hələ də həbsdə olduğunu diqqətə çatdırıb. Ə. Kərimli aclıq aksiyasının davam etməsi ilə bağlı məsələnin müzakirə olunacağını da deyib.
Müsavat Partiyasının başqanı İsa Qəmbər isə uzun illərdir demokratik qüvvələrin toparlanmasına imkan olmadığını bildirib. İ. Qəmbər qeyd edib ki, siyasi partiyaların həbsdə olan üzvləri var: “Bunların arasında mənim müavinim Arif Hacılı, Müsavat Gənclər Birliyinin sədri Tural Abbaslı və müavinləri, o cümlədən digər müttəfiq partiyaların üzvləri var. Biz bu insanların həbsdən azad edilməsini, onlara bu musiqi yarışmasını ön sıralarda izləməsi üçün dəvətnamə verilməsini təklif edirik. Biz hakimiyyətə təklif edirik ki, Avropanın ən tanınmış musiqi yarışmasını keçirirsə, demokratiya və insan haqları sahəsində də Avropa dəyərlərinə riayət etsin”. İ. Qəmbər İP-in mübarizəsinin davam edəcəyini, aksiyalara ara verilməyəcəyini söyləyib.
Sonra mətbuat konfransında jurnalistləri maraqlandıran suallar cavablandırılıb.







24.05.2012     Çap et  Çap et