525-ci qəzet

XXI əsr Azərbaycan teatrı mədəniyyətlərarası dialoq məkanında



XX əsrin sonu Azərbaycan teatrları üçün həbsxanadan yenicə buraxılmış insan taleyinə bənzəyən bir vəziyyəti özündə ehtiva edirdi. Halbuki, Azərbaycan teatrları XIX əsrin ikinci yarısında istər Tiflisdə, istər Azərbaycanda, istərsə də İrəvanda azad düşüncə sahiblərinin azad düşüncə kriteriyası ilə meydana gəlmişdi və dünya teatr prosesinin yaradıcılıq axınına qoşulmaq üçün cani-qəlbdən çalışılırdı.
XX əsrin ikinci onilliyindən etibarən sosialist rejiminin ideoloji həbsxanasında senzura cəzasına məruz qalmış və konkret rejimin dar çərçivəsi həddində bir dustaq kimi yaradıcılıq fəaliyyətini qurmaq məcburiyyətində olan bütün ittifaq teatrları ilə yanaşı Azərbaycan teatr sənəti də, bəzi sənət nümunələrini nəzərə almasaq, ümumilikdə əli-qolu bağlı kimi, mühitin imkanlarına qısılaraq öz yaradıcılıq yolunu davam etdirirdi. Lakin bütün Sovet İttifaqı məkanında fəaliyyət göstərən teatrlar, o cümlədən Azərbaycan teatrları mövzu baxımından konkret istiqamət müəyyənliyinə düçar olsa da, hazırlanan bütün tamaşaları keyfiyyət baxımından böyük sənət nümunələri qismində yaratmağa çalışırdılar. Və burada ideoloji sistemin ənənələrinə uyğun olaraq vaxtaşırı keçirilən festivallarda, dekadalarda, ümumittifaq miqyaslı dövlət tədbirlərində teatr tamaşalarının nümayişinə və yüksək diqqət miqyasına ucalmasına şərait yaradılırdı. Formasiya, ideoloji təbliğat üçün ən münasib hesab etdiyi və ən çox yararlandığı canlı və inandırıcı təsir qüvvəsinə malik olan, təbliğat üçün ən münbit şərait yarada bilən, qüdrətli təsir qüvvəsinə malik olan bir sahə kimi teatr sahəsinə yüksək dəyər verməklə onun yaradıcılıq həddini, təsis etdiyi həvəsləndirici mükafatlarla müəyyənləşdirir, onu öz girdabından uzaqlaşmağa qoymamağa çalışmaqla yanaşı, həm də özünə tabe hökmünü qoruyub saxlayırdı. Bu dövrdə bütün məhdudiyyətlərə baxmayaraq xüsusən Stanislavski sisteminin məktəbindən yararlanmaqla görkəmli teatr xadimlərinin yetişməsi də əsas amillərdəndir ki, bu gün Azərbaycan teatr salnaməsi qürurla həmin sənətkarların yaratdıqları və miras qoyub getdikləri nəhəng və işıqlı yolun üzərində öz tarixini yarada bilmişdir və bu tarix sənətkarlıq baxımından məhz həmin yolun davamı olaraq bu gün də öz istiqamətində irəliləyir, bu yolda klassik ənənələrin qorunub saxlanması ilə yanaşı həm də çağdaşlıq və novatorluq prinsiplərini daim qüvvədə saxlamaqla inkişafa və intibaha doğru gedən istiqamətdə var gücü ilə çalışır.
Sözsüz ki, böyük bir imperiyanın dağılmış və xarabazara çevrilmiş binasının uçuq divarlarının dəlmədeşiklərindən zorla sıyrılıb çıxmağa çalışan bütün sənət ocaqları kimi teatrlar da mövzu genişliyi qadağaları, fikir azadlığı, düşüncə məhdudluğu qəzasının kriteriyasında ciddi travma almış halda həmin dəlmədeşiklərdən ən ağrılı hisslərlə, ölüm-zülümlüklə sıyrılıb azadlığa çıxaraq, hələ heç üstünün toz-torpağını çırpmağa macal tapmadan ətraf mühitin-dünya teatr prosesinin mənzərəsinə heyran kəsilməklə yanaşı, həm də dağılmış sərhədlərdən axıb gələn “təmiz havanı” ciyərlərinə çəkməklə məşğul idi və bu hal hələ uzun müddət teatrların özünə gəlməsi üçün ciddi fəsadların yaranmasına səbəb oldu.
Postsovet məkanında əksər respublikalardan fərqli olaraq Azərbaycan Respublikası 70 il bütün yeraltı və yerüstü sərvətlərini qurban etdiyi Sovet İttifaqının rəhbərliyinin xəyanatkar əməli ilə, yarasının sağalması mümkün olmayan 20 yanvar, ağrısı hələ də içimizi göynədən Qərbi Azərbaycanın azərbaycanlılardan təmizlənməsi və Qarabağın işğalı faciəsi ilə “mükafatlandırıldı”. Əlbəttə bir-birinin ardınca törədilən bu və bu kimi digər bizə bəlli olan hadisələrin Azərbaycan xalqının mənəvi sarsıntı keçirməsində ciddi zərbə olduğu danılmaz faktdır və bu fakt onu da təsdiqləyir ki, Azərbaycanın əzəli torpaqlarında yaradılmış Ermənistan adlı dövlətin orada və Qarabağda yaşayan azərbaycanlıları zor gücünə, silah hesabına öz ev-eşiyindən çıxarması Azərbaycan məkanında bir milyondan artıq insanın öz dədə-baba yuvasından didərgin düşməsinə, saysız-hesabsız mədəniyyət öcaqlarının darmadağın edilməsinə, bununla yanaşı dörd nəhəng teatrın – İrəvan şəhərindən 130 illik tarixə malik C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram, Azərbaycanın ürəyi və şah damarı olan Şuşa şəhərindən Şuşa Dövlət Musiqili Dram, Ağdam rayonundan Ağdam Dövlət Dram və Füzuli rayonundan Füzuli Dövlət Dram Teatrlarının məcburi köçkünlük kimi ağır bir tale yaşamağa məhkum qalmasına səbəb oldu.
Azərbaycanda yaradılmış bu fövqəladə gərgin vəziyyətə görə 1988-ci ildən etibarən bütün müəssisələr kimi teatrların da qapılarına qıfıllar asıldı. Aldıqları zərbədən, yaşadıqları faciədən sarsılmış sənət adamları ikiqat ağrı yaşayırdılar. Teatrların fəaliyyətsizliyi istər teatr adamlarının, istərsə də artıq öz həyatlarını teatrsız təsəvvür etməyən tamaşaçıların ruhunu pərən-pərən salmışdı. Durğunluq dövrü atını elə səyirdirdi ki, atın dırnaqları altından qalxan tozanaq ətrafı görünməz hala salırdı. Lakin nəfəs belə dərmək mümkün olmadığı halda və bir tərəfdən də ölkəni bürüyən səfalət, aclıq Azərbaycanın teatr fədailərinin əzmini qıra bilmədi. Sənət adamları yaxşı dərk edirdilər ki, sənət yaşamalı və inkişaf yollarını axtarmalı idi. Odur ki, yaranmış vəziyyətin diktəsi ilə sevimli tamaşaçılarını özünə qaytarmaqda böyük çətinliklər qarşısında qalan teatrlarımızda bədii cəhətdən bütün mükəmməlliyə nail olunmasa da, ara-sıra da olsa, hər halda tamaşalar hazırlanır, həmin tamaşalara qapalı vəziyyətdə də olsa ictimai baxışlar keçirilir, çox az halda da olsa tamaşaçı qarşısına çıxarılırdı. Belə bir vaxtda dramaturgiya da məcburi halda tənəzzülə uğramışdı. Teatrların dövlət tərəfindən maliyyələşdirilməsi aradan götürülmüşdü. Teatrlar sponsorların ümidinə qalmışdı və bundan yararlanan imkanlı-təsadüfi adamlar öz cızma-qaraları ilə teatrların səhnəsinə yol açmağa çalışırdılar. Əlbəttə belə hallarla teatrlar mübarizə aparırdı, lakin etiraf etmək lazımdır ki, bəzən bu mübarizə öz əməli nəticəsini vermirdi. Beləliklə az qala müvazinətini itirmiş, istiqamətinin müəyyənləşməsində bir çaşqınlığa məruz qalmış Azərbaycan Teatrı 1992-cı ilə qədər düşdüyü fırtına ilə ölüm-dirim mübarizəsi apardı.
Dövrün burulğanı ilə gərgin mübarizə qarşısında qalan və bütün gücü ilə çarpışan Azərbaycan xalqının böyük iradəsi ilə 1991-ci il oktyabr ayının 18-də Azərbaycan Respublikası öz müstəqilliyini elan etdən. Lakin ölkədə siyasi sabitliyin olmaması, hərc-mərcliyin hökm sürməsi, ölkəni parçalamağa çalışan qruplaşmalarla aparılan mübarizə yenicə yaranmış respublikaya göz açmağa macal vermirdi. Azərbaycanın atributları naşı əllərdə idi. Odur ki, ölkə günbəgün siyasi, iqtisadi, mənəvi cəhətdən tənəzzülə yuvarlanırdı. Getdikcə vəziyyət daha gərgin miqyas alırdı. Belə dramatik dilemma elm, ədəbiyyat, mədəniyyət, incəsənət, o cümlədən teatr sahəsini də öz məhvərindən çıxarmışdı.
Bu ağır real vəziyyətin Teatr sənətinin sabahına ümidsizlik yaratmağa başladığı bir zamanda bütün çətinliklərə fədakarlıqla, mərdliklə tab gətirən, sinə gərən Azərbaycan teatr xadimləri öz yaradıcılıq işlərini necə olursa olsun, sahmana salmağa çalışırdılar. “Müstəqilliyə qədəm qoyduğumuz ilk gündən, tarixi boyu milli səhnə sənətimizin inkişafına istiqamət vermək missiyasını ləyaqətlə yerinə yetirən Azərbaycan Dövlət Akademik Milli Dram teatrımız klassik və müasir Azərbaycan yazıçılarının, dünya dramaturqlarının seçmə əsərlərini tamaşaya qoymaqla milli teatr sənətimizin inkişafdan qalmaması uğrunda ciddi mübarizə apardı.
1992-ci ildən başlayaraq İlyas Əfəndiyevin “Dəlilər və ağıllılar” (1992), “Hökmdar və qızı” (1996), Bəxtiyar Vahabzadənin “Özümüzü kəsən qılınc” (1998), “Cəzasız günah” (2000), “Dar ağacı” (2000), Eldar Baxışın “Qədir gecəsi” (1992), Marat Haqverdiyevin “Ah qadınlar, qadınlar” (1992), “Qısqanc ürəklər” (1993), Nahid Hacızadənin “Məhəbbət yaşadır” (1994), “Qisas qiyamətə qalmaz” (1995), Y.Onilin “Qarağac altında ehtiras” (1994), Kamal Abdullanın “Min illərin işığı” (1995), “Hərdən mənə mələk də deyirlər” (2000), “Casus” (2001), V. Aslanın “Dindirir əsr bizi” (1995), Vidadi Babanlının “Ana intiqamı” (1995), Əli Əmirlinin “Ağqoyunlular və qaraqoyunlular” (1995), Elçinin “Ah, Paris, Paris!” (1997), Sofoklun “Şah Edip” (1999), Nəbi Xəzrinin “Burla Xatun” (1999), Hidayətin “Bu dünyanın adamları” (2000) və başqa yazıçıların, o cümlədən Vilyam Şekspirin “Kral Lir” (1996), Səməd Vurğunun “Fərhad və Şirin” (1997), Cəfər Cabbarlının “Aydın” (2000), “Ədirnə Fəthi” (2000), Süleyman Sani Axundovun “Eşq və intiqam” (2000) əsərlərinin də tamaşaları oynanıldı. Təbii ki, adlarını çəkdiyimiz bu tamaşalar yuxarıda qeyd etdiyimiz kimi bədii və dramaturji cəhətdən eyni səviyyədə olmasalar da, hətta bəzən bu və ya başqa bir tamaşanın yaradıcıları professionallıq səviyyəsindən aşağı düşsələr belə, diqqətəlayiq cəhət burası idi ki, teatrın fəaliyyətində onun yeniləşmə prosesinə qoşulduğu özünü göstərirdi. Göründüyü kimi yaranmış ağır vəziyyətin bütün çətinliklərinə rəğmən ana teatrımızın 1988-2000-ci illər ərzindəki repertuarı mövzu, janr cəhətdən rəngarəng olmuş, milli müasir və klassik pyeslərlə yanaşı dünya dramaturgiyasından seçmə əsərlər tamaşaya qoyulmuşdu. Lakin ara-sıra işartısı görünən, steroatipləri sındıra, çağdaş teatr prinsiplərini, novatorizmi səhnəyə daşıya bilən ədəbiyyatın qığılcımları alovlana bilmirdi.
İlk tamaşası 1995-ci il aprelin 5-də S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində oynanılmış, teatr həyatından bəhs edən “Salam, mən sizin dayınızam” komediyası ilə, sovet rejiminin senzurasına heç vaxt boyun əyməyən və o vaxtlar yazdığı əsərləri bu gün də heç bir redaktəyə ehtiyacı olmadan oxucuya təqdim edilə bilən, yaradıcılığında hər zaman düşüncə azadlığı ilə ciddi fərqlənən, teatr sənətinin yaxşı bilicisi, teatrın qayğıları, problemləri, uğur və müvəffəqiyyətsizlikləri barədə daim düşünən, narahat olan Azərbaycanın görkəmli ədibi Elçin teatr mühitində bir silkələnmə yaratdı. Bu əsər ədibin bir dramaturq kimi uğurunu təsdiqləyən ilk əsər olmaqla yanaşı, həm də yeni ruhla yazılmış və keçid dövrünə işıq tuta, işıqlı yola istiqamətləndirə bilən bir nüvə idi. Elçinin özünün “dramaturgiyada ilk təcrübə” adlandırdığı “Ah, Paris, Paris!..” komediyası daha əvvəl yazılmasına baxmayaraq bir neçə il sonra səhnə üzü gördü. Bu da ona dəlalət edir ki, Elçini ilk növbədə teatrın həyatı düşündürür və ona görə də o, məhz teatr həyatından bəhs edən əsərin səhnə təcəssümü ilə meydana gəlməyə üstünlük verdi.
Bu gəlişin Elçinə uğur gətirdiyi “Salam, mən sizin dayınızam” komediyasında “hadisələr teatr aləmində cərəyan etsə də, mühitin sosial problemlərini ümumiləşdirə bilir. Konkret halda sosial ədalətin pozulmasına qarşı yönələn mövzu istiqaməti ənənəvi xətti dramaturji strukturda həllini tapır”. “Həyat səhnədir, insanlar aktyor, dünya-tamaşa” kəlamını dəstəkləyən “Teatr özünə gülər” fikrini bir növ əsərin ikinci adı kimi təqdim edən müəllif bu komediyanı bütünlükdə teatra – aktyorların pərdəarxası həyatına həsr etmişdir. Bu əsər zamanın gərdişində təlatüm yaşayan teatr adamlarının özünə gəlməsi, yeni ruhla, həm də çağdaş düşüncə ilə fəaliyyətə girişməsi üçün bir stimul idi.
Elçinin dramaturgiyaya gəlişi Azərbaycan teatr sənətinin sürətlə inkişafına, onun dünya teatr mühitinə inteqrasiya etməsinə səbəb oldu. Bir-birinin ardınca səhnə təcəssümü tapan əsərləri teatrların qapılarını tamaşaçıların üzünə açdı və teatrların çoxdan həsrətində olduğu intellektual tamaşaçı kütləsinin teatr salonlarına ayaq açmasını təmin etdi. Müasir tamaşaçı zövqünün formalaşmasında, zövqlü tamaşaçıların təfəkkür tələbinə cavab verə bilən dramaturgiyanın yaranması teatrlarımızın XX əsrdən XXI əsrə keçidi üçün böyük əhəmiyyət kəsb edən bir amil idi ki, bu amil Elçinin “Salam, mən sizin dayınızam” (1995), “Ah, Paris, Paris!..” (1997), “Mənim sevimli dəlim” (1998), “Mahmud və Məryəm” (1998), XX əsrin tam astanasında “Mənim ərim dəlidir” (2000), “Ölüm hökmü” (2000), XXI əsrin ilk illərində “Poçt şöbəsində xəyal” (2001), “Şuşa dağlarını duman bürüyüb” (2001), “Qatil” (2003), “Ağ dəvə” (2003) və beləcə XXI əsrin bu gününə qədər “Şekspir” (2007), “Arılar arasında” (2008), “Cəhənnəm kirayənişinləri” (2009), “Teleskop” (2011) kimi yüksək intellektuallığa cavab verə bilən, çağdaş düşüncə kriteriyalarını özündə ehtiva edən, müasir insan idrakının kosmik sürətlə düşünən, inkişaf edən ağıl arenasının, mədəniyyətlərin qlobal birləşmə devizi altında rəqabət apardığı və qələbə əzmi ilə mübarizəyə qatıldığı bir meydanda öz işıqlı məfkurəsinin məhsulu olan yaratdığı əsərləri ilə özünü parlaqcasına ifadə edə bildi.
Müstəqil Azərbaycan Respublikasını yarada bilən Azərbaycan xalqı yavaş-yavaş bütün çətinlikləri dəf edə-edə inkişaf mərhələsinə qədəm qoymağa başladı. Öncə Azərbaycanı düşdüyü ağır vəziyyətdən çıxara bilən liderini, Azərbaycan xalqının böyük oğlu, dünya siyasət meydanında öz yeri olan, Tanrının bu xalqa bəxş etdiyi ümummilli liderimiz Heydər Əliyevin işığına toplanmaqda fayda olduğunu və məhz o insanın idrakı və iradəsi ilə bütün xaoslardan təmizlənə, eyni zamanda inkişaf edə biləcəyini dərk etdi. Elə buradan da Azərbaycanın XXI əsrə qoyduğu qədəm, bütün sahələrdə olduğu kimi teatr sənəti sahəsində də öz bəhrəsini verməyə başladı. Heydər Əliyev təkcə Azərbaycanın XXI əsrə uğurlu qədəmlə başlamasını deyil, həm də özündən sonra bu dövlətin və bu xalqın taleyinin sabahında dayanan yolda büdrəməməsi, daha geniş miqyasda özünü göstərə bilməsi üçün qarantisinin hesabat məsələsini həll etdi.
Azərbaycanın bu günkü inkişaf miqyasının parlaq mənzərəsi bütün parametrlərdə yüksək sıçrayışla dünya xalqları sırasında öncüllər mərhələsində özünü göstərməkdədir. İqtisadi inkişaf milli-mənəvi dəyərlərin inkişafına xidmət edən bir amilə çevrilmişdir. Buna saysız-hesabsız misallar göstərmək olar. Təkcə muğam və saz sənətimizin dünya miqyasında tutduğu yer, 2012-ci ildə Azərbaycanın ev sahibliyi ilə keçirilən “Avroviziyon” yarışının təntənəsi, beynəlxalq festivallarda teatr sənətimizin təmsil olunması, dünya teatrlarının say-seçmə rejissorlarının Azərbaycan teatrlarında tamaşalar hazırlamaq üçün səy göstərmələri, bir neçə tamaşaların dəvət olunmuş rejissorlar tərəfindən tamaşaya qoyulması, Azərbaycan rejissorlarının xarici teatrlara dəvət olunması, milli dramaturgiyamıza dünya teatrlarının maraq yetirməsi – ölməz Üzeyir Hacıbəylinin əsərlərinə dünyanın bir sıra ölkələrinin teatrlarının müraciət etməsi; yuxarıda qeyd etdiyimiz kimi Azərbaycanın görkəmli ədibi, Azərbaycan teatrının inkişafında xüsusi xidmətləri olan xalq yazıçısı Elçinin əsərlərinə dünya teatrlarının ciddi maraq göstərməsi, ədibin son illərdə “Şekspir” əsərinin bir neçə ölkədə, o cümlədən İngiltərənin “Avanqard” teatrının səhnəsində uğurla oynanılması və sadalanması mümkün olan bir sıra uğurlu hadisələr dediklərimizin təsdiqi üçün əsaslı sübutdur.
Azərbaycanda artıq demək olar ki, bir-iki teatrdan başqa bütün teatr binaları yüksək keyfiyyətlə təmir olunmuş, teatr sənətkarlarına lazımı şərait yaradılmışdır. Sənətdə fərqlənən sənətkarların yüksək məbləğdə dövlət təqaüdü ilə təmin olunması onların əməyinə verilən yüksək dəyər kimi onlara dövlət tərəfindən göstərilən ən layiqli qayğıdır. Bütün teatrlara tamaşalar hazırlamaq üçün dövlət sifarişlərinin edilməsi yaradıcılıəq potensialının artmasına, zənginləşməsinə, yüksək keyfiyyətli tamaşalar ərsəyə gətirməsinə böyük təkan verən bir cəhətdir.
Rejissor və texniki avadanlıqların istismarı üçün kadrların yetişdirilməsi məqsədi ilə mütəxəssislərin xaricdə təhsil alması üçün Mədəniyyət və Turizm Nazirliyinin apardığı əməli iş, heç şübhəsiz ki, bu istiqamətdə bəzi həllini gözləyən təxirəsalınmaz daha böyük məsələlərin də gözləmədən həyata keçirilməsi üçün bir start nöqtəsidir.
İlk növbədə XX əsrin əvvəllərində olduğu kimi teatrın bütün peşələri üzrə (dramaturgiya, teatr tənqidçiliyi, tərtibatçı rəssamlıq, qrim üzrə rəssamlıq, geyim üzrə rəssamlıq, işıq üzrə rəssamlıq, butaforçuluq üzrə rəssamlıq, teatr bəstəkarlığı, səhnəqrafiya, xoreoqrafiya, səhnə maşinisti, aktyor sənəti, rejissor sənəti və s.) yüksək peşəkar kadrların hazırlanması üçün xarici mütəxəssislərin respublikamıza dəvət olunması və teatrlarda yaradılmış studiyalarda peşəkar mütəxəssislərin hazırlanması məsələsinin dövlətin siyasət proqramına daxil edilməsi mühüm məsələlərdəndir;
Teatra işə qəbul olunan istər yaradıcı, istərsə də texniki və inzibati işçilərin teatr spesifikasının incəlikləri və teatrdaxili nizam-intizamla yanaşı, tamaşaçılarla davranış qaydaları üzrə təlimatlandırmalar vacib şərtlərdəndir;
Bədii şuraların aktivliyi və ədalətliliyi sənətin inkişaf mərhələsində əsas amillərdəndir;
XXI əsrin idrak parametrində ilk növbədə bütün insanlarda, xüsusən də səhnədən hər zaman maarifləndirmənin dolğunluğunu mükəmməlliklə yaradan, ideallıq şəraitinin təsir qüvvəsi ilə cəmiyyətə ayna tutan, saflığı, təmizliyi, paklığı, insaniliyi təlqin edən teatr adamlarında və bu sahəyə aid olan bütün insanlarda vicdanlılıq mühümdür;
`Qlobal dünyanın qloballaşma strukturunda teatr sənətimizin rəqabət meydanına özəl və özünəməxsus milliliklə daxil olmaqla, heyranedicilik nöqtəsinə yüksəltməsi uğrunda, təfəkkürün hər an inkişafa doğru dəyişdiyi zamanda fasiləsiz şəkildə fəaliyyət prinsipi ilə çalışması önəmlidir;
Dünya teatrlarının eksperimentləri sırasında uğurlu və uğursuz nəticələri filtirizasiya etməklə, əllaməliçiliklə orijinallıq arasındakı fərqin ölçülərini müəyyənləşdirmək və bütün nöqtələrdən görünə bilən ən uyğun və heyrətləndirici sənət nümunəsi ilə fərqlənməyə çalışmaq prinsipləri ümidvericiliyin əsas mahiyyətidir;
Teatr tənqidi – teatrşünaslıq teatr sənətinin inkişafında, onun formalaşmasında, yolunu azmamasında ən önəmli sahə kimi, hətta teatrın özü qədər lazımlıdır, dəyərlidir və ona görə də bu gün bu sahəyə diqqətin artırılması, onlardan tələbatın gücləndirilməsi teatrların inkişaf mərhələsinə qədəm qoyması üçün əsas kömək vasitəsidir;
Teat sənətində dramaturgiyanın yeri başlıca əhəmiyyət kəsb edən bir mühiti özündə ehtiva edir ki, bu da millilik, bəşərilik, özünəməxsusluq kimi meyarlarla təxəyyül, yozum, quruluş, tərtibat, musiqi müşaiyyəti, mizan, ifa, ünsiyyət və lirik-romantik, fəlsəfi-psixoloji, əyləndirici və sair təsiretmə qüvvəsi ilə cəlbetmə, düşündürmə və tərbiyələndirmə vakumunda qorunmaq qüdrətinə malik olmaq üçün və şər qüvvələrin virusundan sığortalanmaq kimi həlli vacib məsələ olaraq XXI əsr düşüncə dairəsinin təlqin etdiyi ən vacib predmetdir ki, bu da teatr sənətinin üzvi xüsusiyyət mexanizmində öz həllini tapa biləcək məsələ kimi aktualdır;
Yuxarıda qeyd etdiyimiz kimi Azərbaycan teatr sənəti keçid dövründə məhz layiqli dramaturgiyanın üstünlüyü sayəsində öz yolunu çaşdırmadı, əksinə dünya teatr prosesindən heç də geridə qalmayan bir yolla – “Şekspir, Elçin və “Şekspir” (İ.P), “Şekspir”... yaxud HARMONİYAnın təntənəsi” (M.Ə.) istiqamətində irəliləyən işıqlı bir yolla daha da uğurlu istiqamət ala bildi. Bu mənada “...Elçin dramaturgiyasının səhnə təcəssümünün teatr prosesimizə dünya teatrının aktual mövzu və problemlərini qatdığını görürük” (M.Əlizadə. “Mədəniyyət” qəzeti 18.05.2012, s. 10) desək, həm doğru söyləmiş olardıq, həm də yuxarıda qeyd etdiyimiz kimi, bir vicdani məsələ olaraq bununla tanrısallıq hikmətimizi də təsdiqləyərdik.
Dövlət sərəncamı ilə 2009-2019-cu illər Azərbaycan teatr sənətinin inkişaf proqramına uyğun olaraq 2010-cu ildə Mədəniyyət və Turizm Nazirliyinin tədbirlər planı çərçivəsində keçirilən “Beynəlxalq Teatr Konfransı”nın məntiqi davamı olaraq 2012-ci ildə yenidən keçirilməsi nəzərdə tutulan eyniadlı, eyni missiyanın daşıyıcısı olan “Beynəlxalq Teatr Konfransı-2012” teatr sənətinin problemləri kontekstində mədəniyyətlərarası dialoqların müzakirələr fonunda yaxınlaşma mexanizminin axtarılması, müxtəlif düşüncə parametrlərinin bir-birinə sintez olunması və inteqrasiya etməsi nöqteyi-nəzərindən, bununla da dünya birliyinin, daha doğru olar deyək ki, dünya insan və insanlıq meyarının bir vəhdət halında birləşməsi, bütövləşməsi və kamilləşməsi, sənət dili qədər qaynayıb-qarışması, doğmalaşması, anlaşıqlı olması meyarının həllinə nail olmağa xidmət etməkdir.
Fikrimizcə belə masştablı konfranslar, forumlar, toplantılar təkcə teatr sənətinin inkişafına deyil, eyni zamanda xalqlar haqqında yaxından və əyani tanışlıq, bu tanışlıqda kəşf oluna biləcək teatr poetikasının müxtəlif bucaqlardan öyrənilməsi, tamaşaçı mədəniyyətinin formalaşması, milli düşüncə obyektinə daxil olma və müqayisələr, bu müqayisələrdə əxs etmə və əxs etdirmə, dinləmə və sərgiləmə, tanıma və tanıtma, öyrənmə və öyrətmə, anlama və anlatma və s. bu kimi həmişə aktual olmuş və XXI əsrdə incələnməsində daha böyük hikmət olan və daha çox ehtiyac duyulan bir müqəddəs əməlin həyata keçməsinə təkan verir.
Məhz belə yığıncaqlarda teatr problemi ilə yanaşı həm də millətlərin, xalqların ümumi problemləri də araşdırılır, tarixi həqiqətlərə diqqət yönəldilir və ümumi anlamda xalqların, millətlərin problemlərinin çözülməsi, həllinin tapılması nöqteyi-nəzərindən bir-birinə yardımçı olmaları və dəstək durmaları da nəzər diqqətdən yayınmır və bununla da insan meyarının dərk olunması aspektindən fərdiyyətlərin düşüncə fərqlərinin müqayisəsindən yararlanma həqiqəti də ortaya çıxa bilir.
Bu baxımdan dədə-baba yurdumuz Qərbi Azərbaycanın, onun paytaxtı İrəvanın, Qarabağın işğal altında qalmış torpaqlarımızda günü-gündən dağıdılan qəbirstanlıqlarımızın, mədəniyyət müəssisələrimizin, yuxarıda adlarını qeyd etdiyimiz deportasiyaya məruz qalmış İrəvan teatrının, digər didərginlik həyatı yaşayan Şuşa, Ağdam, Füzuli teatrlarımızın taleyinin həlli barədə də həqiqətlərin dünya birliyinin təmsilçiləri olan, həm də Teatr sahəsi kimi hisslər, duyğular dünyasının, haqq, ədalət, həqiqət, düzlük, sevgi, insanlıq meyarını bütün tutumu, yükü ilə özündə yaşadan və geniş auditoriyaya çatdıra bilən, geniş kütləyə təsir etmə qüdrətində olan bir sahənin insanları arasında diqqətə çatdırmaq, məlumatlandırmaq, hətta beynəlxalq miqyasda qaçqın teatrlarının festivalının, forumların keçirilməsi məsələsinin də priaritet olduğunu gündəmə gətirmək, hesab edirik ki, bir siyasi qalmaqal yaratmaq deyil, sadəcə olaraq fəlakətə yuvarlandırılmış, artıq iyirmi üç ildir ki, içində həsrət yükü yaşadan dörd böyük kollektivin dağılmasına çalışanların əməlini aydınlatmaq və bu yolda bu teatr kollektivlərinin taleyinin ümumdünya teatr probleminin bir cəhəti kimi həlli üçün həqiqət naminə dünya birliyi teatr sənətçilərinin müzakirə müstəvisinə qaldırmaq böyük səmərə verə bilər.
XXI əsrin birinci yarısında milli dramaturgiyamızın dünya teatrlarının səhnəsinə uğurla yol açdığı və ədəbiyyatımızı, teatr sənətimizi ləyaqətlə təmsil etdiyi bir zamanda bütün xalqların sənət ocaqları kimi bizim də problemsiz, heç bir təhlükəyə məruz qalmamaqla, firavan həyat yaşamağa və işğal altında inləyən öz teatrlarımızın binalarında böyük sənət əsərləri, nümunə ola biləcək tamaşalar yaratmağa haqqımız var və hesab edirəm ki, bu haqqın həqiqətini bütün xalqların, millətlərin dərk etməsi, yeri gəldikdə bu reallığın müdafiə olunmasında hər kəsin səsini ucalması vicdanlılıq, tanrısallıq meyarının aliliyinə xidmət kimi dəyərlidir.
Güman edirəm ki, teatr mühitinin təsir qüvvəsi ilə həllini tapa bilən bütün məsələlərlə yanaşı inkişaf, intibah, inteqrasiya üçün bu gün nümunə göstərilən dünyanın ən mükəmməl teatrları kimi ən ucqar yerdə belə fəaliyyət göstərən teatrlar da XXI əsr insanlarının danılmaz həqiqətlər hökmündə öz sıçrayış nöqtəsini tapa biləcək.
İftixar PİRİYEV










Mənbə: İftixar PİRİYEV24.05.2012     Çap et  Çap et