525-ci qəzet

Hicran Hüseynova: “Bizdə hər şey yaxşıdır” deyən şəxs ölkəsini sevmir”



“Milli Məclis təkcə qanun yaradıcılığı prosesi ilə məşğul olan bir orqan kimi fəaliyyət göstərmir, o həm də maraqlıdır ki, qəbul etdiyi qanunların icra vəziyyəti nə yerdədir, həmin qanunlar müvafiq icra strukturları tərəfindən necə yerinə yetirilir?”. Bu fikirləri isə Dəyirmi masada Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova dilə gətirib. Komitə sədrinin qeyd etdiyinə görə, uşaq hüquqlarının müdafiəsi bu yöndə müvafiq qanunvericilik aktlarının hazırlanması daim palamentin prioritet istiqamətlərindən biri olub. H.Hüseynova qeyd edib ki, elə bu gün parlamentdə təşkil edilən dəyirmi masa da ali qanunverici orqanın uşaq hüquqlarının müdafiəsinə necə böyük önəm verdiyinin əyani sübutudur: “Azərbaycan BMT-yə üzv olan ölkələr arasında yeganə ölkədir ki, onun ali qanunverici orqanı uşaq hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyə son illər ərzində ən çox və vacib dəyişikliklər edib. Bu, BMT-yə üzv olan digər ölkələrin tarixində rast gəlinən hal deyil. Əlbəttə, bizdə uşaq hüquqlarının vəziyyəti ilə bağlı mövcud sahədə də problemlərin olmadığını söyləmək düzgün olmazdı. Əgər kimsə “bizdə hər şey yaxşıdır” deyirsə, deməli o şəxs öz ölkəsini sevmir. Axı hər şey necə gözəl ola bilər? Cəmiyyət, həyat varsa orada da problemlər olmalıdır və var. Azərbaycan da bu məsələdə istisna təşkil etmir. Ancaq bizdəki problemlər də, ümumi problemlərdir və bunlara dünyanın hər yerində rast gəlmək mümkündür. Ancaq bizi başqalarından fərqləndirən odur ki, problemlərin olduğu etiraf edilir və onların həlli istiqamətində dövlət, parlament səviyyəsində ən ciddi addımlar atılır”.
KAMİL






24.05.2012     Çap et  Çap et