525-ci qəzet

Hadi Rəcəbli: “Ailə Məcəlləsinə və “Bədən tərbiyəsi və idman haqqında” qanuna dəyişikliklərin edilməsi gözlənilir”



“Azərbaycanda hazırda 61 min əlil uşaq var ki, onların da böyük əksəriyyətini – 70 faizini 0-3 yaşlarında olan əlil uşaqlar təşkil edir. Bunlar olduqca ağrılı və düşündürücü məqamlardır”. Bu fikirləri mətbuata açıqlamasında parlamentin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli dilə gətirib. Komitə sədrinin qeyd etdiyinə görə, uşaqlar arasında əlilliyin minimuma endirilməsi ilə bağlı millət vəkili, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü əsasında Ailə Məcəlləsinə müvafiq dəyişikliyin edilməsi nəzərdə tutulur. H.Rəcəbli bildirib ki, Ailə Məcəlləsinə nikaha girən cütlüklərdən nikaha daxil olmazdan əvvəl bir-birilərinə sağlamlıqları ilə bağlı tibbi arayışların təqdim edilməsi müddəasının salınması təklif edilir və nəzərdə tutulur: “Bildiyiniz kimi, bəzən hemofiliya və talesemiyalı şəxslər nikaha daxil olurlar və onlardan xəstə, əlil uşaqlar dünyaya gəlir. Odur ki, bu xəstəliklərin mümkün qədər aşağı endirilməsi ilə bağlı Ailə Məcəlləsinə həmin müddəanın daxil edilməsi nəzərdə tutulur. Bununla yanaşı, “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna iki dəyişikliyin edilməsi gözlənilir. Bu dəyişikliklərdən biri 0-3 yaşlarında uşaqların sosial müdafiəsinin gücləndirilməsi məsələsi, digəri isə ərzağın zənginləşdirilməsi məsələsidir. Bu gün anemiya xəstəliyindən əziyyət çəkənlərin çoxu məhz ərzağın digər maddələr hesabına zənginləşdirilməməsi səbəbindən bu problemi yaşamaq məcburiyyətindədirlər. Ona görə biz qanunvericilik yolu ilə ərzağın digər maddələr, xüsusilə metalla zənginləşdirilməsi məsələsini reallaşdırmaq istəyirik. Həmçinin “Bədən tərbiyəsi və idman haqqında” Qanuna uşaqların asudə vaxtlarının təşkili ilə bağlı ayrıca bölmənin daxil edilməsini planlaşdırırıq. Qeyd edim ki, bu yöndə Ukraynanın ayrıca qanunu var və biz də həmin ölkənin müvafiq qanunundan yararlanmağı düşünürük. Bununla bərabər, uşaq hüquqlarının müdafiəsi ilə bağlı “Gənc ailələrin sosial müdafiəsi haqqında” Qanunu müzakirələrə təqdim etməyi və orada bir çox məsələlərin əksini tapmasını nəzərdə tuturuq”.
KAMİL






24.05.2012     Çap et  Çap et