525-ci qəzet

“Azərbaycanın ABŞ və dünya üçün əhəmiyyəti artmaqdadır”



Ötən ayın sonunda ABŞ-ın Vaşinqton şəhərində “Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 20 illiyi: Gələcəyə baxış” adlı beynəlxalq konfrans keçirildi. Bu beynəlxalq konfrans Azərbaycanla yanaşı ABŞ-da da böyük rezonans doğurdu. Konfransda ABŞ senatorları, konqresmenləri, keçmiş dövlət xadimləri ölkəmizlə bağlı diqqətçəkici məqamlara toxunaraq, iki ölkə arasındakı münasibətlər barədə diqqətçəkici fikirlər söyləyiblər.
ABŞ Senatının üzvü Kirsten Gillibrand Azərbaycanla ABŞ arasında dostluq əlaqələrinin mövcud olduğunu dilə gətirərək bu münasibətlərin daha da inkişaf edəcəyini söyləyib: “Bu gün paytaxtımızda, çoxlu sayda qərarların qəbul olunduğu belə bir vacib gündə sizlərlə bir yerdə olmaqdan məmnunam. Qanunvericilərlə və qərar qəbul edən insanlarla bir yerdə dialoq aparmaq əslində çox mühüm amildir.
Türk-Amerika İttifaqının prezidenti Furkan Kosara öz təşəkkürümü bildirmək istərdim. Bu təşkilat təkcə ölkə üçün deyil, həmçinin spesifik olaraq Nyu-York üçün çox mühümdür. Türk-Amerika İttifaqının sosial proqramları və icma toplantıları həqiqətən bugünkü məsələlər üçün böyük məna daşıyır.
Həmçinin Azərbaycanın səfiri cənab Elin Süleymanova təşəkkürümü bildirmək istərdim. Ölkəmizin Azərbaycanla əlaqələrinin yaxşı olması çox vacibdir və sizə xüsusilə minnətdaram.
ABŞ-da dünyanın hər bir xalqının təmsilçisi olan icmaların mövcudluğunu bildirən senator Azərbaycan diasporasının bu ölkə üçün mühüm əhəmiyyətinin olduğunu deyib: “Nyu-Yorkda demək olar ki, dünyanın hər yerindən icmalar var. Bizim üçün ən zəruri olanlardan biri də Azərbaycan icmasıdır. Bu bizim sosial, iqtisadi və mədəni strukturumuzun bir hissəsidir. Verilən dəstəyə və göstərilən dostluğa görə bir daha minnətdarlığımı bildirmək istəyirəm.
Sovet İttifaqı dağıldığı gündən Azərbaycan inkişaf edir və onun ABŞ və dünya ictimaiyyəti üçün əhəmiyyəti daha da artır.
Bu gün Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvüdür, lakin bu məsələ şərəfli olduğu qədər böyük məsuliyyət tələb edir. Orta Asiyada sürətli dəyişikliyin getdiyi bir vaxtda Azərbaycan Birləşmiş Ştatlar və onun müttəfiqləri üçün çox mühüm rol oynaya bilər”.
Daha sonra iki ölkə arasındakı münasibətlərə toxunan K.Gillibrand bunları söyləyib: “ABŞ-Azərbaycan iqtisadi əlaqələrinə toxunmaq istərdim. Bildiyiniz kimi, bu ay Azərbaycandan olan yüksək vəzifəli şəxslərdən ibarət nümayəndə heyəti ABŞ-Azərbaycan İqtisadi Əməkdaşlıq Komissiyasının iclasında iştirak etmək üçün Vaşinqtona gəlmişdi. Dövlətlərimiz üçün yeni potensial imkanların olmasını görmək çox yaxşıdır.
Eyni zamanda, ölkələrimiz arasında sərmayə və ticarət əlaqələrini gücləndirmək üçün çoxlu sayda imkanlar var. İqtisadi dialoq keçirmək üçün əsl vaxtdır. Hakimiyyət olaraq elə siyasət aparmalıyıq ki, bu, hər iki millət üçün iqtisadi inkişafa təsir etsin. Bu, Amerikada və xaricdə yeni iş yerləri deməkdir. Biz, həmçinin elə dialoq aparmalıyıq ki, xalqlarımız bir-birlərini daha yaxşı tanısınlar və bu gün biz bunu edirik. Hər biriniz Amerikada dəyişikliklərə kömək edirsiniz və sizə buna görə təşəkkür edirəm”.
AQİL







24.05.2012     Çap et  Çap et