525-ci qəzet
“Muzeylər dəyişən dünyada: yeni çağırış – yeni ilham” mövzulu Forum keçirilib
Mədəniyyət və Turizm Nazirliyi ilə Beynəlxalq Muzeylər Şurasının Azərbaycan Milli Komitəsi Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində Milli Komitənin 20 illiyinə həsr olunmuş “Muzeylər dəyişən dünyada: yeni çağırış – yeni ilham” Forumunu təşkil edib. Komitənin sədri Röya Tağıyeva ötən illərdə görülən işlərdən danışıb, muzeylərlə komitənin əlaqələrindən söz açıb: “Yarandığı ilk vaxtlarda komitənin 5 üzvü olduğu halda, hazırda onların sayı 60-dan yuxarıdır. Komitə öz sıralarında 32 muzey, o cümlədən 12 regional qurumu və digər təşkilatları birləşdirir. Qurumun başlıca vəzifələri beynəlxalq əlaqələr yaratmaqla Azərbaycanı dünyada təqdim etmək, peşəkar əməkdaşlıq və təcrübə mübadiləsi, mədəni irsin qorunması və mühafizəsi, qeyri-qanuni ticarətə qarşı mübarizədir”.
Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev yubiley münasibətilə komitənin əməkdaşlarını təbrik edib, fəaliyyətlərində onlara uğurlar arzulayıb. “Dövlətimizin qayğısı sayəsində ölkəmizin muzeyləri inkişaf etmiş, əlaqələri genişlənmiş, eksponatları xeyli zənginləşdirilmişdir. Prezident İlham Əliyevin sərəncamları ilə bəzi muzeylər əsaslı, dünya standartlarına uyğun təmir edilmiş, ziyarətçilərin ixtiyarına verilmişdir. Bu istiqamətdə regionlarda da əhəmiyyətli işlər görülür”.
Tədbirdə Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin direktoru Alla Bayramova rəhbərlik etdiyi qurumdakı yeniliklərdən, Rostropoviçlərin ev-muzeyinin direktoru Şeyla Heydərova muzeyin yaranma tarixindən, Azərbaycan Milli İncəsənət Muzeyinin şöbə müdiri Əminə Məlikova təmsil etdiyi qurumun fəaliyyətindən, Qobustan Milli Qoruğu Muzeyinin direktoru Məlahət Fərəcova Qobustan Arxeoloji Muzeyində innovasiyanın tətbiqindən danışıb.
GÜNEL
24.05.2012
Çap et