525-ci qəzet

Tarixə dönən tarixçi ömrü



Məmmədəli Paşayev – yaxşı insan, istedadlı alim, əsl vətənpərvər, səmimi dost, qayğıkeş ata, el ağsaqqalı... Bütöv xarakteri müsbət xüsusiyyətlərlə zəngin və həmin çalarların siyahısını kifayət qədər uzada biləcəyimiz müdrikin 85 yaşı tamam olur. Yox, yox, əsla təsəvvürünüzdə kresloya dirsəklənib pəncərədən çölə boylanan və ətrafındakılara keçmiş xatirələrini danışmaqla təsəlli tapan ixtiyar qoca canlanmasın. O, bu gün də qaynar həyatdadır – auditoriyada tələbələrə təhsil verir, elmi-publisistik məqalələr yazır, konfranslarda iştirak edir, nəvələrini gəzməyə aparır, dükan-bazara çıxır və sair.

MÜBARİZ İNSAN, DƏYƏRLİ VƏTƏNDAŞ

Paşayev Məmmədəli İsmayıl oğlu 1927-ci il aprel ayının 10-da Zaqatala rayonunun Muğanlı kəndində anadan olub. Hələ erkən yaşlarından həyatın mənasını təhsildə, elmdə görüb. 1943-cü ildə Muğanlı kənd 7 illik natamam orta məktəbini, 1946-cı ildə Zaqatala Pedaqoji Texnikumunu, 1950-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (o zamankı APİ) tarix fakültəsini bitirib. 1950-52-ci illərdə Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun aspiranturasında təhsil alıb.
Təsadüfi deyil ki, qazandığı elmi-pedaqoji nailiyyətlər nəzərə alınaraq və çalışdığı universitetin 80 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən Məmmədəli müəllim “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

TƏLƏBKAR MÜƏLLİM,
İSTEDADLILARIN DOSTU

Məmmədəli müəllimin peşə fəaliyyətinin böyük bir hissəsi Sovet İttifaqının tərkibində yaşadığımız dövrə təsadüf etsə də, artıq 20 ildir ki, müstəqil Azərbaycanın təhsil sisteminə töhfələrinə, elmimizin sivil aləmə inteqrasiyasında iştirakına, müasir texnologiyalarla təchiz olunmuş auditoriyalarda yeni dünyagörüşlü tələbələrlə ünsiyyət qura bildiyinə görə özünü çox xoşbəxt sayır. Fəaliyyətinin imperiya dönəmində hər hansı qlobal səhvə yol vermədiyindən 85-ci zirvədən geri boylanmağa da qorxmur, lakin tədris etdiyi fənnin o vaxtlar əsaslı təsirlərə məruz qalmasından, bu zəmində də vətəninin, regionunun, xalqının maraqlarının tapdanmasından daim bərk narahatlıq hissi keçirib. Dəfələrlə Azərbaycan tarixinin yenidən fundamental şəkildə işlənməsi barədə məsələ qaldırıb və bu istiqamətdəki son nəticələrə görə sevincini gizlətmir.
Qəbulla bağlı daha bir epizod: 1982-ci il avqustun 16-sı. İmtahanın gedişində bir nəfər yüksək bilik nümayiş etdirir və əla qiymətə layiqliyini təsdiqləyir. Məmmədəli müəllimin fikri qətidir, komissiyanın digər üzvləri isə onun “himayəsizliyinə” işarə edərək razılaşmırlar və “yaxşı” verilməsini təklif edirlər. Lakin Paşayev yenə də israrlıdır və tələb edir ki, əgər bu tələbəyə layiq olduğu “əla” qiymət verilməzsə, istedadlı bir gənci itirmiş olacağıq. Çünki həmin ixtisasa cəmi 14 yer qalıb, imtahan verənlərin sayı isə 29 nəfərdir. Nəticədə akademik Ziyad Səmədzadə (elmi işlər üzrə prorektor) və o zaman AKP MK və Təhsil Nazirliyinin imtahanlara təhkim nümayəndəsi komissiyanın işinə cəlb olunur. Nəticədə Elşən Ələkbərov əla qiymətini müdafiə edir. Birinci kursu əla qiymətlərlə başa vurduqdan sonra o, Plexanov adına Moskva İqtisad İnstitutuna köçürülür və oranı fərqlənmə diplomu ilə bitirir. Bir müddət Bakı İqtisad Universitetində işlədikdən sonra Moskvaya, məzunu olduğu ali məktəbin aspiranturasına qayıdaraq alimlik dərəcəsi alır. Elşən 1991-ci ildə Moskvanın tövsiyəsi ilə ABŞ-a gedərək, böyük maddi çətinliklərlə üzləşməsinə baxmayaraq, Con Hopkins Universitetində Z.Bzejinskinin kafedrası üzrə daha iki il hazırlıq keçərək “sertifikata” sahib olur. Elə indi də Vaşinqtonda beynəlxalq əhəmiyyətli mütəxəssis kimi çalışır . Azərbaycan, ingilis və rus dillərdində bir sıra elmi əsərlərin müəllifidir.
Amma belə “qiyamçılıq” heç də hamının xoşuna gəlmirdi. “Himayə” tapşırığını yerinə yetirmədiyinə, yəni heç nə bilməyən 13-14 abituriyentin cavabını qeyri-kafi qiymətləndirdiyinə görə Məmmədəli müəllim növbəti mövsümdən qəbul imtahanlarına çağırılmadı və yalnız 5 ildən sonra yenidən həmin fəaliyyətə dəvət olundu.

JURNALİST, TƏBLİĞATÇI,
İCTİMAİ XADİM

Professor M. Paşayevin təkcə ölkə mətbuatında deyil, xaricdə də məqalələri, əsərləri işıq üzü görüb. Vaşinqton, Moskva, Tbilisi, Nyu-York, Nyu-Cersi və digər yerlərdə keçirilən nüfuzlu tədbirlərdə müxtəlif mövzularda məruzələri dinlənilib və görüşləri olub. Çox zaman beynəlxalq aləmin subyektiv münasibətiylə qarşılaşan müstəqil ölkəmizin həqiqətləri dünyaya məhz onun dili və qələmi ilə çatdırılıb. “Azərbaycan” qəzetinin 1998-ci il 13 sentyabr tarixli sayındakı AzərTAC-ın xüsusi müxbiri Fazil Əliyevin ABŞ-dan verdiyi xəbərə nəzər salaq: “Nyu-Cersi ştatındakı Amerika-Azərbaycan Cəmiyyətində ADİU-nin dosenti M. Paşayevin iştirakı ilə “Azərbaycan suveren dövlətdir” mövzusunda konfrans keçirilmişdir. Natiq Azərbaycandakı ictimai-siyasi vəziyyət, prezident seçkiləri barədə geniş məlumat vermiş, müxtəlif tərkibli auditoriyanın suallarını ətraflı cavablandırmışdır”.

OĞUL – ATA – BABA

Bu gün nəsillərə örnək ola biləcək həyat və yaradıcılığından ağızdolusu söhbət açdığımız insanın uşaqlıq illəri əzab və ehtiyac içərisində keçib. Səbəb mənsub olduğu Alpaşalar kimi tanınan sahibkarlar ailəsini sovet repressiya tufanının bir neçə dəfə viran qoyması idi.
30-cu illərdə ana babası Hacı Yusifi digər iki din xadimi ilə birgə camaatın gözü qarşısında sorğu-sualsız güllələyərək kəndin ortasında bir quyuda basdırdılar. Anası Nur xanım bu dərdə dözməyərək çox erkən yaşlarında vəfat etdi. Kolxoza girməkdən imtina etmiş atası İsmayıl kişi kəskin təzyiqlərə məruz qalaraq, həyat yoldaşından 4 il sonra, yəni yazımızın qəhrəmanı 6 yaşındaykən övladlarını taleyin ümidinə buraxaraq haqqa qovuşdu. Böyük qardaşı II Dünya müharibəsindən dönmədi. Özünü sə 1948-53-cü illərin siyasi şaxtası vuraraq sələflərinə görə aspiranturadan xaric edildi və yalnız üç ildən sonra haqq-ədalət yerini tutdu. O, başladığı elmi-tədqiqat işini davam etdirmək imkanı qazandı.
Bütün məşəqqətlərə mətanətlə sinə gərən Məmmədəli müəllim gözəl ailə başçısı oldu. Ömür-gün yoldaşı Şərqiyə xanım da elm adamıdır. Filologiya üzrə mütəxəssisdir. Çoxsaylı məqalələrin və monoqrafiyaların müəllifidir. Əl-ələ verib iki övlad böyüdüblər, onların ali tərbiyə, yüksək təhsil almalarına nail olublar.
Hər ikisinin orta məktəbdəki nəticələri qızıl medala layiq görülüb. Gülşən xanım M.V. Lomonosov adına Moskva Dövlət universitetini bitirib, filologiya elmləri üzrə fəlsəfə doktoru, dosentdir. Altı xarici dil bilir. BDU-da, BMT-nin Bakı nümayəndəliyində çalışıb. Hal-hazırda Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktor əvəzidir. Azərbaycan, ingilis, rus dillərində ölkədə və xaricdə onlarla məqalələri və monoqrafiyaları oxucuların ixtiyarına verilib.
Məmmədəli müəllimin dörd nəvəsi var. Onlar da bu ailənin elm estafetini xarici ölkə universitetlərində layiqincə davam etdirirlər.
Yubilyarı 85 yaşı münasibətilə ürəkdən təbrik edir, belə sağlam, enerjili, gülərüz yüzüncü zirvənin fəthini arzulayırıq!
Qurban CƏBRAYIL








24.05.2012     Çap et  Çap et