525-ci qəzet

Qənirə Paşayeva: “İki gənc şairimiz hələ də girov saxlanır”





“Son günlər təcavüzkar, işğalçı Ermənistanla, erməni diasporu və lobbisi ilə birgə mövqedən çıxış edən İrandakı anti-Azərbaycan dairələrinin, bəzi din adamlarının və media quruluşlarının Azərbaycan əleyhinə yönələn addımları qətiyyən yolverilməzdir”. Bunu Milli Məclisin (MM) mayın 22-də keçirilən növbəti plenar iclasında çıxışı zamanı millət vəkili Qənirə Paşayeva dilə gətirib. Millət vəkilinin qeyd etdiyinə görə, “Eurovision-2012” mahnı yarışmasını bəhanə edən bu dairələr hər gün Azərbaycana qarşı həqarət dolu bəyanatlar səsləndirir, ölkəmizin daxili işlərinə müdaxilə edirlər. Q.Paşayeva bildirib ki, İrandakı anti-Azərbaycan dairələr bu “fəaliyyətləri” ilə kifayətlənməyərək, Azərbaycan dövləti, onun simvolları və atributları əleyhinə də qeyri-sivil, qeyri-insani hərəkətlərlə məşğul olur, açıq-aşkar təxribatlara yol verirlər. Ancaq millət vəkili qeyd edib ki, İrandakı anti-Azərbaycan dairələrinin bu addımını nə Azərbaycan dövləti, nə də Azərbaycan xalqı qəbul, həzm edə bilər: “Biz bu addımları tamamilə lənətləyir və pisləyirik. İrandakı məlum dairələr əvvəllər belə iddialar irəli sürürdülər ki, Azərbaycanda gey-parad keçiriləcək. Onların bu təxribatçı iddiaları Azərbaycan tərəfindən alt-üst edildikdən sonra indi də iddia etməyə başlayıblar ki, “Eurovision” İslam dəyərlərinə zidd bir hadisədir. Axı, harada yazılıb ki, “Eurovision” İslam dəyərlərinə ziddir? Yaxşı olmazdımı ki, onlar belə cəfəng, sərsəm iddialar irəli sürməkdənsə, bir neçə gün öncə işğalının 20-ci ildönümü tamam olan Şuşa və Laçın rayonları ilə bağlı açıqlama ilə çıxış edərdilər, bu işğalda birbaşa əli və rolu olan işğalçı və təcavüzkar Ermənistanı, onun indiki və keçmiş rəhbərlərini ittihamlayaydılar, işğalçının durdurulması istiqamətində Ermənistana ciddi təzyiqlərin göstərilməsi tələbini irəli sürəydilər?! Ancaq təəssüflər olsun ki, adında İslam sözü olan bir dövlət nəinki bu addıma getdi, əksinə bu gün bəzi dairələr tərəfindən başladılan anti-Azərbaycan kampaniyasında Ermənistanla, erməni diasporu və lobbisi ilə həmrəylik mövqeyindən çıxış etmək yolunu tutdular. Bununla yanaşı, artıq neçə gündür ki, İranda poeziya yarışmasına gedən iki gənc azərbaycanlı həbs olunub. Buna həbs olunmaq demək də düzgün deyil. Çünki onlar İranda girovdadırlar və Azərbaycan tərəfindən dəfələrlə müraciət edilməsinə baxmayaraq, hələ də onlar haqqında İran tərəfindən heç bir məlumat verilmir. İki gənc həmvətənimizin, iki gənc insanımızın taleyi sual altındadır. Bunlar azmış kimi, narkotik qaçaqmalçılığı ilə məşğul olan və Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən tutulan İran vətəndaşlarının müqabilində buradan İrana müalicə məqsədilə getmiş Azərbaycan vətəndaşlarını tutur, həbs edir, onları öz vətəndaşları ilə dəyişmək şərti irəli sürürlər.Ona görə də İranın artıq bu addımlarına son deməyin, onu durdurmağın vaxtıdır”.
KAMİL







23.05.2012     Çap et  Çap et