525-ci qəzet

NATO-nun Yekun Bəyannaməsi Ermənistanı özündən çıxardı




Ermənistan prezidenti Serj Sərkisyan NATO-nun Çikaqo sammitinə regional münaqişələrin həllinə dair müddəaların yer aldığı tədbirin yekun bəyannaməsi ilə razılaşmadığı üçün qatılmayıb. APA-nın Ermənistan mətbuatına istinadən yaydığı məlumata görə, Ermənistan Xarici İşlər Nazirliyi NATO-nun Çikaqo sammitinin Yekun Bəyannaməsindəki bəzi müddəaların İrəvan üçün qəbuledilməz olduğunu açıqlayıb. Çikaqonun erməni icması ilə görüşən xarici işlər naziri Edvard Nalbandyan bildirib ki, Yekun Bəyannaməyə Cənubi Qafqaz və Moldovada münaqişələrin həllinə dair daxil edilmiş müddəalar ATƏT-in Minsk Qrupu həmsədrlərinin yanaşmaları ilə ziddiyyət təşkil edir.
“Bu fikirlər Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair son illər verilən bəyanatlarla uyğun gəlmir. Bu, təkcə danışıqlar prosesinə mənfi təsir göstərmir, həm də Azərbaycanın hərbi xərcləri inanılmaz dərəcədə artırması fonunda regionda onsuz da kövrək olan situasiyanı təhdid edir”.
Xatırladaq ki, NATO-nun Çikaqo sammitinin Yekun Bəyannaməsində Dağlıq Qarabağ münaqişəsinin alyans üçün narahatlıq doğurmaqda davam etdiyi bildirilir, münaqişə tərəfləri konstruktiv mövqe və siyasi iradə nümayiş etdirməyə çağırılır və NATO-nun Ermənistanın, Azərbaycanın, Gürcüstanın və Moldovanın ərazi bütövlüyünə dəstək verdiyi bildirilir.
“NATO-nun Çikaqo samitinin Yekun Bəyannaməsinin 47-ci bəndi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gedən danışıqlar prosesinin gedişinə, onun ruhuna tamamilə uyğundur”. APA-nın xəbərinə görə, bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın Çikaqo Bəyannaməsinin qeyd olunan maddəsinin Dağlıq Qarabağ və həlli uzanmış münaqişələrlə bağlı danışıqlar prosesinə zərbə vuracağı haqda fikirlərinə münasibət bildirən E. Abdullayev bunları deyib: “Ermənistanın dövlət məmurunun belə bir açıqlaması tamamilə əsassızdır. Bu məntiqsiz bir yanaşmadır. Sözügedən maddə Akvill və Muskoka bəyannamələrinə, danışıqlar prosesinə və yenilənmiş Madrid prinsiplərinə tamamilə uyğundur”. E. Abdullayev qeyd edib ki, E. Nalbandyanın yanaşması qeyri-konstruktivdir və Ermənistan cəmiyyətini çaşdırmaq məqsədi güdür.
XİN sözçüsü Azərbaycan tərəfinin Çikaqoda qəbul olunan Bəyannaməni yüksək qiymətləndirdiyini deyib, qeyd edib ki, həmin sənəd Azərbaycanın ədalətli mövqedə olduğunu göstərir: “Belə bir Bəyannamə NATO-nun növbəti dəfə ədalətli mövqe nümayiş etdirməsi deməkdir. Bəyannaməyə bir sıra ölkələr, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədri olar Fransa və ABŞ da imza atıb. Həmin ölkələr bununla növbəti dəfə öz yanaşmalarını nümayiş etdirib”.
Elman Abdullayev deyib ki, Edvard Nalbandyanın “Çikaqo sammitinin Yekun Bəyannaməsinin müvafiq müddəası Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinə ziddir və danışıqlar zərər vura bilər” fikri absurddur: “Çünki münaqişənin nizamlanması prosesində vasitəçilik edən Fransa, ABŞ kimi ölkələr bu Bəyannaməyə imza atıb”.







23.05.2012     Çap et  Çap et