525-ci qəzet

“Qarabağ dünən, bu gün və sabah” mövzusunda tədbir keçirilib




Qarabağ Azadlıq Təşkilatının (QAT) təşəbbüsü ilə dünən Beynəlxalq Mətbuat Mərkəzində “Qarabağ dünən, bu gün və sabah” mövzusunda XI elmi-praktiki konfrans keçirilib.
QAT sədri Akif Nağı münaqişənin həlli yolunu hərbi əməliyyatların başlanmasında gördüyünü deyib. Onun sözlərinə görə, münaqişənin həlli istiqamətində Azərbaycan daxili imkanlarına güvənməlidir: “Azərbaycanın geniş maddi, insani resursları mövcuddur, beynəlxalq arenada imkanları genişlənib. Azərbaycan beynəlxalq vasitəçilikdən imtina etməli, ordunun və ölkənin iqtisadi qüdrətinə güvənməlidir. Rusiya münaqişəni yaradıb və bunun uzanmasına çalışır. Rusiyanın yumşalması da problemin ədalətli həllinə kömək etməyəcək”.
Türkiyənin qarabağ problemini öz problemi gördüyünü bildirən A.Nağı qardaş ölkənin məsələyə birmənalı yanaşmağa çağırıb: “İndiyə qədər Türkiyə Qarabağ problemini öz problemi kimi dünyaya təqdim edir. Hesab edirəm ki, Türkiyə hərbi əməliyyatlara da öz dəstəyini açıq şəkildə göstərməlidir”.
Politoloq Şamil Mehdi münaqişənin həllində müharibənin qaçılmaz olduğunu qeyd edib. Onun sözlərinə görə, hərbi gücün tətbiq ediləcəyi təqdirdə cəmiyyətdə həmrəyliyin olması vacib amillərdən biridir: “Hərbi gücü tətbiq etmək üçün cəmiyyətlə hakimiyyət arasında tarazlıq və həmrəylik olmalıdır. Əks təqdirdə, ordu problemin həllinə nail ola bilməyəcək. Əsgərlərə münasibəti də dəyişməliyik ki, döyüşə gedən əsgər ailəsinin hansısa məmur qapısı arxasında qalmayacağını bilsin”. Ş.Mehdinin fikrincə, ölkədə demokratik dəyərlərin bərpası münaqişənin Azərbaycanın xeyrinə həllini labüd edə bilər”.
Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu bölgədəki proseslərin, Rusiyanın İran məsələsində zəifləməsinin Dağlıq Qarabağ münaqişəsinin həllinə təkan olacağını söyləyib.
Konfransda tarix, fəlsəfə, hüquq, politologiya və digər sahələr üzrə alimlərin məruzələri dinlənilib, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarına dair təkliflər irəli sürüblər.
AQİL





23.05.2012     Çap et  Çap et