525-ci qəzet

Şahin Diniyev: “İşsiz qalmaq olar, əsas odur ki, simanı itirməyəsən”





Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyevin Qol.Az saytına müsahibəsi

– Hazırda nə işlə məşğulsunuz, hansısa təklif almısınızmı?
– Xeyr, heç bir təklif yoxdur.
– Ümumiyyətlə, əlaqə saxlayan olmayıb?
– Xarakterimi bilənlər bilir ki, yalan danışmaqla aram yoxdur. Yalandan özümü reklam xatirinə deyə bilərəm ki, bir neçə təkliflər var, fikirləşirəm filan. Axı yoxdur, yalandan niyə deyim?
– Futboldan kənar qalmağın yaxşı və pis tərəflərini necə görürsünüz? Hansı daha qabarıq görünür?
– Bu haqda danışmaq istəmirəm. Qanqaraldıcı, xoş olmayan mövzu olduğundan, danışmasaq yaxşıdır. Həm də istəmirəm desinlər ki, danışır, özünü reklam edir.
– Hər halda müsahibə üçün siz bizə yox, biz sizə müraciət etmişik. Odur ki, kiminsə o cür düşünməsi məntiqsiz olardı. Yenə də suala cavab versəniz yaxşı olardı.
– Hər iki tərəf görünür. Yaxşı tərəfi odur ki, düşünürsən bəzi çirkin işlərin içində deyilsən. Mən bunu həmişə demişəm ki, klub prezidentinin, maliyyə buraxan şəxsin futbolu bilməsi, futbol adamı olması o qədər də vacib deyil. Ancaq idarə edənlər, onun ətrafı mütləq futbolu anlamalı, başa düşməlidir. Bu gün baxırıq, heç bir klubumuzda planlı iş aparılmır. Futbol sanki bir nəfərdən aslıdır. Bu gedişlə həmin klub necə uğur qazana bilər? Bax bunları kənardan görəndə adama pis təsir edir. O ki, qaldı futboldan kənarda qalmağın mənfi tərəfinə, təbii ki, maddi cəhətdən pisdir.
– Bu yaxınlarda verdiyiniz açıqlamalarınızın birində Azərbaycan çempionatını izləmədiyinizi demisiniz. Doğrudur?
– İzləmək deyəndə, belə ümumi məlumatım var. Məsələn, bilirəm ki, “Neftçi” çempion oldu “Xəzər Lənkəran”, “İnter” Avropa Liqasına getdi. Amma dərindən izləmirəm. Deyim ki, ilk turdan bu günə bütün oyunları izləyirəm, təhlil edirəm, yalan olar.
– Avrokuboklara kimlərin getdiyini bilirsiniz. Çoxları “Qarabağ”ın yoxluğunda digər klublarımızdan ciddi uğur gözləmir. Bəs siz?
– Uğur gözləmək nəyə deyirsiniz? Bizdə 1 mərhələ keçmək uğur sayılır. Amma məncə, klublarımız 3 mərhələ keçməlidir. Bunun üçün çalışmaq laızmdır, pafoslu çıxışlar etmək yox. Çıxırlar qrup mərhələsinə düşməkdən danışırlar, sabah da sözlərinin üstündə durmayanda azarkeşin gözündən düşürlər. Ona görə adam çox şey gözləmir. Danışmaq yox, əməldə iş görmək, nəticə qazanmaq lazımdır.
– Necə düşünürsünüz, 2012-13-cü il mövsümündə Şahin Diniyevi iş başında görə biləcəyik? Buna ümid edirsiniz?
– Buna görə o qədər də narahat deyiləm. İşsiz qalmaq olar, əsas odur simanı itirməyəsən. Bayaq dediyim kimi, mən də çıxıb reklam xatirinə deyərəm ki, 100 yerdən təklif var. Bəzən deyirlər ki, mətbuata çıxmıram, danışmıram. Belə baxanda heç çıxmasan yaxşıdır. Kiminsə haqqında xoş söz deyəndə deyirlər ki, yaltaqlanır. Kimi tənqid edirsən, onda da deyirlər ki, ayağının altını qazır. Odur ki, susmaq məsləhətdir.
Anar XANLAROV








23.05.2012     Çap et  Çap et