525-ci qəzet

ABŞ-la Azərbaycan arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir



Aprelin sonunda ABŞ-ın Vaşinqton şəhərində “Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 20 illiyi: Gələcəyə baxış” adlı beynəlxalq konfrans keçirildi. Beynəlxalq konfrans Azərbaycanla yanaşı ABŞ-da da böyük əks-sədaya səbəb oldu. Konfransda ABŞ senatorları, konqresmenləri, keçmiş dövlət xadimləri ölkəmizlə bağlı diqqətçəkici məqamlara toxunaraq, iki ölkə arasındakı münasibətlər barədə nəzərəçarpacaq fikirlər səsləndirdilər. ABŞ Konqresinin üzvü Cerri Konnoli Azərbaycan bir sıra ölkələr üçün model olduğunu bildirib. Azərbaycanın dini etiqad azadlığına hörmətlə yanaşdığını deyən konqresmen ABŞ-la ölkəmiz arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini bildirib: “Azərbaycan qurmağa çalışdığı təsisatlara və dəstəklədiyi dəyərlərə görə yüksək diqqətə layiq olan ölkədir. “Ərəb baharı”ndan çıxan dövlətlər üçün baş verənləri təhlil edərkən, o bölgədə modellər axtararkən, əvvəl Türkiyə, son zamanlar isə həm də Azərbaycan modeli qarşımızda durur. Bu modellər işləkdir, öz icmalarında müxtəlifliyə ehtiramla yanaşaraq dünyəvi idarəetmə təsisatları qurmaq istəyir. Eyni zamanda, dini etiqad azadlığına hörmətlə yanaşırlar. Bildirmək istəyirəm ki, ABŞ ilə Azərbaycan arasında inkişaf edən münasibətlər Konqresdə yüksək qiymətləndirilir. 11 sentyabr faciəsindən sonra Azərbaycanın ABŞ-a göstərdiyi dəstək çox vacib idi. Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə (İSAF), ABŞ-ın digər bölgələrdəki hərbi bölmələrinə Azərbaycanın təchizat dəstəyi Birləşmiş Ştatlarda yüksək qiymətləndirilir və minnətdarlıqla qarşılanır. Möhkəmlənən bu dostluq, humanitar-iqtisadi və xarici siyasətdə inkişaf edən əlaqələr olduqca əhəmiyyətlidir. ABŞ Əfqanıstanda birbaşa hərbi mövcudluğunu azaldandan sonra, mühüm strateji bölgədə yerləşən Azərbaycan Əfqanıstanda ümid etdiyimiz gələcəyin formalaşmasında önəmli rol oynayacaq. Gələcəkdə ABŞ-la Azərbaycan arasında münasibətlərin daha da dərinləşəcəyini qeyd edən C.Konnali bu əlaqələrin möhkəmlənməsi üçün əlindən gələni edəcyəini bildirib: “Biz Azərbaycan xalqına və hökumətinə tutduğu mövqeyə görə təşəkkür edir, bu əlaqələri çox vacib sayırıq. Mən özüm, bu münasibətlərin genişlənməsi istiqamətində çalışacağımı bəyan edirəm. Biz həm xalqlarımız, həm parlamentlərimiz arasında təmasları xatırlamalıyıq. Bu konfrans üçün sizə minnətdarlığımı bildirirəm. Əminəm ki, ölkələrimiz arasında strateji əhəmiyyət daşıyan bu münasibətlər gələcəkdə yalnız inkişaf edəcəkdir”. AQİL




19.05.2012     Çap et  Çap et