525-ci qəzet

Təhsil Nazirliyində Akkreditasiya komissiyasının növbəti iclası olub



Dünən Təhsil Nazirliyində Akkreditasiya komissiyasının növbəti iclası keçirilib. İclasda Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci, Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci, Bakı Dövlət Sosial İqtisadi Kollecinin akkreditasiyasının nəticələri müzakirə olunub. Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci üzrə Akkreditasiya komissiyasının sədri Həcər Babayeva bu təhsil müəssisəsində tədrisin təşkili vəziyyətinin ətraflı təhlil edildiyini, mütəxəssis hazırlığının keyfiyyətinin öyrənildiyini nəzərə çatdırıb. Daha sonra iclas iştirakçılarını tədris ocağının fəaliyyətinin statusuna uyğunluğu üzrə nəticələrlə tanış edən komissiya sədri müvafiq ixtisaslar üzrə kadr hazırlığı və digər meyarlara görə Akkreditasiya komissiyasının gəldiyi qənaət barədə məlumat verib. Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kolleci üzrə Akkreditasiya komissiyasının sədri Fərrux Məmmədov bu təhsil ocağının tədris şəraiti, maddi-texniki bazası və pedaqoji heyəti haqqında müvafiq göstəriciləri təqdim edib. O, kollecin fəaliyyətinin daha da yaxşılaşdırılması üçün komissiyanın təklif və tövsiyələrini diqqətə çatdırıb. Bakı Dövlət Sosial İqtisadi Kolleci üzrə Akkreditasiya komissiyasının sədri Lətif İsmayılov iclas iştirakçılarını kollecin ümumi fəaliyyəti, müvafiq göstəriciləri və komissiyanın gəldiyi qənaətlə tanış edib. Hər üç tədris müəssisəsi üzrə akkreditasiyanın nəticələrinə dair iclas iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, bir sıra rəy və təkliflər səsləndirilib. İclasda təhsil naziri Misir Mərdanov orta ixtisas təhsili müəssisələrinin akkreditasiya prosesinin daha səmərəli təşkili məsələləri barədə fikirlərini bildirib. Akkreditasiya komissiyasının iclasında hər üç təhsil müəssisəsinin müəyyənləşdirilən meyarlar üzrə tələblərə əsasən, cavab verdiyi nəzərə alınaraq, onların fəaliyyəti “kafi” qiymətləndirilib və müvafiq ixtisaslarının akkreditə olunması barədə qərar qəbul edilib. S.QARAYEVA










19.05.2012     Çap et  Çap et