525-ci qəzet

Görkəmli coğrafiyaşünas Müseyib Müseyibovun 85 illiyi qeyd edilib


 
Dünən Bakı Dövlət Universitetində (BDU) görkəmli coğrafiyaşünas alim, əməkdar elm xadimi Müseyib Müseyibovun 85 illik yubileyi münasibətilə “Qloballaşma və coğrafiya” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib. Əvvəlcə coğrafiya fakültəsində M.Müseyibovun barelyefinin və adına auditoriyanın açılışı olub. Sonra konfrans öz işinə başlayıb. Konfransı giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov Müseyib Müseyibovun həyatının əsas hissəsinin Bakı Dövlət Universiteti ilə bağlı olduğunu deyib, onun çətin və şərəfli həyat yolundan danışıb. Qeyd edib ki, Azərbaycanda coğrafiya elminin inkişafında xüsusi xidmətləri olan görkəmli alim 1960-cı ildən “Fiziki coğrafiya” kafedrasının müdiri, 1999-cu ildən 2011-ci ilə qədər isə Coğrafiya fakültəsinin dekanı vəzifəsində çalışıb. Coğrafiya fakültəsinin dekanı, professor Fərda İmanov M.Müseyibovun elmi-pedaqoji fəaliyyəti ilə bağlı məruzə edib. Sonra akademik Budaq Budaqov onun coğrafiya elminin inkişafındakı rolundan bəhs edib. “Tovuz” xeyriyyə cəmiyyətinin sədri Qəzənfər Paşayev, professor Tofiq Hacıyev də alimlə bağlı xatirələrini bölüşüblər. Konfransın sonunda Müseyib Müseyibovun ailə üzvləri və yaxınları akademik Abel Məhərrəmova və yubiley təşkilatçılarına öz minnətdarlığını bildiriblər. Qeyd edək ki, konfransin işində AMEA-nın H.Əliyev adına Coğrafiya, Geologiya, Torpaqşünaslıq və Aqrokimya İnstitutlarının, respublikanın elm və təhsil mərkəzlərinin tanınmış alimləri iştirak də ediblər. Konfrans öz işini 4 bölmədə davam etdirib. S.QARAYEVA




19.05.2012     Çap et  Çap et