525-ci qəzet

TFF “Fənərbağça” və Qalatasaray”ı cəzalandırdı



Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi Superliqanın final mərhələsinin son turunda baş verənlərlə bağlı müvafiq qərarlar çıxarıb. Ən ağır cəza isə “Fənərbağça” klubuna kəsilib. Sonuncu turda doğma meydanda “Qalatasaray”la 0:0 hesablı bərabərə qalmaqla çempionluğu əldən verən “Fənərbağça” klubu yeni mövsümdə 6 oyunu boş tribunalar qarşısında keçirməli olacaq. Buna səbəb kimi isə “sarı lacivərtli” azarkeşlərin “Qalatasaray”la oyundan sonra qalmaqal yaratması göstərilir. “Fənərbağça” klubu bu cəza ilə yanaşı, 38750 türk lirəsi məbləğində cərimələnib. TFF “Qalatasaray” klubunu da cəzasız qoymayıb. “Cim Bom” “Fənərbağça” ilə görüşdən sonra mətbuat konfransına oyunçu göndərmədiyi üçün 10 min türk lirəsi məbləğində cəzalandırılıb. Klubun prezidenti Ünal Aysal isə matçdan sonra verdiyi sərt açıqlamaları səbəbindən 15 min türk lirəsi civarında cəzaya məruz qalıb. “Beşiktaş”la oyunda (1:1) qırmızı vərəqə alan “Trabzonspor”un hücumçusu Burak Yılmaz isə 3 oyunluq cəzalandırılıb. Bununla da, Yılmaz yeni mövsümün ilk 3 matçını buraxmalı olacaq. Trabzon təmsilçisinin baş məşqçisi Şenol Günəş isə görüşdən sonra matçın hakiminə qarşı təzyiq göstərdiyi üçün cəzalandırılıb. Cəzaya görə 3 oyunluq paltardəyişmə otağına girməyi qadağan olunan Şenol eyni zamanda məşqçilər korpusunda yer almayacaq.




18.05.2012     Çap et  Çap et