525-ci qəzet

ARDNŞ ilə “Petrovyetnam” şirkəti arasında müqavilə imzalanıb



Dünən ARDNŞ-də Azərbaycanın quru ərazilərində “Muradxanlı”, “Cəfərli” və “Zərdab” neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənilməsi və hasilatın pay bölgüsü haqqında sazişin əsas ticari prinsipləri və müddəalarına dair müqavilə imzalanıb. Şirkətdən verilən məlumata görə, ARDNŞ və Vyetnamın “Vyetnam Oyl and Qaz Qrupp” şirkəti (“Petrovyetnam”) arasında müqaviləni Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə və “Petrovyetnam” şirkətinin vitse-prezidenti Nguyen Vu Truong Son imzalayıblar. X.Yusifzadə Azərbaycanla Vyetnam arasında dostluq münasibətlərinin tarixindən danışıb, Vyetnamın enerji sektorunun inkişafında Azərbaycan neftçilərinin mühüm rol oynadığını qeyd edib. “Petrovyetnam” şirkətinin vitse-prezidenti Nguyen Vu Truong Son müqavilənin hazırlanması prosesinə göstərilən diqqətə görə ARDNŞ rəhbərliyinə minnətdarlıq edib. O, tezliklə birgə səylər nəticəsində “Muradxanlı”, “Cəfərli” və “Zərdab” neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənilməsi və hasilatın pay bölgüsü haqqında sazişin imzalanmasına nail olunacağından əminliyini bildirib. Tərəflər həmçinin, bu müqavilənin iki dövlət arasında iqtisadi münasibətlərin genişlənməsinə mühüm töhfə verəcəyini söyləyiblər. Mərasimdə bildirilib ki, “Muradxanlı-Cəfərli-Zərdab” bloku Yevlax-Ağcabədi neftli-qazlı rayonunda, İmişli rayonun inzibatı ərazisində yerləşir. Saziş sahəsinə daxil olan Muradxanlı yatağı 1971-ci ildə, Cəfərli yatağı 1984-cü ildə, Zərdab yatağı isə 1981-ci ildə kəşf edilib. Bu yataqlarda cəmi 183 quyu qazılıb və işlənmənin əvvəlindən 3,4 milyon ton neft və 100 milyon kubmetr qaz hasil edilib. Blokun çıxarıla bilən qalıq neft ehtiyatları 1,8 milyon ton, qalıq qaz ehtiyatları 36 milyon kubmetr həcmində qiymətləndirilir. Ötən il yataqlardan 26 min ton neft çıxarılıb. Hazırda blok üzrə istismar fondunda 77 quyu var. Bunların 64-ü işlək quyu fondundadır.




19.05.2012     Çap et  Çap et