525-ci qəzet

“Təhsil sahəsində islahatlar inqilabi yox,təkamül yolu ilə həyata keçirilməlidir”


 
Pərvinin həmsöhbəti təhsil naziriMisir Mərdanovdur.

Artıq bir neçə həftədir “525-ci qəzet”in şənbə saylarında təhsil naziri Misir Mərdanovla söhbətimiz oxuculara təqdim edilir. Bu söhbətlərin hər birində nazirin təkcə təhsillə yox, həm də müxtəlif sahələrlə bağlı əhatəli və fərqli fikirləriylə tanış oluruq. Bütün söhbətləri birləşdirən ümumi cəhət Misir müəllimin hədsiz səmimiliyidir. Həmsöhbətimin yeri gələndə zarafatı da, kövrəkliyi də, cəmiyyətin bəzən doğma kimi qəbul elədiyi köhnə qəliblərə etirazı da, gələcəyə aid nikbin fikirlərini oxucularla bölüşməyi də özünə rahat şəkildə “icazə verməsi” söhbətlərin hərtərəfli və dolğun alınmasına səbəb olur. 
Universitetin sıravi müəllimliyindən nazir vəzifəsinə qədər pillə-pillə yüksələn adamın çətin, keşməkeşli həyat və karyera yolu barədə danışması, müəllimlərini, həyatından keçən, ona dəstək olan adamların əksəriyyətini bir-bir, həssaslıqla xatırlaması da, zənnimcə, çox təsirlidir. 
Misir müəllim mətbuat, gəncliyimiz, bugünkü nəslin yetişməsində medianın rolu ilə bağlı dediklərində də bir sıra qeyri-adi, fərqli məqamlara toxunmuşdu. Bütün söhbətlərimizdə “işığa meyilli” görünən nazirin “Mətbuat oxucunu işıq gələn tərəfə aparmalıdır” – nəticəsi də onun ziyalı mövqeyinin aydın göstəricisiydi. 
Söhbətimizdən birində “əzəmətli bina”ya bənzətdiyimiz nazir sonuncu müsahibəmizdə həmin “bina”nın yaşadığı “zəlzələ”lər barədə danışdı, keçmişin bu gün gəncliyə yad görünən bəzi adət-ənənələrindən, çətinliklərindən özünəxas həssaslıqla söz açdı. Mənim bütün söhbət boyu müşahidə elədiyim ən maraqlı məqam isə Misir müəllimin istənilən hadisənin, problemin içində pozitiv tərəfləri tapa bilməsi və bunu gözəl şəkildə bölüşməsiydi. Onun hətta həyatındakı, karyerasındakı enmələri də “Həyatda nə olursa, yaxşılığadır” deyə şərhi, məncə, fərqliliyin, nikbinliyin göstəricisidir.
Söhbətlərimizin birinin sonunda, onun təbirincə desəm, yazı-pozusundan danışan Misir müəllim öz rəhbərliyi ilə tərtib olunmuş “Azərbaycanın təhsil nazirləri” kitabını mənə təqdim edəndə doğrusu, bir az çaşdım. Adətən vəzifə adamlarının sələflərini unutdurmağa çalışmasına öyrəşdiyimizdən bu kitab mənə qəribə göründü. Oxucuların nəzərinə çatdırım ki, kitabda Azərbaycan Xalq Cümhuriyyəti yarandığı dövrdən indiyə kimi Azərbaycanda təhsilə başçılıq etmiş adamların həyatı, fəaliyyəti haqqında məlumat və fotoşəkillər əks olunub. Hesab edirəm ki, bu kitab təhsil tariximizdə olduqca dəyərli bir əsərdir. Həm də kitabı vərəqlədikcə, ordakı məlumatlarla tanış olduqca, insanda təhsil naziri vəzifəsi haqqında müxtəlif düşüncələr, fikirlər, suallar yaranır. Elə bu yaranan sualları da Misir Mərdanova ünvanlayıram.
Təhsil nazirləri və sonuncu təhsil nazirimiz barədə söhbətimizi oxuculara təqdim edirəm.

Pərvin: Misir müəllim, adətən öyrəşmişik ki, vəzifə adamları daha çox özlərindən əvvəl işləyənləri unutdurmağa çalışırlar. Siz 1918-ci il, Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı dövrdən indiyə kimi təhsilə başçılıq edən adamlar haqqında “Azərbaycanın təhsil nazirləri” adlı kitab tərtib etmisiniz. Bu sahədə də başqalarından seçilməyinizə, tutduğunuz vəzifədə sizdən əvvəl çalışan adamlara belə sayğı göstərməyinizə səbəb nədir?
Misir Mərdanov: Təəssüf ki, sizinlə razılaşmalı olacağam. Cəmiyyətimizdə bir qayda olaraq hər sonra gələnin özündən əvvəlkinin işini qaralamağa, onun haqqında mənfi fikir yaratmağa çalışması həqiqətdir. Hesab edirəm ki, bu, cəmiyyətimizin ən çatışmayan cəhətlərindəndir. Bəlkə də bunu deməyim təvazökarlıqdan uzaqdır. Amma tutduğum vəzifələrdə özümdən əvvəl işləyənlərə sayğı qədim xasiyyətimdir. Yadımdadır ki, Bakı Dövlət Universitetinin rektoru vəzifəsinə təyin olunanda ötən söhbətlərimizdə də haqqında danışdığım, əvvəllər BDU-nun rektoru olmuş Faiq Bağırzadənin həyat yoldaşını, övladlarını götürüb məzarını ziyarət edib Quran oxutdurmuşdum.
Pərvin: Bu bir vaxtlar sizi dekan müavini təyin etməklə uğurlu karyeranıza “start” verən adamın ruhundan halallıq idi yəqin ki...
Misir Mərdanov: Bəli! Mən mövhumatçı deyiləm. Amma Allahımı heç vaxt unutmuram, dinə də hədsiz inanıram. Bu mənada hər bir işdə halallığın vacib olduğunu bilirəm. Hesab edirəm ki, mənim sonralar karyeramın inkişaf etməsinə, yüksəlməyimə səbəb həm də özümdən əvvəl işləyənlərə hörmətim və onlardan halallıq almağımdır.
Pərvin: Bəs nazir təyin olunduqdan sonra əvvəlki nazirlərdən kimlərlə görüşmüsünüz?
Misir Mərdanov: Bəziləriylə görüşmüşəm. Amma ən yaxşı yadımda qalan Qurban Əliyevlə görüşüm olub. Qeyd edim ki, o 1971-1987-ci illərdə ali və orta ixtisas təhsili naziri vəzifəsində çalışmışdı. Bu da mənim aspiranturanı bitirdiyim, müdafiə etdiyim, elmi karyerama başladığım dövrə təsadüf edir. Mən bu vəzifəyə təyin olunandan az sonra Qurban müəllim zəng edib görüşmək istədiyini dedi. Görüşdük. Bildirdi ki, vəzifədən getdikdən sonra uzun illər bu binaya girməyib. Onun zəngin təcrübəsi vardı və bildiklərini səxavətlə bölüşürdü, dəyərli məsləhətlər verirdi.
70-ci illərin əvəllərində Heydər Əliyevin tapşırığıyla Moskvaya SSRİ-nin ali və orta ixtisas təhsili naziri Yelyutinin qəbuluna getməsi ilə bağlı danışdığı əhvalatı heç unutmuram. O zamanlar Heydər Əliyev Yelyutinlə danışıqlar aparırmış ki, ölkədən kənarda ali məktəblərə qəbulla bağlı digər respublikalardan qalmış boş yerləri bizə versinlər. Qurban müəllim də avqustun axırlarından Moskvaya gedib həmin danışıqların gerçəkləşməsi, xaricdə təhsil alan azərbaycanlıların daha çox olması üçün çalışırmış.
Uzun müddət ölkəmizin ali və orta ixtisas təhsili siyasətinə bacarıqla rəhbərlik etmiş Qurban Əliyev ömrünün sonuna qədər hər yerdə hörmətlə qarşılanırdı. Onunla sonralar da dəfələrlə görüşmüşdük.
Pərvin: Misir müəllim, kitabı vərəqləyərkən təkcə nazirlər haqqında deyil, həm də bu gün Təhsil Nazirliyi kimi tanıdığımız qurumun keçdiyi yol barədə də məlumat almaq olur. Hətta zaman-zaman bu idarənin adının necə dəyişməsindən, ona rəhbərlik edən adamların işlədiyi müddətdən də dövrün ümumi mənzərəsini görmək mümkündür...  
Misir Mərdanov: Əlbəttə, kitabın tərtibatı zamanı bu məsələlərə fikir verirdim və mənim özümə də hədsiz maraqlı idi. Azərbaycanda təhsil sahəsinə rəhbərliyi mərkəzləşmiş şəkildə həyata keçirən ilk dövlət qurumu ötən əsrin əvvəllərində, Azərbaycan Demokratik Respublikası dövründə yaradılıb və ilk nazirimiz Nəsib bəy Yusifbəyli olub. Həmin dövrdə nazirlik “Xalq Maarifi və Dini Etiqad Nazirliyi” adlanıb. Xalq Cümhuriyyəti dövründə Rəşid xan Qaplanov, Həmid bəy Şaxtaxtinski və Nurməmməd bəy Şahsuvarov qısa müddətdə həmin nazirliyə rəhbərlik ediblər. Sovet dövründə, 50-ci illərin əvvəllərinə qədər bu qurum “Xalq Maarifi Komissarlığı”, sonralar isə “Maarif Nazirliyi” adlanıb.
1959-cu ilə qədər ölkəmizin ali və orta ixtisas təhsili müəssisələrinin əksəriyyəti ittifaq nazirliklərinin tabeliyində olub və həmin ildən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Ali və Orta İxtisas Təhsili Komitəsi yaradılıb, bu komitənin ilk sədri akademik Şirəli Məmmədov olub. Sonralar bu qurum Ali və Orta İxtisas Təhsili Nazirliyi adlanıb.
Pərvin: Səhv etmirəmsə, o dövrdə Peşə Təhsili Komitəsi ayrıca qurum idi...
Misir Mərdanov: Bəli. Həmin dövrdə təhsil sisteminin peşə təhsili adlanan hissəsi 1954-cü ildə yaradılmış və ilk illərdə “Əmək Ehtiyatları Baş İdarəsi”, sonralar isə “Dövlət Texniki Peşə Təhsili Komitəsi” adlanan qurum tərəfindən idarə olunurdu. Bu komitənin ilk sədri Əkbər Ənnağıyev olmuş, sonralar rəhbərliyi Musa Ağayev, Tofiq Allahverdiyev (16 il) və Heydər İsayev həyata keçirmişlər.
Pərvin: Yəqin ki, tədqiqat apararkən sizi təəccübləndirən və təəssüfləndirən faktlar da çıxırdı qarşınıza...
Misir Mərdanov: Əlbəttə. Məsələn, maraqlı faktlardan biri o idi ki, indiyə qədər Azərbaycan təhsilinə rəhbərlik etmiş 36 nəfərdən yalnız 13 nəfəri nazir vəzifəsinə təhsil sistemindən gəlib. Təəssüf ki, indi bu 36 nəfərdən yalnız üçü yaşayır, digərləri dünyasını dəyişib.
Nazir vəzifəsində ən çox işləyən maarif sisteminə 25 ilə yaxın rəhbərlik etmiş akademik Mehdi Mehdizadə olub. O, ötən əsrin 80-ci illərinə qədər Azərbaycanın ümumtəhsil sisteminə yüksək bacarıq və peşəkarlıqla başçılıq edib. Heyf ki, onunla görüşmək imkanım olmayıb. Amma kitablarını oxumuşam, təcrübəsindən yararlanmışam, onu tanıyanlardan və birgə işləyənlərdən haqqında çox yüksək fikirlər eşitmişəm. Mehdi Mehdizadə Azərbaycan təhsil tarixində çox böyük iz qoymuş pedaqoq olub. Əvvəllər o, indi sizin çalışdığınız Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru vəzifəsini icra edib, keçmiş SSRİ dövründə UNESCO kimi mötəbər bir təşkilatda təhsil üzrə ekspert olub.
Pərvin: Misir müəllim, məlumdur ki, vəzifə vaxt baxımından müəyyən çərçivələr yaradır. Əvvəlki nazirlərdən belə həssaslıqla, rəhbərlik etdiyiniz qurumun keçdiyi yoldan bu cür şövqlə danışmağınızdan duyulur ki, vaxtınızın məhdudluğuna baxmayaraq bu kitabın yazılmasına özünüzün böyük marağınız olub... 
Misir Mərdanov: Bilirsiz, Pərvin xanım, ümumiyyətlə, məni təhsilin tarixini yazmağa vadar edən bir neçə səbəb var. Yeri gəldikcə onları sizə açıqlayacağam. Bir zaman təhsilin tarixi ilə bağlı hansısa məlumatı öyrənmək istəyəndə bəlli oldu ki, bu barədə heç bir tədqiqat işi aparılmayıb. Hətta mən bu sahənin biliciləriylə söhbət zamanı anladım ki, bizim təhsilimizə başçılıq edən adamlar haqqında dəqiq məlumat yoxdur. Bəziləri indiyə kimi 30, bəziləri isə 33 nazir olduğunu deyirdilər. Onda qərara gəldim ki, xalqımızın bu adamları tanıması üçün geniş bir araşdırma aparıb kitab yazmalıyıq. Siyasi baxışından, mövqeyindən, nə qədər işləməsindən asılı olmayaraq hər biri haqqında imkan daxilində toplaya bildiyimiz məlumatları kitaba daxil etdik. Mənimlə bir yerdə 36 nəfərdir. Biz onların hamısının portretini rəssama sifariş verdik, eyni üslubda şəkilləri çəkildi ki, bunlar da kitaba daxil oldu. 
Pərvin: Kitabda müxtəlif arxiv materiallarına, fotoşəkillərə rast gəlinir. Ümumiyyətlə, ayrı-ayrı adamlar haqqında lazım olan informasiyanı əldə etmək çətin idi yəqin ki...
Misir Mərdanov: Doğrudur. Bu kitab mənim və Təhsil Nazirliyi əməkdaşlarının gərgin əməyi hesabına başa gəlib. Biz lazım olan materialları bu adamların ailələrindən, sağ olanların özlərindən, yaxud müxtəlif arxivlərdən, kitabxanalardan toplamışıq. Əvvəlcə biz “Təhsil korifeyləri” adı altında Azərbaycan təhsilinin çırağını yandırmış adamlar haqqında “ANS Press”in “El” jurnalında silsilə məqalələr çap etdirirdik. Bundan əlavə, bəzi təhsil nazirlərinin yubileylərini keçirmək üçün ailə üvlərilə görüşür, müəyyən materiallar alırdıq. Beləliklə, bu kitab üçün mənbələr zaman-zaman toplanırdı. Sözün düzü çox çətin oldu. Amma bunların arasında sağ qalanların hər birinə şəxsən kitabı təqdim edəndə aldığım zövq, onların tarixə düşmələrindən sevinc hisslərini müşahidə etməyim bütün çətinlikləri unutdurdu. Hesab edirəm ki, bu kitab illər sonra qiymətli bir sərvət kimi Azərbaycan kitabxanalarında saxlanacaq, oxunacaq.
Pərvin: Əlbəttə, bununla razıyam. Bu kitab indi də təhsilə aidiyyatı olub-olmayan hər kəs üçün maraqlı ola bilər. Amma kitabın yazılmasının başqa bir faydası da odur ki, siz Azərbaycan təhsilinin keçdiyi yolla sistemli tanış olmusunuz. Kimin necə işləməsi, harda düzgün, harda səhv etməsini ardıcıl izləmisiz. Yəqin ki, təcrübəsindən yararlandığınız, yaxud da etdiyi səhvi təkrarlamamağa çalışdığınız nazirlər də olub... İstərdim bunlar haqqında danışasınız!
Misir Mərdanov: Əlbəttə, bu kitabın toplanması prosesində məni təəccübləndirən müxtəlif məlumatlar da qarşımıza çıxırdı. Məsələn, mən əvvəllər heç bilməzdim ki, Mirzə İbrahimov maarif naziri işləyib. Bu adamı gənclik illərimdən yalnız ədəbiyyatçı, yazıçı kimi tanımışdım. Onun “Gələcək gün”, “Böyük dayaq” kimi əsərləriylə böyümüşük. Amma bu şəxsiyyətin təhsilimiz üçün etdiklərindən tamamilə xəbərsiz idim. Sonra onun yubileyini də keçirdik və ailə üzvləri, övladları ilə görüşdük. O, müharibə dövründə, ən çətin bir vaxtlarda maarif naziri vəzifəsində işləyib və Azərbaycan dilini dövlət dili səviyyəsinə qaldırmaq üçün çox ciddi mübarizə aparıb. Mən onun Azərbaycan Müəllimlərinin 1946-cı ilin avqustunda keçirilən VI Qurultayındakı çıxışı ilə tanış olanda heyrət etdim. İllər öncə dediyi sözlər bu gün də aktualdır, yararlıdır. Əlbəttə, Mirzə İbrahimov kimi şəxsiyyətlərdən nə isə öyrənməyim, bu gün işimdə tətbiq etməyim çox fayda verib.
Pərvin: Təcrübəsindən ən çox yararlandığınız adamlar kimlər olub?
Misir Mərdanov: Dediyim kimi, Mirzə İbrahimov, Qurban Əliyev, Mehdi Mehdizadəni bu vəzifənin korifeyləri hesab edirəm və onların kitablarını, çıxışlarını oxuyub xeyli yararlanmışam. Az, qısa müddətli işləyən adamlar haqqında geniş bir söz deyə bilmərəm. Lidiya Rəsulovanın nazirliyi dövründə mən Bakı Dövlət Universitetinin prorektoru və rektoru vəzifəsində işləmişəm. O, təhsil işçisi olmasa da, çox təcrübəli, səriştəli və dəyanətli bir xanım idi.
Pərvin: Misir müəllim, 1998-ci ildən sonra nə dəyişdi?
Misir Mərdanov: Sualınıza müxtəlif tərəflərdən cavab verə bilərəm. Bu ildə baş verən dəyişikliklə yanaşı, heç bir dəyişikliyə uğramayan məqamlar da olub. 1998-ci ildə nazir vəzifəsinə təyin olundum. Haqqında danışdığımız kitabda fəaliyyətlərini işıqlandırdığım dəyərli insanların işinin davamı mənə tapşırıldı. Əvvəllər bir universitetə rəhbərlik edirdim, amma indi bütün təhsil sisteminin məsuliyyətini daşımalıydım. Həyatımda və karyeramda dəyişiklik bu idi.
Pərvin: Bəs onda dəyişilməyən nə idi?
Misir Mərdanov: (gülür) Dəyişilməyən mən özüm idim. Bu gün dostlarımın, tanışlarımın, kolleqalarımın “Vəzifənin dəyişə bilmədiyi yeganə adamlardan biri Misir müəllimdir” deməsi mənə çox xoşdur. Bütün fəaliyyətim dövründə sadə insanlara qarşı münasibətimi qorumağa, onlardan uzaqlaşmamağa çalışmışam. Ataların “İnsanların qədrini bil ki, sənin də qədrini bilsinlər” kəlamına həyatım boyu sadiq olmuşam. Ötən söhbətimizdə ulu öndər Heydər Əliyevin iş prinsipini, onun şəxsiyyətinin böyüklüyünü göstərən bəzi məqamlara toxunmuşduq. İndi, yeri gəlmişkən, demək istəyirəm ki, adamların qədrini bilmək, onlara sayğı, sadə adamlara qayğı göstərmək kimi xüsusiyyətləri məhz ümummilli liderimizdən öyrənmişəm. Bir hadisəni heç unutmuram. Mən universitetdə prorektor vəzifəsində işləyəndə mexanika-riyaziyyat fakültəsinin müəllimi Tofiq Bektaşi (o, universitetin II kursunda mənə nəzəri mexanikadan mühazirə oxumuşdu) rəhmətə getmişdi. Onun vəfatını eşidən prezident rektor Murtuz Ələsgərova zəng edib şəxsən tapşırmışdı ki, Tofiq Bektaşi son mənzilə layiqincə yola salınsın. Çünki o, Naxçıvan Pedaqoji Məktəbində Heydər Əliyevin müəllimi olmuşdu. Belə hadisələr ulu öndərin müəllimə, sadə adamlara diqqətini, qayğısını göstərən məsələlərdir ki, hər birimizə örnək olmalıdır.
Pərvin: Mətbuat barədə söhbətimizdə “Mətbuatın və ümumiyyətlə, millətin diqqətinin təhsilə cəlb olunmasını bu sahəyə rəhbərlik etdiyim illərin ən ciddi addımlarından, nailiyyətlərindən biri hesab edirəm” deməyinizi xatırlayıram. 1998-ci ildən bu yana daha hansı işlərinizi ən uğurlular siyahısına daxil edə bilərsiniz?
Misir Mərdanov: Yenə o fikirdəyəm ki, uğurlu addımlarımız sırasında təhsili gündəmə gətirməyimiz və onu əsaslı şəkildə milliləşdirməyimiz öndə durur. 
İlk addımlarımızdan biri Təhsil Sahəsində İslahat Proqramını hazırlayan dövlət komissiyası yanında bu sahənin peşəkar və təcrübəli şəxslərindən ibarət işçi qrupu yaratmaq olub. Prezident Heydər Əliyevin tapşırığı ilə Dünya Bankının ekspertlərini də bu işə cəlb etmişdik. İslahat proqramını hazırlayarkən ulu öndərin təhsil sahəsində islahatlar inqilabi deyil, təkamül yolu ilə həyata keçirilməli, xalqımızın milli-mənəvi dəyərlərinə və ümumbəşəri dəyərlərə söykənməlidir kimi fikirlərini əsas olaraq qəbul etmişdik.
Yaxşı xatırlayıram, 1998-ci il mayın 1-də Bakı Dövlət Universitetində Təhsil Sahəsində İslahatlar üzrə Dövlət Komissiyası üzvlərinin iştirakı ilə nazirliyin genişlənmiş kollegiya iclasını keçirdik. İclasda təhsil sahəsində islahatların əsas strateji istiqamətləri geniş müzakirə edildi. Burada xalqımızın böyük şairi Bəxtiyar Vahabzadə həmişə olduğu kimi ölkəmizdə ana dilindən istifadənin vəziyyətilə bağlı danışdı və ümumtəhsil müəssisələrində Azərbaycan dilinin tədrisinə dair təkliflərini verdi. Çıxışının sonunda isə indiyə qədər unutmadığım şeirindən bir parça oxudu:
“Ey doğma dilində danışmağı ar bilən
fasonlu ədəbazlar,
Ruhunuzu oxşamır qoşmalar,
telli sazlar.
Bunlar qoy mənim olsun,
Ancaq Vətən çörəyi sizlərə qənim olsun”.
Kiçik bir şeir parçası iclasa tamam başqa əhval-ruhiyyə gətirmişdi. Hər zaman dil məsələsinə özünəməxsus yanaşması olan Bəxtiyar müəllimin ziyalı mövqeyi hər birimiz üçün örnək idi.  
Haqqında danışdığım Təhsil Sahəsində İslahat Proqramında da təhsilin milliləşdirilməsi istiqamətində işlər nəzərdə tutulurdu. Bir il ərzində milli və beynəlxalq məsləhətçilərin köməyilə hazırlanmış proqram, dəfələrlə prezident Heydər Əliyevin iştirakıyla müzakirə olunduqdan sonra 1999-cu il iyunun 15-də ölkə prezidentinin sərəncamı ilə təsdiq edildi.   
Bu tarixi sənəddə təhsilin normativ hüquqi bazası, məzmunu, idarə olunması, maliyyələşməsi, maddi-texniki bazası, kadr təminatı, informasiyalaşdırılması və elmi-metodik təminatı ilə bağlı həyata keçiriləcək bütün məsələlər öz əksini tapmışdı.
Pərvin: Yəqin ki, təhsilin milliləşdirilməsi istiqamətində görülən vacib işlərdən biri rus dilinin məcburi fənlər siyahısından çıxarılıb sadəcə xarici dil kimi tədris olunmasına aid qərar olub...
Misir Mərdanov: Elə bu dediyiniz məsələ də haqqında danışdığım sənəd əsasında hökumətin təsdiq elədiyi “Bazis tədris planı”nda öz əksini tapmışdı. O vaxta qədər məcburi fənn kimi tədris olunan rus dili xarici dil hesab edildi və şagirdlərin arzularına əsasən digər dillər kimi tədris olunmağa başladı. Sonralar bu məsələ ilə bağlı başım bir az ağrısa da, ötən 11 il ərzində bu işi uğurla başa vura bildik.
Yeri gəlmişkən, onu da qeyd edim ki, XIX əsrin ortalarında Rusiyada fransız və alman dillərinin məktəblərdə rus dilini sıxışdırdığı bir zamanda tanınmış rus pedaqoqu Dmitri Uşinski özünün məşhur “Ana dili” məqaləsində dil məsələsinə xüsusi diqqət yetirmişdi. Uşinski həmin məqalədə xalq ruhunu mənimsəmək üçün ana dilinin böyük əhəmiyyəti olduğunu göstərmişdi. 1998-ci ilin mayında bu məşhur məqaləni “Azərbaycan müəllimi” qəzetində çap etdirməyimiz cəmiyyət tərəfindən böyük maraqla qarşılanmışdı.
Həmin məqaləni çap etdirməyə ulu öndər Heydər Əliyevin “Öz dilinizi heç vaxt unutmayın və ana dilinizi heç bir dilə dəyişməyin” deyimi əsas vermişdi.





19.05.2012     Çap et  Çap et